Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri edib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri edib

18.06.2014 [10:04]

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstana dövlət səfərinə gəlib.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da naməlum əsgərin məzarını ziyarət edib.
İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olub. Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Daha sonra Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi bir daha ölkəsində salamlayıb və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirib.
Prezident Karolos Papulyas deyib: “Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi çox yüksəkdir. Hesab edirəm ki, gələcək üçün hər bir sahədə çox yaxşı perspektivlər vardır. Mən bu sahələr arasında enerji sahəsini xüsusi qeyd etmək istəyirəm”.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun, cənab Prezident. Dəvətə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Sizin ölkənizdə olmağımdan çox məmnunam.
Biz Sizinlə indi təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha əmin olduq ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mərasimdə iştirak ediblər.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış ediblər.
Yunanıstan Prezidenti Karolos Papulyasın bəyanatı: “Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi Afina şəhərində səmimiyyətlə salamlamaqdan məmnunluq hissi duyuram. Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır.
Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu.
Ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir. Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur. Mən burada xüsusən də universitetdə müasir yunan dili və sivilizasiyası mərkəzinin açılmasını nəzərdə tuturam. Həmçinin Bakı Slavyan Universitetində yunan dili tədris olunur”.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirən Yunanıstan dövlətinin başçısı deyib: “Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu.
Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik”.
Prezident Karolos Papulyas Kipr məsələsi ilə bağlı aparılan danışıqların mühüm mərhələyə daxil olduğunu vurğulayıb. Yunanıstan dövlətinin başçısı bəyanatını bu sözlərlə bitirib: “Yekun olaraq Azərbaycan Prezidentinə olduqca məhsuldar və əhatəli danışıqların aparıldığına görə təşəkkürümü bildirirəm və Sizə Yunanıstanda xoş səfər arzulayıram”.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.
İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə Öz minnətdarlığımı bildirirəm.
Bu, mənim Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da üç il bundan əvvəl Azərbaycana rəsmi səfər etmişdir. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcəkdir.
Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcəkdir. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə vermişdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq etmişdir.
Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən “Şahdəniz”, TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir.
Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxın edəcəkdir. Sağ olun”.
İyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilib.
Görüşdən sonra Yunanıstanın Baş naziri Antonis Samaras tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Afinada Yunanıstan Respublikası parlamentinin sədri Vanqelis Meimarakis, Yunanıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos, bu ölkənin parlamentində əsas müxalifət olan Demokratik Solçular Birliyinin lideri Aleksis Tsipras ilə görüşüb.
Səfər çərçivəsində, həmçinin, Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras geniş çıxış ediblər.
İyunun 16-da Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilib.
Naharda çıxış edən Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan dövlətinin başçısını bir daha Afinada salamlayıb və bu səfərin ikitərəfli münasibətlərin bütün istiqamətlərini daha da dərinləşdirməyə xidmət edəcəyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu, Onun Yunanıstana ikinci səfəridir. Dövlətimizin başçısı budəfəki səfərinin yekunlarını yüksək qiymətləndirib və aparılan danışıqların, imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirib.
Çıxışının sonunda Prezident İlham Əliyev Yunanıstan dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də Yunanıstana dövlət səfəri başa çatıb.

Paylaş:
Baxılıb: 756 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30