Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR

MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR

28.02.2020 [09:32]

Azərbaycan Respublikasında milli iqtisadiyyat üzrə quruculuq prosesləri inkişaf dinamikasına malikdir. Müasir müstəqilliyin hazırkı mərhələsində uzunmüddətli perspektivlərin müəyyən olunduğu tədbirlər ölkənin bütün regionlarının istehsal (iqtisadi) münasibətlərinin inkişafındakı rolunu artırmış, bu isə iqtisadiyyatın sosiallaşması sahəsində dayanıqlı potensial formalaşdırmışdır. Nəticədə isə iqtisadiyyat özünün çoxşaxəliliyi ilə əhalinin rifah səviyyəsinin, sosial müdafiəsinin və məşğulluq perspektivlərinin etibarlı təminatı sahəsində güclü bazaya çevrilmişdir. Məşğulluq həm elmi, həm də sosial-iqtisadi mahiyyəti ilə bütün dövrlərin aktual məsələsi olaraq qalmaqdadır. Ölkələr çox müxtəlif tədbirlər, islahatlar və tənzimləmələr vasitəsilə məşğulluğun hüquqi və iqtisadi təminat mexanizmlərini hazırlayır və yeni iş yerlərinin açılması ilə bu sahədəki məqsədlərini əlçatan edirlər. Əlbəttə ki, məşğulluq anlayışı özünün dolğun izahı ilə işsizliyin minimum səviyyəsini ifadə edir və bu sahə üzrə pozitiv meyilləri nəzərdə tutur. Buna görə də ölkəmizdə məşğulluğun təmin olunması sahəsində nail olduğumuz hazırkı inkişaf səviyyəsindən baxdıqda geridə qalan illərin strateji tənzimləmə sahəsindəki mühüm göstəricilərlə zəngin olduğunu qeyd edə bilərik.
Həyata keçirilən məşğulluq tədbirlərinin mövcud vəziyyətinin təhlili və uzaq gələcək üzrə perspektivlərinin müəyyən olunması bir daha göstərir ki, bu sahə dövlətin iqtisadi prioritetlərinə aiddir və müvafiq istiqamətdəki proseslərin davamlılığı təmin olunmuşdur. Elə həmin tədbirlərin nəticəsi olaraq, 13 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan Sərəncamla Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı təsdiq olunmuşdur. Bu Sərəncam əvvəlki dövrlərdə məşğulluq sahəsində qüvvədə olan qanunvericiliyin sosial-iqtisadi və məntiqi davamıdır. Qeyd edək ki, Tədbirlər Planı beş əsas mərhələdən ibarətdir. Bunlar:
- əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsindən;
- işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsindən;
- aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsindən;
- sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasından;
- əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsindən ibarət olmaqla, dövlətin məşğulluq siyasətinin çoxistiqamətliliyini bir daha göstərir.
Qeyd edək ki, əvvəlki dövrlərdə də, xüsusən 2 iyul 2001-ci və 29 iyun 2018-ci il tarixlərində Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Dövlət başçısının 26 oktyabr 2005-ci ildə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 15 may 2007-ci il tarixində imzaladığı Sərəncamla isə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-ci illər)” da təsdiq olunmuşdur. Bunlarla yanaşı, 2006-2015-ci illər üzrə təsdiq olunmuş Dövlət Proqramında nəzərdə tutulmuş ikinci mərhələnin həyata keçirilməsini təmin etmək məqsədilə 15 noyabr 2011-ci il tarixində dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Bütün bunlar bir daha göstərir ki, məşğulluq məsələsi dövlətin gündəlik diqqəti ilə əhatə olunmuşdur və onun uzaq gələcək üzrə müəyyən olunması nəzərdə tutulmuşdur. Bunu 30 oktyabr 2018-ci il tarixində “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında dövlət başçısı tərəfindən imzalanan növbəti Sərəncam da göstərir.
Bu bir həqiqətdir ki, ölkədə sosial dayanıqlılıq ifadəsi olan məşğulluq siyasəti son 16 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının səmərəli icrası ilə daha etibarlılıq qazanmaqdadır. Keçən müddət ərzində ölkə iqtisadiyyatında yeni hədəf və prioritetlərin müəyyən olunması və reallaşdırılması sahəsində daha dinamik islahatlar həyata keçirilmişdir. Həmin dövrlərdə qeyri-neft sektorunun inkişafı, milli iqtisadi quruculuq proseslərinin sürətləndirilməsi, iqtisadiyyatın sosialyönümlülüyünün artırılması sahəsindəki perspektivlərin daha da artırılması və digər məsələlər daha aktual bir şəkildə diqqət mərkəzində saxlanılmışdır. Təbii ki, bütün bunlar artıq geridə qalan 2019-cu ilin yekunları üzrə də artan dinamika ilə yadda qalmışdır. Bu sahədəki davamlı uğurları cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək dəyərləndirərək demişdir: “14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir”.
Ölkəmizdə bazar münasibətlərinin inkişafı və bu əsasda davam edən islahatlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmaqla, iqtisadiyyatın müqavimətliliyinə və bununla da əhalinin firavan həyat şəraitinin təmin olunmasına xidmət etməkdədir. Nəticə etibarı ilə qeyd edə bilərik ki, islahatlar müasir dövrün sosial-iqtisadi tələblərinə, dünyanın çağırışlarına və hazırkı inkişaf səviyyəsinə xas şəkildə aparılaraq daha çox məşğulluğun təmin olunmasında özəl sektorun çəkisinin artırılmasına istiqamətlənib. Yaradıcı ideya və təşəbbüslərin artan təcrübə əsasında təmin olunan iqtisadi idarəetmə ilə vəhdət halında reallaşması bu sahədəki tədbirlərin məhsuldarlığını daha da artırmışdır. Qeyd edək ki, bu sahədə uğurla icra olunan Dövlət proqramlarının səmərəli nəticələri mühüm əhəmiyyətə malik olmağı ilə seçilir. (Şəkil 1).
Həyata keçirilən islahatlar qeyri-dövlət sektorunun inkişafı sahəsindəki nəticələrin səmərəliliyini də artırmışdır. Hesablamalar göstərir ki, 2014-2018-ci illərdə məşğulluğun təmin olunmasında qeyri-dövlət sektorunun çəkisi 74,4 faizdən 76,3 faizə yüksəlmişdir. Müvafiq olaraq, dövlət sektorunun çəkisi isə 25,6 faizdən 23,7 faizə enmişdir. Göründüyü kimi, məqsədyönlülük müəyyən olunan hədəflərin reallaşmasına münbit zəminlər açmaqdadır.
Təbii ki, məşğulluq anlayışı sosial-iqtisadi mahiyyətinə görə cəmiyyətin rifah göstəricilərini xarakterizə etməklə ölkənin makroiqtisadi proseslərinin səmərəliliyini şərtləndirir və daha çox sosiallaşan iqtisadiyyatı formalaşdırır. Statistik rəqəmlərə əsasən apardığımız təhlillər də ölkədə əhalinin məşğulluq dinamikasının illər üzrə artdığını göstərir və bu, regional inkişaf üzrə Dövlət proqramlarının icrası ilə eyni vaxtda daha məhsuldar nəticələr ortaya qoymaqdadır. Digər tərəfdən, məşğulluq sahəsində həyata keçirilən tədbirlər demoqrafik inkişafla müqayisədə birincilərin üstünlük təşkil etməsini hədəfləyir. Regionlarda istehsal potensialının artırılması, təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması, məşğulluq və özünüməşğulluq imkanlarının daha da genişləndirilməsi və digər məsələlər müvafiq sahə üzrə müəyyən olunan tədbirlərin səmərəliliyini artırmışdır. Nəticədə isə, ümumi olaraq, məşğulluğun təmin olunması sahəsində müəyyən olunan hədəflərin əlçatanlığı təmin olunmuşdur. Bunu məşğul olan əhalinin cins üzrə bölgüsü də göstərir. (Şəkil 2).
Məşğulluq siyasətinin səmərəliliyi ölkədə makroiqtisadi proseslərin məqsədyönlülüyünün təmin olunmasında mühüm göstəricidir. Çünki bu həm də əmək ehtiyatlarından səmərəli istifadənin ifadəsi olub, iqtisadi fəal əhalinin sayı ilə məşğul əhalinin sayı arasındakı yaxınlaşmanın nəticəsi olaraq çıxış edir. Təbii ki, belə bir göstərici sosial bəla olan işsizliyin minimum səviyyəsinin qorunmasında zəruriliyi ilə seçilir. (Şəkil 3).
Şəklin məlumatlarından da göründüyü kimi, 2014-2018-ci illərdə ölkədə məşğul əhali iqtisadi fəal əhalinin 95 faizdən artığını təşkil etməkdədir. Bu isə əhali problemlərinin öyrənilməsi, insan amilinin daim aktual olaraq saxlanılması baxımından, onun makroiqtisadi proseslərin hərəkətverici qüvvəsi olaraq önəmini artırmaqdadır.
Beləliklə, məşğulluq Azərbaycan Respublikasında milli iqtisadiyyat üzrə perspektivlərin artırılmasında güc və müqavimət mənbəyidir. Ölkə başçısının təsdiq etdiyi Tədbirlər Planı qarşıdakı dövrlər üzrə mövcud potensialı daha da artıracaq və məşğulluq səviyyəsinin yüksəldilməsində keyfiyyətcə yeni mərhələnin dayaqlarını gücləndirəcək. Eyni zamanda, bu, sosial dayanıqlılığın daha da güclənməsinə xidmət edəcəkdir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə
doktoru, dosent

Paylaş:
Baxılıb: 1040 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30