Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Türkçülük məfkurəsinin böyük carçısı...

Türkçülük məfkurəsinin böyük carçısı...

24.02.2024 [11:43]

Əli bəy Hüseynzadənin anadan olmasından 160 il ötür

Yeganə BAYRAMOVA

“Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm...”

Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında ictimai fikrə aydınlıq gətirmiş şəxsiyyətdir. O, insanlara yeni istiqamətlər verərək onları ətalətdən, qəflət yuxusundan, zülmətdən uzaqlaşdırmağa, həmrəyliyə, birliyə əsaslanan istiqlal yoluna xidmət etməyə çağırırdı. Məhz bu mənada Əli bəy Hüseynzadə Azərbaycan ictimai fikrində yeni mərhələ sayılır. Əli bəy Hüseynzadə milli özünüdərkin və istiqlal düşüncəsinin yaradıcısı, türk dünyasının mücahidi idi.

Bu gün böyük mütəfəkkirin anadan olmasından 160 il ötür. O, 24 fevral 1864-cü ildə anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Tiflisə köçüb. Atasını erkən itirən Əli bəy o zaman Qafqaz şeyxülislamı olan babası Şeyx Əhməd Səlyaninin himayəsində böyüyüb. Əli bəy Hüseynzadə Tiflis gimnaziyasında təhsil alıb. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb və rus dillərini öyrənib.

Əli bəy babası Şeyx Əhmədlə onun dostu, Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundovun söhbətlərindən faydalanıb və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanıyıb. Yəni Əli bəy Hüseynzadədə gimnaziyada təhsil aldığı dövrdən etibarən türkçülük fikrinin yaranmasında və türkçülüklə bağlı fikirlərin formalaşmasında babası Şeyx Əhməd Səlyaninin və Mirzə Fətəli Axundovun böyük təsiri olub. O, 1885-ci ildə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada həm də şərqşünaslıq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib. Dövrün məşhur elm xadimləri - Dmitriy Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Əli bəy Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, “xaçlılar” hərəkatına rəğbət bəsləyib. O zaman Sankt-Peterburqda yaranmış vəziyyətə görə, bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Türkiyəyə, İstanbula gedib və orada əsgəri-zibbiyyə fakültəsində tədris almaqla dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssis ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.

1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünununda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O, burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğuna və İttihad Tərəqqi partiyasının ilk özəyini yaradanlardan biri olduğuna görə təqib olunub.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Əli bəy Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb, islahatçı-reformist ideya adamı kimi tanınıb. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayıb. Bu qəzet Əli bəy Hüseynzadəni Azərbaycana “ağır başlı” filosof, “ağla qida verən sözlər” söyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb. Əli bəy Hüseynzadənin fəlsəfi mühakimələri bu mənada çox maraqlıdır. Məsələn, o deyirdi: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar,” “Hər kəsə uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı ola bilməz,” “Qalib olmaq haqqı o camaatındır ki, həyata açıq gözlə nəzər salar, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...”.

Dövrün ziddiyyətli, mədəniyyət, dil və türkçülüyün problemli olduğu bir tarixi şəraitdə, “türk” kəlməsinin dilə gətirilmədiyi tarixi bir məqamda Əli bəy Hüseynzadə “Həyat” qəzetinin səhifələrində çap etdirdiyi “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq deyirdi: “Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq”. Bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi. Məşhur Amerika tarixçisi Tadeus Svyatoxovski Azərbaycan tarixi ilə bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir ki, “XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir nəfər var idi, o da Əli Bəy Hüseynzadə idi”.

Çətinliklər çox idi. Bir yandan da ermənilərin “Həyat” qəzeti barədə xəyanətləri bitib-tükənmirdi. Onların tələbi ilə Qafqaz canişini təcili olaraq “Həyat”ın sərlövhəsində “türk” sözünün “tatar” sözü ilə əvəzlənməsini tələb edirdi. Təzyiqlərə dözməyən “Həyat”ı bağlamaqdan başqa bir yol qalmadı... Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə “Füyuzat” jurnalı nəşrə başladı. Nəticədə, Əli bəy “Həyat”da başladığı türkçülük ideyalarını “Füyuzat”da da davam etdirərək türkçülüyün siyasi proqramı olan “türkləşmək, islamlaşmaq, avropalaşmaq” formulunu bitkin bir sistem halına gətirdi. “Füyuzat” jurnalı eyni zamanda Azərbaycan ədəbiyyatında yeni bir istiqamətin - ədəbi məktəbin yaranmasına səbəb oldu.

O, “Füyuzat” jurnalında nəşr olunan məqalələrinin birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli fədai!”. Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Açıq söz”, “Qurtuluş”, “Azərbaycan” və digər mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” - azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu.

Əli bəy Hüseynzadə müasirimizdir. Onun müdrik tövsiyələri, bəşəri ideyaları bu gün də həmvətənlərinə milli birlik uğrunda mübarizədə kömək olur. Bütün türk dünyasında yazıçı, publisist və siyasi xadim kimi tanınan Əli bəy Hüseynzadənin zəngin irsi doğma vətənində dərindən-dərinə öyrənilir, əsərləri nəşr olunur, adı əbədiləşdirilir.

Xatırladaq ki, Ə.Hüseynzadənin 150 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə dövlət səviyyəsində qeyd olunub, müxtəlif simpoziumlar, elmi konfrans və tədbirlər keçirilib.

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30