Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ƏŞTƏRƏKDƏN BAŞLAYAN 95 İLLİK ÖMÜR YOLU

ƏŞTƏRƏKDƏN BAŞLAYAN 95 İLLİK ÖMÜR YOLU

20.10.2026 [09:17]

Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü Cəfər Cəfərov 1931-ci il iyulun 1-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvanın yaxınlığında yerləşən Əştərək rayonunun Hamamlı kəndində anadan olmuşdur. Uzun illərdir ki, Cəfər müəllimlə olan tanışlığım, onunla qədim yurd yerlərimizdən, orada yaşayan azərbaycanlıların ermənilər tərəfindən başlarına gətirilən dəhşətli tarixi cinayətlərdən etdiklərimiz söhbətlər məndə bu şəxsiyyət haqqında çox güclü iradəyə malik olan bir təəssürat yaratdı. Cəfərovlar ailəsinin həyatı maraqlı epizodlarla zəngindir. Mən Cəfər müəllimin keçdiyi əzablı və mənalı həyat yolunu, onun zəngin dünyasını, həyatda yaşadıqları erməni zülmünü hər dəfə dinləyəndə dəhşət yaşayıram. Qələmə aldığım bu yazı eyni zamanda böyük el-oba miqyasında, yüz minlərlə qaçqının başına gətirilən zülm və iztirablar həmçinin öz yurd-yuvasından didərgin salınmış, bir ailənin - Cəfərovlar ailəsinin yaşadığı acı tale, faciə və müsibətlər fonunda təsvir edilib.   

Cəfər müəllim üç yaşı olanda anası Səkinə xanımı itirir. Analı dünyasının varlığı, sevinci cəmi üç il çəkir. Üç qardaş - Cəfər, Tahir, Rəşid və bacıları Ağca ana qayğısından və nəvazişindən məhrum olur.

Hərdən Cəfər müəllimlə bu barədə danışanda anasızlıq dərdinin onu ömür boyu müşayiət etdiyini, onun həvatında həmin bu lövhələrin acı və kədərli bir iz qovduğunu xüsusi yanğı ilə qeyd edir. Deyir: “Nə qədər çalışıram ki, anamın xarici görkəmini dumanlı da olsa, xəyalımda, gözlərim qarşısında canlandırım, mümkün olmur. Cəfər müəllim ancaq anası haqqında eşitdikləri əsasında qəlbində ümumiləşdirilmiş bir ana obrazı yaradır və bu ana obrazını hər zaman təsəvvüründə canlandırıb, ana həsrətini bu şəkildə yad edir.

Deyir: “Anamın o qərib məzarı bu gün torpaqda yox, qəlbimdə uyuyur, ruhu varlığımda yaşayır”. Cəfər müəllim deyir ki, “1949-cu ildə yurdumuzu, doğma ocağımızı məcburən tərk edəndə, anamın qəbrini belə ziyarət etməyə imkan olmadı. Nəzərlərimi kəndimizin qəbiristanlığına zilləyib yanğı ilə, kovrələ-kövrələ:

“Gedirəm, ana, gedirəm,

Yol üstəyəm, gedirəm.

Ana, qəbrinə qurban,

Gedərgiyəm, gedirəm”,

deyib, göz yaşlarımı ovcuma sıxdım. Torpağa diz çöküb öpdükdən sonra bir ovuc torpaq cəngələyib götürdüm. Bu bir ovuc torpaq vətəndi, yurddu, dedim”.

Qədim Hamamlı kəndi Cəfər müəllim üçün ilk həyat məktəbi olub. O, bu kənddə 7 illik məktəbi bitirib, ilk həyat təcrübəsini, ilkin biliyi də bu kənddə qazanıb. Təfəkkürünü bu kəndin müdrik və yaşlı insanlarının deyimləri, duyumları və xatirələri ilə qidalandırıb. Bu kənddə aldığı yüksək ibtidai təhsil, tərbiyə, əmək vərdişi, topladığı acılı-şirinli xatirələr, onun gələcək həyatının bütün mərhələlərində yeri gəldikcə köməyinə çatıbdır. Çünki o, məktəbdə oxuyarkən ona dərs demiş əvəzsiz pedaqoqların hikmətli dünyasından bəhrələnib öyrənmişdi. Cəfər müəllimin acılı-şirinli, əzablı və mənalı həyat hekayəsinə diqqətlə nəzər saldıqda Hamamlı kəndində əməyə güclü həvəsin bir daha şahidi olursan. İnsanlıq kökləri əsasında qurulmuş, insanların bir-birinə olan saf məhəbbətini, ağsaqqallara hörməti, ictimai əmlaka olan düz, vicdanlı münasibəti, elin mənafeyini qorumaq qeyrətini və digər bu kimi insani keyfiyyətlərini görürsən. Azərbaycanın bir parçası olan Hamamlı kəndi xəritədə nöqtə boyda görünsə də, xalqımızın miqyasında daha böyükdür, ülvidir, müqəddəsdir. Bu kənddən-kəsəkdən, doğma yurd yerlərindən söhbət düşəndə Cəfər müəllim hər zaman “Gözəl məkanım, səfalı oylağım, odumuz, ocağımız olan Hamamlı kəndim mənim qəlbimdə, gözümdə dünya boyda görünür” deyir. Əlbəttə ki, Cəfər müəllimin öz doğma yurdu ilə öyünməyə tam haqqı vardır. Çünki bu kənd Azərbaycan xalqının ən görkəmli simalarından biri olan professor Əziz Məmmədkərim oğlu Əliyevin parlaq şəxsiyyəti sayəsində tarixə düşmüşdür. Professor Əziz Əliyev 1897-ci ildə bu kənddə dünyaya göz açmısdır. Onu da qeyd edək ki, Şamama Əliyevanın, Qurban Əliyevin, dünya şöhrətli xalçaçı-rəssam Kamil Əliyevin, görkəmli dilçi-alim, professor Cəfər Cəfərovun nəsli və kökü də bu kənddə yaşamışdılar. Cəfər müəllimin görkəmli ictimai-siyasi xadim Əziz Əliyevlə bağlı xoş bir xatirəsini burada xatırlamaq maraqlı olardı.

Cəfər müəllim deyir: “Beşinci kursda oxuyanda professor Əziz Əliyevin Bakı Bərpa və Cərrahiyyə xəstəxanasında baş həkim işlədiyini öyrəndim. Tələbə yoldaşım şair İbrahim Göyçaylının ayağı onu çox incidirdi. İbrahimə dedim: “Mənim qohumum xəstəxanada baş həkim işləyir. Onun yanına gedək, həm mən özüm ona tanışlıq verim, həm də xəstəliyini göstərək”. Mənimlə razılaşdı. Bir gün axşamtərəfi həmin xəstəxanaya getdik. Əziz Əliyev bizi çox yüksək alicənablıqla qəbul etdi. Belə böyük bir alimin bizi qəbul otağında qarşılayıb, qayğımıza qalması ibrətamiz idi. İndi bəzən çox ağır halda gələn xəstələri həkimlər çox laqeyd qarşılayır. Biz getmək istəyəndə bu dəfə İbrahim məni göstərdi: “Professor, bu oğlan Sizin qohumunuzdur” - dedi. Əziz Əliyev mənə baxdı və soruşdu: “Haradansınız?”. Dedim: “Ermənistanın Əştərək rayonunun Hamamlı kəndindənəm”. “Hə!!! Bizim dədə-baba kəndimizdəndir”. Əlavə etdi: “Çox da böyük olmayan bir kənd idi. Hətta adına Balaistambul da deyərdilər. Hamı bir-birinə qohum idi. Götür mənim ünvanımı və telefon nömrəmi yaz. Mən indi müşavirəyə gedirəm, axşam bizə gələrsən. Söhbət edərik, el-obadan bir hal-əhval tutaram”.

Axşam onlara getdim. Məni qonaq otağına apardılar. Şirməmməd Hüseynov da onlarda idi. Nərd oynayırdılar. Oyunu qurtarandan sonra xeyli söhbət etdik. Mən bir az çəkinirdim, çünki birinci dəfə idi ki, belə böyük bir şəxslə üzbəüz oturub, söhbət edirdim. O, bunu hiss etdi: “Oğlum, utanma, çayını iç” - dedi. Özümü necə aparmağımdan ehtiyat edirdim. O, yenə də təkid etdi: “Soyutma, iç”. Gecə idi. Tez-tez balkona çıxırdı. Narahat idi. Gülarə xanım aspiranturaya imtahan verirdi. Saat 9 olardı. Hələ gəlməmişdi. O, yenə balkona çıxdı, içəri qayıdanda mənə üzünü tutub zarafatyana dedi: “Eloğlu, gəl səninlə də bir nərd oynayaq”. Nərd oynadıq. Bu görüş mənə həddindən çox təsir etmişdi. Professor Əziz Əliyev nə qədər sadə, alicənab, təvazökar, qonaqpərvər bir insan idi. Çəkinə-çəkinə getmişdim. Ayrılanda mənə dönə-dönə tapşırdı ki, “oğlum, tez-tez gələrsən”. Mən ondan sonra bir neçə dəfə də onlara getdim.

Professor Əziz Əliyevlə olan görüşlərində o, onun dərin məzmunlu, hikmətamiz, məntiqli, sadə, şirin və cəlbedici söhbətlərinə heyranlıqla qulaq asırdı. Böyük bir şəxsiyyətin tələbə ilə oturub bu şəkildə söhbət etməsi, onun təvazökarlığı indi ona çox qəribə gəlir: “İlahi, böyüklük, dərinlik və sadəlik onda necə də vəhdət təşkil edirdi. Əziz müəllim elin atası, köməksizlərin arxası idi. Hər hansı bir iş üçün onun yanına gedənlər naümid qayıtmazdılar. Əlindən gələn köməyi edərdi”.

1918-1920-ci illərdə erməni qaniçənlərinin azərbaycanlılara qarşı etdikləri dəhşətli zülmün ağrıları, acıları, 30-40-cı illərin amansız repressiya dövrünün vurduğu zərbələrin ağrısı getməmişdi. 1941-1945-ci illərin Böyük Vətən Müharibəsinin vurduğu yaralar hələ sağalmamış, bir balaca nəfəs almaq imkanı yarandıqda 1948-1953-cü illər deportasiyasına düçar olurlar. 17 yaşlı Cəfər bu dövrün canlı şahidi olmuşdur. 1947-ci ildə Hamamlı kəndinə də xəbər yayılır ki, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları Azərbaycana köçürmək istəyirlər və bu prosesə başlayıblar. 1949-cu ildə Azərbaycanda köçürmə idarəsinin üzvləri Seyidov və İsmayılov Ermənistanın köçürmə komissiyasının nümayəndələri ilə birlikdə Hamamlıya gəlirlər. Əhalini kolxoz idarəsinə toplayıb iclas keçirirlər. O iclasda Cəfər müəllim ozü də şəxsən iştirak etmişdir. Gələn nümayəndələr xaricdən Qərbi Azərbaycana köçürülən ermənilərin yerləşdirilməsi ilə əlaqədar olaraq, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın Azərbaycana köçürülməsi barədə Sov. İKP MK-nın və Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarını oxuyub camaatı həmin qərarla tanış etdilər. Sonra təbliğat apararaq bildirirlər ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində işçi qüvvəsi çatışmır. Gözəl şərait var. Bu işdə sizə böyük kömək göstəriləcək: köç pulu, inək pulu, ev tikmək üçün kredit veriləcək. Sizin üçün xüsusi şərait yaradılacaq. Bu işdə Azərbaycandan gələn köçürmə idarəsinin nümayəndələri xüsusi canfəşanlıq göstərirlər. Noyabr ayında kəndə yük maşınları gətirilir. Ailələri İrəvan dəmiryol vağzalına daşıyırlar. 2-3 ailəyə bir yük vaqonu verilir. Hamamlı kəndi ilə birlikdə rayonun Cadqıran və Parpı kəndlərinin camaatını da bir eşalona yükləyirlər. Onu da qeyd edim ki, qatar yol qrafikindən kənar olduğu üçün köç vağzala gedən günü vaqon verilmir. Bir neçə gün vağzalda gecələməli olur. Nəhayət, qatar verilir. Cədvəldən kənar olduğuna görə hər bir stansiyada saatlarla, hətta bəzi stansiyada bir gün dayanıb, yolun boşalmasını gözləməli olurmuş”. Hamamlı kəndini Salyana, o biri kəndləri isə Tərtər rayonuna köçürürlər.

Tarixi mənbələrdən məlum olur ki, 1949-cu ildə Qərbi Azərbaycandan 54373 nəfər köçürülmüşdür ki, onlar da əsasən Salyan, Kürdəmir, Zərdab, Göyçay, Tərtər (Mirbəşir), İmişli, Sabirabad, Yevlax, Şirvan (Əli Bayramlı) rayonlarında yerləşdirilmişdilər. Amma 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 100 min azərbaycanlı əhalinin “könüllü” köçürülməsi nəzərdə tutulsa da, ermənilər tarixin bu ədalətsiz qərarından istifadə edərək 150 mindən artıq azərbaycanlının öz tarixi torpaqlarından deportasiya edilməsinə nail ola bilmişdilər.

Hamamlıları Marışlı kəndinə gətirirlər. Onları ayrı-ayrı ailələrə, evlərə paylaşdırırlar. O dövrdə Salyanda da vəziyyət yaxşı deyildi. Kənd əhalisi çox kasıb dolanırdı. Elə ailə vardı ki, gündəlik çörək tapmırdı. İlk gündən kəndin havası, suyu, şəraiti köçkünlərə xoş gəlmir. Noyabr ayı olmasına baxmayaraq, ağcaqanadın əlindən yatmaq olmurmuş. Göz yaşı kimi duru bulaq suyu içən adamlar Kürün bulanıq suyunu üzlərinə belə gətirə bilmirlər. Həmin duru bulaq sularının həsrətini çəkirdilər. Birdən-birə dağ şəraitindən buraya düşən adamların əksəriyyəti qalıb, necə yaşamaq barədə yox, buradan necə qaçmaq haqda düşünür, plan qurur. O zaman Salyan körpüsünə xüsusi qarovul dəstəsi qoyulur ki, köçüb qaçmaq istəyənlərə imkan verilməsin. Bu vəziyyətlə qarşılaşan köçkünlər çətinliklə gətirdikləri ağır-yüngül əşyalarının qalanlarını da burada dəyər-dəyməzinə sataraq yalnız canlarını götürüb, əksər hissəsi Goranboy (Qasım İsmayılov) rayonunun Dəliməmmədli qəsəbəsinə, bir neçə ev Tərtərə, Ağcabədiyə, Şəkiyə və başqa yerlərə qaçırlar. Cəfər müəllimgilin ailəsi də əvvəlcə Goranboyun Bəşirabad kəndinə köçür, sonra isə Dəliməmmədliyə gəlirlər. Əsəd kişi oğlu Cəfərlə birlikdə burada pambıq zavodunda işə düzəlir. Cəfər doğma yurd yerini tərk edəndə onun cəmi 17 yaşı vardı. Hərdən düşünürsən ki, 17 illik bir yaşam dövründə insan da bu qədər əzab-əziyyətli, keşməkeşli bir həyat yolu yaşayarmı? Bəzən böyük bir ömür yaşamış hər hansı bir şəxsin keçdiyi yola nəzər saldıqda onun varlığı ilə yoxluğu, yaşadığı zaman ərzində heç bir məna tutumu olmayn bir ömrün şahidi olursan. Cəfər müəllimin yaşadığı ömrün təkcə o 17 illik dövrünə nəzər salanda adamın təsəvvüründə dəmir iradəli bir adam obrazı canlanır. Bu insanın o 17 illik həyatı müxtəlif “Qaçqınlıq”, “Köçkünlük”, “Didərginlik”, “Erməni zülmü” və s. mövzularda ola biləcək filmlərin canlı ssenarisidir. Vaxtilə erməni vəhşiliyini və zülmünü ifşa etmək üçün müəyyən səbəblərdən canlı tarixi faktlardan və sübutlardan kifayət qədər istifadə edib ekranlaşdıra bilməmişik. Bu gün erməni zülmünün canlı şahidi, əsrin həmyaşıdı Cəfər müəllimin yaşadığı bu 17 illik həyat hekayəsini canlı tarix kimi ekranlaşdırıb tarixiləşdirmək ən böyük tarixi qaynaqdır.  

Cəfər müəllimin ailəsi bir il Dəliməmmədlidə yaşadıqdan sonra qismən özlərinə babat şərait yaratmışdılar ki, Mir Cəfər Bağırov öz təyinat yerindən başqa yerə köçənlərin hamısının geri qaytarılması haqqında qərar verir və həmin camaatı yenidən zorla maşınlara mindirib Salyan rayonunun Marışlı kəndinə qaytarırlar.  

Cəfər müəllim ailə faciəsi barədə onu da qeyd edir ki, qaniçən ermənilərin vəhşiliyi səbəbindən ailəmizdən dünyasını dəyişənlərin məzarı hərəsai müxtəlif ölkələrdə, bölgələrdə yerləşir. Məsələn, əmisi Tahirin qəbri Xoyda, bibisi Tərlanın qəbri Mərənddə, baba və nənəsinin qəbri İranın Ərəblər kəndində, ata, ana nənələrinin və anasının qəbirləri Hamamlı kəndində, xalasının və eyni zamanda yeznəsi Novruzəlinin qəbri Salyanda, atası Əsəd kişinin, bacısı Ağcanın və s. qohumlarının qəbirləri Tərtər rayonunun Köçərli kəndində, bir çox qohum-əqrəbalarının, o cümlədən bacısı oğlunun qəbirləri Bakı şəhərindədir.

Qəbiristanlıq hamı üçün müqəddəs bir məkandır. Qəbiristanlıq Vətən qədər, Vətən qəbiristanlıq qədər müqəddəsdir. Biz övladlar qarşısında duran ən müqəddəs vəzifə dünyasını dəyişən anamızın, atamızın, doğmalarımızın qəbirlərini vaxtaşırı və o cümlədən əziz bayram günlərində ziyarət etməkdir. El-obasını tərk etmişlərin yolu doğma yurd yerlərinə düşdükdə ilk növbədə bu müqəddəs məkanı, qəbiristanlığı ziyarət edirlər. Təəssüf ki, ermənilərin taleyimizə, həyatımıza, tariximizə vurduğu sağalmaz yaralar, yuxarıda qeyd etdiyim kimi bizləri doğmalarımız qarşısında bu müqəddəs borcumuzu yerinə yetirməkdən də məhrum edibdir.

Böyük çətinliklərə, keşməkeşli və ağır həyat yollarına baxmayaraq, Cəfər müəllim bu gün də eyni həvəs və enerji ilə yaşayır. Belə bir sönməyən şövq hər birimiz üçün motivasiya mənbəyidir. Eyni zamanda əsl insan duruşunun canlı nümunəsidir. Gün o gün olsun ki, 100 illik yubileyinizi doğma yurdunuzda qeyd edək! 

Cəlal Zəngi,

filologiya üzrə fəlsəfə doktoru, dosent    

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31