Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / ANA DİLİMİZ MİLLİ VARLIĞIMIZDIR

ANA DİLİMİZ MİLLİ VARLIĞIMIZDIR

19.01.2026 [16:56]

Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir.                                                                                              

Heydər Əliyev,  

ümummilli lider        

Biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin  qoruyucusu Azərbaycan dövlətidir.   

İlham Əliyev                                            

Azərbaycan Respublikasının Prezidenti

Ana dili hər bir millətin varlığı, qürur mənbəyidir. Ana dili ünsiyyət vasitəsi olmaqla yanaşı, xalqın tarixi, milli sərvəti, mədəniyyəti, varlığıdır. Dilini sevməyən, onu yaşatmayan kimsə nə Vətəninin, nə də xalqının qədrini bilər.

İlk gündən körpə dünyaya göz açarkən ana qucağında onun isti nəfəsi, şirin laylası  ilə boya-başa çatır. Deməli,  milli ana dili məhz körpəlikdən insanın beyninə hopur. Odur ki, dilimizi göz bəbəyi kimi qorumaq, onu inkişaf etdirmək yad ünsürlərdən təmizləmək hər birimizin ən ümdə vəzifəsidir. Çünki dili, əlifbası olmayan xalq – xalq kimi mövcud deyildir.

Dünyada 60 milyona yaxın, təkcə Azərbaycanda 10 milyondan artıq azərbaycanlı doğma ana dilində danışır. Ana dilini sevmək, onu qoruyub saxlamaq Vətəni, xalqı, milli adət-ənənəni, mədəniyyəti sevmək və yaşatmaq deməkdir.

Bu faktdır ki, tarixən Azərbaycan xalqı keşməkeşli yollar keçmiş, müsibətlərə, zülmlərə məruz qalmış, inadlı mübarizə əzmlə yürümüş, lakin dilini, milli adət-ənənələrini mədəniyyətini heç vaxt unutmamış, onu qoruyub bugünümüzə qədər saxlamışdır.

Hələ keçən əsrin əvvəllərinə qədər ərəb və fars dillərinin hegemonluğuna məruz qalan Azərbaycan dili öz varlığını yaşatmışdır. Söz ustadlarımız, klassiklərimiz, görkəmli alimlərimiz, dövlət xadimlərimiz bu dilin yaşamasında, inkişaf edib formalaşmasında əvəzsiz xidmətlər göstərmişlər. Hətta Azərbaycan Səfəvi dövlətinin yaradıcısı Ş.İ.Xətainin dövründə (XVI əsr) – Azərbaycan mədəniyyətinin canlanmağa başladığı bir dövrdə – ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan dili də dövlət dili statusunu qazanmışdı.

Ə.Hüseynzadənin “Füyuzat” C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalları meydana gəldi. Lakin bunlarla yanaşı, dilimizdə bir çox yad ünsürlərin işlədilməsi özünü göstərirdi. O zaman da dilimizə keçən çətin sözlərə lüzumsuz ləfzlərə qarşı ziyalılarımız mübarizə aparırdı. Bu sırada Ə.Haqverdiyevin, Ö.F.Nemanzadənin, M.Şahtaxtlının, C.Məmmədquluzadənin, Y.V.Çəmənzəminlinin, N.Nərimanovun, sonralar M.İbrahimovun, S.Vurğunun, B.Vahabzadənin xidmətlərini qeyd etmək olar.

Ə.Haqverdiyev hələ o dövrdə “Ədəbi dilimiz haqqında” məqaləsində yazırdı ki, gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər... Məsələn “sırt” – “çiyin”, “erkək” – kişi. “Erkək” sözü Azərbaycan türkü təsəvvüründən heyvaniyyəti təşkil edən bir sözdür.

Ö.F.Nemanzadə 1904-cü ildə “Şərqi-Rus”  qəzetində çap etdirdiyi “Dilimiz və imlamız” məqaləsində yazırdı: “...dadlı dilimizin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox canını belə fəda edir”.

C.Məmmədquluzadə “Cırcırama” imzası ilə 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Ana dili” felyetonunda yazır: “Yazıq bizim dilimiz, “ana” əvəzinə “madər” yazırıq, tatar qəzetçilərimiz də “İran”ı “Persiya” yazırlar...”

1914-cü ildə Y.V.Çəmənzəminli  “Dil məsələsi” məqaləsində yazırdı: “Necə” sözü əvəzində “nasıl”, “arvad” əvəzində “qadın”, “ata” yerinə “baba” və ya “pədər” yazmaq millətin dilini dolaşdırıb, işini çətinləşdirməkdən savayı bir şeyə yaramır”.

Sovet dövründə də dilimizə rus dilindən və bu dil vasitəsilə çoxlu Avropa mənşəli söz və terminlər keçmişdi. Onların qalıqları hələ də danışıq dilimizdə işlədilir, Məsələn: xolodilnik, morojna, stol, krovat, vilka, vişnə, papa, mama, ukol, zamok və s. Biz həmin sözlərin əvəzinə: soyuducu, dondurma, masa, çarpayı, çəngəl, albalı (gilənar), ata, ana sözlərini nə üçün işlətməyək?! Bunlardan əlavə, hələ də uje, neujeli, niçeqo, xoroşo, yest, koneşno? şofer, vapşe və sair sözlər işlədilir. Bu cür sözlərin sayı çoxdur.

Elə adamlar da vardır ki, danışıq prosesində Azərbaycan, rus, ingilis, türk dillərini bir-birinə qarışdırıb danışır: no, nasılsan, yes, nasıl, abi və s. sözlərdən daha çox istifadə olunur. Məgər bu, ana dilini korlamaq deyilmi?! Bu, əlbəttə, öz ana dilinə xor baxmaqdır, ana dilinə qarşı hörmətsizlikdir.

Hazırda həm uşaqlar, həm də böyüklər türk kanallarına və xarici seriallara daha çox meyillidirlər, nəinki Azərbaycan televiziya kanallarına. Ana dilimizə soyuqluq da burdan yaranır. Gənclər Azərbaycan və türk sözlərini qarışıq işlədirlər. Bunun nəticəsində də hər iki dildən yarımçıqdırlar. Rus və ingilis dillərində də vəziyyət eynidir.

Biz hər hansı bir xalqın dilinin öyrənilməsinin əleyhinə deyilik. Xarici dillərin hər hansı birində danışmaq bizim üçün çox vacibdir. Çünki həmin dildə dünya səyahətinə çıxmaq olar.

Ümummilli lider Heydər Əliyev həmişə vurğulayırdı ki, dili inkişaf etdirmə­liyik. “Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini yaxşı bilin Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.

Odur ki, 18 iyun 2001-ci ildə “Dövlət dilinin təkmilləşməsi haqqında” fərman qəbul edildi. Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə 1 avqust respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının 30 sentyabr 2002-ci ildə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun qəbul edilməsi ana dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində daha bir addım atıldı.

Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-ci il sərəncamı ana dilimizin inkişaf edib daha da möhkəmləndirilməsinə böyük qayğının təzahürüdür. 23 may 2012-ci il tarixində yenə də İlham Əliyev “Azərbaycan dilinin qloballaşması şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” yeni bir sərəncam imzaladı.

Dövlətimiz tərəfindən xalqımıza və dilimizə göstərilən qayğını yüksək səviyyədə doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq. Belə ki, müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca düzgün istifadə etməli, dilimizi özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərdən qorumalıyıq.

Ölkə prezidenti İlham Əliyev mütəmadi olaraq xalq içərisində olur, çıxışlar edir. O, çıxışlarında çox sadə, əsl xalq dilində, çox sadə, başadüşüləcək  tərzdə sözünü xalqa, millətə çatdırır. Dilimizə keçən heç bir yad ünsürlərdən istifadə etmir. Gözəl nitqi var. Həm ingilis dilində, həm də rus dilində xarici jurnalistlərin suallarına cavabda, rəsmi dövlət görüşlərində siyasi cəhətdən fikirlərini bildirir. Buna görə də, ABŞ-nin prezidenti Donald Tramp İlham Əliyevi böyük siyasətçi adlandırır.

İlham Əliyev hər bir çıxışında Azərbaycan dilinin qorunub saxlanmasında tövsiyələr irəli sürür. Həmçinin, İstər Azərbaycan Milli Elmlər Akademiyasındakı, istərsə də televiziya kanallarına müsahibəsində dilimizə dair dəyərli fikirlər irəli sürmüşdür. Prezident vurğulayır ki, bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngin, sən istənilən ifadəni deyə bilərsən. Çox zəngin, çox melodik və gözəldir...

İlham Əliyev dilimizə keçən xarici sözlər haqqında vurğulayır ki, bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr – onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş.

Dilimizə xələl gətirən hansı nöqsanlar var? İlk olaraq, televiziya və radio verilişlərində orfoepik qaydalara, qrammatik qanunlara, mətbuatda və yeni nəşrlərdə bədii-publisistik və elmi üslubun bir çox normalarına nə dərəcədə əməl olunur?! Qeyd edək ki, ölkə daxilində gedən iqtisadi-siyasi hadisələrlə əlaqədar dövri mətbuatda güclü söz axını vardır. Belə olan halda, termin xarakterli sözləri süzgəcdən keçirmək daha məqsədəuyğun olardı.

Ana dilimizin mükəmməl öyrənilməsində, ilk növbədə, evdən başlayır. Valideynlər öz övladları ilə gah rusca, gah ingiliscə, gah da türkcə, o da yarımçıq, danışır. Belə olan halda övlad ev şəraitində həm Əli aşından, həm də Vəli aşından olur.

İkinci bir amil radio və televiziya verilişlərindən gəlir. Göstərilən reklamlarda çoxlu səhvlər olur. Televiziya verilişlərində aparıcıların bəziləri ədəbi dil normalarına riayət etmirlər. Sözlərdən danışıq dilində, bəzən dialektlərdə danışırlar,  tələskənliyə yol verirlər, xarici kəlmələrdən istifadə edirlər,  vurğunu düzgün işlətmirlər, müğənnilərin bir çoxu səhnə mədəniyyətindən uzaqdırlar, oxuduqları qəzəlin son beytində müəllifin adı əvəzinə öz adlarını deyirlər, bəzən də aparıcıya xoş gəlsin deyə, onun adını hallandırırlar.

Yeri gəlmişkən onu da qeyd edim ki, hazırda dildə ən çox işlənən  Amerika Birləşmiş Ştatlarının (ABŞ) qısaltmasının tələffüzünə düzgün yanaşılmır: bu qısaltma ABŞ kimi yox, A-Be-Şe kimi tələffüz olunmalıdır.

Prezident İlham Əliyev, həmçinin, vurğulayır ki, jurnalistlərdən çox şey asılıdır. Çünki, necə deyərlər, efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər.

Ölkə daxilində yüzlərlə qəzet nəşr olunur. Əksəriyyəti səhvlərlə dolu, cümlə-fikir anlaşılmazlığı, əcnəbi terminlərin yersiz işlədilməsi, sözlərin orfoqrafik qaydalara uyğun yazılmaması, qrammatik normalara riayət olunmaması bizi təəssüfləndirir. Məsələn, bəzi mətbuat nümayəndələri hələ də “nikah” (kəbin izdivacı) əvəzinə, “nigah” sözünü işlədirlər. Bu, olduqca kobud səhvdir. Çünki “nigah” sözü “baxma, nəzər, baxış” deməkdir. Və yaxud da “məşhur” əvəzinə “məhşur”, “müşayiət” əvəzinə “müşaiyət”, “tövsiyə” əvəzinə “töfsiyyə”, “töhfə” əvəzinə “töfhə”, “əfv” əvəzinə “əvf” işlədirlər. Həmçinin meyit, təəccüb, layihə, bugünkü, cəfəngiyat, təəssürat əvəzinə yazılışı düzgün olmayan aşağıdakı kimi yazırlar: meyid, təcüb, lahiyə, bugünki, cəfəngiyyat, təsürat.

Avropa mənşəli sözlərdən boykot, divident, analoq, analoji, diaspor, deklarasiya, apelyasiya,  lisey  sözləri əvəzinə: baykot, dividend, anoloq, anoloji, diaspora, deklorasiya, apelyasiya(appellyasiya), litsey kimi işlədirlər.

Orta məktəbin bütün sinifləri üzrə yazılmış dərsliklər nöqsanlarla doludur. Ələlxüsus ibtidai siniflər üçün yazılmiş dərsliklərin dili olduqca çətindir. Dilə keçən terminlərdən çox istifadə olunur. Uşaqlar həmin sözlərin çoxunun mənasını bilmir, tez yorulurlar. Əvvəlki dərsliklərdən əsər-əlamət qalmayıb. Bəzən dərslik müəllifi kitaba özünün poetik gücə, məzmuna malik olmayan şeirini salır ki, bu da uşaqları kor qoymağa bərabərdir. Halbuki, elə məşhur uşaq şairlərimiz var ki, biz balalarımıza onların şeirlərini öyrətməliyik ki, yaddan çıxartmasınlar.

Yuxarıda göstərilən nöqsanlar haqqında dəfələrlə yazılmasına baxmayaraq, deyilənlərə zərrə qədər də əhəmiyyət verilmir. Atalar demişkən: “dəyirman bildiyini edər, çax-çax baş ağrıdar”.

Məlum məsələdir  ki, heç bir dil mükəmməl olaraq öz milli sözlərinin hesabına inkişaf edə bilməz. Lakin bir qanunauyğunluq da var ki, dillər bir-birinin yardımına möhtacdır. Bütün bunlar isə elmin və texnikanın inkişaf etməsi ilə əlaqədardır. Dilə o vaxt yeni söz və termin gəlir ki, dilin həmin sözə ehtiyacı olur. Dilimizə keçən elə alınmalar var  ki, həmin dildə onun qarşılığı olmur və elə sözlər də vardır ki, onları digər milli sözlə əvəz etmək qeyri-mümkündür. Məsələn, dilimizə keçib qarşılığı olmayan beynəlmiləl sözlərdən aşağıdakıları  misal çəkə bilərik: kompüter, internet, manşet, skaner, fayl, virtual, disk, virus (kompüterdə) metafayl, metrik, provayder, taymer, onlayn, bit, menecer, tvitter və s. belə sözlər yalnız izahat tələb edir.

Elə sözlər və terminlər də vardır ki, onun qarşılığını milli sözlərimizlə əvəz edə bilərik. Bu mümkün olmadıqda digər alınmalara müraciət etməli oluruq: link (istinad, keçid, bağlantı, əlaqə kanalı), blank (aralıq), italik (kursiv), toner (rəngləyən toz), filter (süzgəc), interval (ara, aralıq), printer (çap qurğusu), dizayn (sxem, layihə), vord (söz), data (verilənlər), adapter (yükləyici, uyğunlaşdırıcı qurğu), enter (daxil olma(q), giriş), kseroks (surət), exit (çıxış, getmək), modul (hədd, ölçü), lokal (yerli), monitorinq (nəzarət), servis (xidmət etmə, xidmət göstərmə), planşet (altlıq), banner (titul; bayraq), pult (idarəedici), mer (bələdiyyə rəhbəri(sədri)) və digər nümunələr göstərmək olar. Lakin həmin sözləri unifikasiya edib, yəni vahid sistemə salıb işlətmək lazımdır. Ruslar da “maus” əvəzinə “mışka” işlədirlər. Biz də bu sözü  “siçan” kimi işlədə bilmərikmi?

Son vaxtlar dildə ən çox işlənən, “rozetka” sözünün mənasını tez-tez soruşurlar. Mübahisə doğuran həmin sözün açıqlamasını, fikrimcə, “elektroyuva” kimi qəbul etmək məqsədəuyğun olardı.

Biz, ilk növbədə, onu nəzərə almalıyıq ki, ana dilimizin saflığını, təmizliyini qoruyub milliliyinə xələl gətirməmsinə çalışmalıyıq. Dilimizin qayğısına qalmalı, onu yaşatmalıyıq. Bütün bunları ölkəmizdə yaşayan başqa millətlərə də aşılamalıyıq. Burada ulu öndər Heydər Əliyevin müdrikanə sözlərini xatırlamamaq olmur:  “Azərbaycan, Azərbaycanda yaşayan bütün millətin doğma Vətənidir. Azərbaycan dili bizi bir-birimizə birləşdirib. Burada bizim bir çox etnik köklü millətlərə mənsub olan adamların hamısı Azərbaycan dilini öz ana dili kimi qəbul edib”.

Xalqı yaşatmaq üçün dil əsas vasitədir. Ana dili məhv olarsa, xalq da heçliyə yuvarlanar. Dilimizin sadəliyini, saflığını qorusaq, dil bir o qədər gözəl olar. Gəlin, əcnəbi sözləri lüzumsuz yerə işlətməyək, düzgün ifadə edək. Yerində söylənmiş milli sözlərimiz qüdrətlidir, canlıdır. Dünya dilləri içərisində dilimiz rəğbət bəslənilən dildir. Hətta əcnəbilərin bizim dilimizə maraq göstərib öyrənməsi faktı da dilimizin şəhdi-şəkərinə rəğbətləridir.

Sələflərimizdən bizə miras qalan ana dilimizi göz bəbəyi kimi qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Prezident İlham Əliyev də vurğulayır ki, Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm...

Nəriman Seyidəliyev,

AMEA Nəsimi adına 

Dilçilik İnstitutunun baş elmi işçisi,

filologiya elmləri doktoru

                                                                                 

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31