Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri başa çatıb

13.03.2013 [15:32]

Xəbər verdiyimiz kimi, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç iş adamları ilə görüşüblər.
Xorvatiya İqtisadiyyat Palatasının prezidenti Nadan Videseviç görüşü açaraq deyib ki, görüşdə Xorvatiyanın 19 şirkəti təmsil olunur. Bu şirkətlər müxtəlif sahələr üzrə yüksək səviyyəli xidmətlər, məhsullar təklif etmək iqtidarındadır. O xüsusi olaraq qeyd edib ki, Xorvatiya tərəfinin Azərbaycan ilə əməkdaşlıq niyyəti daha böyükdür.
Xorvatiya Prezidenti İvo Yosipoviç isə deyib ki, Xorvatiya ilə Azərbaycan arasında yaxşı siyasi münasibətlər mövcuddur. İqtisadi əməkdaşlıq da əsas şərtdir: “Düşünürəm ki, qarşıda daha vacib və əlverişli imkanlar vardır”.
Xorvatiyanın Azərbaycanda daimi diplomatik nümayəndəliyinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Prezident İvo Yosipoviç inandığını bildirib ki, bu, bizim əməkdaşlığımıza dəstək olacaq və Xorvatiya iş adamlarının sizin şirkətləriniz və rəsmilərinizlə əlaqə qurmasına kömək edəcəkdir.
Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib ki, siyasi münasibətlərimiz çox yaxşıdır, əladır. İqtisadi sahə də daxil olmaqla bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün güclü qarşılıqlı niyyət vardır. Dövlətimizin başçısı qeyd edib ki, hər iki ölkə bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün lazım olan potensialı görür. Prezident İlham Əliyev, həmçinin, vurğulayıb ki, Azərbaycanda Xorvatiyanın daimi diplomatik nümayəndəliyinin açılması ilə yanaşı, ən vacib məsələlərdən biri də birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın fəaliyyətə başlamasıdır. Ölkəmizin investisiya imkanları barədə də məlumat verən Prezident İlham Əliyev deyib ki, Azərbaycan birbaşa xarici investisiya imkanları baxımından cəlbedici ölkədir. Son 15 ildə Azərbaycana 130 milyard dollardan çox investisiya qoyulub və investisiya mühiti çox yaxşıdır.
“Azərbaycanda çoxlu layihələr həyata keçirilir. Tikinti, infrastruktur layihələri, nəqliyyat infrastrukturuna dair layihələrlə əlaqədar Xorvatiyadan olan şirkətlərin bizimlə tərəfdaşlığından məmnun olarıq. Əlbəttə, bu formatda ünsiyyət çox səmərəlidir. İndi Xorvatiyanın işgüzar dairələrinin ideyalarını və Azərbaycanda hansı işləri görmək imkanları barədə fikirlərini dinləyəcəyik. Ümumiyyətlə, Azərbaycanda iqtisadi vəziyyət çox sabitdir, iqtisadi artım çox sürətlidir və investisiya mühiti çox yaxşıdır. Ötən il ölkə iqtisadiyyatına 8 milyard dollar xarici investisiya və təxminən 15 milyard dollar yerli investisiya qoyulub. İnvestisiyalar qorunur və həm də, bildiyiniz kimi, indi Azərbaycana qoyulan investisiya çoxşaxəli xarakter daşıyır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Daha sonra Xorvatiyanın tanınmış şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat veriblər. İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını bildirərək, birgə müəssisələrin yaradılması təklifləri ilə də çıxış ediblər, Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər. İştirakçılar Azərbaycanın sürətli inkişafı ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar və respublikamızın biznes nöqteyi-nəzərindən də çox maraqlı ölkə olduğunu vurğulayıblar.
Ölkəmizdə fəaliyyətlərindən məmnunluqla söhbət açan xorvatiyalı iş adamları Azərbaycan xalqına və əməkdaşlıq etdikləri yerli şirkətlərə minnətdarlıqlarını bildiriblər. Onlar azərbaycanlı həmkarları ilə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə böyük ümid bəslədiklərini söyləyiblər.
Görüşdə Azərbaycanda hasil olunan təbii qazın Xorvatiya ərazisindən Avropaya nəqlinə dair təkliflər də səslənib. Qeyd olunub ki, Xorvatiyanın işgüzar dairələri təkcə iqtisadi əməkdaşlığa deyil, mədəni mübadiləyə də töhfə verə bilərlər. Hazırda bəzi xorvat şirkətlərinin iri humanitar layihələr həyata keçirdikləri, Azərbaycanın zəngin mədəniyyətini Xorvatiyada və regionda təbliğ etdikləri vurğulanıb.
Martın 11-də Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər. Xorvatiya Prezidenti İvo Yosipoviç çıxış edərək deyib ki, bu səfər Xorvatiya ilə Azərbaycan arasında daha yaxşı siyasi və iqtisadi əlaqələrə söykənən möhkəm dostluq tellərini gücləndirmək üçün növbəti imkandır. Bu, şübhəsiz ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma və dostluğa töhfəsini verəcəkdir. Vətəndaşlarımızın marağı hər zaman səylərimizin mərkəzində durur.
“Biz Azərbaycanın möhtəşəm inkişaf və tərəqqisini böyük maraqla izləyirik. Azərbaycan bu əsrdə bir çox çətinliklərin öhdəsindən uğurla gələn zəngin və şanlı keçmişə malik ölkədir. Eyni zamanda, bütün milli məqsədlərinə çatmaq üçün güclü zəmin yaradan ölkədir”, - deyə Xorvatiyanın dövlət başçısı vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, belə qarşılıqlı səfərlər ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına və münasibətlərimizin yeni müstəviyə yüksəlməsinə təkan verəcəkdir: “Biz Xorvatiya ilə əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində maraqlıyıq. Ölkələrimiz arasında gəmiqayırma, energetika, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı potensial mövcuddur. Əminəm ki, Sizinlə apardığımız danışıqlar, qarşılıqlı maraq doğuran məsələlər ətrafındakı fikir mübadiləsi, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişafına zəmin yaradacaqdır.
Azərbaycan ilə Xorvatiya, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. BMT, ATƏT, Avropa Şurası çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Bu baxımdan tezliklə Avropa İttifaqına üzv olacağı gözlənilən Xorvatiya ilə münasibətlərimiz həm ikitərəfli, həm də regional çərçivədə mühüm əhəmiyyət kəsb edir”.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verən dövlətimizin başçısı deyib ki, Azərbaycan regionda təhlükəsizlik, sabitlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün səylərini əsirgəmir. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Sonda Prezident İlham Əliyev bir daha qeyd edib ki, Azərbaycanın və Xorvatiyanın müstəqil dövlətçilik tarixinə nəzər saldıqda xalqlarımız və ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu görürük. Ölkələrimiz müxtəlif mədəniyyətlərin və dinlərin təmsilçilərinin dinc yanaşı yaşaması, tolerantlığı ilə seçilir. Dəniz sahilində və dağların əhatəsində yerləşən hər iki ölkə yay və qış turizmi üçün əlverişli məkandır. İqtisadiyyatın müxtəlif sahələrində də bir-birini tamamlaya biləcək potensial imkanlarımız mövcuddur. Fikrimcə, Azərbaycan və Xorvatiya Xəzər və Adriatik hövzəsi arasında birləşdirici körpü ola bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb.
Zaqreb Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Xorvatiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Azərbaycan Respublikasının Prezidenti Monteneqroya rəsmi səfərə yola düşüb.

Paylaş:
Baxılıb: 949 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30