Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Şuşa xəyanətinin şərikləri - xəyanətkar Leyla Yunusova-Barseqyan, satqın Rəhim Qazıyev...

Şuşa xəyanətinin şərikləri - xəyanətkar Leyla Yunusova-Barseqyan, satqın Rəhim Qazıyev...

23.08.2014 [09:56]

Tahir Rzayev: Rəhim Qazıyev də, Leyla Yunusova da Azərbaycan xalqına xəyanət edən adamlardır
Azərbaycanın radikal müxalifətinin, o cümlədən, “vətəndaş cəmiyyəti” pərdəsi altında gizlənən bəzi QHT-lərin anti-azərbaycançı dairələrin dövlətimizə qarşı yönələn, ölkədəki siyasi sabitliyə, o cümlədən, iqtisadi inkişafına xələl gətirməyə hesablanan layihələrində yer alması heç kimə sirr deyil. Bu mənada düşərgə təmsilçilərinin və qeyd edilən QHT nümayəndələrinin fəaliyyəti birmənalı şəkildə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı yönəlib. Məsələn, daima ermənipərəstliyi ilə seçilən Leyla Yunusova-Barseqyan kimi...
L.Yunusova-Barseqyanın ermənilərlə işbirliyində olması, onların Azərbaycana qarşı yönələn bütün layihələrində ön sırada yer alması cəmiyyətə bəllidir. İstər SSRİ-nin son illərini yaşadığı ötən əsrin 80-ci illərinin sonunda, istərsə 1992-ci ildə Müdafiə Nazirliyində məsul işdə işlədiyi zaman, istərsə də “hüquq müdafiəçisi” pərdəsi altında gizləndiyi vaxtlarda Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətkar mövqe seçən bu şəxs, nədəndirsə, son günlərdə radikal müxalifət düşərgəsinin “sevimlisinə” çevrilib. Təbii ki, radikal düşərgənin bu “müdafiə” strategiyasının da arxasında şəxsi maraqları dayanır. O cümlədən, nəzərə alsaq ki, radikal düşərgə və Leyla Yunusova-Barseqyan eyni antimilli mənbələrdən ianələr alırlar, bu mənada yaradılan “müdafiə” tamaşası anlaşılandır. Antimilli xarici dairələrin, o cümlədən, erməni lobbisinin Azərbaycandakı “canişini” vəzifəsini yerinə yetirən radikal müxalifət partiyaları isə ianələr qarşılığında xalqımıza və dövlətimizə qarşı başdan-ayağa xəyanətlə “silahlanmış” bu ailəni cidd-cəhdlə müdafiə etməyə, onları “milli qəhrəman” statusunda qələmə verməyə çalışırlar...
Rəhim Qazıyev-Leyla Yunusova-Barseqyan cütlüyü rayonlarda vətəndaş qarşıdurması yaradıb...
Son günlərdə L.Yunusova-Barseqyanın “müdafiə” tədbirinə daha bir xəyanətkar isim əlavə edilib - Rəhim Qazıyev. Azərbaycan torpaqlarının, ən əsası, Şuşanın xəyanət nəticəsində ermənilərə təslim edilməsində əsas rollardan birini oynayan, Azərbaycanda vətəndaş qarşıdurmasının pik həddinə çatmasında böyük “iş görmüş” R.Qazıyevin L.Yunusova-Barseqyana qahmar çıxmaq niyyəti başadüşüləndir. Eyni xəyanət yolunun yolçuları olmuş bu şəxslərin yolları bəzən kəsişib də. Məsələn, R.Qazıyevin “səyi” nəticəsində baş tutan Şuşa xəyanəti hadisəsi olan zaman artıq L.Yunusova-Barseqyan Müdafiə Nazirliyinin analitik-informasiya idarəsinə rəhbərlik edirdi.
Onların xəyanətlərinin kəsişmə nöqtələri bununla da bitmir. Hələ 1989-92-ci illərdə ölkə ərazisində vətəndaş qarşıdurmasının yaranmasında bu şəxslərin böyük rolu olub. Məsələn, bir neçə gün öncə KİV-ə açıqlamasında millət vəkili Tahir Rzayev bildirmişdi ki, R.Qazıyev başının dəstəsi ilə Ağcabədi rayonuna gedərək orada vətəndaş qarşıdurması yaradıb, qardaş qanı axıdıb. T.Rzayevə uğursuz cavab vermək niyyətinə düşən R.Qazıyev isə öz açıqlaması ilə haqqında olan xəyanətkar obrazın daha da çirkin mənzərəsini ortaya çıxarıb. Məsələn, bəhs edilən dövrdə Ağcabədiyə gəldiyini etiraf edən, baş verən hadisələrə qarışdığını söyləyən R.Qazıyev həmin dövrdə heç bir rəsmi status daşımırdı. Belə deyək ki, sadəcə, AXC üzvü olması ona hansısa “hadisələrə” qarışmaq statusu tanıyırmış... Elə buradan da R.Qazıyevin əməlləri bir daha ortaya çıxır. Başına qoçu dəstəsi yığmaqla bölgələrdə vətəndaş qarşıdurması yaradan R.Qazıyevin niyyəti yalnız hakimiyyət hərisliyi olub. Bunun uğrunda isə Qarabağ xəyanət nəticəsində ermənilərə təslim edilib...
“İstər Ağcabədidə, istərsə də digər rayonlarda qarşıdurmaların yaranmasının səbəbkarı məhz Rəhim Qazıyev olub”
Bu barədə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında millət vəkili Tahir Rzayev də bildirib ki, Rəhim Qazıyev həmin dövrdə, sadəcə, AXC-nin üzvlərindən biri idi və heç bir rəsmi qurumu təmsil etmirdi. 1989-cu ilin oktyabr ayında Leyla Yunusova ilə Zərdüşt Əlizadənin Ağcabədi rayonuna gəldiyini söyləyən millət vəkili bildirib ki, bu gəlişin səbəbi onlara bəlli olmayıb: “Camaat yığışdı və biz gözləyirdik ki, onlar yeni başlanan erməni işğalına qarşı hansısa tədbirlərin görülməsi istiqamətində danışacaqlar. Çünki o dövrdə artıq AXC yaranmışdı və düşünürdük ki, onlar da Vətənin işğaldan qorunmasına can yandırarlar. Amma əksinə olaraq, onlar yalnız hakimiyyəti zəbt etmək arzularından bəhs etdilər. Zərdüşt Əlizadə də, Leyla Yunusova da yalnız hakimiyyəti əldə etməyin yollarından danışır, insanları asıb-kəsməkdən bəhs edirdilər, işğal faktı, ermənilər yadlarına da düşmürdü. Həmin vaxt mən etirazımı bildirdim və dedim ki, onlar rayona qarşıdurma yaratmağa gəliblər. Biz çalışırdıq ki, torpaqlarımızı ermənilərdən qoruyaq. Camaat səfərbər olunmalı idi. Mənə cavab verdilər ki, bizə tapşırıq belə verilib. İki saatlıq iclas edib getdilər. Sonradan məhz xalq cəbhəsinin dediyi ilə oturub-duran müəyyən adamlar var idi ki, onlar silahlanmağa başladılar. Rayonda qarşıdurma yaratdılar. Bundan 10 gün sonra isə Rəhim Qazıyev rayona gəldi. O, qarşıdurma yaradan həmin şəxsləri öz başına yığdı. Həmin adamların əksəriyyəti həbsdə olan, düzgün yolda olmayan insanlar idi. Bunlar noyabr ayında bir günün içində hücuma keçdilər və silahlı yolla rayon partiya komitəsinin binasını zəbt etdilər. Orada bir neçə maşın yandırıldı, bir neçə adam güllələndi, xeyli insan yaralandı. Sonra Rəhim Qazıyev xeyli müddət rayonda qaldı. O, hakimiyyətin onlara təslim edilməsi üçün hər kəsə təzyiq göstərirdi”.
T.Rzayev bildirib ki, istər Ağcabədidə, istərsə də digər rayonlarda qarşıdurmaların yaranmasının, qardaş qanının axıdılmasının səbəbkarı məhz R.Qazıyev olub. Ağcabədi rayonunda isə bu hadisələr qansız ötüşməyib: “Hətta rayon partiya komitəsinin binasının qarşısındakı məktəbin həyətində saatlarla atışmalar olurdu. Cəbhənin adamları rayonda silahlı qarşıdurmalar yaradırdılar. Həmin qarşıdurmalarda nə qədər adam öldürüldü, yaralandı, neçə adam həbs edildi. Bunlar hamısı Leyla Yunusova ilə Rəhim Qazıyevin əməlləri idi”.
Hər zaman Azərbaycan xalqına xəyanət edən L.Yunusovanın radikal müxalifət tərəfindən müdafiə olunmasının səbəbini onların eyni dairələrə qulluq etməsi ilə əlaqələndirən millət vəkili bildirib ki, Leyla Yunusova heç vaxt sülhün, əmin-amanlığın tərəfdarı olmayıb, hər zaman ara qarışdırmaqla məşğul olub: “Rəhim Qazıyev də Leyla Yunusova da Azərbaycan xalqına xəyanət edən adamlardır. Onları mən satqın adlandırardım, çünki satılmış insanlardır. Leyla Yunusova əvvəlcə Zərdüşt Əlizadə və başqaları ilə bir yerdə idi, Rəhim Qazıyev müdafiə naziri keçən kimi onun yanına gəldi. Çünki onlar bir-biri ilə sıx bağlı olan adamlardır, eyni mərkəzdən idarə olunurlar. Bu gün Rəhim Qazıyev o qədər aktiv deyil, onun əməlləri ifşa olunub. Amma əlinə imkan keçsə, Leyla Yunusovadan da böyük xəyanətlərə imza atar, necə ki, atıb. Onlar bu xalqa, bu ölkəyə xəyanət etmişlərdir. Bunu faktlar da sübut edir. Nəinki Şuşa xəyanətində, hətta bütövlükdə Qarabağda vətəndaş qarşıdurmalarının yaradılmasına baiskar bu insanlardır. Leyla Yunusova və Rəhim Qazıyev eyni hadisələri Bərdədə də, Ağdamda da törətmişdilər. Onlar Qarabağda qarşıdurma yaratmaqla insanların başını qarışdırdı və ermənilərin torpaqlarımızı işğal etməsinə şərait yaratdılar. Bir sıra insanları silahlandıraraq cəbhəyə, ermənilərlə döyüşə deyil, hakimiyyət hərisliyinə yönəltdilər. Həmin vaxt Qarağacdan qrad qurğularını gətirib Ağcabədinin stadionuna yığmışdılar, Fəhmin Hacıyev onları satışa qoymuşdu. Halbuki, həmin silahların yığılması rayonlarımızın işğalına səbəb oldu. İnsanları daxili münaqişəyə cəlb etməklə ermənilərin qarşısında rayonları silahsız, köməksiz qoydular. Yoxsa ermənilər elə rahatlıqla həmin rayonları işğal edə bilməzdilər. Rayonun tanınan ziyalılarını camaatın içində təhqir edirdilər, söyürdülər, insanlarda bir-birinə qarşı nifrət yaradırdılar. Ağcabədinin ziyalıları var idi ki, onları çağırtdırıb döydürürdülər. Nəticəsi də ağır oldu”...
Erməni qazanının çömçəsinə çevrilənlərin xəyanət dolu fəaliyyətləri ifşa edilir
Bəli, göründüyü kimi, bu insanlar bütün dövrlərdə xalqımıza, dövlətçiliyimizə qarşı xəyanətkar mövqedə olublar. Erməni əsilli Yunusov-Barseqyanlar isə bu məsələdə hər zaman “fəallıqları” ilə seçiliblər. Məsələn, L.Yunusova-Barseqyanın Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərməsindən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqelərinin güclü atəşə tutulması faktı özlüyündə çox şeyin üzərinə işıq salır. Və ya qeyd olunduğu kimi, onun Müdafiə Nazirliyi analitik-informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra Şuşa xəyanətinin baş verməsi də “təsadüf” sayıla bilməz. Sonradan “QHT” pərdəsinə bürünərək ermənilərə qulluq göstərən L.Yunusova-Barseqyanın fəaliyyət mexanizmi fərqli oldu.
Belə ki, L.Yunusova-Barseqyanın rəhbərlik etdiyi QHT yalnız milli maraqlarımıza zidd işlər görür, ermənilərə yardım göstərir, erməni və ermənipərəst ölkələrin xüsusi xidmət orqanları əməkdaşları üçün mənbə rolunu oynayırdı.
O ki qaldı Rəhim Qazıyevə, onun xəyanətləri saymaqla bitməz, tükənməz. Rəhim Qazıyev hakimiyyət vədləri qarşılığında o dövrdə Dağlıq Qarabağın bir sıra ərazilərinin, o cümlədən, Şuşanın ermənilər tərəfindən işğal edilməsinə zəmin yaratmışdı. Xarici ölkələrdəki “dostlarının” əli ilə R.Qazıyev Şuşa xəyanətinin qarşılığında ölkə prezidentliyini ələ almaq istəyirdi. Hətta həmin dövrdə AXC-”Müsavat” cütlüyünün hakimiyyəti zəbt etməsinin qarşısını almaq üçün min bir yola baş vursa da, Qazıyev uğur qazana bilmədi. Nəticədə isə Rəhim Qazıyev Azərbaycan dövlətindən və xalqından öz heyfini məhz xəyanətləri ilə çıxmağa çalışdı. Bəli, Azərbaycan torpaqları işğal olunanda, insanlarımız ermənilər tərəfindən vəhşicəsinə öldürüləndə R.Qazıyev ermənipərəst dostlarına ziyafətlər verirdi.
Bununla yanaşı, Rəhim Qazıyevin xəyanətlərinin və satqınlıqlarının arasında korrupsiya faktları da saysızdır. Həmin dövrdə Azərbaycanda bəzi rayon və kəndlərdə formalaşan könüllü silahlı birləşmələr üçün silah alınması, o cümlədən, əsgərlərin maddi təminatının qarşılanması üçün ayrılan pullar R.Qazıyev tərəfindən mənimsənilirdi. Rəhim Qazıyev, görəsən, bu gün hansı mənəvi haqla onun kimi min bir xəyanətə imza atmış L.Yunusova-Barseqyanın müdafiəsinə qalxıb? Görəsən, Rəhim Qazıyev hərdən özünə bu sualı verirmi: mənim bu xalqın arasında gəzməyə haqqım çatırmı?!
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1273 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30