Zərər-ziyansız yaşamağın düsturu
09.04.2025 [09:55]
Anton Çexovun “Rotşildin skripkası” hekayəsi haqqında
Ancaq Bronzanın bir sağalmaz dərdi var: o həmişə zərərə işləyir, daim ziyana düşür. Ona görə də ovqatı müdam təlx olur. Bazar günü, bayram günləri işləmək günahdır, bazar ertəsi isə ağır gündür. Beləliklə, ildə az qala iki yüz gün boş-boşuna keçir, Yakov əlini ağdan-qaraya vura bilmir - gör il boyu nə qədər ziyana düşür! “Əgər şəhərdə biri çalğısız toy eləyərdisə, ya cuhud orkestrini çağırmazdısa, bu da bir zərər idi. Polis nəzarətçisi iki iliydi xəstəydi, günü-gündən əldən düşürdü. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi. Ancaq o, quberniya şəhərinə müalicəyə getdi, işin tərsliyinə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özü də azından on manat. Çünki onun tabutunu bahalı ipək parçaya tutmaq lazım gələcəkdi...”
Yakovun bir dəftəri var, hər gün zərər-ziyanını o dəftərə qeyd eləyir. Yaz başı sayğac götürüb ötən il ərzində nə qədər ziyana düşdüyünü hesablayanda məlum olur ki, min manatdan artıq zərəri var: “Bu, onu elə sarsıtdı ki, sayğacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırıb onu xeyli şıqqıldatdı, dərin ah çəkdi. Sifəti qızarıb tərdən islanmışdı. Fikirləşdi ki, əgər əlindən çıxmış bu pulu banka qoysaydı, ildə üstünə azı qırx manat faiz gələrdi. Demək, buradan da ona qırx manat ziyan dəyirdi. Bir sözlə, hara baxsa, zərərdən başqa bir şey görmürdü”.
May ayında Marfa qarı xəstələnir. Üzü həmişə solğun, qəmli görünən qarının çöhrəsinə işıq gəlir, sifətinə xoşbəxt ifadə qonur, arvad öldüyünə, Yakovdan, dar daxmadan, tabutlardan üzü qurtardığına açıq-aşkar sevinir: “Yakov qarıya baxdıqca yadına çox şeylər düşürdü: ömrü boyu bir dəfə də arvadına nəvaziş göstərməmiş, ona acımamışdı, ona yaylıq almaq, yaxud toydan şirin bir şey gətirmək bircə dəfə ağlına gəlməmişdi, əksinə, ancaq üstünə çığırmış, zərəri ucbatından onu söymüş, yumruğunu düyüb üstünə şığımışdı; doğrudur, onu döyməmişdi, ancaq o ki var qorxutmuşdu, o da hər dəfə qorxudan sarısını udmuşdu. Bəli, ona tapşırmışdı çay içməsin, çünki xərci onsuz da çox çıxırdı. Qarı da çay yerinə ancaq isti su içirdi. Bunlar yadına düşdükcə Bronza anlayırdı ki, niyə indi arvadının üzü belə qəribə, belə fərəhlidir”.
Yalnız bu müşahidəsindən sonra Yakova isti keçir, ona çatır ki, əlli iki illik ömür yoldaşı ölə bilər. Səhər açılanda qonşudan at-araba alıb Marfanı xəstəxanaya aparır. Həkimi əvəz eləyən səbirsiz, deyingən, davakar feldşer qarının yaşını soruşanda məlum olur ki, yetmişi başa vurmağına bircə il qalıb. Demək, arvad ömrünü yaşayıb, onun əcəlinin əl-ayağına dolaşmaq lazım deyil. Feldşer qarı-qocanı başından eləyib evinə yola salır. Evdə Marfa qorxusundan yatağına uzanmır ki, əri yenə zərər-ziyandan danışıb onu danlayacaq: “Yakov isə qəmli-qəmli ona baxıb düşünürdü ki, sabah İohan Boqoslov, onun ardınca Nikolay Çudotvorets bayramıdır, sonra bazar günü gəlir, daha sonra bazar ertəsidir ki, bu da ağır gündür. Dörd gün işləmək olmayacaq. Marfa yəqin bu günlərin birində öləcək, demək, tabutu elə bu gün hazırlamaq lazımdır... Dəmir arşını götürüb qarının boyunu ölçdü. Sonra Marfa uzandı, Yakov da xaç çevirib tabut qayırmağa başladı. İşini qurtarandan sonra gözlüyünü taxıb dəftərinə bu sözləri yazdı: Marfa İvanovna üçün tabut - 2 manat 40 qəpik”.
Ölüm ayağında qarı ərinə əlli il bundan qabaq sarışın saçlı bir qızları olduğunu, birlikdə çayın qırağında, cavan söyüdün altında oturub mahnı oxuya-oxuya uşağı əzizlədiklərini xatırladır. Yakov hafizəsini nə qədər qurdalayırsa, nə o qız uşağı, nə də o söyüd yadına düşür. Elə bilir arvadı qara basır.
Marfa gecə sayıqlayıb səhərə yaxın keçinir. Qonşu qarılar onu yuyub geyindirib tabuta qoyurlar, keşişə pul verməmək üçün Yakov özü dua oxuyur: “Qəbir üçün ondan qəpik də almadılar, qəbiristanlıq keşikçisi Yakovun kirvəsiydi. Dörd kəndli tabutu pula görə yox, Yakova hörmət naminə qəbiristanlığacan apardı. Tabutun ardınca qoca arvadlar, dilənçilər, iki də qələndər gedirdi. Qarşıdan gələn adamlar ayaq saxlayıb xaç çevirirdilər... Yakov da çox razıydı ki, mərasim qaydasınca, ləyaqətlə, həm ucuz, həm də heç kəsi incitmədən başa çatdı. Marfayla son dəfə vidalaşanda əlini tabuta vurub fikirləşdi: yaxşı qayırılıb!”
***
Dəfndən qayıdandan sonra Yakovun halı pisləşir, içini qəm-qüssə alır, yenə yadına düşür ki, bir dam altında yaşadıqları əlli iki ildə Marfanı bircə yol əzizləməyib, o cür müti, zəhmətkeş qarının halına yanmayıb, onu it-pişik yerinə də saymayıb. Halbuki Marfa hər gün onun ocağını yandırıb, çörəyini, xörəyini bişirib, suyuna gedib, odununu yarıb, onunla bir yastığa baş qoyub, Yakov toydan lül-qənbər qayıdanda onun skripkasını ehmalca divardan asıb, özünü də yatağa uzandırıb. Üstəlik, bütün bu işləri qarı dinməz-söyləməz, ürkək-ürkək, qayğıkeş bir tərzdə görüb... Daim ziyandan çıxmaq haqda düşünüb tıncıxan, qoşqu atı kimi müdam irəli dartınan təngnəfəs qoca ötən əlli iki ildə yalnız indi dayanıb geri baxmaq imkanı tapır. Keçmiş onun yaddaşından çoxdan silinib, indisi heç olmayıb, gələcək də heç vaxt gəlmir.
Yakov keçmişdən üstünə qoşun çəkən xatirələrin hücumundan qorunmaq üçün ağlamaq istəyir, elə bu vaxt həyatı soyadına çəkilmiş karikaturaya bənzəyən, familiyası taleyin ironiyası kimi səslənən yəhudi Rotşild gülə-gülə qapısına gəlib onu təcili orkestrin tədbirinə çağırır. Qoca hirslənib cuhudu qapıdan qovur, uşaqlar küçədə onu hoydu-hoyduya götürürlər, kiminsə qısqırtdığı itlər bədbəxt, qorxaq yəhudinin üstünə tökülüşür, sonra yəqin onu it tutduğuna görə zavallının fəryadı göyə bülənd olur.
Qoca darıxdığından şəhər kənarına çıxır, örüşlərə baş çəkir, çay qırağına enir, burada üzən ördəyə-qaza tamaşa eləyir. Marfanın son nəfəsində xatırladığı söyüdü görəndə tanıyır, artıq qocalmış ağacın altında oturub keçmişə dalır, indi artıq körpəykən göylərə çəkilmiş sarışın qızcığaz da yadına düşür. İndi ona çatır ki, ötən qırx-əlli ildə bir dəfə də çay qırağına çıxmayıb, bu boyda çaya diqqət yetirməyib: “Çay da kiçik çay deyildi, bu çaydan balıq tutub tacirlərə, məmurlara, stansiya bufetçisinə satmaq, bundan gələn pulları banka qoymaq olardı. Gəzinti gəmilərində aşağı-yuxarı üzə-üzə skripka çalıb yaxşı pul yığardı. Bəlkə çayda qayıq sürmək də olardı, hər halda bu, tabut qayırmaqdan yaxşıdır. Nəhayət, çoxlu qaz saxlamaq, qışda kəsib Moskvaya göndərmək, təkcə tükündən ildə on manat pul tutmaq olardı. Ancaq o bunları nəzərdən qaçırmışdı! Gör nə qədər ziyana düşmüşdü! Balıq tutmağı, skripka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi üst-üstə toplasan, gör nə böyük sərvət yığılardı! Ancaq bunlar onun heç yuxusuna da girməyib. Həyat çox səmərəsiz, zövqü-səfasız, boş-boşuna keçib. İrəlidə artıq heç nə görünmürdü. Geriyə baxanda da zərər-ziyandan başqa gözə bir şey dəymirdi. Axı niyə insan zərərsiz-ziyansız, itkisiz yaşaya bilmir?..”
Yakov ömrünü dava-şavada, qeylü-qalda keçirdiyinə, arvadını daim qorxu, təzyiq altında saxladığına, binəva Rotşildi qovub itlərin cənginə verdiyinə görə bərk peşmanlıq çəkir. Düşünür ki, adamlar arasında nifrət, küdurət olmasa, insan insanla mehriban dolansa, bundan hamı böyük qazanc götürər, dünyada ac-yalavac, yoxsul, dilənçi qalmaz.
Davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

