Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa şokda...

Fransa şokda...

12.09.2024 [09:10]

Tarixi ənənələri olan Fransa dünyəvi dövlətdir. Ancaq burada dinin də cəmiyyətdə böyük nüfuzu var. Bu amilləri nəzərə aldıqda deyə bilərik ki, Fransanın böyük dövlət imicini möhkəmlətmək, xalqın ümumilli ideyalar ətrafında monolitliyini təmin etmək üçün dövlətin və dövlət rəsmilərinin, eləcə də dinin və din xadimlərinin çox ciddi məsuliyyəti yaranır. Ortada elə bir nümunəvi davranış olmalıdır ki, cəmiyyət çaşqınlıq yaşamasın, gələcəyə ümidlə baxsın.

Ancaq bu gün Fransa cəmiyyətinin əhval-ruhiyyəsi optimizmdən çox uzaqdır. Xüsusilə də cərəyan edən son hadisələrin və ayrı-ayrı din xadimlərinin mənəviyyat göstəriciləri ilə bir araya sığmayan əməllərinə dair aşkarlanan faktlar insanlarda dibi görünməyən bir məyusluq yaradıb, ölkə şok içindədir. İki mühüm məqamdan bəhs etmək istərdik.

Birincisi, uzun illər ərzində fransız xalqının inam, rəğbət və bir növ sitayiş yerinə çevrilmiş keşiş abbat Pyerin din və din xadimi adına ləkə olan bağışlanmaz mənəvi və hüquqi cinayət əməllərinin faş olmasından. İkincisi, Makronun iki prezidentliyi dönəmində  öz şəxsiyyəti, naqis mənəvi keyfiyyətləri və səriştəsiz  idarəçiliyi ilə ölkəsini beynəlxalq aləmdə nüfuzdan salmasından, Yelisey Sarayını oriyentasiyalı nazirlərin klubuna çevirməsindən və beləliklə də Fransa cəmiyyətini dəyərsizləşdirməsindən. 

Sən kim imişsən, keşiş abbat Pyer - din xadimi, yoxsa böyük dələduz?

Əsrlər boyunca dinlər bütün cəmiyyətlərdə ümid, pənah və inam yeri sayılıb. O cümlədən də müasir sivilizasiyaya önəmli töhfələr vermiş Avropada insanlar günah işlədəndə tövbə üçün, həyatın ağır sınaqları qarşısında çarəsiz qalanda kömək üçün kilsələrə gəlib, şamlar yandırıb, ibadət edib, din xadimləri ilə ünsiyyət quraraq onlardan dərdlərinə çarə istəyiblər. İnam o qədər böyük olub ki, bəlkə də, hansısa bir məqamlarda keşişlərin, abbatların adi insan olduqları belə unudulub, onlar bütləşdirilib, Tanrının adından danışmaq hüququ verilənlər kimi davranılıb. İnam, etiqad böyük olanda onun qırılmasından yaşanan mənəvi əzab-əziyyət də dözülməz dərəcədə ağır olur. İnsan övladının məyusluğa və inamsızlığa düçar olması ən böyük dərddir, zənnimizcə. Keşiş abbat Pyer fransız xalqına, dinə inam bəsləyən milyonlarla insana belə acılar yaşadan birisidir.

Keşiş Pyerin dinə və insanlığa zidd olan bəd əməlləri barədə bir qədər sonra söhbət açarıq. Əvvəlcə onun keçdiyi yola nəzər salaq. Beləliklə, keşiş abbat Pyer kimdir? Abbat Pyer (Anri Antuan Qrue) 1912-ci il avqustun 5-də Fransanın Lion şəhərində doğulub. 2007-ci il yanvarın 22-də Parisdə ölüb. 1938-ci ildən katolik kilsəsinin keşişi olub. Fransanın ictimai-siyasi xadimi sayılır. Abbat (lat. “abbas” yəhudi, aramı dilində “abba” sözündən götürülüb, “ata” anlamındadır) beşinci əsrdən başlayaraq yalnız monastır keşişlərinə verilən fəxri katolik kilsə tituludur. Pyer abbat titulunu İkinci Dünya Müharibəsi zamanı alıb. O, Fransanın Müqavimət Hərəkatının iştirakçısı olub, yəhudi qaçqınlara yardım edib. “Emmaus” beynəlxalq xeyriyyə təşkilatının (1949) qurucusudur. Bir sıra orden və medallara layiq görülüb. 2005-ci ildə “France 2” televiziya kanalı tərəfindən keçirilən “Bütün zamanların ən böyük fransızı” sorğusunun nəticələrinə görə, o, Şarl de Qoll və Lui Pasterdən sonra üçüncü yeri tutub.

İlk baxışda, həsəd aparıla biləcək bir tərcümeyi-haldır. Fransa cəmiyyətinin keşiş Pyeri fetişləşdirməsi də məhz buna görədir. Axı xeyirxahlıq hər zaman, hər yerdə təqdir olunur və insanlar bunu minnətdarlıq hissi ilə qarşılayırlar. Ancaq sən demə, keşiş abbat Pyer din və humanizm pərdəsi altında gizlənən bir dələduz imiş. Tərcümeyi-halından da bəlli lduğu kimi, Pyer artıq 17 ildir ki, həyatda yoxdur. Yəqin ki, indiyədək bütün fransızlar onun axirətdə layiq olduğu rahatlığı tapdığını düşünürdülər. Ancaq ölümündən 17 il sonra ilk dəfə bu ilin iyulunda onun əməlləri ifşa olunub ki, bu da Fransa cəmiyyətində heyrətlə qarşılanıb. İndi onun barəsində ən yaxşı halda böyük hiyləgər, fırıldaqçı qənaəti bölüşdürülür. Söhbət ilk növbədə onun mənəviyyat düşgünü olmasından, gizli şəkildə katolik kilsəsinin qadağalarını aşaraq saysız-hesabsız cinsi zorakılıq əməlləri törətməsindən gedir.

Abbat Piyer yeddi qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır. Məlumatlara əsasən, bu sahədə araşdırmalar ixtisaslaşmış şirkət tərəfindən aparılıb. Bildirilib ki, Pyerin 1950-2000-ci illərdə törətdiyi əməllərə görə Fransa ilə yanaşı, ABŞ, Mərakeş və İsveçrədən olan zərərçəkənlər də ifadə veriblər. Bu iddiaların dərcindən sonra Fransanın ən yüksək yepiskop orqanı faktların aydınlaşdırılması üçün əməkdaşlıq edəcəyini açıqlayıb. Pyerin hərəkət məhdudiyyəti olan insanlarla təkrar cinsi əlaqə, uşaqlara qarşı cinsi təcavüz, seksual xarakterli ifadələr onun əməllərinə dair yeni sübutlardandır. Bu hadisədən sonra Pyer abbat Fondunun adının dəyişdirildiyinə, xatirə kompleksinin bağlandığına dair xəbərlər yayılıb.

Məsələ burasındadır ki, bu gün kilsələrin məhdudiyyətlərini aşan və əxlaqsızlığı, cinsi zorakılığı həyat normasına çevirən din xadimlərinin sayı hədsiz dərəcədə çoxdur. Bir neçə il öncə Argentina Ağır Cinayətlər Məhkəməsi 25 uşağı cinsi istismar edən, ikisi rahib olmaqla, 3 nəfərə ağır cəza verib. Həmçinin Kanadada kilsədə törədilmiş oxşar məzmunlu cinayətlərin üstü açılıb. Həmin hadisəyə etiraz olaraq yerli hindu tayfaların nümayəndələri dörd katolik kilsəsini yandırmışdı. İllər öncə bu ölkədə yerli sakinlərin ailələrinin uşaqları zorla əllərindən alınıb, katolik internat məktəblərinə cəlb olunub. Kilsədə keşişlər həmin uşaqlara qarşı cinsi zorakılıq tətbiq ediblər. Həmin hadisələrin qurbanı olmuş 215 uşağın məzarı aşkarlanıb. Kanadanın qərbində, Britaniya Kolumbiyası da daxil olmaqla, iki yerdə aborigen uşaqların zorla aparıldığı iki keçmiş məktəbin yerində 966 işarəsiz məzar tapılıb. Eyni zamanda, bu ölkədə 36 keşişin müxtəlif illərdə 29 azyaşlıya təcavüz etməsi faktı qeydə alınıb. Lakin indi demokratiya və insan hüquqlarından danışan Kanada hakmiyyəti baş verənlərə görə üzr istəmək barədə düşünmür. Əvvəllər ABŞ-nin Texas ştatında kilsədə azyaşlı uşaqlara təcavüz etməkdə ittiham olunan 286 rahibin adı açıqlanmışdı. Oxşar hadisələr İtaliya və İrlandiyada da baş verib. Roma Papası baş verənlərə görə üzr istəyib.

Belə faktların sıyahısı çox uzundur. Bu cür iyrənc faktlarla tanış olduqda Avropada kilsələrin əxlaqsızlıq yuvalarına çevrildiyi qənaəti yaranır. Budurmu Avropanın üçüncü ölkələrə, milli dövlətlərə ixrac etmək istədiyi dəyərlər?

Fransanı yerlə bir edən Makron

Qeyd etdiyimiz kimi, bu gün Fransa cəmiyyətinin şok, sarsıntı içində olmasının digər bir səbəbi Makronun bu ölkənin bəyan etdiyi demokratiya, bərabərlik, qardaşlıq kimi prinsiplərə zidd siyasətidir. Qeyd edək ki,  Makronun mənəvi düşgünlüyü, oriyentasiyalı prezident imici qazanması onun keşiş abbat Pyerlə müqayisəsini aparmağa əsas verir. Xatırladaq ki, Makron hökumətində onun təyinatları əsasında bir neçə qeyri-ənənəvi cinsi oriyentasiyalı nazir təmsil olunur. Bu günlərdə Fransada baş tutan 33-cu Yay Olimpiya Oyunlarında yaşananlar yəqin ki, uzun müddət yaddaşlarda kədərli təəssüratlar kimi qalacaq. Prezidentin Olimpiadanın açılış tədbirində naziri ilə dodaq-dodağa öpüşməsi ən liberal toplumlarda belə müzakirələrə səbəb olmaqla birmənalı şəkildə qınanıldı. Bunu heç bir halda dövlət etiketləri ilə bir araya sığışdırmaq mümkün deyil. Olimpiadanın açılış ssenarisində xristian dini baxışlarına və mənəvi dəyərlərə zidd olan səhnələr yer alırdı. Bu səhnələrdə qeyri-ənənəvi cinsi oriyentasiyalar təşviq olunurdu. Təsadüfi deyildir ki, elə Avropanın özündə çoxsaylı xristian icmaları bu və digər səhnələri kəskin şəkildə tənqid etdilər, bunu xristianlığa ləkə, təhqir kimi dəyərləndirdilər. Şübhəsiz ki, belə iyrənc səhnələrin dünyanı bir araya gətirən Olimpiadanın açılış ssenarisinə salınmasının sifarişi elə Makronun özündən gəlib. O daşıyıcısı olduğu naqis dəyərləri bütün dünyaya aşılamaq istəyir. Bu yerdə bəhs olunan səhnələrlə bağlı edilən üzürxahlığın da heç bir əhəmiyyəti qalmır...

Bütün dinlər kimi, xristianlıq da bərabərliyi, dözümlülüyü təlqin edir. Makronun siyasəti isə dinin bu çağırışını da heçə endirir. Parisdə fəaliyyət göstərən İnsan hüquqları komitəsinin hesabatına görə, 2023-cü ildə Fransada irqçilik halları 32 faiz artıb. Fransanın İnsan Hüquqları üzrə Milli Məşvərət Komitəsinin (CNCDH) yaydığı yeni hesabatda deyilir ki, bu ölkədə azlıqda olan bütün qruplar üçün tolerantlığın, xüsusən də yəhudi icması üçün dözümlülüyün səviyyəsi azalıb. Ən az tolerantlıq göstərilən qrup isə müsəlman icmasıdır.

Fransa Daxili İşlər Nazirliyi də 2023-cü ildə irqçilik hallarının 32 faiz artmasını təsdiq edib. Hesabatda qeyd olunub ki, ən çox artım antisemit irqçiliyi zəminində müşahidə olunub. CNCDH, habelə 2023-cü ildə 1 milyon insanın ən azı bir irqçi hücuma məruz qaldığını qeyd edərək, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları fonunda sığınacaq və miqrasiya ilə bağlı qütbləşən müzakirələr də daxil olmaqla, vəziyyətin gərginliyini artıran amilləri təqdim edib.

Hesabatda diqqətə çatdırılır ki, artıq fransızların yarıdan çoxu - 51 faizi Fransada özünü evindəki kimi hiss etmir. Bu göstəricidə də 2022-ci ilin yazına nisbətən səkkiz pilləlik artım var. Bildirilib ki, fransızların 56 faizi hesab edir ki, ölkədə miqrantların sayı həddindən artıqdır.

Rəqəmlər bu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə səslərin 30 faizindən çoxunu toplayan ifrat sağçı “Milli birlik” (RN) partiyasının yüksəlişi ilə bağlı siyasi və sosial atmosferin son kontekstini əks etdirir. Ultrasağçı qüvvələrin qələbəsi Makronu mərkəzçi blokunun məğlubiyyətini etiraf etməyə, parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə sövq edib. Makronun qurduğu “İntibah” partiyası həmçinin Milli Assambleyaya keçirilən seçkilərin hər iki mərhələsində məğlubiyyətlə üzləşdi.

Bütün bunlar Makronun siyasətinin acı meyvələridir. Bu gün Fransanın daxilində çox ciddi təbəddülatlar müşahidə edilir. Ölkədə iqtisadi böhran yaşanır, xarici borc ifrat dərəcədə artır və sosial vəziyyət getdikcə dözülməz hala gəlir. Ölkədə Makronun hakimiyyətə gəlişindən sonra yeni bir inqilab əhval-ruhiyyəsi baş qaldırıb. Artıq sarı jiletlilər hərəkatı bu inqilabın simvaluna çevrilib. Fransanın əyalətlərində fermerlərin başladığı “peyin inqilabı” isə pis nümunə kimi qonşu ölkələrə də sirayət edib.

Eyni zamanda, Fransanın xarici siyasəti də rəvan getmir. Xüsusilə də Makronun müstəmləkəçilik siyasətini daha da sərtləşdirməsi Afrikada, dənizaşırı ərazilərdə azadlıq mübarizəsinin əhatə dairəsinin genişlənməsi ilə nəticələnib. Getdikcə daha çox müstəmləkə ölkəsində “Rədd ol, Makron” şüarları səsləndirilir, Fransanın rəmzləri təhqirlərə məruz qalır.

Belə yarıtmaz daxili və xarici siyasət fonunda  Makronun impiçment məsələsi gündəmə gəlib. Ona açıq-aşkar Yelisey Sarayının qapıları göstərilir. Makronun özü istefa verməyəcəyini bildirsə də, parlamentin son seçkilər nəticəsində formalaşan tərkibi prezidentin impiçmentini hüquqi müstəvidə həyata keçirməyə imkan yaradır...

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 388 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30