/ / Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib
28.06.2014 [09:41]
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təlimin əsas mərhələsini izləyib
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri izləyib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.
General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə birgə əməliyyat-taktiki təlimdə nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxemi barədə məlumat verib.
Sonra dövlətimizin başçısına Azərbaycan Ordusunun yeni, ən müasir standartlara cavab verən hərbi texnika, silah və sursatları təqdim olunub.
Hazırda respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçib, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilib, döyüş qabiliyyəti artıb. Respublikamızda dünyanın ən nizami ordularından biri formalaşdırılıb. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artır. Ordumuzun təchizatında böyük uğurlara nail olunub. Azərbaycan hərbi məqsədlər üçün böyük məbləğdə vəsait xərcləyir. Ölkəmizin dövlət büdcəsində ən böyük xərclər orduya sərf edilir. Son illərdə Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunub. Bu zirehli maşınlar, ən müasir tanklar, artilleriya qurğuları və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, hərbi xərclər ümumi büdcəmizdə bundan sonra da üstünlük təşkil edəcək.
Azərbaycanda son illərdə müdafiə sənayesi də əsaslı inkişaf yolu keçib. Gələcəkdə yerli istehsalın daha da genişləndirilməsi ilə bağlı böyük işlər görülür. Artıq ölkəmiz güclü hərbi sənayeyə malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir və ildən-ilə respublikamızın ixrac imkanları artır. Ölkəmiz həm xaricdən ən müasir hərbi texnikalar alır, həm də yerli hərbi sənayesini daha da inkişaf etdirir və genişləndirir.
Azərbaycan Silahlı Qüvvələrinin texnika, silah və sursatlarına baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışlarına başlanıb.
Dövlətimizin başçısı əvvəlcə Hərbi Hava Qüvvələrimizin yeni silahlarından olan “Buk-MB” zenit-raket kompleksinin atış prosesini izləyib.
Bu kompleks orta mənzilli zenit-raket sistemlərinə aiddir, hərəkətli qoşun qruplaşmalarını, mühüm hərbi və mülki obyektləri, yaxud belə obyektlər qrupunu hava zərbələrindən müdafiə etmək üçün təyin edilib. Həmin qurğu düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində, hündürlük və sürətin geniş diapazonlarında pilotlu və pilotsuz hava hücumu vasitələrini, o cümlədən ballistik raketləri məhv etmək imkanına malikdir.
Sonra Ali Baş Komandan İlham Əliyev artilleriya sistemlərinin nümunəvi atışlarına baxıb.
Atışlara 82 millimetrlik “2B-24” minaatan, 120 millimetrlik daşınan “SANİ” minaatan və 152 millimetrlik “Msta-S” özüyeriyən haubitsa batareyaları cəlb edilib.
Ali Baş Komandan İlham Əliyev sonra 306 millimetrlik “Exstra” yüksək dəqiqlikli raket kompleksinin atışını da izləyib.
Dövlətimizin başçısına məlumat verilib ki, kompleksin start mövqeyi onun üçün təyin edilmiş hədəfdən 42 kilometr uzaqlıqda yerləşir. Qurğunun maksimal atış məsafəsi 150 kilometrdir.
Ali Baş Komandana “Spike” tank əleyhinə idarəolunan raket kompleksinin imkanları da nümayiş etdirilib.
“BMP-3” piyadaların döyüş maşını və “T-90” tanklarından təşkil edilmiş iki zirehli qrupun nümunəvi atışı da son illərdə Azərbaycanda ordu quruculuğu ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsinin daha bir əyani nümunəsi olub.
Sonra Ali Baş Komandan İlham Əliyev növbəti təlim nöqtəsində mina sahəsindən partlayış üsulu ilə keçidin açılması prosesini izləyib. Qeyd edək ki, hücum əməliyyatlarında həmlə edən canlı qüvvə və döyüş texnikasının minalanmış sahədən tez və itkisiz keçidinin təmin olunması üçün partlayış üsulu ilə keçidaçma ən səmərəli üsuldur. Təlim zamanı nümayiş etdirilən “POMİNS-2” keçidaçma qurğusu piyada əleyhinə minalanmış sahələrdən keçidlərin açılması üçün nəzərdə tutulmuş müasir mühəndis-silahlanma vasitəsidir.
Yeni silah sistemlərinin nümunəvi atışları başa çatdıqdan sonra birgə əməliyyat-taktiki təlimin fəal mərhələsi başlanıb.
Ali Baş Komandan birgə əməliyyat-taktiki təlimin fəal mərhələsi çərçivəsində əvvəlcə sərhəd zastavasının silahlı basqını dəf etməsi, çevik hərəkət bölüyünün sərhədi gücləndirməsi, Silahlı Qüvvələrin birləşmə və hissələrinin sərhədi ötmə məqsədilə müdafiəyə keçməsini əks etdirən birinci epizodu izləyib.
Birgə əməliyyat-taktiki təlimin ikinci epizodunda Daxili Qoşunların desant əleyhinə ehtiyata təyin edilmiş bölməsinin düşmənin taktiki hava desantını təcrid edərək onu məhv etməsi prosesi təqdim olunub.
Birgə təlimin üçüncü epizodunda genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi və düşmən qüvvələrinin darmadağın edilməsi əksini tapıb. Əks-hücum əməliyyatında əvvəlcə artilleriya birləşməsi və hissələri hücum əməliyyatının artilleriya hazırlığı dövründə atəş basqını həyata keçirib. Artilleriya hazırlığı başa çatdıqdan sonra növbə aviasiya zərbələrinə çatıb. Aviasiya zərbələrini “MiQ-29” qırıcı-bombardmançı, “SU-25” hücum təyyarələri və “Mi-24” döyüş helikopterləri yerinə yetirib. Düşmənə endirilən aviasiya zərbələri nəticəsində onun dərinlikdəki canlı qüvvəsi və döyüş texnikası məhv edilir, artilleriyası susdurulur və idarəetmə məntəqələri sıradan çıxarılır.
Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilib.
Təlimlərdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə Silahlı Qüvvələrimizin və başqa silahlı birləşmələrimizin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, həmçinin dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Təlimlərdə qarşıya bir sıra məqsədlər qoyulub və tam yerinə yetirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi təlimin başlıca hədəflərindən biri olub. Dövlət sərhədinin mühafizəsi, ərazi müdafiəsinin aparılması və əks-hücum əməliyyatının gedişində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin uzlaşma fəaliyyətinə nail olunması, birləşmə, hissə və bölmələrin döyüş fəaliyyətinin sinxronlaşdırılması da təlimlərdə diqqət mərkəzində olub. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə döyüş fəaliyyətinin gedişində qoşunların əlaqələndirilmiş şəkildə idarə edilməsi və informasiya mübadiləsinin saxlanması üzrə qərargah fəaliyyətinin məşqinə də xüsusi diqqət yetirilib.
İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olunub, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirib.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edib: “Əziz hərbçilər!
Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.
Bu bayram günündə Müdafiə Nazirliyinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin bölmələri birgə əməliyyat-taktiki təlimlər keçirmişlər. Təlimlər yüksək səviyyədə keçirilmiş, qarşıda duran bütün vəzifələr icra edilmiş, bütün hədəflər vurulmuşdur. Təlimlərdə iştirak etmiş bütün şəxsi heyətə göstərdikləri peşəkarlığa görə minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş etdirilmiş və sonra təlimlərdə iştirak etmişdir.
Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır. Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ən müasir silah-sursat alınır və bu gün bu silahların, texnikanın bir hissəsi burada nümayiş etdirilmişdir.
Ordumuzda nizam-intizam artır, islahatlar aparılır. Bu, çox sevindirici haldır. Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər və bugünkü təlimlər bunu bir daha nümayiş etdirmişdir. Ordumuzun uğurlu inkişafı üçün həm maddi-texniki təchizat davam etdiriləcək, eyni zamanda, Silahlı Qüvvələrdə aparılan islahatlar dərinləşəcəkdir. Müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir və Azərbaycanda istifadə olunur.
Bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir. Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır.
Hərbçilərin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir. Hərbçilərin maaşları, pensiyaları vaxtaşırı qaldırılır və iki il bundan əvvəl imzaladığım Sərəncama əsasən orduda 20 il qüsursuz xidmət göstərmiş şəxslərə dövlət tərəfindən mənzillər verilir. Hazırda 200-ə qədər mənzil verilmişdir. Bu ilin sonuna qədər veriləcək mənzillərin sayı 500-ə çatacaqdır. Bu, dövlətin öz hərbçilərinə olan diqqətinin təzahürüdür və hərbçilərin sosial müdafiəsi bizim üçün böyük əhəmiyyət kəsb edən məsələdir.
Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır.
Torpaqlarımız işğal altındadır. Azərbaycan xalqı bu işğaldan əziyyət çəkir. Uzun illərdir münaqişə öz həllini tapmır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. Bizə qarşı ikili standartlar siyasəti aparılır. Dəfələrlə bu barədə fikirlərimi müxtəlif kürsülərdən ifadə etmişəm. Bu gün də demək istəyirəm ki, bizə qarşı göstərilən ədalətsizlik qəbuledilməzdir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Üstündən 20 il keçib. Onların heç biri icra edilmir. Beynəlxalq ictimaiyyət buna biganə yanaşır.
Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar. Qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır.
Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır.
Azərbaycan xalqı Dağlıq Qarabağda və bu gün işğal altında olan digər yerlərdə memarlıq əsərləri yaratmışdır. Binalar, şəhərlər salmışdır, infrastruktur yaratmışdır. Dağlıq Qarabağda bütün yer adları, kəndlərin adları Azərbaycan mənşəli adlardır. Bu, bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir və sabah da belə olacaqdır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayacaq və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik.
Ordu quruculuğu məsələnin həllində mühüm rol oynamalıdır. Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Onu özləri də etiraf edirlər. Özləri də öz məğlubiyyətlərini etiraf edirlər. Çünki onların yüksək vəzifəli rəsmi şəxsləri dəfələrlə bəyan etmişlər ki, Ermənistan təhlükəsizliyini özü təmin edə bilmir. O ölkə ki öz təhlükəsizliyini təmin edə bilmir, o ölkə müstəqil ölkə sayıla bilməz. Bu etiraf əslində məğlubiyyətin etirafıdır. Bu etiraf acizliyin etirafıdır. Onlar bizim qarşımızda duruş gətirə bilmir, özləri bunu etiraf edir. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində bizim güclənən ordumuz erməniləri təşvişə salır. Biz hamımız yaxşı bilirik və operativ məlumat da alırıq ki, Ermənistan ordusu təşviş içindədir. Biz təmas xəttində üstünlüyü tam şəkildə əldə etmişik. Təmas xəttində vəziyyətə tam şəkildə biz nəzarət edirik. Ancaq Azərbaycan dövlətinin sülhsevər siyasəti bu gün sabitliyin qarantıdır. Heç bir kənar qüvvə bu bölgədə sabitliyin qarantı ola bilməz. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.
Biz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən eşidirik ki, məsələ sülh yolu ilə həll olunsun. Amma məsələnin sülh yolu ilə həll olunması bizim iradəmizdən asılıdır. Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyildir.
Bu gün təmas xəttində əldə etdiyimiz üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi. Ermənistanda ciddi demoqrafik böhran yaşanır. Bu böhranın əsas səbəbi onların işğalçı siyasətidir. Onlar hesab edirlər ki, müharibədə üstünlük əldə ediblər. Hanı bu üstünlük? Erməni xalqı səfalət içində yaşayır. Ermənistan sadəcə olaraq müstəqil ölkə kimi sayıla bilər. Amma real müstəqilliyi əldən verib. Nəyə görə? İşğalçı siyasətinə görə.
Azərbaycan isə müstəqil siyasət aparır. Azərbaycan güclənir, regionda güc mərkəzidir. Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu biz bu gün də edə bilərik.
Bugünkü təlimlərdə göstərilən peşəkarlıq, bizim texniki imkanlarımız, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Düşmən bunu bilir və ona görə qorxu içindədir.
Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaqdır. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq.
Azərbaycan öz ordusuna, öz dövlətinə inanır, ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və Azərbaycan Ordusu öz vətəndaşlarını müdafiə edir.
Təlimlərdə iştirak etmiş bütün şəxsi heyətə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna!”.
* * *
Daha sonra dövlətimizin başçısının 2014-cü il 24 iyun tarixli müvafiq Sərəncamına uyğun olaraq bir qrup hərbçiyə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları, eləcə də qiymətli hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Bununla da, birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi mərasimi başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56

