Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Kriminalistikanın qızıl kəşfi

Kriminalistikanın qızıl kəşfi

13.08.2024 [10:47]

Qanlı barmaq izi 

1892-ci ilin 19 iyununda, qızmar bir yay günündə Argentinanın dəniz sahilində yerləşən Nekoçea şəhərində qan donduran qətl hadisəsi baş vermişdi, 4 və 6 yaşlı iki uşaq müəmmalı şəkildə qətlə yetirilmişdi. İşdən qayıdan ana Françeska Roxas uşaqlarının meyitini öz evində tapmışdı. Gördüklərindən dəhşət yaşayan qadın özünə gəldikdən sonra dərhal polisə gedərək şübhələndiyi şəxs barədə məlumat vermişdi. Françeskanın sözlərinə görə, o, evə yaxınlaşanda tanışı Pedro Velaskesin evdən çıxıb qaçdığını görübmüş. Françeska öz ifadəsində bildirib ki, ola bilsin o, Pedronun evlilik təklifini rədd etdiyi üçün kişi bu yolla ondan amansız qisas alıb. 

Dəhşətli qətlin inanılmaz səbəbi 

Bu ağır cinayət bütün Argentinanı ayağa qaldırır. İstintaq zamanı Pedro Velaskes Françeska Roxasla aralarında evlilik söhbətinin olduğunu etiraf edib, lakin uşaqların öldürülməsi ilə bağlı ittihamı qəti şəkildə qəbul etməyib. Cinayəti boynuna alması üçün polis hətta ona işgəncə verib. Pedro Velaskes saatlarla sorğu-sual edilib, dəfələrlə döyülüb. Amma nəticə eyni olub, Pedro uşaqları öldürmədiyini bildirib. Psixoloji reaksiyasını izləmək üçün onu bir gecə öldürülmüş uşaqların yanında saxlayıblar. Ancaq heç bir üsul işə yaramayıb, Pedro cinayəti üstünə götürməyib. 
Aylar keçir, istintaq qəti qənaətə gələ bilmir. Vəziyyət dalana dirənəndə təcrübəli detektiv Eduardo Alvares La Plata paytaxtdan əyalətə - Nekoçea polisinin köməyinə gəlməli olur. O, uşaqların ölü tapıldığı otağın qapısında kiçik qəhvəyi ləkə görür. Cinayətkar özü də bilmədən qanlı baş barmağını qapıya basaraq iz buraxmışdı.  Barmağın papilyar xətləri aydın görünürdü. Alvares bu detaldan yararlanmaq qərarına gəlir və qapının barmaq izi düşən hissəsini kəsib götürür. Bununla da detektiv dünyada ona qədər, demək olar, heç kimin ağlına gəlməmiş üsuldan istifadə etməyə girişir. O, qanlı ləkədəki barmaq izini cinayətdə şübhəli bilinən Velaskesin barmaq izləri ilə müqayisə edir və nəticədə aydınlaşdırır ki, qatil Pedro deyil. 
İşi araşdırdıqca Alvares  uşaqların anasından şübhələnməyə başlayır. Şayiələrə görə, qadın həqiqətən sevgilisi Pedroya ərə getmək istəyirmiş. Lakin kişi qeyri-qanuni övladlarına görə Françeska ilə ailə qurmaqdan imtina edibmiş. Qadın düşünüb ki, uşaqlar olmasa, Pedro Velaskeslə maneəsiz evlənə bilər. 
Alvares bundan sonra hadisəyə aidiyyəti olan ikinci şəxsin, yəni ananın barmaq izlərini götürür. Qadının barmaq izləri qapının üstündəki qanlı barmaq izinə uyğun gəlir. Lakin bu da Françeskanın günahını sübut etmək üçün yetərli deyildi. Müstəntiqin fikrinə görə, dəhşətli cinayətə şahid olan ana özünü itirərək qan içində ora-bura vurnuxa, istənilən əşyaya əl izini qoya bilərdi. Ancaq gərgin istintaq suallarından və barmaq izlərinin bir neçə variantda üst-üstə düşməsindən sonra ana Françeska öz uşaqlarını öldürdüyünü etiraf edir. O, bu ağır cinayəti evlənmək xatirinə törətdiyini boynuna alır. Amansız qətlə görə Françeska ömürlük həbs cəzasına məhkum edilir. Bununla da tarixdə ilk dəfə barmaq izi üsulu ilə ağır cinayət əməlinin üstü açılır. 

Barmaq izindən qulaq izinə qədər 

Əslində, Alvaresin istifadə etdiyi bu üsul şəxsən onun özü tərəfindən icad olunmamışdı. Hələ 19-cu əsrin ortalarında Benqaliyada (Hindistan) xidmət edən britaniyalı zabit Ser Uilyam Herşel sənədlərə imza atmaq əvəzinə barmaq basırdı. O deyirdi ki, barmaq izi dəyişmir, ona görə də onlar şəxsiyyəti identifikasiya etmək məqsədilə etibarlı üsul kimi bu vasitədən istifadə edirlər. Barmaq izi ilə imza atmaq savadsız insanların da işinə yarayırdı. 1880-ci ildə Herşel papilyar naxışlar (barmaq izləri) və onların əsas xüsusiyyətləri haqqında böyük bir məqalə yazdı.

Barmaq izlərinin elmi əsaslarla öyrənilməsi isə antropoloq və psixoloq Frensis Qaltona (Çarlz Darvinin əmisi oğlu) aiddir. Qalton 8000-dən çox əl izini araşdırdı və onların hər birinin unikal, həm də dəyişməz olduğu qənaətinə gəldi. O hesab edirdi ki, barmaq izinin təkrarlanma ehtimalı sıfıra bərabərdir, bəlkə də milyardda bir üst-üstə düşən barmaq izi tapıla bilər. Həmin dövrdə Yer kürəsində cəmi 1,5 milyard insan yaşadığına görə bu fakt, əslində, təkrarlanmanın olmaması demək idi. Artıq kriminalistlər əmin oldular ki, istənilən şəxsi barmaq izindən müəyyən etmək mümkündür.  

Qaltonun bu tədqiqatı La Plata Mərkəzi Polis Departamentinin detektivi Xuan Vucetiçin diqqətini çəkir. Elmi yeniliklərlə maraqlanan detektiv britaniyalı alimin bu kəşfini tətbiq etmək qərarına gəlir və dünyada ilk dəfə olaraq məhbusların barmaq izlərinin məlumat bazasını toplamağa başlayır. O öz həmkarlarına da barmaq izi üsulunu öyrədir. Françeska Roxasın cinayətinin üstünü açan Eduardo Alvares də bu işdə Vucetiçə kömək edir. Bundan əlavə, Xuan Vucetiç məhkəmə tətbiqləri üçün barmaq izlərini təsnifatlandırmaq məqsədilə ilk sistemi inkişaf etdirir.
Beləliklə, Vucetiç və Alvaresin uğurları dünya miqyasında tanınmağa doğru irəliləyir. Artıq Avropanın və Yeni Dünyanın kriminalistləri öz işlərində təzə üsulu inamla tətbiq edirlər. Bununla da kameranın olmadığı bir zamanda barmaq izləri ilə cinayətlərin açılması kriminalogiyada həqiqətən bir dönüş yaradır.  
Zaman keçdikcə dünyada hər şey təkamülə uğrayır, elmin hər sahəsi təkmilləşməyə doğru gedir. Alimlər bu üsulu da təkmilləşdirdilər və müxtəlif kimyəvi vasitələrdən istifadə etməklə gözə görünməyən izləri də tapmağı öyrəndilər. Daha sonra barmaq izləri məhkəmə traseologiyasının (izlər elmi) bir sahəsinə çevrildi. Artıq detektivlər cinayət yerində ayaqların, ovucların, dizlərin, dişlərin, dodaqların və hətta qulaqların belə izlərini çıxarmağa başladılar. 
ABŞ və Rusiyada barmaq izi üsulu ilə açılan ilk cinayət işi  
Barmaq izi Birinci Dünya müharibəsindən qısa müddət əvvəl bütün dünyada məhkəmə-tibb elminin əsas qoluna çevrildi. ABŞ-da detektivlər ilk barmaq izini 1910-cu ildə araşdırmışdılar. 
Günlərin bir günü Çikaqo ştatında növbəti qətl hadisəsi baş verir. Klarens Hiller adlı kişi gecə arvadının və qızının qışqırığına oyanır. Demə, onlar yatarkən evə oğru giribmiş. O, yataqdan qalxaraq yan otaqdakı silahlı oğrunun üstünə cumur və onunla əlbəyaxa olur. Nəticədə hər ikisi pilləkəndən birinci mərtəbəyə yıxılır. Oğru ev sahibinə üç dəfə atəş açaraq qaçır. Səs-küyə gələn qonşular Klarensin girişdə öldürüldüyünü görürlər.
Çox keçmədən polis əynində qanlı palto və əlində revolver olan qatili tapıb üzə çıxarır. Bu, afro-amerikalı Tomas Cenninqs adlı birisi imiş. Cinayətkar həmin hadisədən ay yarım əvvəl həbsxanadan çıxıbmış. İstintaq zamanı onun cinayət əməlinin əsas sübutu barmaq izləri olur.
Az sonra yeni metod Rusiyaya da gəlib çıxır. Barmaq izləri əsasında araşdırmalar burada 1912-ci ildən başlayıb. Bu üsulla ifşa edilən ilk cinayətkar Alekseyev soyadlı bir şəxs olur. Qətl işində polisin şübhələndiyi iki nəfər - Alekseyev və Şunko soyadlı şəxslər imiş. Onlardan heç biri cinayəti boynuna almır. 
Dalana dirənmiş işi kriminalist Lebedev çözür. O, ölkədə ilk dəfə olaraq barmaq izlərini tutuşdurmaqla cinayətkarın kimliyini ortaya çıxarır. Qətldə istifadə edilmiş şüşə qırığının üzərində Alekseyevin baş barmağının izi aşkar olunur. Cinayətkar təkzibolunmaz sübut qarşısında qətli törətdiyini boynuna alır. 
Barmaq izi üsulu polisin və hüquq-mühafizə orqanlarının işini xeyli dərəcədə asanlaşdırsa da, cinayətkar aləm də əməlindən qalmır, buna qarşı tədbirlər görür. Peşəkar cinayətkarlar iz buraxmamaq üçün cinayət başında əlcəkdən istifadə edirlər. Yaxud müasir izləmə kameralarına düşməmək üçün maska taxırlar. Kriminal aləmin bu cür əks-tədbirlərinə baxmayaraq istintaq-axtarış sahəsində də yeni-yeni cihazlar və metodlar yaranıb inkişaf edir.  

Murad Köhnəqala 

Paylaş:
Baxılıb: 237 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Daxili siyasət

İqtisadiyyat

Biznesin yeni təklifləri...

14 Sentyabr 10:16  

Mədəniyyət

Dünya

Siyasət

Tarixdə ilk dəfə...

14 Sentyabr 08:15

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30