Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xəzərin suyu şirin olacaq

Xəzərin suyu şirin olacaq

14.04.2023 [10:30]

Mübariz ABDULLAYEV

Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək. Layihə Prezident İlham Əliyevin 12 aprel 2023-cü il tarixində imzaladığı müvafiq Sərəncam əsasında reallaşdırılacaq.  Pilot layihənin həyata keçirilməsi dövlət başçısının 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədi daşıyır. Sərəncamla Nazirlər Kabinetinə və bir sıra dövlət qurumlarına zəruri tapşırıqlar verilib. Sənədə əsasən hökumət “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görəcək.

Su təhlükəsizliyi qlobal gündəliyin əsas məsələlərindən biri kimi

Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Elə son dövrlərdə Yaxın Şərqdə, MDB məkanında və digər regionlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Belə ki, getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa ölkələrə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.

Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Yayılan məlumatlara görə, hazırda dünyada təxminən 1,5 milyard insan içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Bir sözlə, su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni, hər 17 saniyəyə bir uşaq ölümü düşür. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyətilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur. Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar.

Dünya təcrübəsi nə deyir?

Təsvir olunan mənzərə fonunda “Dünya əhalisinin suya artan tələbatı hansı mənbələrdən qarşılanacaq” sualı gündəmə gəlir. Sualın cavabı olaraq bildirək ki, indiyədək dünyanın ayrı-ayrı ölkələri suya olan tələbatlarını ödəmək üçün bir sıra vasitələrə üz tutublar və müəyyən nəticələr əldə ediblər. Dəniz suyunun duzsuzlaşdırılaraq içməli hala gətirilməsi də belə ən perspektivli vasitələrdən biridir. Təbii ki, burada elm və texnologiyanın inkişafı öz sözünü deyib.  

Qeyd edək ki, Yer kürəsi duzlu su mənbələri ilə kifayət qədər zəngindir. Belə ki, qlobal su ehtiyatlarının 90 faizinin duzlu su kateqoriyasına aid olduğu bildirilir. Alimlər dəniz suyunun şirinləşdirilərək içməli hala gətirilməsi ideyasına da məhz buna görə müraciət ediblər. Duzlu su mənbələri bir növ tükənməz görünür - yeraltı mənbələrdən qidalanan okanlar, dənizlər, göllər ucsuz-bucaqsızdır.

Hələlik dəniz suyunun duzsuzlaşdırılaraq içməli hala gətirilməsi texnologiyasının tətbiqində İsrail dövləti dünya lideridir. Son illərdə bu ölkədə müasir texnologiyalar əsasında 5 su şirinləşdirici zavod istifadəyə verilib. Dəniz suyunun şirinləşdirilməsi sahəsində Yaponiya da artıq müəyyən yol keçib. Bu ölkədə də getdikcə daha böyk həcmlərdə dəniz suyu içməli hala gətirilir. Dəniz suyunun duzsuzlaşdırılması texnologiyasından istifadə edilməsi ərəb ölkələrində də geniş vüsət alıb. Bu təcrübəyə müraciət edən ölkələr sırasında, həmçinin İspaniya da yer alır.

Azərbaycanın su təhlükəsizliyi

Su təhlükəsizliyi Azərbaycanın da gündəliyində duran vacib məsələlərdən biridir. Bu da onunla bağlıdır ki, respublikamız məhdud su ehtiyatlarına malik ölkələr sırasında yer alır. Azərbaycanın su ehtiyatları yerüstü və yeraltı mənbələrdən formalaşır. Respublikamızın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd.kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər kv.km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür. Azərbaycanı qidalandıran əsas yerüstü su mənbələri Kür və Araz çaylarıdır. Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi ölkə xaricində formalaşır. Təəssüf doğuran haldır ki, ölkəmizin hüdudlarından kənarda yerləşən ayrı-ayrı şəhərlərin təmizlənməmiş tullantı suları Kür çayına axıdılır. Bu da Kürün suyunun keyfiyyətinə təsirsiz ötüşmür. Respublikamıza gələn digər bol sulu Araz çayı isə Ermənistan ərazisində çirklənməyə məruz qalır. Şimaldan - Rusiyadan ölkəmizə daxil olan Samurda da çirklənmənin səviyyəsi yüksəkdir.

Bütün bu kimi amillər su təhlükəsizliyinin ölkəmizin gündəliyində mühüm yer tutmasını şərtləndirir. Prezident İlham Əliyev su təhlükəsizliyinin Azərbaycan üçün strateji bir məsələ olduğunu diqqətə çatdıraraq vurğulayıb: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Son iyirimi ildə respublikamızın su təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər görülüb. O cümlədən bəhs olunan dövrdə böyük investisiya tutumuna maliuk 4 iri su anbarının istifadəyə verilməsi Azərbaycanın iradəsini və gücünü göstərir. Cəlilabadda 2010-cu il 29 aprel tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Göytəpə su anbarı müstəqillik illərində respublikamızda yaradılan ilk hidrotexniki qurğulardandır. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanıb və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilib. Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bu hidrotexniki qurğunun faydalı həcmi isə 3,3 milyon kubmetrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirib, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradıb.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.

2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı layihəsinin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Müstəqillik illərində həyata keçirilən iri infrastruktur layihələrindən biri də 2016-cı ilin fevralında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay su anbarıdır. Bu anbarın su tutumu 20 milyon, faydalı həcmi 18 milyon kubmetrdir.

Ölkəmizdə su təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə reallaşdırılan digər bir önəmli layihə isə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi oldu. Son illərədək Bakı şəhərinin içməli su təchizatı heç də arzuedilən səviyyədə deyildi. Paytaxt sakinlərinin yalnız 40 faizi fasiləsiz su ilə təmin olunurdu. Şəhər əhalisinin təxminən 60 faizi isə içməli suyu məhdud cədvəl üzrə alırdı. Bundan başqa, əhaliyə verilən suyun tərkibi də arzuolunan səviyyədə deyildi. Bakının sürətlə böyüməsi, burada əhalinin sayının getdikcə artması da paytaxtın su təchizatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsini zərurətə çevirmişdi. Prezident İlham Əliyevin böyük səyləri sayəsində tikintisi qısa müddətdə başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəmərinin 2010-cu ilin dekabrında dövlət başçısının xeyir-duası ilə istifadəyə verilməsi paytaxtımızın su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu sayda artezian quyusu qazılıb, yarımstansiya quraşdırılıb. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilib, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular quraşdırılıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün müasir infrastruktur quraşdırılıb.

İlk layihələr

Dəniz suyunun duzsuzlaşdırılaraq içməli hala gətirilməsi respublikamızda ilk belə təcrübə deyil. Bundan əvvəl də ölkəmizdə müvafiq pilot layihə reallaşdırılıb. Söhbət Salyan rayonunun Xıdırlı kəndində yaradılan Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksindən gedir. 2012-ci ildə inşa olunan bu müəssisə dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən tərs osmos membranları ilə təchiz olunub. Zavodun tikilməsi ideyası Prezident İlham Əliyevdən gəlib. Pilot layihənin reallaşdırlmasında məqsəd regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə edilməsi olub. İlk mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000 kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılıb. 2016-cı ildə zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb. Burada dəniz suyu 12 km məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur. Müəssisədə müasir texnologiyaların tətbiqi yolu ilə şirinləşdirilən sudan həm içmək, həm də sahələrin suvarılması məqsədilə istifadə etmək mümkündür.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30