Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən il Bakıda, bu il Vilnüsdə...

Ötən il Bakıda, bu il Vilnüsdə...

24.05.2023 [10:10]

Qısa zaman kəsiyində - ötən ilin mayında Bakıda, cari ilin mayında isə Vilnüsdə iki biznes forumun keçirilməsi strateji tərəfdaşlar olan Azərbaycanla Litva arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə konkret təsəvvür yaradır. Hər iki biznes forumun açılışına Azərbaycan və Litvanın prezidentləri şəxsən qatılıblar. Tədbirlərdə Azərbaycandan və Litvadan olan çoxlu sayda iş adamı iştirak ediblər. Bütün bunlar o anlama gəlir ki, ölkələrimizin siyasi rəhbərliyi və biznes dairələri ikitərəfli iqtisadi əlaqələri genişləndirməyə böyük maraq göstərirlər. Təbii ki, bu maraq mövcud potensiala əsaslanır.

İqtisadi əlaqələrin genişlənən gündəliyi

Azərbaycanla Litva arasında iqtisadi əlaqələr ikitərəfli siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf edir. 2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları olub. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.

Ancaq prezidentlərin iştirakı ilə Vilnüsdə baş tutan biznes forumda vurğulandığı kimi, iki ölkə arasında əməkdaşlıq imkanları daha genişdir. Azərbaycan və Litva inkişaf edən və davamlı şəkildə genişlənən iqtisadiyyatlara malik ölkələrdir. Dost ölkənin iqtisadiyyatı rəqabət qabiliyyətinin yüksək olması ilə səciyyələnir. 2020-ci ildə qlobal pandemiya zamanı dünyada iqtisadi böhran yaşandı, bir sıra ölkələrin iqtisadi-maliyyə sistemi çökdü və onlar Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan yardım istəmək məcburiyyətində qaldılar. Ancaq statistik rəqəmlər təsdiqləyir ki, Litva qlobal böhran dövründə mənfi xarici şokların təsirlərinə az məruz qalıb və ümumi daxili məhsulun azalmasına imkan verməyib.  Bu uğurlu iqtisadi siyasət yeni qlobal təlatümlərin öhdəsindən gəlmə prosesində mühüm təcrübə qismində çıxış edir.

Azərbaycan da iqtisadi inkişaf üçün bütün şərtləri yüksək səviyyədə təmin edən ölkədir. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan islahatlar milli iqtisadiyyatımızda yeni çağırışlar əsasında transformasiyaları uğurla təmin etməyə imkan verir. Biz Litvanın qlobal pandemiya dövründə iqtisadi tənəzzül yaşamadığını qeyd etdik. O cümlədən Azərbaycan da qlobal böhranın təsirlərinə daha az məruz qalan ölkələr sırasında yer aldı. İqtisadi subyektlər, ələlxüsus da kiçik sahibkarlıq obyektləri və əmək bazarı dövlətin təmənnasız şəkildə ayırdığı vəsaitlər hesabına dəstəkləndi, heç bir sosial proqram ixtisara salınmadı. Son 20 ildə bütün dünyada öz iqtisadiyyatını Azərbaycan qədər genişləndirən ikinci bir ölkə olmayıb. Hazırda respublikamız təxminən 65 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da Azərbaycan kimi ölkə üçün kifayət qədər yüksək rəqəmdir. Prezident İlham Əliyev biznes forumdakı çıxışında milli iqtisadiyyatımızdakı mövcud vəziyyəti əks etdirən bəzi rəqəmləri səsləndirib. “Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün demək istəyirəm ki, bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir”.

Bütün bu kimi faktlar Azərbaycanla Litva arasında iqtisadi sahədə əməkdaşlığın gündəliyini genişləndirmək üçün geniş imkanlar açır. Qeyd edək ki, iki həftə bundan əvvəl Vilnüsdə Litva-Azərbaycan hökumətlərarası komissiyası iqtisadi gündəlikdə duran mühüm məsələləri müzakirə etmək məqsədilə öz iclasını keçirib. Vurğulandığı kimi, birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir. Bu baxımdan planlar barədə məlumat mübadiləsi çox əhəmiyyətlidir. Hər iki tərəfdən çoxsaylı iş adamlarının iştirakı ilə keçirilən biznes forumda ölkələrimizdə icrası planlaşdırılan layihələrin növləri, o cümlədən işgüzar dairələrin həmin layihələrdə iştirakı yolları barədə geniş müzakirələr aparılıb və təkliflər səsləndirilib. Biznes forumda prezidentlər əməkdaşlıq üçün potensial sahələrə diqqət çəkiblər.

Avropa üçün zəruri olan enerji dialoqu

Biznes forumda mövcud geosiyasi reallıqlar fonunda iki ölkə arasında enerji dialoqunun perspektivlərinə xüsusi diqqət çəkilib. Hazırda enerji təhlükəsizliyi məsələsi Aİ məkanının gündəliyinin mərkəzində dayanır. Burada mənbələrin və marşrutların şaxələndirilməsini hədəfləyən müxtəlif ssenarilər üzərində iş aparılır. Litva Avropada enerji keçidini uğurla edən və ənənəvi təchizatdan asılılığını aradan qaldıran ölkələr sırasında yer alır.

Öz növbəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır. Deyə bilərik ki, respublikamız zəngin ehtiyatları ilə qoca qitənin yeni enerji xəritəsinin formalaşmasında açar ölkələrdən biri qismində çıxış edir. Ölkəmizin 2,6 trilyon kubmetr həcmində təsdiqlənmiş qaz ehtiyatları var. Mütəxəssislər isə ehtiyatların bundan xeyli çox olduğunu bildirirlər.  Azərbaycanda böyük həcmlərdə qaz hasilatına “Şahdəniz” yatağının istismarına start verilməsi ilə başlanıb. Eyni zamanda, yeni yataqlar üzrə də kəşfiyyat işləri aparılıb və zəngin ehtiyatlar aşkarlanıb. 2023-cü ildə “Abşeron” yatağından, gələn il isə hər hansı bir fors-major halı yaşanmasa  “Azəri-Çıraq-Günəşli” yatağından “dərin qaz” (“deep gas”) hasilatına başlanılması tam realdır. Perspektivdə həmçinin “Ümid”, “Babək”, “Qarabağ” və digər yataqların da istismarı həyata keçiriləcək.

Avropa üçün Azərbaycanın cəlbediciliyini artıran digər bir mühüm amil müasir infrastrukturla bağlıdır. Dünyada Avropa məkanına mavi yanacaq ixrac etmək istəyən ölkələrin sayı çoxdur. Ancaq optimal infrastruktur olmadığına görə həmin istehsalçılar özlərinin enerji məhsullarını Avropa bazarlarına çıxartmaq imkanından məhrum qalıblar. Azərbaycan isə Xəzər sahillərindən başlayaraq Avropaya çatan 3500 kilometr uzunluğunda mükəmməl nəql marşrutunun inşasına nail olub. Bu kəmərlə 2021-ci ilin əvvəlindən etibarən Azərbaycandan qoca qitəyə mavi yanacaq ixracı həyata keçirilir. Prezident İlham Əliyev Azərbaycanın Avropaya qaz ixracını perspektivdə daha da artırmaq niyyətində olduğunu diqqətə çatdırıb. “... Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Biz onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Biz mövcud yataqlardan daha çox qaz hasil edirik. Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik”.

Enerji keçidi

Hazırda bütün dünyada, xüsusilə də təchizatla bağlı bir sıra çətinliklərlə üzləşən Avropada “yaşıl enerji”yə keçid heç vaxt olmadığı qədər aktuallaşıb. Qoca qitənin xilas planında enerji transformasiyası əsas müddəalardan biri kimi nəzərdə tutulub. Eyni zamanda, bərpa olunan mənbələrdən eneji istehsalının genişləndirilməsi, ətraf mühitin qorunması, sifır emissiya Azərbaycan və Litvanın da hədəflədiyi məsələlərdir. Dost ölkə bu sahədə yaxı təcrübəyə malikdir. Ölkəsinin nümunəsinə diqqət çəkən Prezident Gitanas Nauseda biznes forumdakı çıxışında “Hazırda biz yaşıl texnologiyaların sənaye istehsalatını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçiririk. Yeni imkanlar inqilabi və sıfır tullantılı istehsalatla təmin olunacaq. Bu, Litva iqtisadiyyatına fayda verəcək. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və Azərbaycan iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Bizim bugünkü özgüvənimiz son on il ərzində möhtəşəm enerji keçidi prosesi ilə dəstəklənmişdir”, - deyə bildirib.

Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılması Azərbaycanın enerji siyasətinin sayca üçüncü mərhələsini təşkil edir. Hazırda respublikamızla Aİ-nin enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edir. Xatırladaq ki, ötən ilin yayında Azərbaycanla Aİ arasında imzalanan Memorandumda enerji əməkdaşlığının yeni istiqaməti ilə bağlı  konkret müddəalar öz əksini tapıb. Bundan başqa, 2022-ci il 17 dekabr tarixində Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Hazırda respublikamızda xarici investorların iştirakı ilə böyük gücə malik külək və günəş enerji stansiyalarının inşası uğurla davam etdirilir. Öz növbəsində dost Litvanın təcrübəsi, Azərbaycanın isə zəngin potensialı iki ölkənin enerji keçidində sıx əməkdaşlıq üçün yaxşı perspektivlər açır.  “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəzər və Baltik dənizləri arasında...

Azərbaycanın və Litvanın işgüzar dairələrinin nəzərə alacağı digər bir mühüm sahə logistika, şəbəkələr və daşımalarda olan böyük potensiala aiddir. Prezident

İlham Əliyev bildirib ki, biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük.

Bu gün Litva Baltik dənizi regionunda mühüm daşımalar qovşaqlarından biri qismində çıxış edir. Azərbaycan da böyük həcmlərdə sərmayələr qoymaqla nəqliyyat-logistika sistemini sürətlə inkişaf etdirir. Yaradılan yüksəksəviyyəli yol infrastrukturu, dəniz və hava donanmalarının texnika parkının müasir standartlar səviyyəsində yenilənməsi, ölkəmizin moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə yaradılan dəniz ticarət limanı və digər infrastruktur obyektləri Azərbaycanı Avrasiyada mühüm nəqliyyat habına çevirib. Bunun təsdiqidir ki, son vaxtlarda ölkəmizdən keçən beynəlxalq səviyyəli dəhlizlərlə daşımaların həcmi artıb. Prezident İlham Əliyev biznes forumdakı çıxışında yeni bir təşəbbüs irəli sürüb. “Biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək”, - deyə dövlətimizin başçısı bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30