Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub

Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub

18.10.2013 [09:22]

Oktyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, komissiyanın sədri gündəlikdəki məsələ - 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq və elan olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsinə dair məsələ barədə məlumat verib. O bildirib ki, bugünkü (dünənki - red.) iclas ölkə həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi bir hadisənin - Azərbaycan Respublikasının Prezidenti seçkilərinin MSK tərəfindən yekunlaşdırılmasına həsr olunub. Sədr qeyd edib ki, Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar bütün müvafiq tədbirləri vaxtında görüb, ilin əvvəlindən respublika üzrə seçicilər siyahısı mükəmməl şəkildə tərtib edilərək dəqiqləşdirmə üçün internet vasitəsilə ictimailəşdirilib, seçki komissiyalarının maddi-texniki bazası möhkəmləndirilib, nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə aşağı seçki komissiyalarının üzvləri, eyni zamanda, çoxsaylı digər seçki subyektləri üçün geniş maarifləndirmə işi aparılıb, seçkilərə start verildikdən sonra qeydə alınmış on nəfər prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub.
Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın işğal edilmiş əraziləri istisna olmaqla bütün coğrafiyasını əhatə edən 20 faizədək məntəqələrdə (1000 seçki məntəqəsində) quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub, 52000-ə yaxın yerli müşahidəçinin, 50 nüfuzlu beynəlxalq qurumun 1295 müşahidəçisinin, habelə 102 nəfər jurnalistin təmsil olunduğu 35 nüfuzlu beynəlxalq KİV də daxil olmaqla yüzlərlə yerli media nümayəndələrinin iştirakı ilə azad, ədalətli və geniş aşkarlıq şəraitində keçirilib, səsvermənin ilkin nəticələri vaxtında müəyyən edilərək ictimaiyyətə çatdırılıb.
Komissiya sədri seçkilərin hazırlanıb keçirilməsi üçün vacib şərt olan ictimai-siyasi sabitliyin təmin edilməsinə və seçki komissiyaları üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, kütləvi informasiya vasitələrinə təşəkkür edib.
M.Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Sonra o, MSK-nın üzvlərini 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.
Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin səsinin 84,54 faizini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların və ölkəmizdəki diplomatik korpusun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 1614 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30