Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi istilik sistemi, yoxsa kombilər?

Mərkəzi istilik sistemi, yoxsa kombilər?

08.04.2022 [10:09]

Çoxmənzilli binalarda kombidən istifadə qadağan olunacaq?

Mübariz ABDULLAYEV

İlin soyuq fəsillərində mənzillərin isidilməsi həmişə aktual məsələlərdən biri kimi diqqət çəkib. Hazırda respublikamızda mənzillər və fərdi evlər müxtəlif mənbələrdən isidilir. Paytaxt Bakıda və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının bir çoxu mərkəzləşdirilmiş qaydada istilik alır. İsitmə vasitəsi kimi, eyni zamanda, kombilərdən geniş istifadə olunur. Vətəndaşlar fərdi evlərində və çoxmərtəbəli yaşayış binalarının ayrı-ayrı mənzillərində istilik probleminin həllinə nail olmaq məqsədilə kombi sistemlərinin quraşdırılmasına üstünlük verirlər. Bəs hansı isitmə sistemi daha etibarlı və təhlükəsizdir? Bu sual Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət ekoloji ekspertiza agentliyinin sədri Mirsalam Qənbərovun yeni yaşayış binalarında kombi sisteminin tətbiqinin qadağan olunacağı barədə mətbuata verdiyi açıqlamadan sonra yenidən gündəmə gəlib.

Gözdən düşən mərkəzi isitilik sistemi

Nəzəri baxımdan iri şəhərlərdə mənzillərin və xidmət obyektlərinin mərkəzi istilik sistemi vasitəsilə isidilməsi daha optimal bir variantdır. Ancaq hazırda paytaxtımızda və respublikanın bir sıra iri şəhərlərində müşahidə edilən mənzərə mərkəzi istilik sistemini gözdən salıb və ona inamı azaldıb. Mərkəzi istilik sistemlərindən qidalanan mənzillərin sakinləri şikayətlənirlər ki, müvafiq xidmətlər mövsüm vaxtı istiliyi gec verib tez kəsirlər. Ancaq mənzillərə istilik borcu mövsümün bütün ayları üzrə gəlir. Sakinləri narahat edən məsələlərdən biri qışın soyuq aylarında xətlərdə baş verən davamlı qəzalardır. Belə qəzaların sonu görünmür. Gah bu, gah da digər ünvanlarda xətlər dağılır, isti su asfaltın üstünə axır. Nə üçün xətlər vaxtında yoxlanılıb saz vəziyyətə gətirilmir? Mənzillərə istiliyin az verilməsi isə başqa bir problemdir. Məntiqlə bayırda temperatur aşağı düşdükcə istilik artırılmalıdır. Ancaq belə olmur. Bayır soyuyan kimi mənzillərdəki batareyalar da soyuyur. Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov “Yeni Azərbaycan”a açıqlamasında paytaxtımızın mərkəzi istilik sistemindəki vəziyyəti “acınacaqlı” kimi səciyyələndirdi. “Mərkəzləşdirilmiş istilik sistemində bərbad vəziyyət hökm sürür. “Azəristiliktəchizat”Açıq Səhmdar Cəmiyyətinin “Azərsu”ya, “Azəriqaz”a və digər qurumlara böyük həcmlərdə borcu yaranır. Sözügedən qurumların “Azəristiliktəchizat”dan borclarını tələb etməkdə haqlıdırlar. Lakin “Azəristiliktəchizat”ın cibləri həmişə boş olur. Qurum abonentlərdən pullarını yığmaqda çətinliklərlə üzləşir. Bu da onunla bağlıdır ki, mövsüm vaxtı mənzillərində kifayət qədər istilik almayan vətəndaşlar ödənişlər etməkdən boyun qaçırırlar. Beləliklə, abonentlər mənzillərində istilik ala bilmirlər, “Azəristiliktəchizat”da pul yığa bilmir”.

Kombilərdən istifadə problemlər yaradır

“Çoxmərtəbəli binaların mənzillərində kombilərdən istifadə problemlər yaradır”. Bu fikri KİV-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov ifadə edib. Fikirlərinə davam edən qurum rəsmisi bildirib ki, çoxmənzilli binalarda kombidən istifadə qadağan olunacaq. Onun sözlərinə görə, yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə edilməsi ətraf mühitin çirklənməsinə səbəb olur. “Mənzillərin istilik və isti su ehtiyacını təmin etmək üçün adətən kombidən istifadə olunur. Kombilərə tələbat daha çox payız və qış aylarında artır. Artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs irəli sürülüb”, - deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi əlavə edib.

Ayrıca Dövlət Proqramı qəbul olunsun

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Azər Badamov “Yeni Azərbaycan”a açıqlamasında mənzillərdə kombi istilik sisteminin quraşdırılmasının müsbət və mənfi tərəflərinin olduğunu vurğuladı. “Müsbət məqamlardan danışanda qeyd etmək istəyirəm ki, yeni tikilmiş binalarda mərkəzləşdirilmiş istilik sistemləri qurulmadığından insanlar məcburdurlar ki, fərdi istilik sistemini yaratsınlar və mənzillərini qızdırsınlar. Yəni bu gün bu, bir məcburiyyətdir. Həm də fərdi istilk sistemi olanda vətəndaş öz mənzilinin temperaturunu tənzimləyə bilir və çalışır ki, qazın yandırılmasına qənaət etsin”.

Azər Badamovun sözlərinə görə, çoxmərtəbəli binalarda fərdi isitmə sisteminin yaradılmasının bəzi mənfi cəhətləri də var.  “İlk növbədə, vətəndaşların məsrəfləri artır. Çoxmənzilli  binalarda quraşdırılmış kombilərin sayının çox olması bu  sistemlərə müvafiq qurumlar tərəfindən nəzarət edilməsini də çətinləşdirir. Bu da binalarda tez-tez yanğınların və zəhərlənmə halların baş verməsinə gətirib çıxardır. Kombilərin hər mənzildə quraşdırılması həm də atmosferə atılan parnik qazlarının artmasına gətirib çıxardır.  Qlobal səviyyədə də dünyanın inkişaf etmiş ölkələri atmosferə atılan qazların azaldılması istiqamətində tədbirlərin görülməsinə başlamışlar. Bu məsələ bizim ölkəmizdə də aktuallaşıb. Ona görə də düşünürəm ki, çoxmənzilli binaların layihələndirilməsində mərkəzləşdirilmiş istilik sistemlərin qurulması vacib şərt kimi qarşıya qoyulmalıdır. Binaları istismara veriləndə tələb olunan standartlardan və normativlərdən biri də məhz bu olmalıdır. Mərkəzləşdirilmiş istilik sistemləri vətəndaşlar üçün həm təhlükəsizdir, həm də az xərc tələb edir. Bütün bunları nəzərə alaraq çoxmənzilli binaların mərkəzləşdirlimiş istilik sisteminə qoşulmasını vacib hesab edirəm və bu istiqamətdə dövlət səviyyəsində ayrıca bir proqramın qəbul olunmasını da məqbul sayıram”.

Kombilərin əvəzlənməsi asan başa gəlməyəcək

Ekspertlər isə kombilərin əvəzlənməsinin və yaxud gələcəkdə bu sistemdən imtina edilməsinin asan başa gəlməyəcəyi qənaətindədirlər. Nüsrət Qasımovun bildirdiyinə görə bu, uzun vaxt və böyük vəsait tələb edən bir prosesdir. Onun sözlərinə görə, kombilər qənaətlə işləyən və təhlükəsiz bir isitmə sistemidir. “Bu sistemlə vətəndaşlar mənzillərinin istilik problemini birdəfəlik və avtonom qaydada həll etmiş olurlar. Hər binanın həyətində qazanxana quraşdırılması ağlabatan deyil. Bakıda, xüsusən də şəhərin mərkəzi hissəsində yer problemi var, həyətlər onsuz da darısqaldır. Belə bir şəraitdə qazanxanalar harada və necə quraşdırılacaq? Bir də ki, insanlar ötən illər ərzində kombi sisteminin rahatlığına öyrəşiblər. Bundan sonra onların geridönüş etmələri həm də müəyyən mənada psixoloji gərginlik yarada bilər”, - deyə Nüsrət Qasımov vurğulayıb.

Kommunal xidmətlər üzrə ekspert təhlükəsizlik məsələsinə də diqqət çəkib. Nüsrət Qasımov bu  xüsusda fikirlərini bölüşərək deyib: “O başqa məsələdir ki, kombilər quraşdırılarkən yer düzgün seçilməli və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Bu ağıllı qurğuların quraşdırılması mütləq peşəkarlara həvalə edilməlidir və vaxtaşırı texniki nəzarət aparılmalıdır”.

Paylaş:
Baxılıb: 1067 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30