Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib

30.08.2014 [09:45]

Avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Sizi ürəkdən salamlayıram, yenidən Füzuli rayonunda olmağımdan çox şadam. Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm.
Füzuli rayonunun inkişafı daim diqqət mərkəzindədir. Siz də bunu görürsünüz, bilirsiniz. Dövlət siyasəti ardıcıllıqla aparılır və son illərdə rayonun inkişafı üçün çox böyük işlər görülmüşdür. Sosial obyektlər, infrastruktur obyektləri, yeni müəssisələr yaradılır. Əvvəlki dövrlərdə idman kompleksi, tibbi mərkəz, muğam mərkəzi, digər obyektlər yaradılmışdır. Nəinki Füzuli rayonu, bütün bölgə üçün böyük məna daşıyan 25 meqavat gücündə su elektrik stansiyası tikilmişdir. Yollar çəkilir, kənd yolları, şəhərlərarası yollar. Əlbəttə ki, Horadiz artıq bir şəhərdir, gündən-günə gözəlləşir, inkişaf edir və bu gün öz gözəlliyi, abadlığı ilə seçilir.
Füzuli rayonunda aparılan yenidənqurma işlərinin tərkib hissəsi onun infrastruktur layihələridir. Kənd yolları, içməli su layihələri - bunlar da öz həllini tapır və qazlaşdırma ilə bağlı məsələlər ardıcıllıqla icra edilir. Hazırda qazlaşdırma 70 faizdən çoxdur. Amma bu ilin sonuna qədər bütün yaşayış məntəqələrində 100 faiz qaz olacaq. Bax, budur bugünkü Azərbaycanın reallıqları, Azərbaycanın qüdrəti və regionların inkişafı. Biz bu siyasətə sadiq olaraq gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə aparacağıq ki, inkişaf daha da sürətlə getsin. Mən bu gün də artıq bir neçə tədbirdə iştirak etmişəm və hələ digər tədbirlər olacaqdır. Onlardan biri müharibə zamanı dağıdılmış və ermənilər tərəfindən yandırılmış evlərin bərpası layihəsidir. Bunun çox böyük mənası var. Çünki erməni işğalı zamanı bütün infrastruktur, evlər dağıdılmış, yandırılmışdır. Siz bunu yaxşı xatırlayırsınız və indi nümayiş etdirilən şəkillərdə bunu görmək mümkündür. Ancaq Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu erməniləri buradan çıxararaq, bu bölgəni tamamilə düşməndən azad etmişdir. Erməni işğalçı qüvvələri 22 kənddən qovulmuş, ondan sonra quruculuq və inkişaf prosesi başlamışdır. Ona görə biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, Ulu öndər Heydər Əliyevin siyasətini görürük.
Eyni zamanda, onu görürük ki, hazırda işğal altındakı bütün torpaqlar işğaldan azad olunandan sonra bax, Horadiz kimi olacaq. Biz həm Füzuli şəhərini bərpa edəcəyik, hazırda tamamilə dağıdılmış Ağdamı bərpa edəcəyik, Şuşanı, bütün başqa şəhərləri bərpa edəcəyik. Çünki mən tam əminəm, - əminəm ki, Azərbaycan xalqı bunu bilir, - biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycanın buna gücü çatır və bu, qaçılmazdır. Sadəcə olaraq hələ çalışırıq ki, bunu danışıqlar yolu ilə, qan tökülmədən həll edək. Amma biz istənilən varianta hazırıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır - Xankəndi, Şuşa. Sadəcə müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir.
Bu ayın əvvəlində təmas xəttində baş vermiş hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərmişdir. Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır. Ona görə biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir.
Biz öz siyasətimizi ardıcıl davam etdirəcəyik və bu gün bütün regionlarda görülən işlər Azərbaycan dövlətinin gücünü, Azərbaycan xalqının istedadını göstərir. Hər bir bölgədə gedən inkişaf məni sevindirir. Mən hər bir rayonda dəfələrlə olmuşam. Füzuliyə beşinci dəfədir gəlirəm. Ancaq Füzuli, Ağdam rayonlarında gedən inkişaf məni xüsusilə sevindirir. Çünki siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə üz-üzə Horadizdə biz bir gülüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.
Mən bu gün Beyləqanda gənclərlə görüş keçirmişəm. Bilirsiniz ki, indi biz gözəl bir proqram icra edirik, gəncləri göndəririk müxtəlif bölgələrə. Yəni bir bölgədən olan gənclər tətildə başqa bölgələrə gedirlər, Azərbaycanla tanış olurlar. “Ölkəmizi tanıyaq” proqramını biz icra edirik. Çox istərdim bu bölgəyə - Ağdama, Füzuliyə daha çox gəlsinlər, görsünlər ki, bura dağılmış vəziyyətdə idi, siz bunu yaxşı bilirsiniz. Erməni vəhşiləri bir dənə də salamat ev qoymamışdılar, hər şeyi dağıtmışdılar və talan etmişdilər, oğurlayıb aparmışdılar. Amma baxın biz bərpa etdik. Horadiz şəhərdir, gözəl şəhərdir, yollar, xiyabanlar, ictimai yerlər, parklar, iş yerləri, məktəblər, uşaq bağçaları, muğam mərkəzi, idman kompleksi, hər şey var. Daha da yaxşı olacaq. Füzuli rayonunun inkişafı xüsusi məna daşıyır. Həm Qarabağ üçün, həm Azərbaycan üçün. Ona görə biz bundan sonra da rayonun inkişafı üçün əlimizdən gələni edəcəyik və burada həyata keçiriləcək tədbirlər rayonu daha da gücləndirəcək.
227 dağılmış, yandırılmış ev bərpa edildi. Mən bu gün evlərin birində olmuşam. Ancaq hələ ki, müxtəlif yerlərdə 300-dən çox dağılmış evlər var. İndi mən göstəriş vermişəm ki, təklif hazırlasınlar, biz o evlərin də bərpasına başlayaq. Bu gün Füzuli əhalisinin 50 faizdən çoxu artıq burada məskunlaşıb, 16 qəsəbə tikilibdir, evlər bərpa edilibdir, indi mənə deyilər ki, hətta Bakıdan füzulililər qayıdırlar. Əlbəttə, qayıtmalıdırlar. Burada - doğma torpaqda gözəl şərait, gözəl iqlim, abadlıq var. Ona görə bu proses daha da sürətlə getməlidir və buna nail olmaq üçün burada şərait daha da yaxşı olmalıdır. Mən icra başçısından soruşuram ki, biz əlavə nə iş görməliyik. Mənə deyir ki, indi hər şey görülübdür. Amma mən bilirəm ki, əlavə işlər də görülməlidir. Füzuli rayonunun kənd və qəsəbələrinin heç birində heç bir problem olmamalıdır. Biz buna nail olacağıq. İşlərin böyük hissəsi görülüb, qalan işləri də bərabər görəcəyik.
Sizi bir daha salamlayıram. Əldə edilmiş bütün uğurlar münasibətilə sizi təbrik edirəm”.
* * *
Rayon sakini Məcnun Namazəliyev füzulililərə göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edib.
* * *
Prezident İlham Əliyev deyib: “Dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Mən də demək istəyirəm ki, füzulililəri çox sevirəm və çox sevinirəm ki, Füzulidə indi bu qədər inkişaf var. Bir məsələ məni həmişə incidir, düşündürür və dəfələrlə mən bunu öz çıxışlarımda qeyd etmişəm. Əfsuslar olsun ki, ölkəmiz üçün həlledici anlarda Ulu öndər Azərbaycanda yox idi və Onu o vaxt - 1980-ci illərin sonlarında siyasi səhnədən uzaqlaşdırmaq üçün erməni millətçiləri nə qədər əlləşdilər, Moskvaya nə qədər anonim məktublar, donoslar yazıldı. Əlbəttə ki, o vaxtkı sovet rəhbərliyi də Heydər Əliyevə ədalətsizlik göstərmişdi. Nəyə görə? Çünki O həmişə öz sözünü deyən adam idi, heç kimdən çəkinmirdi. Haqq, ədalət Onun üçün əsas amillər idi. O vaxtkı sovet rəhbərliyi isə hesab edirdi ki, hamı onların qarşısında baş əyməlidir. Ona görə Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırdılar və ondan sonra iki həftə keçməmiş erməni millətçiləri qərb mətbuatında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün iddia qaldırdılar və sovet rəhbərliyi buna dəstək oldu, təkan verdi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı və siyasi səhnədə olsaydı, heç vaxt bir qarış torpaq işğal altına düşməzdi. Heç vaxt. Bu gün artıq Dağlıq Qarabağda demoqrafik vəziyyət də tam başqa olacaqdı. O illərdə Dağlıq Qarabağda sənaye müəssisələrinin yaradılması, dəmir yolunun çəkilişi, digər tədbirlərin görülməsi nəticəsində demoqrafik vəziyyət bərpa olunurdu. Yəni, əslində ermənilər deyirdilər ki, Heydər Əliyev demoqrafik vəziyyəti dəyişdirmək istəyir. Ulu öndər onu bərpa etmək istəyirdi. Çünki Dağlıq Qarabağ ərazisində əsrlər boyu Azərbaycan xalqı yaşamışdır. Bu, bizim dədə-baba torpağımızdır. Sadəcə olaraq XVIII əsrin əvvəllərində ermənilər Şərqi Anadoludan və İrandan buraya köçürülmüşdür. Əgər belə demək mümkündürsə, idxal edilmişdir. Nəyə görə? Burada, bu bölgədə dini tərkibi dəyişdirsinlər. Bu idi məqsəd və ondan sonra süni olaraq Dağlıq Qarabağ ərazisində onlar əhali nöqteyi-nəzərindən üstünlük təşkil etdilər. Heydər Əliyevin səyləri nəticəsində biz bu ədaləti bərpa edirdik və artıq münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. 10 il, 15 il keçəndən sonra azərbaycanlılar 50 faiz olacaqdı və bu məsələ heç vaxt bir daha qalxmayacaqdı.
Əfsuslar olsun ki, o vaxt Azərbaycanda böyük səhvlər buraxılmışdı və ermənilər ondan istifadə etdilər, bu məsələni qaldırdılar. Sovet rəhbərliyi buna təkan verdi. Sovet İttifaqı dağılandan sonra isə Azərbaycana qarşı daha da böyük ədalətsizliklər göstərildi və nəticə etibarilə torpaqlarımız işğal altına düşdü. O vaxt bizim o qədər də böyük hərbi gücümüz yox idi. Yenə də Ulu öndərin şəxsi keyfiyyətləri, cəsarəti, xalqın Ona olan inamı nəticəsində biz bu torpaqları düşməndən azad etdik. Biz istəmirik ki, yenə müharibə başlasın. Kim istəyir ki? Amma eyni zamanda, biz heç vaxt bu vəziyyətlə də barışa bilmərik. Çünki Ermənistan istəyir ki, heç nə dəyişməsin, necə var elə də qalsın. Amma bu mümkün deyil. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər də bunu istəyir. Onlar da həmişə bizə deyirlər ki, amandır, müharibə etməyin, problemi danışıqlar yolu ilə həll edin. Biz də deyirik, yaxşı danışıqlar yolu ilə, bəs nə qədər?
Artıq 22 ildir Minsk qrupu fəaliyyət göstərir. Əgər buna fəaliyyət demək mümkünsə. Onun fəaliyyəti ancaq bu vəziyyətin dəyişməz olaraq qalması məsələsidir. Ona görə, bu məsələləri tarixi nöqteyi-nəzərdən bir daha təhlil edərkən görürük ki, biz ancaq öz gücümüzə güvənə bilərik. Biz Azərbaycan xalqının gücünə və Azərbaycan dövlətinin gücünə güvənə bilərik. Biz bu məsələni həll edəcəyik, Azərbaycan xalqı, güclənən Azərbaycan.
Bunu həll etmək üçün əlbəttə ki, beynəlxalq məsələlər də nəzərə alınmalıdır. Regional vəziyyət, xarici siyasət amilləri öz rolunu oynamalıdır, oynayacaqdır. Şübhəsiz ki, Azərbaycanın artan qüdrəti və bizim iqtisadi, siyasi, beynəlxalq və hərbi sahələrdə gücümüz göz qabağındadır. Bizim gücümüz getdikcə artacaq, ermənilərin gücü azalacaq. İndi orada demoqrafik böhran yaşanır. Hətta yaşlı insanları da zorla orduya cəlb edirlər, onları səngərə göndərirlər. Bu yaxınlarda bir hadisə olmuşdu. Yəqin ki, yaxın vaxtlarda ictimaiyyət də məlumatlandırılacaqdır. Bizim Tovuz, Qazax istiqamətində sərhədimizə yaxın olan erməni kəndlərindən yaşlı insanlara zorla hərbi forma geyindirib, əlinə tüfəng verib, göndərirlər səngərə. Bax, budur reallıq.
Amma biz bu gün güclənirik, möhkəmlənirik, ruh yüksəkliyi var, Azərbaycan əsgəri peşəkardır, Azərbaycan xalqı mərddir. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, amma orada - Tovuz, Qazax istiqamətində erməni kəndləri boşalır. Əlbəttə, təmas xəttində erməni kəndləri yoxdur. Nə burada, nə Ağdamda, nə başqa yerdə. Çünki bunlar hamısı Azərbaycan torpağıdır. Amma Tovuz, Qazax istiqamətində erməni kəndləri var, insanlar oradan qaçır, qorxurlar. Onların prezidenti bu yaxınlarda özü etiraf etmişdir ki, ölkədən kütləvi köçün səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsidir. Valideynlər qorxurlar, uşaqları orduya vermək istəmirlər. Yəni, bu kriminal rejimi qorumaq üçün niyə onların vətəndaşları həlak olmalıdır. Ona görə, erməni xalqı özü başa düşməlidir ki, bu kriminal rejim orada nə qədər hakimiyyətdədir, Ermənistanın inkişafı mümkün deyil. Erməni xalqı bu kriminal Qarabağ klanından yaxasını qurtarmalıdır. İndi onlara Qarabağ klanı deyirlər. Əslində Qarabağ bizim dədə-baba torpağımızdır, amma Ermənistanda onlara Qarabağ tayfası deyirlər. Əminəm ki, erməni xalqı müdriklik göstərməlidir. Çünki onlar da başqa millətlər kimi müstəqil, azad olmaq istəyirlər, kriminal rejim hakimiyyəti altında yaşamaq istəmirlər.
Bizim müharibəmiz haqq-ədalət müharibəsidir. Biz istəyirik ki, məsələ ədalətlə həll olunsun - beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və ədalətli. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki bu, bizim tarixi torpağımızdır və hüquqi cəhətdən bizim torpağımızdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ Respublikası”nı respublika kimi tanımır və tanımayacaqdır. Bu, gözəl əsas yaradır. Bu əsas bizə imkan verir ki, istənilən vaxtda öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün müxtəlif amillər var - iqtisadi, hərbi, siyasi və beynəlxalq. Biz öz addımlarımızı elə atmalıyıq ki, nəticə 100 faiz olsun, 200 faiz olsun və belə də olacaqdır.
Necə ki, bu gün Horadiz şəhəri gözəl şəhərdir, Füzuli şəhəri daha da gözəl şəhər olacaq. İnşallah, oranı da biz birlikdə abadlaşdıracağıq, gözəlləşdirəcəyik. Bir daha sizə cansağlığı, uğurlar arzulayıram”.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz tikiş fabrikinin açılışında iştirak edib, Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Həmin gün, həmçinin, dövlətimizin başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.
Dövlətimizin başçısı Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət edib.
Prezident İlham Əliyev: Gözəl ev tikilib.
Ev sahibəsi Xuraman Quliyeva: Bəli, çox gözəldir, Allah Sizi qorusun, ailənizi, uşaqlarınızı xoşbəxt etsin. Çox sağ olun. Bu cür şəraiti bizə Siz yaratmısınız, cənab Prezident.
Prezident İlham Əliyev: Elə də olmalıdır. Əlbəttə, dövlət bu işləri görməlidir. Bu evləri biz bərpa etdik. Çox şadam ki açılışına gəlmişik.
Xuraman Quliyeva: Bəli, çox sağ olun. O gün olsun Şuşamızda, Qarabağımızda olsun. Biz buna inanırıq, cənab Prezident!
Prezident İlham Əliyev: Əlbəttə, bax buralar işğal altında idi. Deməli, siz burada yaşayırdınız.
Xuraman Quliyeva: Bəli, cənab Prezident.
Prezident İlham Əliyev: İndi görürsünüz burada necə gözəl şərait yaradılıb.
Xuraman Quliyeva: Çox gözəl, qısa müddətdə, cənab Prezident. Sizin rəhbərliyinizlə çox gözəl irəliləyiş var. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bizim üçün gözəl məktəb tikilib. Gözəl uşaq bağçamız var. Bu cür şərait heç bir şəhərdə yoxdur. Bunlar Sizin rəhbərliyinizlə yaradılıb. Çox sağ olun.
Prezident İlham Əliyev: Təmiz hava. Yaxşı iqlim.
Xuraman Quliyeva: Bəli, üstünlüyümüzdür təmiz havamız, Qarabağ havası.
Prezident İlham Əliyev: Dolanışıq necədir?
Xuraman Quliyeva: Çox gözəl, yüksək səviyyədə. Daimi qazımız, işığımız, suyumuz, gözəl asfalt yollarımız, bağımız-bağatımız. Bundan artıq nə lazımdır?! Əvvəlkindən də çox gözəl şəraitdə yaşayırıq. Buna görə Sizə minnətdarıq. Əzizimiz Mehriban xanıma minnətdarıq. Bütün Qarabağımız azad olunsun. Ordumuza inanırıq, Sizə inanırıq, dövlətimizə inanırıq. Cənab Prezident, görün bizə, xalqımıza, qəsəbədə, Füzulidə yaşayan insanlara nə qədər ruh yüksəkliyi vermisiniz.
Prezident İlham Əliyev: Burada 16 yeni qəsəbə salınmışdır.
İcra hakimiyyətinin başçısı Alı Alıyev: Bəli. Ulu öndərin Sərəncamı ilə.
Prezident İlham Əliyev: Horadiz böyük bir şəhərdir. Müvəqqəti olaraq Füzuli rayonunun mərkəzidir. Amma Füzuli şəhəri işğaldan azad olunduqdan sonra biz Füzuli şəhərini bundan da gözəl tikəcəyik.
Xuraman Quliyeva: İnşallah, biz ona inanırıq. Biz Sizə inanırıq, güvənirik.
Prezident İlham Əliyev: Horadizin Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Çünki buralar erməni işğalı altında olan yerlər idi. Azərbaycan Ordusu Ulu öndərin rəhbərliyi ilə erməni işğalçı qüvvələrini buradan çıxardı. İndi biz onu bərpa etmişik.
Xuraman Quliyeva: Bəli. Mən o günü heç vaxt unutmaram. Ona görə ki, mən ikiqat həyəcan keçirirdim. Bütün Azərbaycan xalqı həyəcan içində idi. Mənim övladım da hücumda, ön cəbhədə, sırada idi.
Prezident İlham Əliyev: Siz buradan nə vaxt çıxmışdınız?
Xuraman Quliyeva: 1993-cü il oktyabrın 22-dən 23-nə keçən gecə biz buradan qovulduq.
Prezident İlham Əliyev: Oktyabra qədər burada idiniz?
Xuraman Quliyeva: Bəli, burada idik. 1994-cü il yanvarın 4-ü heç vaxt unudulmaz gündür. Həmin gün Ulu öndərimizin rəhbərliyi ilə hücum oldu. Mənim oğlum danışırdı, deyirdi ki, əsgərlər “Heydər Əliyev uğrunda” deyib hücuma keçirdilər. Yəni, qorxmadan özlərini tankın altına da ata bilərdilər. O cür ruh yüksəkliyi ilə. Biz inanırıq ki, yenə də həmin ruh yüksəkliyi ilə döyüşə gedəcəklər. Lazım gəlsə biz analar da Sizinlə bərabər, övladlarımızla bərabər.
Prezident İlham Əliyev: İndi ordumuz daha da güclüdür. İndi imkanlar daha da genişdir. Ruh yüksəkliyi isə Azərbaycan xalqında həmişə olub. Həmişə də yüksək səviyyədə olub. Bu gün də belədir. Vətənpərvərlik ruhu, milli ruh. Bizim iqtisadi, hərbi gücümüz, bu amillər məsələni həll edəcək. Biz qayıdacağıq, nəinki Füzuliyə, Şuşaya da qayıdacağıq.
Xuraman Quliyeva: İnşallah, cənab Prezident.
İcra hakimiyyətinin başçısı Alı Alıyev: Cənab Prezident, son altı ayda 1200 adam işlə təmin olunub.
Xuraman Quliyeva: Bəli, çox gözəl iş yerlərimiz açılır.
İcra hakimiyyətinin başçısı Alı Alıyev: Hərbidə mülki işçilər var. Onların hamısı bizdən götürülüb.
Prezident İlham Əliyev: Onu da mən göstəriş vermişəm. Çünki əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətindən ayırırdılar, onlar gedib orada xidmət sahəsində işləyirdilər. Mən göstəriş verdim ki, əsgərləri bu işlərdən azad edin. Amma bu mülki işlərə yerli camaatı götürsünlər.
Xuraman Quliyeva: Bəli, götürüblər, bizim qonşulardan işləyənlər var.
Prezident İlham Əliyev: Nə qədər idi burada?
İcra hakimiyyətinin başçısı Alı Alıyev: 1200 nəfər.
Prezident İlham Əliyev: Nəinki burada, bütün başqa təmas xəttinə yaxın olan yerlərdə, rayonlarda, kənlərdə yerli insanlar gedirlər, xidmət edirlər, dövlət maaş verir. Biz burada iki məqsəd güdürük. Həm əsgərlər xidmətdən ayrılmır, mülki vətəndaşlar isə işləyib maaş alırlar.
Xuraman Quliyeva: Çox gözəl. Bizim qəsəbəmizdə demək olar ki, işsiz adam yoxdur.
Prezident İlham Əliyev: Əvvəllər belə bir praktika var idi ki, misal üçün, bir yerdən olan gənc xidmətə mütləq gərək başqa yerə göndərilərdi. Biz burada da dəyişikliklər etdik. Çünki xüsusilə zabitlər. Onlar indi öz doğma rayonlarında işləsələr, yaşasalar daha yaxşıdır. Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar, onlar üçün daha da rahat olacaq. Yəni, orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burada qısa müddət ərzində minlərlə iş yerləri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil.
Xuraman Quliyeva: Allah Sizi dünyaya gətirən ataya, anaya rəhmət etsin. Biz onların qarşısında həmişə borcluyuq. Cənab Prezident, elə bil ana kimi mən həmişə Sizə duaçıyam.
Prezident İlham Əliyev: Sağ olun!
Xuraman Quliyeva: Biz fəxr edirik ki, ölkəmiz ərazicə kiçik olsa da, bütün böyük dövlətlərlə bərabər dayanır. Biz Sizinlə fəxr edirik, cənab Prezident.
Prezident İlham Əliyev: Mən də sizinlə fəxr edirəm ki, siz burada, öz doğma yerinizdə, şəhərinizdə düşmənlə üz-üzə dayanmısınız, mərd dayanmısınız. Hamınız kişi kimi dayanmısınız. Öz doğma torpağınızda dayanmısınız.
Xuraman Quliyeva: Bəli, Sizə görə. Sizə inandığımıza görə. Ordumuza, dövlətimizə, Prezidentimizə inandığımıza görə.
Vəli Şəmilov: Güclü ordumuz da, rəhbərimiz də var.
Xuraman Quliyeva: Bəli, bizim indi hər şeyimiz var. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox yaxşı, bir daha sizi təbrik edirəm.
Xuraman Quliyeva: Biz Sizin hər bir tədbiri çox böyük fəxrlə izləyirik. Allah Sizi Azərbaycan xalqına çox görməsin.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Xuraman Quliyeva: Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Xuraman Quliyeva: Çox sağ olun, cənab Prezident. Siz bu gün bizə sevinc yaşatdınız.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış olub.
* * *
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadiz şəhərində Füzuli rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış olub, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
* * *
Prezident İlham Əliyev avqustun 28-də Füzuliyə səfəri çərçivəsində Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə Mil-Muğan hidroqovşağı, həmçinin, Füzuli və Beyləqan rayonlarının əkin sahələrinin su təminatı barədə məlumat verib.

Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30