Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan - Belarus: İqtisadi əməkdaşlığın yeni ünvanı azad edilmiş ərazilərdir 

Azərbaycan - Belarus: İqtisadi əməkdaşlığın yeni ünvanı azad edilmiş ərazilərdir 

18.05.2024 [10:20]

Azərbaycan və Belarus yaxın dost ölkələrdir, tərəflər arasında siyasi-iqtisadi təmasların dərin tarixi kökləri vardır.  Hər iki respublika sovetlər dövründə də yaxın münasibətlərə malik olub, müstəqillikdən sonra isə tamamilə yeni dinamik mərhələ başlanılıb. Son illərdə ikitərəfli əlaqələr daha da inkişaf etməyə başlayıb, iqtisadi dinamika hər il yüksəlib və ticarət dövriyyəsi ötən il 440 milyon dollara çatıb, tərəflər mal mübadiləsini 500 milyon dollara çatdırmaq istəyir. Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur və iqtisadi dövriyyəni artırmaq üçün imkanlar böyükdür.

Belarus Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edir. Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, spirtli içkilər, fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçalar idxal olunur. 

Mayın 16-da ölkəmizə səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə keçirdiyi görüş və müzakirə olunan mühüm məsələlər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni mərhələ açır. 

Belarusun Azərbaycanla iqtisadi əməkdaşlığının yeni gündəliyində əsas ana xətt azad olunmuş ərazilərdə quruculuq və iqtisadi inkişaf proqramlarında yer almaqdır. Hazırda bu bölgədə dayanmadan artan iqtisadi təşəbbüslərin və xarici investorların saysız təkliflərinin fonunda Belarus sərmayədar ölkələrdən geridə qalmaq istəmir və iqtisadi layihələrdə daha fəal olmaq istəyir. Ələlxüsus da Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tətbiq etdiyi vergi azadolmaları və güzəştləri həmin ərazilərdə biznes mühitinin güclənməsinə və inkişafına, xarici investisiyaların cəlbinə güclü təşviqlər yaradıb və İtaliya, Rusiya, Cənubi Koreya, İsrail, Türkiyə, Çin, Qazaxıstan, Özbəkistan və digər ölkələrin investorları bölgədə yerləşib. Bu baxımdan Belarus da vaxt itirmək istəmir və yaranmış əlverişli iqtisadi mühit və vergi güzəştlərindən faydalanaraq daha çox layihədə təmsil olunmağa çalışır. 30 il ərzində investisiyalardan kənarda qalmış bu zəngin torpaqlarda yeni həyat, iqtisadi dirçəlişdə qol çırmalamaq arzusundadır. 

Prezident Aleksandr Lukaşenkonun bəyan etdiyi kimi uzun müddət səhraya çevrilmiş bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır və ölkəsi bu prosesdə Azərbaycanın yanında yer almağı qürurverici hal sayır. Lukaşenkonun “əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik” fikri bir daha ona dəlalət edir ki, Belarus Qarabağ və Şərqi-Zəngəzurda iqtisadiyyatın əksər sektorlarında özünə yer axtarır. 

Azad ərazilərin hədsiz dərəcədə zəngin minera? ehtiyatları və torpaq resursları vardır, bölgədə artıq kənd təsərrüfatının inkişafı üçün layihələrin icrası 2 ildir ki, davam edir. Yeni aqrar layihələrin təməlləri qoyulur, əkin dövriyyəsini genişləndirmək üçün ən qabaqcıl texnologiyalar tətbiq olunur. Belarusun bu sahədə yaxşı təcrübəsini və potensiallarını nəzərə alsaq bu sahədə əməkdaşlıq hər iki tərəf üçün yaxşı fürsətlər yaradır, xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı beynəlxalq logistika zəncirinin pozulması Avropa və digər bölgələrdə aqrar tədarük mallarının ticarət təchizatını da pozur. Azərbaycan mineral gübrələr, kimyəvi pestisid və maddələr, eləcə də kənd təsərrüfatı məqsədli xammal və ehtiyatların böyük bir qisminin xaricdən idxal edir ki, geosiyasi vəziyyət həmin malların idxalında həm ləngimələr, həm də bahalaşmalara səbəb olmaqdadır. Bu cəhətdən dünyada mineral gübrə və kimyəvi aqrar mallar üzrə lider ölkələrdən biri olan Belarusun Qarabağda belə bir istehsal və emal kompleksləri yaratmaq niyyəti Azərbaycan üçün də arzuolunandır.

Bundan başqa, Belarus kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində də MDB liderlərindən biridir, xüsusilə ağır sənaye texnikalarının istehsalında güclü imkanları mövcuddur. 

Qarabağ həm də hazırda geniş sənaye parkları zonasına çevrilməkdədir. Bu bölgədə Araz Vadisi İqtisadi Zonasının və Ağdam Sənaye Parkının təməli qoyulub və bir neçə xarici şirkət rezidentlik hüququ əldə edib. Həmin investorlar 10 illik mənfəət vergisindən, xaricdən gətirilən avadanlıqlar 7 il müddətinə gömrük rüsumlarından və ƏDV-dən azad olunublar. Cəbrayıl, Ağdam, Zəngilan və digər bölgələrdə sənaye parkları və aqroparkları yaradılmaqdadır, xarici investorların bir qismi artıq işə başlayıb. Belarusun texnoloji gücü və imkanları aqrar-sənaye komplekslərinin yaradılmasında əsaslı rol oynamış olardı, ona görə də bu ölkənin həmin bölgədə ən yaxşı sərmayədarlardan biri kimi kənd təsərrüfatı texnikalarının, o cümlədən infrastrukturların bərpasında ehtiyac duyulan ağır maşınların, MT3 və MAZ-ların istehsalında yer alması əhəmiyyət kəsb edə bilər. 

Həmçinin, Belarus güclü sənaye platformasına qadir ölkədir, ağır texnikalar istehsalı üzrə ixtisaslaşmış zavodları var, dəmir yolu sahəsində tələb olunan texnologiyaların istehsalında imkanları böyükdür. Qarabağda aparılan nəhəng tikinti infrastrukturlarına həmin zavodlarda yığılan maşınların faydası böyük ola bilər, həmin zavodların azad edilmiş ərazilərdəki sənaye texnoparklarında qeyri-rezident kimi təmsil olunması da mümkündür.

Azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı ilə bağlı da iri layihələr icra olunur, İsrail, Türkiyə Azərbaycanla birgə emal müəssisələrini qurub, bu torpaqlarda heyvandarlığın inkişafı üçün imkanlar isə daha böyükdür. Ona görə də cins mal-qara üzrə MDB-nin lideri olan Belarusun heyvandarlıq müəssisələri yaratması da hər iki ölkə üçün xüsusi önəm daşıyır. Bu, həmin bölgədə və Azərbaycanda süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün də xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmlənməsində dərin töhfə verə bilər. Eləcə də Belarus təcrübəsi üzrə Qarabağda aqroşəhərciklərin salınması böyük bir iş yerləri, məşğulluq proqramlarının gerçəkləşməsi deməkdir. 

Yeri gəlmişkən, Belarus Prezidentinin dünən Füzuli rayonuna səfərinin məqsədlərindən biri də məhz bu bölgənin iqtisadi imkanları ilə yerindəcə tanış olmaq, Belarus şirkətlərinin Qarabağa sərmayə qoyması üçün mövcud resurs və xammal  ehtiyatlarını qiymətləndirməkdən ibarətdir.

Belarusun əczaçılıq sənayesi də güclüdür, Azərbaycan hazırda dərman idxalını azaltmaq və milli əzcaçılıq sektorunu inkişaf etdirmək üçün layihələrə start verib, Belarusla bu sahədə əməkdaşlıq da məhz dərmanlara olan ehtiyacın yerli istehsal hesabına təmin olunmasına imkan yaratmış olur.

Ümumiyyətlə, Belarus Respublikasının Azərbaycala iqtisadi bağlantılarında yeni səhifə açmaq üçün təklif və planları olduqca geniş və çoxşaxəlidir. Hökumətlərarası Komissiyamızın həmsədrləri səviyyəsində müzakirələr zamanı da gələcək əlaqələrin Yol xəritəsində hədsiz dərəcədə saysız iqtisadi hədəflər yer alıb. Prezident Aleksandr Lukaşenkonun səfəri zamanı iki ölkə arasında imzalanmış sənədlər, xüsusilə də gömrük, kənd təsərrüfatı, iqtisadiyyat və ticarət, investisiyalar sahəsində razılaşdırılmış yeni sazişlər yuxarıda qeyd edilən bütün hədəflərə çatmağa imkan verəcəkdir. 

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30