Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Regionların inkişafı Azərbaycanın sosial-iqtisadi yüksəlişinin parlaq göstəricisidir

Regionların inkişafı Azərbaycanın sosial-iqtisadi yüksəlişinin parlaq göstəricisidir

27.02.2015 [01:03]

Dövlət proqramlarının uğurla həyata keçirilməsi bölgələrin mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib
Məlum olduğu kimi, son illər Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığın yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli-iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabətqabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb.
Bu siyasət Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına əsaslanır
Regionların inkişafına dair həyata keçirilən proqramlar Azərbaycanın iqtisadi siyasətinin ümumi tərkib hissəsi olmaqla uzunmüddətli və davamlı inkişafa, gələcəyə hesablanmış “Yol xəritəsi” hesab oluna bilər. Əslində, Azərbaycan regionlarının inkişafının prioritetləri və bu siyasətin konturları Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasına əsaslanır.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında işlənib hazırlanmış və ardıcıllıqla həyata keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində həlledici mərhələ oldu. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub, ölkə başçısı 11 il ərzində bölgələrə davamlı şəkildə səfərlər etməklə proqram çərçivəsində əlavə tədbirlərin görülməsinə qərar verib. Ölkə başçısı ötən dövrdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub. Rayon ictimaiyyəti ilə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq regionlara vəsaitlərin ayrılması barədə sərəncamlar imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqətin ən yüksək təcəssümüdür.
Ötən 11 ilin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə Dövlət proqramları mühüm rol oynayıb. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olub
Dövlət proqramlarının icrası ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olub, bu dövrdə (2004-2014-cü illər ərzində) ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artıb. Həmçinin, minimum əmək haqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşüb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2 milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılıb.
Hazırda icrası davam etdirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır. Proqramın icrasından ötən 1 il ərzində regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Son 1 ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Son 1 ildə regionlarda sosial infrastruktur və kommunal xidmət təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Respublika üzrə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb, regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub, məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 1-ci ilinin yekunlarına həsr olunmuş konfransda qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan tədbirlərin icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən, regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib.
Azərbaycanda 55 min yeni müəssisə yaradılıb
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib ki, 2014-cü ildə əldə olunmuş inkişaf göstəriciləri 2015-ci il üçün əlverişli zəmin deməkdir və cari ildə ölkəmizin iqtisadiyyatında artımın davam edəcəyini nikbinliklə söyləmək olar: “Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.
Dövlətimizin başçısı regionların inkişafında sahibkarlar ordusunun fəaliyyətinin də mühüm rol oynadığını deyib və bu təbəqəyə xüsusi diqqət göstərdiyini vurğulayıb. “Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son 10 il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir”, - deyən dövlət başçısı bu dəstəyin qarşıdakı 5 ildə - üçüncü regional inkişaf proqramı çərçivəsində davam etdiriləcəyini bildirib: “Bu dəstək hesabına böyük işlər görülmüşdür. Son 10 il ərzində Azərbaycanda 55 min yeni müəssisə yaradılmışdır. Dövlət xətti ilə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Gələcəkdə biz hər il təxminən 270-300 milyon manat həcmində güzəştli kreditlər verəcəyik. Beləliklə, proqramın sonuna - 2018-ci ilə qədər təxminən bir milyard yarım manat vəsait kredit veriləcəkdir. Bu vəsait də iqtisadiyyatın real sektoruna qoyulacaqdır”.
2014-2018-ci illərdə inkişaf doktrinasının əsas şaxələrindən biri regionların tarazlı inkişaf coğrafiyasını genişləndirmək, bölgələrdə istehsalın səviyyəsini və müəssisələrin sayını artırmaq, liberal və maliyyə baxımından özünü təsdiqləyən milli istehsalçıların sırasının çoxalmasına çatmaqdır. Proqramın əsas hədəfi regionlardakı iqtisadi sərvətləri tam hərəkətə gətirmək, dövriyyəyə cəlb etmək, istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevirməklə iqtisadi gücü ən azı 2 dəfə artıqmaqdan ibarətdir. Bu məqsədlə ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan differensiasiyanın minimuma endirilməsi, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması prioritetləri daxildir.
Qarşıdakı mərhələdə respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına təkan verəcək, nəticədə bütün rayonların sosial həyatında ciddi dəyişikliklər müşahidə olunacaq. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 1184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30