Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Beşinci qlobal böhran qapıdadır

Beşinci qlobal böhran qapıdadır

29.03.2022 [10:14]

Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyata “töhfələri”

Mübariz ABDULLAYEV

Bir sıra geosiyası amillər üzündən başlayan və artıq bir aydır ki, davam edən Rusiya-Ukrayna müharibəsinin mənfi təsirləri, həmçinin qlobal iqtisadiyyatda özünü göstərməkdədir. Analitiklər sonu görünməyən müharibənin qlobal iqtisadiyyatda fəsadlarının daha da artacağını proqnoz edirlər. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bildirən iqtisadçı-ekspert Saleh Məmmədov müharibənin bütün dünyada yeni reallıqlar formalaşdırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı yeni bir krizisin astanasındadır. “XXI əsrin əvvəlindən dünyanı və yaxud regionu əhatə edən dörd böhranla üzləşmişik. Birinci böhran 2006-cı ildə Rusiya tərəfindən Gürcüstanın bir hissəsinin işğalı ilə başladı. Əlbəttə, burada başqa səbəblər də var idi. İkinci böhran 2014-cü ildə yenə də Rusiya tərəfindən Krımın ilhaqının nəticəsi olaraq yarandı. Hər iki böhran bu və ya digər dərəcədə respublikamıza da öz mənfi təsirlərini göstərdi. Üçüncü qlobal böhran pandemiya ilə bağlı oldu. Ömrü nisbətən qısa olan bu böhran artıq keçmək üzrədir. Pandemiya böhranı dünyanın bütün ölkələrini əhatə etdi. Belə düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə yeni bir qlobal böhranı qarşılamaqdayıq”, - deyə iqtisadçı ekspert vurğulayıb.

Saleh Məmmədov “müharibənin qlobal iqtisadiyyata nə kimi “töhfələri” ola bilər?” sualını belə cavablandırdı: “Birincisi, qlobal miqyasda ərzaq böhranının yaranma ehtimalı böyükdür. Çünki müharibənin tərəflərinin hər ikisi böyük dövlətlərdirlər. İndiyədək dünya üzrə taxıl ehtiyacının böyük bir hissəsi Rusiya və Ukrayna hesabına ödənilib. Hər iki ölkə böyük ərazilərdə məhsuldar qara torpaqlara malikdir. Rusiyadan kiçik olan Ukrayna ərazi cəhətdən Avropanın ən böyük dövlətidir. Hazırda Rusiyada əkin-səpin işlərinin aparılması üçün imkanlar qalsa da, dağıntılar səbəbindən Ukraynada belə imkanlar yoxdur.  Müharibənin aktiv fazası növbəti mövsüm üçün əkin-səpin dövrünə təsadüf edir. Bu və digər səbəblər üzündən perspektivdə Ukraynadan ərzaq məhsullarının ixracının azalacağı ehtimalı böyükdür. Bir azdan biz problemləri hiss edəcəyik, yəni ərzaq böhranı çox ciddi şəkildə qarşıda duracaq.

İkincisi, dünyanı yanacaq böhranı gözləyir. Bir sıra ölkələr Rusiyadan yanacağın alınmasına etiraz edir. Burada məntiq var, çünki Rusiyanın gəlirlərinin böyük bir hissəsi neft-qaz resurslarının ixracından formalaşır. Ancaq neft və qazın alınmasına qoyulan qadağalar yalnız Rusiyanın deyil, həm də idxalçı ölkələrin iqtisadiyyatına zərbələr vuracaq. Həmin ölkələr avtomatik olaraq iqtisadiyyatlarını kiçiltmək məcburiyyətində qalacaqlar, gəlir mənbələrini, bazarlarını itirəcəklər. Avropa şirkətləri, təyyarəqayırma sənayesi böyük çətinliklərlə üzləşəcəklər.

Üçüncüsü, qlobal səviyyədə pul, maliyyə bazarı çox ciddi şəkildə gərginləşə bilər.  Beynəlxalq reytinq təşkilatları Rusiyanın vəziyyətini defoltqabağı kimi dəyərləndiriblər. Aprelin ortalarından etibarən Rusiyanın defolt olacağı gözlənilir. Təbii ki, belə vəziyyət digər ölkələrə də təsirsiz ötüşməyəcək”.

Bəs Rusiya ilə Ukrayna arasında davam edən qanlı müharibənin Azərbaycana hansı təsirləri gözlənilir? S.Məmmədovun sözlərinə görə artıq müəyyən konturları görünən böhranın Azərbaycana da təsirləri qaçılmazdır - həm mənfi, həm də müsbət təsirləri: “Müsbət təsiri odur ki, biz yanacaq-energetika ölkəsiyik. İndiki dövrdə istehsalat qıtlığı yaşanmır. Avropa ölkələrinin, ABŞ-ın öz siyasətlərini həyata keçirmələri üçün bizim məhsullarımıza tələbatları artacaq. Digər tərəfdən, dünya bazarlarında neftin və qazın qiyməti yüksəlir. Xüsusilə müharibə başlayandan qiymətlər daha yüksək templə artır ki, bu da Azərbaycanın xeyrinədir. Biz əlavə gəlirlər əldə edəcəyik”.

S.Məmmədov müharibənin milli iqtisadiyyatımıza ehtimal olunan mənfi təsirləri barədə də fikirlərini ifadə etdi. Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən ölkədir. Təəssüf ki, müharibə səbəbindən bu bazar kiçilməkdədir. “Müharibənin Azərbaycanın kənd təsərrüfatına mənfi təsirlər göstərəcəyini düşünürəm. Bu təsirlərin yumşaldılması üçün müəyyən qabaqlayıcı tədbirlər görülməlidir. Rusiyada vəziyyətlə əlaqədar bir çox məhsulların qiymətləri düşüb. Belə vəziyyət respublikamızda kənd təsərrüfatı məhsullarının ixracatçıları üçün məqbul deyil. Buna görə də onlara subsidiyalarla, vergilərdə müəyyən güzəştlər edilməsi, nəqliyyat xərclərinin qarşılanması, sığorta və digər yollarla dəstək göstərilməlidir. Ucuz idxal məhsulları, həmçinin ölkəmizdə yerli istehsala mənfi təsir göstərə bilər. Məsələn, bizdə yeni-yeni metal istehsalı başlayır. Şimal qonşumuzdan respublikamıza ucuz metal daxil olsa, yerli istehsalçlar Rusiyadan olan təchizatçılarla rəqabət apara bilməyəcəklər. Bunun qarşısının alınması üçün hökumət müəyyən tədbirlər görməlidir ki, yerli istehsalçılar müflis olmasınlar”, - deyə ekspert vurğulayıb.

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30