Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağın küləyi, günəşi...

Qarabağın küləyi, günəşi...

17.08.2022 [10:21]

Enerjiyə çevrilir

Mübariz ABDULLAYEV

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində reallaşdırılan çoxsaylı layihələrin böyük bir qismi bölgədə dayanıqlı elektrik enerjisi təchizatı sisteminin qurulmasını əhatə edir. Bəhs olunan ərazilərin enerji potensialı kifayət qədər böyük olsa da, mənfur düşmən torpaqlarımızı tərk edərkən buradakı mövcud infrastrukturu dağıdaraq yararsız hala salıb, bir sıra qiymətli avadanlıqlar isə oğurlanaraq Ermənistana daşınıb. Müharibə başa çatandan sonra aparılan dəyərləndirmələrə əsasən, işğaldan azad olunmuş ərazilərin enerji təchizatı sistemi əsaslı şəkildə yenidən qurulmalı və dağıdılmış, sökülmüş stansiyalar, xətlər bərpa edilməlidir. Bununla bağlı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərini şəxsi nəzarətində saxlayan Prezident İlham Əliyev müvafiq qurumlara ciddi tapşırıqlar verib. Dövlət başçısının göstərişlərinə uyğun olaraq ilkin mərhələdə görülməsi zəruri olan işlər 2021-ci ilin sonunadək uğurla tamamlanıb.  Layihələrin icrası cari ildə də intensiv şəkildə davam etdirilir.

“Yaşıl enerji” zonası

Hazırda enerji keçidi bütün dünyada qlobal enerji siyasətinin əsas trendlərindən birinə çevrilib. Texnologiyaların sürətli inkişafı, bərpa olunan mənbələrdən enerji istehsalının maya dəyərinin aşağı olması, ekoloji amillər və bu kimi digər aktual məsələlər indiki dövrdə enerji transformasiyasını şərtləndirən əsas amillərdir. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin  hesabatına əsasən, son illərdə ümumi istehsalda bərpa olunan mənbələrdən alınan enerjinin həcmi əhəmiyyətli dərəcədə artıb. Dünya üzrə istehsal olunan “yaşıl enerji”nin böyük əksəriyyəti isə günəş və külək enerjisinin payına düşür.

Azərbaycanda da yeni qlobal trendlərə uyğun olaraq enerji keçidi proseslərinə başlanıb və bu istiqamətdə müəyyən uğurlar qazanılıb. Bu sahədə qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılmasıdır. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, yaxın vaxtlarda müxtəlif layihələr çərçivəsində Azərbaycanda bərpa olunan enerji mənbələri sektoruna 500 mln. ABŞ dolları həcmində xarici investisiya cəlb ediləcək. Son vaxtlarda xarici şirkətlərin iştirakı ilə icrasına başlanan layihələr bu hədəfin tam real olduğunu təsdiqləyir.

Azərbaycanın bərpa olunan enerji resursları ilə zəngin olan daha bir guşəsi 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdir. Azərbaycan işğaldan azad olunmuş əraziləri yeni yanaşmalar, “ağıllı şəhər”, “ağıllı kənd” konseptləri əsasında bərpa etməyi hədəfləyib. O cümlədən Prezident İlham Əliyev bəhs olunan əraziləri “yaşıl enerji” zonası elan edib. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilməklə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiya sənədi hazırlanaraq Hökumətə təqdim olunub. Konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib. Bundan əlavə, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılıb. İlkin qiymətləndirməyə əsasən, işğaldan azad edilmiş ərazilərimiz 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. KSES-lərin tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 MVt-ı (41 ədəd) KSES-ləri olmaqla ümumilikdə gücü 241,3 MVt olan 45 stansiya müəyyən olunub. Məlum olub ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salıblar.

Müvafiq proqram əsasında işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” potensialından tam şəkildə istifadə olunacaq. Prezident İlham Əliyev 2021-ci il 3 may tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncam imzalayıb. Eyni zamanda, Nazirlər Kabinetində sözügedən Sərəncamda nəzərdə tutulan tədbirlərin reallaşdırılmasını təmin etmək məqsədilə müvafiq sənəd imzalanıb. Nazirlər Kabinetinin imzaladığı sənəddə işğaldan azad edilmiş ərazilərin güclü “yaşıl enerji” potensialından tam şəkildə istifadə olunması üçün nəzərdə tutulan tədbirlərin geniş spektiri müəyyənləşdirilib. Həmin tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız Qalası su elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisini, yaşıl texnologiyaların tətbiqi istiqamətində damüstü günəş enerjisistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyalarının tətbiqini, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasını və s. əhatə edir.

Etibarlı enerji təchizatı sisteminin qurulması

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə dayanıqlı enerji təchizatı sisteminin qurulmasını ən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısı müxtəlif çıxışlarında işğaldan azad edilmiş ərazilərdə etibarlı enerji təchizatı sisteminin qurulmasına strateji yanaşma sərgiləməsinin məntiqinə də aydınlıq gətirib. Müvafiq enerji təchizatı si?temi yaradılmadan nəzərdə tutulan layihələrin icrasına nail olmaq, Böyük Qayıdışı təmin etmək mümkün olmayacaq.

Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə müasir enerji təchizatı sisteminin qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı enerji təchizatı sisteminin qurulması istiqamətində işlər cari ildə də intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev əksər yeni generasiya obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərində şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir.  2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı baş tutub. Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. İyunun 26-da isə Prezident İlham Əliyev Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışına qatılıb. Belə misalların sayı çoxdur.

İşğaldan azad edilmiş ərazilərdə yeni enerji təchizatı obyektləri ən müasir texnologiyaların tətbiqi ilə inşa olunur.  Müvafiq layihə çərçivəsində işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib. Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib ki, bu da bir sıra üstünlüklər yaradır. Digər enerji təchizatı obyektləri kimi, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub. Məsafədən idarə edilən KSES-lər demək olar işçi heyət olmadan işlədilir. Stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır.

Qarabağın işıqlandırılmasında payı olan şirkətlər

Bu yerdə, təbii ki, Qarabağın işıqlandırılmasında payı olan, əməyi keçən şirkətlərin adlarını çəkmək də yerinə düşər. Bu sırada “Azərenerji”nin və “Azərişıq”ın adları öndə gəlir. Energetiklər çətin şəraitdə fədakarlıqla çalışaraq onların qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Bütövlükdə, indiyədək işğaldan azad edilən ərazilərdə enerji təchizatı infrastrukturunun qurulmasına 20-yədək bu sahədə ixtisaslaşmış, zəngin maddi-texniki bazaya, peşəkar və təcrübəli işçilərə malik olan yerli və xarici şirkətlər cəlb olunub. “Azərenerji” ilə sözügedən şirkətlər arasında  “Dövlət satınalmalar haqqında” Qanuna uyğun olaraq müvafiq müqavilələr bağlanıb. O cümlədən ikidövrəli 110/35/10 kV-luq “Kəlbəcər” YS - 110/35/10 kV-luq “Qorçu” YS arası HX-nin tikintisi və elektrik quraşdırma işləri üzrə keçirilən tenderdə bu sahədə peşəkar olan “Azərelektrik Tikinti Quraşdırma” MMC şirkəti qalib gəlib.  330/110/10 kV-luq “Ağcabədi” yarımstansiyası - 330/110/10 kV-luq “Cəbrayıl” yarımstansiyası arası 330 kV-luq birdövrəli HX-nin tikintisi və elektrik quraşdırma işləri üzrə keçirilmiş tenderdə isə “ElektrikQuraşdırma” müəssisəsi rəqiblərini üstələyib. Tikilən yarımstansiyaların avadanlıqlarının satın alınması üzrə İtaliyanın”Ansaldo Energia”, Finlandiyadan “Wartsila”, ABŞ-dan “General Electric”, Çindən “MET Electric”, NR engineering, Almaniyadan “Siemens”, İveçə məxsus ABB, Tesla Engineering, Türkiyənin Enerji Su ve Kimya San.Tic.Ltd.Şti şirkətləri qalib gəliblər. Bundan başqa, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin layihələndirilməsi işlərinin satın alınması üzrə Türkiyənin Siba Elektrik Mühendislik San. Tic. Ltd. Şti şirkəti digər iştirakçıları üstələyib. Eyni zamanda, güc transformatorlarının satın alınması üzrə “ATEF Şirkətlər Qrupu” MMC, 5.3 MVt “Soyuqbulaq” (“Tərtər-3”) KSES-nın yenidənqurma işlərinin satın alınması üzrə “BCC Group” MMC, Qarabağ üçün nəzərdə tutulan xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınması tenderi üzrə Rusiyanın “Torqovıy Dom”, “Nijeqorodskiy Avtomobilnıy Zavod” şirkətləri qalib gəlib. 330/110/10kV-luq “Cəbrayıl” yarımstansiyanın, 110/35/10 kV-luq “Şuşa”, “Kəlbəcər”, “Ağdam”, “Füzuli”, “Qubadlı”, “Zəngilan” və s. yarımstansiyaların tikintisi, eyni zamanda, yeni tikilən yarımstansiyaların qurulacaq şəbəkəyə inteqrasiya edilməsi üçün yüksək gərginlikli xətlərin tikintisi ixtisaslaşmış personal və xüsusi mexanizmlərlə müxtəlif relyef şəraitində işləmək təcrübəsi olan, Azərbaycan Respublikası hüdudlarında elektroenergetika sahəsində bu tip işləri qısa müddətdə icra edə biləcək şirkətlər - “Electro industries” QSC, “AZENCO” ASC, “Azconstruction” QSC və “Azərelektrik Tikinti Quraşdırma” MMC-yə həvalə olunub və müvafiq  tenderlərin qalibi olan həmin şirkətlərlə müqavilələr bağlanıb.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31