Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21.08.2019 [09:44]

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir
Respublikamız iqtisadi inkişafın ardıcıllığını 2019-cu ilin birinci yarısında da qoruyub saxlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında son 6 ayda respublikamızda iqtisadiyyatın ayrı-ayrı istiqamətləri üzrə əldə olunan uğurlu göstəricilərdən məmnunluğunu ifadə edib. “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Daxili istehsalın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır
Son illərdə qlobal miqyasda müşahidə edilən gərginliklər fonunda Azərbaycanda ardıcıl olaraq iqtisadi inkişafa nail olunması ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətlə bağlıdır. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda iqtisadi inkişaf üçün bütün zəruri şərtlər yüksək səviyyədə təmin edilib. Ölkəmizdə davamlı iqtisadi inkişafı şərtləndirən amillər sırasında isə aparılan islahatların önəmini xüsusi qeyd etmək lazımdır. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar post-neft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi nitqində respublikamızda mühüm islahatlar aparıldığına diqqət çəkərək bildirib: “Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur”.
Yeni iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Yeni şəraitdə respublikamızda aparılan iqtisadi islahatlar çərçivəsində ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb ki, burada da əsas məqsədlərdən biri xarici bazarlara daha çox mal çıxartmaqla ölkəyə valyuta daxilolmalarını artırmaqdır.
Eyni zamanda, daxili istehsalın dəstəklənməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər böyük aktuallıq daşıyır. Qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan məhsullar üzrə idxala spesifik rüsumlar tətbiq edilir. Milli sahibkarlar ölkədə daxili istehsalın dəstəklənməsinə yönələn tədbirlərdən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, özəl bölmə təmsilçiləri son vaxtlarda istehsal təyinatlı müəssisələrin yaradılmasına məmnuniyyətlə investisiyalar yönəldirlər.
Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. Qürur doğuran haldır ki, bu gün respublikamız yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata sahibdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində respublikamızda aparılan iqtisadi məzmunlu islahatların önəminə diqqət çəkərək “Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar”, - deyə vurğulayıb.
Dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan güclü maliyyə təminatına malik ölkəyə çevrilib
Davamlı iqtisadi inkişaf nəticəsində ölkəmizdə həyatın bütün sahələrində müsbət reallıqlar yaranıb. Burada respublikamızın maliyyə imkanlarının genişlənməsinin önəmini isə ayrıca vurğulamaq lazımdır. Məlumdur ki, son 15 ildə bütün respublika üzrə yüksəksəviyyəli infrastruktur quruculuğu həyata keçirilib. Belə ki, bəhs olunan dövrdə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamızda qazlaşdırmanın səviyyəsi 96 faizə çatdırılıb ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib. Son 15 ildə respublikamızda 15 min kilometrdən çox yol çəkilib, 443 körpü tikilib.
Bəhs olunan dövrdə ölkə daxilində və regionda nəhəng infrastruktur layihələrinə böyük həcmlərdə sərmayələr yönəltməsinə baxmayaraq, respublikamız həmçinin özünün valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müşavirədəki çıxışında getdikcə artan valyuta ehtiyatlarını ölkəmizin böyük sərvəti kimi dəyərləndirərək deyib: “Mən qeyd etdim ki, bizim büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb - 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq”.
Azərbaycanı nümunəvi ölkə kimi səciyyələndirən vacib məqamlardan biri də ondan ibarətdir ki, respublikamızın xarici borclanması kifayət qədər aşağı səviyyədədir. Hazırda respublikamız xarici borcundan 4-5 dəfə çox həcmdə sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına malikdir. Bu, o deməkdir ki, Azərbaycan istədiyi vaxtda xarici borcunu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilər. Prezident İlham Əliyev ölkəmizin xarici borcunun getdikcə azalmasından məmnunluğunu bildirib. “Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”, - deyə dövlət başçısı vurğulayıb.
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edib. Eyni zamanda güclü iqtisadiyyat bu gün respublikamızın müstəqil siyasət aparmasının təməlində dayanan əsas amil qismində çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində respublikamızın güclü və özünü təmin edən iqtisadiyyata malik olmasına xüsusi diqqət çəkib. “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir”, - deyə dövlət başçısı vurğulayıb.
İqtisadi-maliyyə imkanları getdikcə artan Azərbaycan milli maraqlarını daha qətiyyətlə qoruyur və özünün sosial siyasətini daha da dərinləşdirir ki, bu da insanlarda adekvat olaraq məmnunluq hissi yaradır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30