Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir

Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir

03.11.2018 [10:46]

Dünya Bankının “Doing Business 2019” hesabatında respublikamız mövqeyini 2017-ci illə müqayisədə 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb
Son illərdə müstəqil Azərbaycanın həyatı dünyadakı yeni trendlər və ölkəmizin güclü potensialı nəzərə alınmaqla həyata keçirilən dərinməzmunlu islahatlarla səciyyələnir. Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatlar respublikada davamlı sosial-iqtisadi inkişafı, o cümlədən də qeyri-neft iqtisadiyyatında, özəl sektorda istehsal imkanlarının genişlənməsini təmin edib.
Əlamətdar haldır ki, respublikamızın nümunəvi inkişaf modeli bütün dünyada böyük diqqətlə izlənilir. Son vaxtlarda ayrı-ayrı nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurları yüksək dəyərləndiriblər. Bu baxımdan Dünya Bankının bir neçə gün bundan əvvəl təqdim olunan “Doing Business 2019” hesabatı da istisna deyildir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına imkan verib.
Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilib
Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabata əsasən, respublikamız dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.
Ekspertlər Dünya Bankının yaydığı yeni hesabatda Azərbaycanın yüksək qiymətə layiq görülməsinin və ayrı-ayrı indikatorlar üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasının ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olduğunu bildirirlər. Qəzetimizə danışan Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. A.Hüseynov fikirlərinə davam edərək deyib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2015-ci ilin sonlarından başlayaraq neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib və mahiyyətcə yeni xarakter kəsb edib. Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım təmin olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib”.
Millət vəkili diqqəti ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması, özəl sektora siyasi və maddi dəstək tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirilən islahatların önəminə çəkib. O bildirib ki, ölkəmizdə özəl sektorun imkanlarının artırılmasına hesablanan islahatlar müxtəlif məsələləri əhatə edir. Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınması, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılması və digər belə tədbirlərin aktuallığı böyükdür. Eyni zamanda, sahibkarlara dəstək mexanizmi də getdikcə təkmilləşdirilir.
“İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. 2018-ci ilin sonunadək geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Sənədə əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 1 000 000 manatadək artırılıb.
Ardıcıl şəkildə həyata keçirilən bu kimi tədbirlər sayəsində dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Artıq respublikamızda güclü sahibkarlar ordusu formalaşıb”, - deyə A.Hüseynov vurğulayıb.
Millət vəkili belə bir məqamı nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks iqtisadi islahatlar digər nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, “Doing Business 2019” hesabatının da bütün indikatorlarını əhatə edib. Nəticədə, 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ-hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilib və qeydə alınması üçün “Doing Business” komandasına təqdim olunub. Millət vəkilinin sözlərinə görə, aparılan islahatlar nəticəsində vətəndaşların və sahibkarların məmnunluğunun artırılması, bu sahədə şəffaflığın təmin olunması ilə yanaşı, müxtəlif sektorlar üzrə inzibati prosedurların sayının və xərclərin minimuma endirilməsi, dövlət xidmətlərinin göstərilməsində keyfiyyətin daha da yüksəlməsinə nail olunub.
“Doing Business 2019” hesabatında yüksək dəyərləndirilən uğurlar ölkədə aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əks etdirdiyini göstərir
Mövzu ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin deputatı Rauf Əliyev Dünya Bankının ənənəvi “Doing Business” hesabatının çox obyektiv meyarlarla hazırlandığını və beynəlxalq miqyasda böyük maraqla izlənildiyini vurğulayıb. Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatının biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunduğunu deyən R.Əliyev vurğulayıb: “Doing Business” komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə, hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. “Doing Business” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır”.
Millət vəkilinin sözlərinə görə, Dünya Bankının beynəlxalq səviyyədə böyük nüfuza malik hesabatında yüksək dəyərləndirilən uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
“Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib”, - deyə millət vəkili bildirib.
R.Əliyev mövzu ilə bağlı fikirlərini hesabatdan gətirdiyi aşağıdakı sitatla tamamlayıb: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 835 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30