Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Respublikanın şimal-qərb bölgəsinin inkişafı diqqət mərkəzindədir

Respublikanın şimal-qərb bölgəsinin inkişafı diqqət mərkəzindədir

18.04.2012 [00:30]

Prezident İlham Əliyev: Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət əhalinin rifah halının yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına, sosial infrastrukturun yenidən qurulmasına, regionların paralel surətdə inkişafına yönəlib. Hazırda ölkəmizin bütün regionları sürətli inkişaf dövrünü yaşayır. Respublikanın ümumi iqtisadi inkişaf göstəricilərindən, artan maliyyə imkanlarından ölkənin bütün regionlarının bərabər yararlana bilməsində isə heç şübhəsiz, sosial siyasətin sistemli və tarazlaşdırılmış şəkildə həyata keçirilməsinin xüsusi rolu var. Bu məqsədlə 2004-cü ildən dövlət başçısının müvafiq sərəncamları əsasında həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində bütün bölgələrdə quruculuq və abadlıq, əsaslı yenidənqurma işləri görülür.
Hazırda regionların sosial-iqtisadi inkişafı istiqamətində 2009-2013-cü illəri əhatə edən ikinci beşillik Dövlət Proqramı həyata keçirilir. Bu çərçivədə, məktəblərin, xəstəxanaların, mədəniyyət mərkəzlərinin, olimpiya-idman komplekslərinin, yeni istehsalat müəssisələrinin, yol-nəqliyyat qovşaqlarının tikintisi və digər layihələr reallaşdırılır. Bütün bu tədbirlər həm də regionlarda minlərlə yeni iş yerinin yaradılması, əhalinin maddi təminatının, təhsil şəraitinin, sağlamlığının yaxşılaşdırılması, istehsalat və digər sahələrin inkişaf etdirilməsi deməkdir. Regionlarda görülən abadlıq və yenidənqurma işləri çərçivəsində eyni zamanda, parklar, istirahət zonaları yaradılır, tarixi mədəniyyət abidələrinin bərpası və qorunmasına xüsusi diqqət yetirilir, şəhər və qəsəbələr gözəl görkəm alır, bununla da daxili turizmin genişlənməsinə və xaricdən gələn qonaqların sayının artmasına əlverişli imkan yaranır.
Regionlarda görülən işlərin sürətlə və uğurla həyata keçirilməsinin başlıca səbəbi isə prosesin birbaşa olaraq Prezident İlham Əliyevin nəzarəti altında irəliləməsi, layihələrin icrası ilə dövlət başçısının şəxsən maraqlanması, işin gedişatı ərzində tapşırıq və göstərişlərini verməsidir. Bu məqsədlə, dövlət başçısı hər il demək olar ki, bütün bölgələrə səfərlər edir, yeni ictimai-iaşə obyektlərinin əsasının qoyulmasında, yaxud açılışında iştirak edir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində aprelin 12-də Qazax rayonunda olub. ümumiyyətlə, son illərdə görülən işlər nəticəsində rayonda sürətli inkişaf və abadlaşma müşahidə olunur. Səfər çərçivəsində dövlət başçısı Ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Dövlət başçısı, həmçinin, Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak edib. Əsaslı şəkildə yenidən qurulmuş yol 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Bu, əslində, Qazax rayonunda yolların yenidən qurulması işlərinin tərkib hissəsidir. Belə ki, hazırda dövlət başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcək. Təmir olunan Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolu da istifadəçilərin rahat gediş-gəlişinə şərait yaradacaq.
Dövlət başçısının səfəri zamanı Qazaxda müxtəlif qida məhsullarının istehsal ediləcəyi konserv zavodu istifadəyə verilib. Zavodun tikintisində Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditdən də istifadə olunub. Bu, dövlətin sahibkarlığa dəstəyinin bir nümunəsidir.
Qeyd etmək yerinə düşər ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə, 2 min 351 sahibkarlıq subyektinə 83,2 milyon manat, o cümlədən, yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri açılıb.
Hazırda rayonda sement zavodunun tikintisi davam etdirilir. Yeni müəssisələrin yaradılması isə ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, bölgənin müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmasına, çoxlu sayda insanın işlə təminatına töhfədir. Rayonda, həmçinin, gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şəraitin olduğu Qazax Gənclər Mərkəzi, ölkənin güclü şahmat ənənələrinin davam etdirilməsinə xidmət edən Şahmat Mərkəzi açılıb.
Yeri gəlmişkən, dövlət başçısı Ağstafaya da səfər edib. ümumiyyətlə, digər bölgələr kimi, Ağstafa şəhəri də yüksəliş dövrünü yaşayır. Şəhərdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkı və Səməd Vurğun adına mədəniyyət və istirahət parkı abadlaşdırılaraq sakinlərin ixtiyarına verilib. Prezident İlham Əliyev aprelin 12-də Ağstafaya səfəri çərçivəsində ziyalılarla görüşündə bölgələrin inkişafına verilən önəmi bir daha vurğulayıb: “Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır. Uzunmüddətli dayanıqlı inkişaf istəyiriksə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Mən çox şadam ki, həm Ağstafada, həm Qazaxda, digər bölgələrdə bu sahədə görülən işlər təqdirəlayiqdir”.
Ağstafada, həmçinin, Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binası, Gənclər Mərkəzi, aqrotexniki xidmətlər göstərən müəssisə, Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolu istifadəyə verilib.
Respublikanın şimal-qərb rayonları içərisində Tovuz da öz inkişafı ilə diqqət çəkir. Rayonda quruculuq və abadlıq işləri aparılır, yeni layihələr icra olunur. Məlumat üçün bildirək ki, rayona səfəri zamanı dövlət başçısı Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun yenidən qurulması prosesi ilə maraqlanıb. Dövlət başçısı Tovuzda yüksək tələblərə cavab verən yeni hotelin açılışında iştirak edib.
Dövlət başçısı Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə də maraqlanıb. Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixinə malik olduğunu göstərən bu maddi mədəniyyət nümunəsinə verilən yüksək qiymətin göstəricisi olaraq abidə rayonun turizm marşrutuna daxil edilib. ölkəmizdə “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, cari ildə abidənin ətrafının abadlaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant-layihəsinə uyğun olaraq əsaslı şəkildə elmi tədqiqat işlərinin davam etdirilməsi və ərazidə arxeoparkın yaradılması nəzərdə tutulub.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 999 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30