Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sentyabrın 1-dən əməkhaqlarının növbəti dəfə artırılması Azərbaycanın əhalinin rifah halının yüksəldilməsinə yönələn sosial siyasətini əks etdirir

Sentyabrın 1-dən əməkhaqlarının növbəti dəfə artırılması Azərbaycanın əhalinin rifah halının yüksəldilməsinə yönələn sosial siyasətini əks etdirir

03.09.2019 [09:40]

Prezident İlham Əliyev: Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial rifah halının daha da yüksəldilməsi prioritet təşkil edəcək. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Belə ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin birinci yarısında iki böyük sosial islahat paketi təsdiqləyib.
Aparılan sosial islahatlar çərçivəsində qarşıya qoyulan əsas hədəflərdən biri də ölkə vətəndaşlarının gəlir imkanlarının, o cümlədən də əməkhaqlarının artırılması ilə bağlıdır. Respublikamızda sentyabrın 1-dən etibarən minimum əməkhaqqı cari ildə ikinci dəfə artırılıb. Dövlət başçısının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən minimum əməkhaqqı 40 faiz artırılıb. Çox haqlı olaraq ölkəmizdə minimum əməkhaqqının 2019-cu ilin əvvəlindən bəri 2 dəfə artırılması ciddi sosial təşəbbüs kimi dəyərləndirilir.
Ölkəmizdə sosial islahatların reallaşdırılması üçün böyük həcmdə maliyyə vəsaiti yönəldilir
Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Rəqəmlərdən də göründüyü kimi, söhbət çox böyük həcmli maliyyə təminatından gedir. İndiki qlobal çətinliklər şəraitində dövlətlərin gəlirlərinin azalmasının, hətta ayrı-ayrı ölkələrin sosial sferada müəyyən ixtisarlar aparmalarının fonunda respublikamız yeni sosial təşəbbüslərlə çıxış edir və insanların həyat səviyyəsinin yüksəldilməsi, gəlir imkanlarının artırılması üçün böyük həcmlərdə maliyyə vəsaiti ayrılır. Bəs qlobal çətinliklər şəraitində də respublikamızda sosial sferanın prioritetliyinin təmin olunması hansı amillərlə şərtlənir? Ölkəmiz sosial məqsədlər üçün xərclənən maliyyə vəsaitini hansı mənbələrdən əldə edir?
Sualların cavabı olaraq bildirmək yerinə düşər ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi, sosial sferada həyata keçirdiyi siyasətdə də ölkəmizin reallıqlarına, konseptual əsaslandırmalara və praqmatik yanaşmalara istinad edir. Cari ilin birinci yarısında iki mərhələdə elan olunan sosial paketlər də məhz respublikamızın getdikcə artan iqtisadi potensialı və maliyyə imkanları nəzərə alınmaqla hazırlanıb.
Məlum olduğu kimi, son 16 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, o cümlədən də ilk növbədə qeyri-neft sektorunun, özəl bölmənin üstün inkişafının təmin olunmasını hədəfləyən islahatlar sayəsində güclü iqtisadiyyat quruculuğuna nail olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Bu gün Azərbaycan iqtisadiyyatı tam müstəqil, heç bir kənar gücdən, heç bir beynəlxalq maliyyə qurumundan, kredit təşkilatından asılı olmayan bir iqtisadiyyatdır.
Ölkənin iqtisadi potensialının artması ilə paralel şəkildə maliyyə imkanlarımız da əhəmiyyətli dərəcədə genişlənib. Respublikamız bir tərəfdən irimiqyaslı infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəldir, digər tərəfdən isə özünün strateji valyuta ehtiyatlarını artırır. 2019-cu ilin ilk 6 ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artaraq 49 milyard dollara çatıb. Ölkəmiz son bir ildə özünün xarici borcunu 4 faiz azaltmağa nail olub. Hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsula nisbətdə cəmi 19 faiz təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir.
O da xarakterik haldır ki, respublikamızda iqtisadi potensialın artırılmasına hədəflənən islahatlar davamlı səciyyə daşıyır. Bu proses ölkəmizdə 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında dövlət başçısı vurğulayıb ki, ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. Ölkə iqtisadiyyatı bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Ən uğurlu göstərici 15,7 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Son 6 ayda kənd təsərrüfatında istehsal 13 faiz artıb.
Öz növbəsində Azərbaycanın güclü iqtisadi potensialı ölkədə dərinməzmunlu sosial siyasət aparmaq üçün fundamental baza rolunda çıxış edir. Bundan başqa, respublikamız cari ilin əvvəlindən bəri uğurla reallaşdırılan islahatların, o cümlədən də aidiyyəti qurumlarda şəffaflığın yüksək səviyyədə təmin edilməsinin nəticəsində böyük həcmlərdə əlavə maliyyə vəsaiti qazanıb, büdcə gəlirlərimiz artıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.
Ölkəmiz özünün geniş maliyyə imkanlarından son dərəcə qənaətlə və məqsədyönlü şəkildə istifadə edir. O cümlədən büdcəmizə daxil olan əlavə gəlirlər prioritet istiqamətlərə yönəldilir. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”, - deyə vurğulayıb.
İrəli sürülən sosial təşəbbüslər ilk növbədə əhalinin həssas qruplarını əhatə edir
Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və ölkənin qazandığı gəlirlər ədalətli şəkildə bölüşdürülür. İrəli sürülən sosial təşəbbüslər ilk növbədə əhalinin həssas qruplarını əhatə edir. Aşağıdakı misalların timsalında bunu bir daha görmək mümkündür. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanıblar.
Cari ildə Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı sənədlərin bir qismi sosial müavinətlərin artırılması ilə bağlıdır. Məlum olduğu kimi, dövlət başçısı 2019-cu il 25 fevral tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixində imzaladığı müvafiq Sərəncam və fərmanlarla isə bir sıra kateqoriyalardan olan vətəndaşlara verilən sosial müavinətlər və Prezident təqaüdləri aprelin 1-dən orta hesabla 100 faiz artırılıb, həmçinin yeni təqaüd növləri təsis olunub. Beləliklə, aprelin əvvəlindən qüvvəyə minən qərara əsasən sosial müavinətlər iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılıb. Müşavirədə qeyd olunduğu kimi, müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib. Bunlardan 300 mindən artığı əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu isə tələbə və gənclərdir.
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inqilabi qərarla Prezident İlham Əliyev 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı “çoxillik həllolunmaz problem”ə son qoyub.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə cari ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan sosial islahatların əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyev milyonlarla insanın yeni sosial paketdən bəhrələnəcəyini bildirərək vurğulayıb: “Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır”.
Ölkəmizdə minimum əməkhaqqı sentyabrın 1-dən 180 manatdan 250 manata çatdırılıb
Respublikamızda pensiyaların və əməkhaqlarının artırılması kimi gözəl ənənə 2019-cu ilin əvvəlindən reallaşdırılan sosial islahatlar çərçivəsində də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Ümumiyyətlə, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və başqalarının əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.
Ölkəmizdə sentyabrın 1-dən ciddi önəm daşıyan daha bir sosial təşəbbüsün icrasına başlanılıb. Söhbət minimum əməkhaqqının cari ildə növbəti dəfə artırılmasından gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.
Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.
Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə də alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənib. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.
Dövlət başçısının 18 iyun 2019-cu il tarixində imzaladığı Sərəncamla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, ikinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib. Prezident İlham Əliyev minimum əməkhaqqının və minimum pensiyanın artırılmasının önəminə diqqət çəkərək vurğulayıb: “Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır”.
Onu da qeyd edək ki, bəhs olunan Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.
Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildirlər.
Yeni VTC-də tarif (vəzifə) maaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə 1 sentyabr 2019-cu il tarixindən başlanılıb.
Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb. Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30