Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimi olub

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimi olub

19.03.2010 [09:48]

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Dünən Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir. Kitabın ayrı-ayrı fəsilləri oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin sahillərində yerləşən Bakının müxtəlif görməli yerlərini, o cümlədən İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər var.
Paytaxtdan başlanan səyahət qədim Abşeronda davam edir. Sonra kitabın səhifələrində Qobustan qayaüstü rəsmləri, Yanardağ, Şahdağın qarlı zirvələri, Quba-Xaçmazın göz oxşayan bağları, Şəki-Zaqatala və Gəncə-Qazax zonasının zümrüd meşələri və qədim qalaları, Lənkəran və Naxçıvanın nadir təbiəti, tarixi abidələrini əks etdirən fotoşəkillər bir-birini əvəz edir. Kitabda hələ də Ermənistanın işğalı altında qalan torpaqlarımıza həsr olunmuş bölmələr də var. Nəşrə kompakt disk və buklet əlavə olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazıb.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açaraq çıxış edib: “Xanımlar və cənablar! Hörmətli qonaqlar! Sizi ürəkdən salamlayıram, Müasir İncəsənət Muzeyinə xoş gəlmisiniz. Bu gün Heydər Əliyev Fondunun növbəti layihəsi - “Azərbaycan” adlı kitab sizin diqqətinizə təqdim olunur. üç il bundan öncə ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotoalbomun yaranmasını zəruri hesab edərək Heydər Əliyev Fondu bu layihəyə start vermişdi. Həmin zaman işçi qrup yaranmışdı. Onun tərkibində həm yerli, həm xarici mütəxəssislər, fotoqraflar fəaliyyətə başladı. üç il ərzində ölkəmizin müxtəlif bölgələrində, şəhər və kəndlərində, dağ və düzənliklərində, meşə və çəmənliklərində, göl və çaylarında fotoçəkiliş aparıldı. Kitabın belə uzun müddət hazırlanması, ilk növbədə, fotoçəkiliş üçün ən əlverişli vaxtın və hava şəraitinin seçilməsi ilə bağlı idi. Eyni zamanda, biz gözəl ölkəmizin təbiətini ilin hər bir fəslində əks etdirməyə çalışmışıq. Bir sözlə, çox böyük, nadir bir fotomaterial toplandı, beş minə yaxın yeni fotoşəkil yığıldı. Kitabın nadirliyi ondan ibarətdir ki, bu gün sizə təqdim olunan nəşrdəki şəkillərin 80 faizi ilk dəfədir ki, işıq üzü görüb. Eyni zamanda, şəkillərin arasında o qədər çox əsl sənət əsəri var idi ki, biz kitabın təqdimatı ilə yanaşı, bu gün Azərbaycanın təbiətinə, Azərbaycana həsr olunmuş fotosərginin açılışını da keçirəcəyik. üç il ərzində çox ciddi, çoxşaxəli iş aparıldı. Bir çox foto və digər materiallar toplandı. Növbəti mərhələdə əldə edilmiş materialları təhlil edərkən, kitabın tamamilə yeni bir konsepsiyası gündəmə gəldi. Biz düşündük ki, Azərbaycanın təbiətini onun tarixi,  mədəniyyəti, keçmişi və bu günündən ayrı təqdim etmək o qədər də düzgün olmaz. Azərbaycanın ərazisində əsrlər boyu çox qüdrətli dövlət və sivilizasiyalar mövcud olub. Böyük İpək Yolu bizim ölkəmizdən keçib və əlbəttə, bütün bu mədəniyyətlər, bütün bu sivilizasiyalar ölkəmizdə izini qoyub. Bu izlərlə, bu naxışlarla, istər memarlıq abidələrində, istər tarixi və dini abidələrdə tanış olmaq mümkündür. Eyni zamanda, son illər Azərbaycanın dünyada misli olmayan inkişafını, onun yeni mənzərələrini, modern binaları, idman və konsert saraylarını, iş və turizm mərkəzlərini, bir sözlə, ölkəmizin müasir simasını da bu kitabda tapmaq mümkündür. Bir sözlə, əziz dostlar, bu gün sizin diqqətinizə təqdim olunan tamamilə yeni bir formatlı “Azərbaycan” kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır. Kitab 11 bölmədən ibarətdir. İlk bölmə hamımız üçün əziz olan, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıya həsr olunub. Digər bölmələrdə Azərbaycanın 10 iqtisadi-coğrafi regionuna aid ətraflı məlumatlar və regionların təbiətini, flora və faunasını əks etdirən şəkillər yerləşdirilib. Kitabın ilk variantı Azərbaycan dilində 2000 tirajla nəşr olunub. Yaxın gələcəkdə “Azərbaycan” kitabı bir sıra xarici dillərə, o cümlədən ingilis, fransız, alman, ərəb və çin dilinə tərcümə olunub böyük tirajla nəşr ediləcəkdir. Bu kitabı hazırlayarkən Heydər Əliyev Fondu bir sıra dövlət və hökumət qurumları ilə işbirliyi yaratmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya və Tarix institutları, AzərTAc informasiya agentliyi, Azərbaycan Milli Ensiklopediyası - bütün bu təşkilatlara bizə yardım etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Kitabın hazırlanmasında əməyi olan hər bir şəxsə təşəkkürümü bildirirəm. Cənab Prezident, Siz həmişə olduğu kimi, öz tövsiyələrinizlə, öz məsləhətlərinizlə bizə çox kömək edirdiniz və gərgin iş proqramınızda vaxt ayırıb bu gün bizimlə olduğunuza görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Əziz qonaqlar, inanıram ki, siz də bu kitabla tanış olub, onu layiqincə qiymətləndirəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, uzun ömür, səadət və məhəbbət arzulayıram. Sonda mən dahi Heydər Əliyevin bir kəlamını xatırlamaq istərdim: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. çox sadə, adi bir kəlmədir. Lakin doğma torpağına sonsuz qədər bağlı olan, Vətən yolunda ömrünü və canını qurban verən, bu yolda bir an da olsun belə əyilməyən insanın, böyük şəxsiyyətin dilindən çıxmış bu kəlam artıq tarixə yazılıb. Mənim arzum odur ki, bu kitabı vərəqləyən hər bir azərbaycanlı ürəyində məhz bu kəlamı söyləsin: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. çox sağ olun”.
Dövlətimizin başçısı mərasimdə çıxış edib. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr həmişə çox böyük keyfiyyətlə, zövqlə və peşəkarlıqla icra olunur: “Hesab edirəm ki, Azərbaycanın tarixində bu layihənin öz yeri olacaqdır. Azərbaycan haqqında, Bakı haqqında, digər şəhər və rayonlarımız haqqında müxtəlif dövrlərdə müxtəlif kitablar nəşr edilmişdir. Onların bir hissəsi artıq köhnəlmiş, bir hissəsi isə bugünkü reallıqları əks etdirmir. Bu kitabda Azərbaycanın tarixi, mədəniyyəti, tarixi abidələri, gözəl təbiəti və bugünkü inkişaf dinamikası əyani şəkildə göstərilir. Əminəm ki, kitab həm Azərbaycan vətəndaşları, eyni zamanda, ölkəmizə gələn qonaqlar üçün çox maraqlı olacaqdır. Kitabın hazırlanmasında iştirak etmiş bütün insanlara öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, doğrudan da böyük və çətin iş olubdur. Azərbaycanın o qədər zəngin təbiəti və mədəniyyət ocaqları var ki, onları əks etdirmək, onları gözəl şəkildə nəşr etmək o qədər də asan məsələ deyildir. Onu da demək istəyirəm ki, bildiyimə görə, kitabda göstərilən şəkillər çəkilən şəkillərin az bir hissəsini təşkil edir. ümid edirəm ki, bu kitaba daxil olunmayan şəkillər də növbəti illərdə növbəti nəşrlərə daxil ediləcək və şübhəsiz ki, Azərbaycan inkişaf etdikcə və yeni, gözəl, görkəmli, müasir memarlıq abidələri tikildikcə növbəti illərdə onları da biz bu kitabın yeni redaksiyasında görəcəyik. Azərbaycan doğrudan da çox gözəl bir ölkədir. Biz bunu əlbəttə ki, bilirik. Bu kitabı vərəqləyərkən bir daha əyani şəkildə görürük ki, nə qədər gözəl təbiətimiz, memarlıq abidələrimiz, tariximiz, nə qədər gözəl dağlarımız, çaylarımız, Xəzər dənizimiz vardır və bunlar bizim təbiətimiz, bizim sərvətimizdir. Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir. Dünyanın nadir ölkələrində həm gözəl təbiət, müxtəlif iqlim növlərinin mövcudluğu, qədim, tarixi abidələr, gözəl meşələr, təbii mənzərələr - nadir hallarda bütün bu amillər cəm şəkildə müşahidə oluna bilər. Azərbaycan o ölkələrdəndir. Biz doğrudan da xoşbəxt insanlarıq ki, belə ölkədə yaşayırıq. Xoşbəxt insanlarıq ki, bu gün müstəqil Azərbaycanın inkişafında iştirak edirik. Müstəqil Azərbaycan bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, müstəqillikdən məhrum olmuşuq. Buna baxmayaraq, öz milli ruhumuzu qoruya bilmişik. Mədəni abidələrimizi, ana dilimizi, mədəniyyətimizi qoruya bilmişik və bu gün də qoruyuruq. Bu gün Azərbaycan xalqı yeni dəyərlər yaradır. O dəyərlər ki, bundan sonra uzun illər, onilliklər, əsrlər boyu Azərbaycanın müstəqil inkişafını təmin edəcəkdir. O dəyərlər ki, bu gün Azərbaycanı dünyaya olduğu kimi təqdim edir. Azərbaycan bu gün gözəl, böyük mədəni irsə, tarixə malik olan, müasir, sürətlə inkişaf edən ölkədir. Bu reallıqları biz yaradırıq, biz hamımız yaradırıq. Müstəqil Azərbaycan bizim hamımızın ən böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, müstəqilliyimizi möhkəmləndirməliyik. Müstəqilliyimizi əbədi, dönməz etmək üçün hər gün çalışmalıyıq. Azərbaycan bu gün tam şəkildə müstəqil siyasət aparır, iqtisadi müstəqilliyini tam şəkildə təmin edibdir. Azərbaycan xalqı rahat yaşayır, azad yaşayır. Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində çox vacib addımlar atılır. Bir sözlə, ölkəmiz sürətlə və hərtərəfli inkişaf edir. Bu hərtərəfli inkişaf bugünkü Azərbaycanın reallıqlarıdır”.
Sonra kitabın hazırlanması üçün çəkilmiş fotoşəkillərdən ibarət sərginin açılışı olub.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva açılışı bildirən lenti kəsiblər və sərgi ilə yaxından tanış olublar. Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 1510 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30