/ / Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlayıb
Bakıda XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlayıb
08.06.2011 [10:12]
Dünən Bakı Sərgi Mərkəzində XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransı işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Builki sərgidə dünyanın 27 ölkəsindən 285 şirkət təmsil olunur. Sərginin ekspozisiyasının 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Bu tədbirdə Azərbaycanın şirkətləri də ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə iştirakçıların 38 faizini yerli iqtisadi qurumlar təşkil edir. ötənilki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 25 faiz çoxdur. Sərgi iştirakçılarının 12 faizi isə bu tədbirə ilk dəfə qatılıb. Dünyanın 11 ölkəsindən təxminən 90 aparıcı kütləvi informasiya vasitəsi sərgi və konfransa informasiya dəstəyi göstərir. Sərginin ekspozisiyası Bakı Sərgi Mərkəzinin 2 pavilyonunda yerləşir. Burada ən yeni neft-qaz avadanlığı, neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Bundan başqa sərgi iştirakçılarına Azərbaycanda hazırda reallaşdırılan və perspektiv layihələr də təqdim olunur.
Sərgi və konfransın işgüzar proqramı genişdir. Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hərtərəfli imkanlar açılıb.
Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi və konfransı açaraq deyib: “Cənab Prezident! Xanım Əliyeva! Əlahəzrət Şahzadə!
Komissar, xanımlar və cənablar! Sizi builki sərgidə salamlamaq mənim üçün xoşdur. Düşünürəm ki, bu, Azərbaycan Respublikasının inkişafında yüksək bir mərhələdir. Biz, İTE Group olaraq tərəfdaşımız olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycanın Energetika və Sənaye Nazirliyinə yeni enerji sahəsinin də daxil olduğu builki sərgini daha da geniş şəkildə təşkil etdiklərinə görə təşəkkür edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün sərgidə iştirakçıların 38 faizini Azərbaycan şirkətləri təşkil edir. Mən sizin hamınıza burada olduğunuz üçün təşəkkür edirəm. İTE Group adından hamınızı salamlayıram. Sizin hamınızı təkcə Azərbaycan Respublikasının inkişafına və uğuruna artıq qoyduğunuz sərmayələrə görə deyil, eyni zamanda bizim iştirakımızla burada işlərinizdə əldə edəcəyiniz uğurlar nəticəsində gələcəklə bağlı verdiyiniz vədlərə görə təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində nitq söyləyib.
Konfransın açılışı münasibətilə təbrik edən dövlət başçısı İlham Əliyev deyib ki, Azərbaycan qədim neft ölkəsidir: “Sənaye üsulu ilə dünyada ilk dəfə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilmişdir. XX əsrdə dəniz yataqlarından dünyada yenə də ilk dəfə neft Azərbaycanda hasil edilmişdir. Yəni, bizim böyük ənənələrimiz vardır, Azərbaycanın bu sahədəki nailiyyətləri dünya ictimaiyyəti üçün real bir faktdır və bu barədə bəlkə geniş danışmağa da dəyməz. Bir məsələyə toxunmaq istəyirəm ki, II Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftçilərinin çox böyük rolu və payı olmuşdur. O vaxt Sovet İttifaqının yanacağının 90 faizi Bakıda Azərbaycan neftçiləri tərəfindən istehsal edilmişdir. Müstəqilliyə qovuşanda ölkəmiz əlbəttə ki, yeni çağırışlarla üzləşmişdir. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. ölkədə qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsinin başlandığı, total böhranın hökm sürdüyü bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdır. Əlbəttə ki, ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir zərurət idi. Azərbaycanın bəxti gətirmişdir ki, ölkəmiz üçün həlledici anlarda böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmişdir. Dövlətimizin və dövlətçiliyimizin əsasları məhz Onun siyasəti nəticəsində formalaşmışdır. Azərbaycanda dövlətçiliyin əsasları qoyulmuş, hüquqi dövlət quruculuğu prosesi başlanmışdır. ölkədə siyasi və iqtisadi islahatlar aparılmağa başlanmışdır. ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmağa başlanmışdır. Onların içində ən mühüm və tarixi əhəmiyyətə malik olan hadisə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması idi. Bu kontraktın imzalanması nəticəsində Azərbaycan ilk dəfə olaraq xarici investorları Xəzər dənizinə dəvət etmişdir. İlk dəfə olaraq Xəzər dənizində xarici neft şirkətləri fəaliyyətə başlamışlar. ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmağa başlanmışdır. Deyə bilərəm ki, neft sektoruna qoyulan investisiyalar digər sektorlara da investisiyaların cəlb edilməsinə çox müsbət xidmət göstərmişdir. Bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və mütləq əksəriyyəti xarici sərmayədir. Azərbaycan baxmayaraq ki, 1994-cü ildə çox riskli bir dövlət kimi tanınırdı, xarici böyük neft şirkətlərinin Azərbaycana dəvət edilməsi, onlar üçün şərait yaradılması, onların investisiyalarının qorunması üçün lazımi tədbirlərin görülməsi, o cümlədən qanunvericilik sahəsində lazımi addımların atılması sayəsində bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu artırır”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sözünə hörmət edən ölkə kimi tanıda bilib: “1994-cü ildən bu günə qədər Azərbaycan ilə xarici neft şirkətləri arasında heç bir ciddi mübahisə, heç bir qarşıdurma, kontraktlara yenidən baxılmaq arzuları olmamışdır. Mən bunu ona görə deyirəm ki, bəzi ölkələrdə vaxtilə imzalanmış kontraktlara yenidən baxılır, onların dəyişdirilməsi üçün addımlar atılır. Bizdə isə, yanaşma tam fərqlidir. Biz etimadı qazanmışıq və bu etimadı qiymətləndiririk. Hesab edirəm, investorlar üçün ən vacib amil ondan ibarətdir ki, onlar tam əmin olmalıdırlar, onların investisiyaları dövlət tərəfindən lazımi səviyyədə qorunur və bu siyasət dəyişməz olaraq qalır.
“Əsrin kontraktı”nın imzalanması nəticəsində investisiyaların cəlb edilməsi əlbəttə ki, işimizə birinci təkan vermişdir. Ondan sonra nefti xarici bazarlara çıxarmaq üçün böyük addımlar atılmağa başlanmışdır. Görülən çox vacib işlərin arasında mən neft kəmərlərinin tikintisini xüsusi qeyd etmək istəyirəm. Hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamətlə nəql edilir. Biz bu sahədə şaxələndirmə məqsədlərimizə tam çatmışıq. Bu gün üç istiqamətdə nəql edilən neftimiz dünya bazarlarına çox etibarlı yollarla çıxarılır”.
Dövlətimizin başçısı İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir: “Bizim qaz ehtiyatlarımız, bir daha demək istəyirəm ki, kifayət qədərdir. Ən azı yüz il bundan sonra həm bizə, həm istehlakçılara kifayət edəcəkdir”.
Prezident İlham Əliyev, həmçinin, deyib ki, enerji təhlükəsizliyi məsələləri bu gün dünya gündəliyində dayanan vacib məsələlərdən biridir: “Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz üzərinə düşən vəzifələrini ardıcılıqla və böyük iradə ilə icra edir. Mən hesab edirəm ki, hazırda istehlakçılar, tranzit ölkələr və istehsalçılar arasında yaranan əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxaracaqdır. çünki məhz bu üç tərəfin birgə fəaliyyəti nəticəsində biz uğura nail ola biləcəyik”.
ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar çıxış edərək deyib: “Hörmətli cənab Prezident! Hörmətli xanım Əliyeva!
Əlahəzrət şahzadə! Hörmətli komissar Ottinger! Bu gün burada olmağımdan çox məmnunam və böyük şərəf hissi duyuram. Mən hər zaman Bakını sevmişəm və bu konfransda məmnunluqla iştirak etmişəm. Hər dəfə buraya gələndə Bakı elə gözəl görünür ki, insan inana bilmir. Enerji sahəsindəki münasibətlərimiz olduqca güclüdür. Biz Azərbaycanla münasibətlərimizi yüksək dəyərləndiririk. İndi isə cənab Prezident, 2011-ci il iyunun 1-də Ağ evdə imzalanan məktubun mətnini Sizə oxumaq istərdim”.
Riçard Morninqstar ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “Şərq-Qərb” enerji dəhlizi yarandı. “Azəri-çıraq-Günəşli” neft yataqları, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, “Şahdəniz” qaz yatağı kimi iri enerji layihələrinə böyük həcmdə beynəlxalq sərmayələr və Cənubi Qafqaz qaz boru kəməri Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji fayda verib.
Bildirilir ki, Birləşmiş Ştatlar enerji təhlükəsizliyi və çoxşaxəliliyin inkişaf etdirilməsi, eləcə də bütövlükdə Qafqazda sabitlik və rifahın möhkəmləndirilməsi sahəsində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn Braun Azərbaycan Prezidenti İlham Əliyevi və mərasim iştirakçılarını salamlayaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, son bir neçə il ərzində qlobal iqtisadi sistemdə görünməmiş çətinliklər yaşandı. Belə bir vaxtda, xarici sərmayələri cəlb etmək və saxlamaqda layihələr və dövlətlərin bacarığı həmişəkindən daha çox əhəmiyyətlidir. Bu sərgidəki stendlərin sayını və Bakının genişlənən inkişaf üfüqlərini müşahidə edəcək bütün konfrans iştirakçıları Azərbaycanın bu işdə uğurlar əldə edən ölkələrdən biri olduğunu görəcəklər.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, həmçinin açılış mərasiminin iştirakçılarını salamlayan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç XVIII Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransı ilə əlaqədar qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısına təbrik məktubunu oxuyub.
Məktubda deyilir ki, neft və qaz sektoru dünya iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Enerji təchizatı və daşınmasının enerji qaynaqlarının növü və marşrutu baxımından nəzərdən keçirilməsi enerji təhlükəsizliyini inkişaf etdirməkdədir. Enerji nəqli bazasının inkişaf etdirilməsi isə bölgələrarası neft və qaz ticarətinin daha da artmasını şərtləndirir. Strateji karbohidrogen bölgəsi olan Xəzər regionunda Azərbaycan, Qazaxıstan və Türkmənistanda Avropa bazarına istiqamətlənə biləcək önəmli miqdarda qaz var. Xəzər bölgəsi qlobal enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli tədarükçü mövqeyində olacaq.
Bildirilir ki, qardaş ölkə Azərbaycanın nüfuzlu bir tərəfdaş olaraq son illərdə bütün sahələrdə nail olduğu inkişaf istər ikitərəfli, istər regional, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsinə konkret təminat verməkdədir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, Avropa İttifaqı üçün Azərbaycan enerji sektorunda əsas strateji tərəfdaşdır. Bu sərgidə sənayemizin iştirakı Avropa İttifaqını Azərbaycanla bağlayan sıx tarixi əlaqələrin təcəssümüdür.
Bildirilir ki, bu gün biz yenidən qətiyyət və mübarizə ruhunda olmaq və Prezident Əliyevin dediyi kimi, ölkədə görünməmiş iqtisadi tərəqqiyə səbəb olmuş əsrin yeni kontraktını imzalamaq imkanını əldə etmişik: “Qarşımızda çağırışların olduğu vaxtda “Əsrin müqaviləsi”ndən, yeni bazarlara çıxışın və imkanların əldə edilməsində uğurlardan ilhamlana bilərik. Mən xüsusən də Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikintisini, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin inkişaf etdirilməsini nəzərdə tuturam. Qətiyyət və mübarizə ruhu XIX əsrin sonlarında zəruri idi, bu gün də zəruridir!
ölkənin gücü və potensialına əsaslanaraq, Azərbaycanın tutduğu mövqe onun gələn onilliklər ərzində neft və qazın hasil edilməsi və tranzitində əsas tərəfdaş kimi qalmasını təmin edəcək. Prezident Əliyev ilə yanvarda imzaladığım Birgə Bəyannamə bu istiqamətdə atılan konkret addım oldu. Biz Azərbaycanı “Cənub” qaz dəhlizinə böyük töhfə verən və onu mümkün edən tərəf kimi görmək barədə ümumi məqsədimizi təsdiq etmişik. Azərbaycan regiondakı mühüm rolunu təsdiqləmiş və Avropa İttifaqı ilə körpüləri qurmaq vəzifəsini nümayiş etdirib. Əminəm ki, biz mümkün qədər tez bir vaxtda bu dəhlizi birgə səylərlə reallaşdıracağıq. XXI əsrdə kontraktın elan edilməsini səbirsizliklə gözləyirəm”.
Norveç Krallığının Vəliəhdi Hookon çıxış edərək deyib ki, Norveç ölkələrimiz arasında artıq inkişaf etmiş yaxın əlaqələrimizdən, o cümlədən “Statoil”la ARDNŞ arasındakı artan sıx əməkdaşlıqdan olduqca məmnundur: “Norveçin təchizat sənayesi Xəzər dənizində həyata keçirilən layihələrə əhəmiyyətli dərəcədə töhfə verib. Xəzər regionu dünya enerji bazarında getdikcə daha mühüm rol oynayır. Neft və qaz hasilatçısı olan Azərbaycan uzun müddətdir ki, özünü əhəmiyyətli və etibarlı tərəfdaş kimi təsdiqləyib. ölkələrimiz Avropanın enerji ilə təmin edilməsində etibarlı təchizatçı olmaq kimi ümumi məqsədlərə malikdirlər”.
O, vurğulayıb ki, Azərbaycan Xəzər dənizini Avropa ilə bağlayacaq “Cənub” qaz dəhlizində iştirak edən ölkə kimi mühüm rola malikdir. Norveç Avropanın enerji təchizatını daha da gücləndirəcək “Cənub” qaz dəhlizini tam dəstəkləyir. Dəhliz bir çox Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir.
Norveç Krallığının Vəliəhdi Hookon deyib ki, Azərbaycanın qlobal enerji bazarında oynadığı rol çox əhəmiyyətlidir: “Gələcəkdə bu rolun əhəmiyyəti daha da artacaqdır. Azərbaycan ilə Norveç arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın aparılmasına ümid edirəm. Bu əməkdaşlıq gələn illərdə həm enerji, həm də digər sahələrdə inkişaf edəcəkdir”.
Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri çıxış edərək deyib ki, XVIII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransı qlobal enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən neft və qaz resurslarının təchizat marşrutlarının şaxələndirilməsinə aid məsələləri müzakirə etmək və bu mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün önəmli bir platformadır.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dövlətimizin başçısına ARDNŞ-in ekspozisiyası barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, beynəlxalq səviyyəli şirkətə çevrilən ARDNŞ ən qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir, 2010-2015-ci illəri əhatə edən nanoneft proqramını və digər silsilə layihələri reallaşdırır. Sonra “ümid” qaz yatağındakı 10 nömrəli quyunun qazılmasına start verilməsi mərasiminin iştirakçıları ilə canlı videobağlantı yaradılıb.
Dövlətimizin başçısını salamlayan neftçilər deyiblər ki, layihələndirilən 10 nömrəli quyu məhsuldar qatın 7-ci horizontuna layihələndirilib: “Bu quyunun layihə dərinliyi 6 min 500 metrdir. Cənab Prezident, kollektivimiz adından Sizə söz veririk ki, “ümid-1” platformasında qazılacaq 10 nömrəli quyu müvəffəqiyyətlə və keyfiyyətlə qazılıb təhvil veriləcək”.
Prezident İlham Əliyev deyib ki, “ümid” yatağının aşkarlanması bizim üçün tarixi hadisədir: “Əminəm ki, “ümid” yatağının işlənilməsi nəticəsində yaxın zamanlarda Azərbaycanın qaz ehtiyatları daha da artacaq və Azərbaycan özünü dünyada qaz ölkəsi kimi tanıtdıracaqdır”.
Sonra 10 saylı quyunun qazma qurğusu işə salınıb.
Dövlətimizin başçısı bp şirkətinin ekspozisiyası ilə də tanış olub.
Prezident İlham Əliyevə dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən Fransa-Amerika birgə şirkəti olan “SCHLUMBERGER”in ekspozisiyası barədə də məlumat verilib. Bildirilib ki, bu iqtisadi qurum Azərbaycanda reallaşdırılan iri neft-qaz layihələrində yaxından iştirak edir.
Dövlətimizin başçısına Azərbaycanın Türkiyədə özəlləşdirdiyi “Petkim” şirkətinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı görülən kompleks işlər barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyevin diqqətinə 2040-cı ilədək həyata keçiriləcək layihələr təqdim olunub.
Sərgidə geniş təmsil olunan Fransanın “GDF Suez” şirkəti dünyanın əksər ölkələrində fəaliyyət göstərir və onun 220 min əməkdaşı var.
Fransanın “Total” şirkəti də Azərbaycanın neft-qaz sektorunda yaxından iştirak edir. Dövlətimizin başçısına şirkətin yenilikləri və perspektiv planları barədə məlumat verilib.
Malayziyanın “Petronas” dövlət şirkəti Xəzər neft-qaz sərgisində ilk dəfə təmsil olunur.
Rusiya Federasiyasının “Russneft” şirkəti də Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Türk Petrolları Anonim Şirkəti də 1994-cü ildən bəri Azərbaycan ilə birgə beynəlxalq neft-qaz layihələrinin uğurla reallaşmasında yaxından iştirak edir.
Almaniyanın RWE şirkəti Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərir. Bu şirkət ölkəmizdə fəaliyyətini genişləndirmək əzmindədir.
“Statoil” “Qazprom”dan sonra Avropada ikinci böyük təbii qaz şirkətidir. “Statoil” Azərbaycan ilə sıx əməkdaşlıq edir.
“Bakı Ağ Şəhər” layihəsi də mükəmməlliyi ilə seçilir. Dövlətimizin başçısına məlumat verilib ki, bu layihəyə investorların marağı böyükdür. İyirmi hektarlıq “yaşıl ada” adlanan ərazidə təmizlik işləri artıq yekunlaşdırılıb və tikinti prosesinə başlanılacaq. “Bakı Ağ Şəhər” layihəsi paytaxtın görkəmini beynəlxalq standartlar səviyyəsində dəyişməsində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir. Bu, Bakının “qara şəhər” adlanan hissəsinə yeni həyat bəxş edəcək bir layihədir. Layihənin həyata keçirilməsi zamanı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, eləcə də 2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı əsas götürülüb.
Dövlətimizin başçısına məlumat verilib ki, OMV şirkəti də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə səylərini əsirgəmir.
Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57

