Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyadakı erməni mafiyasının cinayət əməlləri sübuta yetirilir

Almaniyadakı erməni mafiyasının cinayət əməlləri sübuta yetirilir

14.11.2018 [09:53]

Alman hüquq-mühafizə orqanları kriminal dəstənin fəaliyyətinin Ermənistanın bu ölkədəki səfiri tərəfindən koordinasiya olunduğunu müəyyənləşdirib
Ötən sayımızda Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə gündəmə gələn Bundestaqın deputatı Albert Vaylerin erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair Almaniya mediasında yayılan məlumatlara yer vermişdik. Məlumat üçün bildirək ki, MDR televiziyası və “Der Spiegel” jurnalı birgə “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli film hazırlayıb. Həmin sənədli film efirə getməsə də, araşdırma materialı “www.spiegel.de” xəbər saytında dərc olunub. Həmin materialdakı bir çox məqamlar erməni mafiyasının Almaniyadakı sərgüzəştləri, Ermənistan səfirinin onların fəaliyyətində oynadığı rol açıq şəkildə ortaya qoyulur. Almaniya Federal Kriminal İdarəsi - “Bundeskriminalamt”ın (BKA) neçə ildir apardığı əməliyyat miqyasına və əldə edilən nəticələrə görə mühüm əhəmiyyət daşıyır. Belə ki, sözügedən təhqiqat Almaniya tarixində mütəşəkkil cinayətkarlıqla mübarizədə ən böyük əməliyyatlardan hesab olunur. Araşdırma materialında da məhz BKA-nın FATIL adlanan əməliyyata dair 19 səhifəlik məxfi hesabatına istinad edilir.
Hesabatda Almaniyada erməni mafiyasının böyük maliyyə resurslarına malik olduğu, hətta dövlətçilik üçün təhlükə yaratdığı qeyd edilir. Habelə erməni mafiyasının qumarxana qurğularının manipulyasiyası, mütəşəkkil cinayətkarlığın bütün növləri, o cümlədən oğurluq, soyğunçuluq, tütün məmulatlarının qaçaqmalçılığı, miqrantların ödəniş müqabilində Almaniyaya gətirilməsi ilə məşğul olduğu göstərilir. Cinayətkar dəstələrin əldə etdikləri qanunsuz gəlirləri Almaniya və Qərbi Avropanın digər ölkələrində daşınmaz əmlak almağa xərclədikləri iddia olunur. Hesabatda qeyd edilir ki, FATIL əməliyyatı nəticəsində Almaniyada 14 cinayət işi açılıb, 42 nəfərin maliyyə əməliyyatları nəzarətə götürülüb. Almaniyanın xarici kəşfiyyat qurumu olan “Bundesnachrichtendienst” (BND) və Avropa Polis Təşkilatının həmin şəxslərin fəaliyyətinin izlənilməsində FATIL əməliyyatına dəstək göstərməsi də mühüm məqam hesab edilir.
Bu miqyasda ciddi əməliyyat aparılsa da, bəzi səbəblərə görə hüquq-mühafizə orqanlarının hələ ki, yekun nəticə əldə edə bilmədiyi vurğulanır. Səbəb kimi cinayətkar qruplaşmalar arasında ünsiyyətin əsasən qapalı mesaj xidmətləri üzərindən həyata keçirilməsi, eyni zamanda, Almaniyada əsas resursların radikal islamçılara qarşı səfərbər olunması üzündən hüquq-mühafizə orqanlarının təhqiqat üçün kadr və maliyyə ehtiyatının çatışmadığı göstərilir. Ən təəssüfləndirici odur ki, alman prokurorlar AFR Cinayət Məcəlləsinin 129-cu maddəsi (mütəşəkkil cinayətkarlıq) ilə cinayət işinin açılması barədə qəti qərar verməyiblər. Buna baxmayaraq, kriminal “avtoritet”lər və “qanuni oğru”ların bütün Avropa ölkələri üzrə fəaliyyəti və şəbəkə yaratması əsas gətirilərək göstərilən faktların araşdırılması, birgə tədbirlərin görülməsinin vacibliyi hesabatda xüsusi vurğulanır.
BKA-nın hesabatında ən maraqlı məqam Almaniyadakı erməni kriminal ünsürlərin Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanla əlaqələrinin üzə çıxarılmasıdır. Belə ki, BND-nin hələ 2008-ci ildə hazırladığı xidməti arayışda o zamanlar Ermənistanın Almaniyadakı səfirliyində çalışan A.Smbatyanın Almaniyaya qanunsuz miqrasiya prosesində iştirak etdiyi, onun “qanuni oğru” olduğu və İrəvanda cinayətkar aləmin “avtoritet”lərindən biri kimi tanındığı qeyd edilib. Berlin prokurorluğunun 2005-ci ildə A.Smbatyana qarşı açdığı cinayət işinin sonradan dayandırılması da müəmmalıdır. A.Smbatyana qarşı, eyni zamanda, Ermənistanın keçmiş nazirinin qızı ilə əlaqələrinə görə təhqiqat aparılsa da, həmin cinayət işinə də naməlum səbəblərdən xitam verilib. Sonradan diplomatik toxunulmazlıq statusuna bürünən A.Smbatyanın Ermənistanda hakimiyyət dəyişsə də, səfir vəzifəsində qalması daha bir müəmmadan xəbər verir.
Əslində, sadalanan faktları təhlil etdikdə burada təəccüblü heç nə yoxdur. İşğalçı Ermənistanda faktiki olaraq hakimiyyət dəyişsə də, fəaliyyət prinsipləri dəyişməyib və yeni hökumət də kriminal ünsürlərlə, mafiya nümayəndələri ilə işləməyi daha məqbul hesab edir. Bunu bir neçə ay əvvəl Ermənistanda böyük rezonansa səbəb olan və rəsmi şəkildə təkzib olunmayan məlumatlar da sübut edir. Həmin iddiaya görə, növbədənkənar seçkilərdə kriminal “avtoritet”lərin dəstəyini almağı daha vacib sayan baş nazir Nikol Paşinyan birinci müavini Ararat Mirzoyanı danışıqlara göndərmiş və “cinayətkar aləm”in nümayəndələri seçkidən qabaq amnistiya olsa, N.Paşinyana dəstək verəcəklərini bildirmişdilər. Bu günlərdə Ermənistanda amnistiya aktının imzalanması, hökumət rəsmisinin amnistiyadan sonra kriminal durumun gərginləşə biləcəyi barədə açıqlaması həmin məlumatların dəqiqliyini bir daha sübut edir.
Göründüyü kimi, tarix boyu sivil yollarla mübarizə metodlarından imtina edən bədnam qonşular daxildə olduğu kimi, xarici ölkələrdə də bütün fəaliyyətlərini kriminal, mafioz qruplarla əlaqədə və həmin prinsiplər əsasında qururlar. Bu işi o qədər zəncirvari qurublar ki, halqalarda diplomat da, idmançı da, hətta həmin ölkənin qanunverici orqanının deputatı da təmsil olunur. Bütün bu faktlar göstərir ki, səfiri kriminal “avtoritet” olan, baş naziri mafiya liderləri ilə danışıqlara gedən Ermənistanda dövlətçilikdən uzaq rejim hələ də hökm sürür.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1139 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30