Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Binəqədi rayonunda YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib

Binəqədi rayonunda YAP-ın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib

20.11.2013 [09:25]

Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyasının proqramında təsbit olunmuş prinsiplər bu gün faktiki olaraq milli dövlətimizin söykəndiyi prinsiplərdir
Dünən Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ramiz Göyüşov öncə iştirakçılara Yeni Azərbaycan Partiyasının yaranma tarixi barədə məlumat verib. Onun sözlərinə görə, YAP elə bir dövrdə yarandı ki, həmin vaxt Azərbaycan öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə baş-başa qalmışdı.
Çıxışına tədbir iştirakçılarını YAP-ın yaranmasının 21 illiyi münasibətilə təbriklə başlayan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd edib ki, YAP nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “YAP 21 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu”.
Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən Xaləddin İsgəndərov deyib ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, partiya ötən 21 ildə şərəfli bir yol keçib və yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərib: “Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar ötən il keçirdiyimiz tədbirdə partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyev YAP-ın keçdiyi tarixi yoldan danışarkən qeyd etmişdir ki, YAP Ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı olan bir partiya kimi yaranmışdır və bu gün də Azərbaycanın ictimai-siyasi həyatında özünüməxsus yer tutur, əhəmiyyətli rol oynayır. Biz YAP-ın rolunu və əhəmiyyətini, onun cəmiyyətdəki yerini 9 oktyabr prezident seçkilərində bir daha gördük. Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri Prezidentimiz cənab İlham Əliyevin seçki kampaniyasında yaxından və fəal şəkildə iştirak etdilər”.
Çıxışına davam edən millət vəkili deyib ki, YAP müstəqilliyimizin həmyaşıdı olan partiyadır: “Partiyamız tarixi bir yol keçib. Hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 600 mindən çoxdur və bu gün Azərbaycan gəncliyi özünün siyasi fəaliyyətini bu partiyada təsdiq etməkdədir. YAP Azərbaycana Heydər Əliyev yolunu vermişdir. Bu yol Azərbaycanı tərəqqiyə, inkişafa aparırır. Daha zəngin və daha güclü Azərbaycana aparır. Yeni Azərbaycan Partiyasının proqramında təsbit olunmuş prinsiplər bu gün faktiki olaraq milli dövlətimizin söykəndiyi prinsiplərdir. Bu prinsiplərin ana xəttini isə azərbaycançılıq təşkil edir”.
“Yeni Azərbaycan Partiyasının əsas keyfiyyət göstəricilərindən biri ölkəni irəliyə aparan, xalqa söykənən və xalqa xidmət edən siyasi təşkilat olmasıdır. Heydər Əliyev ideyaları ilə silahlanmış YAP hələ bundan sonra da Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan dövlətçiliyinə, milli tərəqqimizə xidmət edəcəkdir” deyən Mübariz Qurbanlı, həmçinin, əlavə edib ki, YAP-ın məqsədi aydındır: “Bu məqsəd Azərbaycana və milli maraqlara xidmətdir. Yeni Azərbaycan Partiyasının milli maraqlarımıza yönələn xidmətini biz hər bir yerdə görməkdəyik. Bəlkə də 20-21 il əvvəl heç kim təsəvvür etməzdi ki, Azərbaycan gəlib belə bir səviyyəyə çata bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Bu gün biz Azərbaycanın üzləşdiyi bu və ya digər çətinlikləri Prezidentimizin rəhbərliyi ilə çox uğurla həll etməkdə, bütün sahələrdə üstünlüklərimizi nümayiş etdirməkdəyik. Bizim iqtisadi qüdrətimiz nüfuzumuzun artmasına gətirib çıxarıb. Və bu gün biz beynəlxalq miqyasda, beynəlxalq təşkilatlarda söz sahibiyik. Bu gün Bakı gözəlləşir, regionlar gözəlləşir, hər yerdə yeni iş yerləri açılır, iqtisadi tərəqqi əldə olunur. Bütün bunlar YAP-ın, bu partiyanın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yoldur. Nə qədər Azərbaycan xalqı varsa Heydər Əliyev ideyaları var. Nə qədər müstəqil Azərbaycan varsa Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt var. Bu, Azərbaycan üçün əbədi müəyyən olunmuş bir siyasi xətdir və bu siyasi xətti heç kəs dəyişdirə bilməz”.
Daha sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib ki, Yeni Azərbaycan Partiyası çətin tarixi dövrdə yaranıb və partiyanın yaranması ictimai-siyasi zərurətdən doğub. Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Azərbaycanın dərin böhranla üzləşməsi ölkəni bu bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. Belə bir şəraitdə baş verən hadisələri və siyasi prosesləri diqqətlə izləyən, xalqımızın gələcək taleyinə biganə qala bilməyən insanlar 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdilər: “Müdrik və uzaqgörən xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Ona görə də böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, bu partiya Heydər Əliyevin Sədrliyi ilə tezliklə Azərbaycanın bütün bölgələrində təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi. Yəni, o dövrdə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı vardı. Bu lider Heydər Əliyev idi və Azərbaycanda hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi”.
Eldar İbrahimov qeyd edib ki, hazırda partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. “Biz inanırıq ki, partiyamız gələcəkdə də yeni-yeni, möhtəşəm qələbələrə imza atacaq” - deyə, YAP İdarə Heyətinin üzvü bildirib.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. O, qeyd edib ki, bu siyasət gənclərin Yeni Azərbaycan Partiyasının sıralarına axınını gücləndirir: “Azərbaycanın hər yerində olduğu kimi, Binəqədi gəncləri də Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə həyata keçirdiyi siyasəti dəstəkləyirlər”.
Sonda YAP Binəqədi rayon təşkilatının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, rayonunun ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə Fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaliblərinə mükafatlar təqdim edilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1588 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30