Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avrasiyanın mühüm nəqliyyat habı

Avrasiyanın mühüm nəqliyyat habı

26.06.2023 [10:10]

Son vaxtlarda müxtəlif beynəlxalq tədbirlərdə və rəsmi görüşlərdə Azərbaycanın nəqliyyat-logistika imkanlarının regional və qlobal əhəmiyyəti xüsusi olaraq vurğulanır. Bu məsələ Qazaxıstanın Baş naziri Alixan Smailovun ölkəmizə baş tutan uğurlu səfəri çərçivəsində keçirilən görüşlərdə də diqqət mərkəzində saxlanılıb.  Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib.  Qəbulda son dövrlərdə Xəzər dənizindən Orta Dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan, həmçinin üçüncü tərəflərin bu marşrut istiqamətində yüklərinin həcminin çoxalması məmnunluqla qeyd edilib, bu istiqamətdə ölkələrimizin birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb. Ümumiyyətlə, dost ölkələr olan Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərdə nəqliyyat-logistika əlaqələrinə böyük önəm verilir. Qeyd edək ki, ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımaların ümumi həcmi təxminən 3 dəfə, tranzit yükdaşımalarının həcmi isə 3,2 dəfə artıb. Orta Dəhliz üzrə yüklərin nəqlinin artırılmasına dair dövlət başçılarının tapşırıqlarının hökumət xətti ilə icra edilməsinə tərəflər sadiqlik göstərirlər.

Beynəlxalq səviyyədə Azərbaycanın nəqliyyat-logistika imkanlarının yüksək dəyərləndirilməsi heç də təsadüfi deyil. Hazırda respublikamız geniş Avrasiya coğrafiyasının mühüm nəqliyyat hablarından biri qismində çıxış edir. Azərbaycan üzərindən tranzit daşımaların həcminin artması bunun əyani təzahürüdür.

Azərbaycanın cəlbediciliyini artıran amillər

İndiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə ölkələrin və daşıma şirkətlərinin diqqəti Azərbaycana yönəlir.

Respublikamızın cəlbediciliyini artıran mühüm amillərdən biri ölkəmizin tərəfdaş dövlətlərlə xoş niyyətə əsaslanan münasibətlər qurmasıdır. Sirr deyil ki, ayrılıqda götürülmüş bir ölkə tranzit daşımalarında zəncirin yalnız bir həlqəsidir və onun hansısa bir uğura imza atması absurddur. Söhbət tranzit daşımalarından gedirsə, burada tərəfdaş  ölkələrin əməkdaşlığı, bir-biri ilə xoş münasibətləri önə çıxır. Bunu Azərbaycanın timsalında da aydın şəkildə görmək mümkündür. Coğrafi mövqe öz yerində, Azərbaycanın qonşu Gürcüstan və dost Türkiyə ilə xoş mərama əsaslanan münasibətlər qurması ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir. Eyni zamanda, möhkəm qanunvericilik bazası, quru və su sərhədlərinə malik olması, tərəfdaşlarla uyğunlaşdırılmış optimal qiymət siyasəti kimi amillər də Azərbaycanın tranzit ölkə kimi cəlbediciliyini artırır.

Burada ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini isə ayrıca qeyd etmək lazımdır. Azərbaycanda daxili qarşıdurmalar, terror təhlükəsi, narkoticarət marşrutu yoxdur və nizam-intizam yüksək səviyyədədir. Ölkədəki nümunəvi multikultural mühit milli zəmində ziddiyyətlər baş qaldırmasını istisna edir. Bütün bu kimi amillər də ayrı-ayrı ölkələri və transmilli şirkətləri öz yüklərini Azərbaycan üzərindən daşımağa sövq edir.

Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində, həmçinin son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan  beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.

Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Hazırda daşımaların artması nəzərə alınmaqla ticarət limanının ötürücülük imkanları genişləndirilir. Layihənin icrası tamamlandıqdan sonra liman vasitəsi ilə ildə 25 milyon tona qədər yük aşırmaq mümkün olacaq.

Yaradılan yüksək səviyyəli

infrastruktur yüklərin Azərbaycan ərazisindən təyinat yerinə tez və rahat çatdırılmasını təmin edir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturu beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Məsələn,  Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerlərdə qərarlaşıb.

Ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər

Azərbaycan üzərindən keçən beynəlxalq səviyyəli dəhlizlər ölkəmizin tranzit cəlbediciliyini artıran amillər sırasında xüsusi yer tutur. Qədim İpək Yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yüklər bu marşrutla daşınır. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.

Azərbaycandan keçəcək daha bir tranzit marşrutu isə Zəngəzur dəhlizi olacaq. Ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində yaranan yeni reallıqlar Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi adlandırdığı və bütün dünyanın belə qəbul etdiyi yeni nəqliyyat arteriyasının açılmasını zərurətə çevirib. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda regionda bütün kommunikasiyaların açılması ilə bağlı müddəa öz əksini tapıb. Məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində Zəngəzur dəhlizinin ölkəmizin ərazisindən keçən avtomobil və dəmiryolu seqmentləri üzrə tikinti işlərini uğurla davam etdirir. Bu ilin martında parlamentdə hesabat verən Baş nazir Əli Əsədov Zəngəzur dəhlizinin formalaşması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, Horadiz-Ağbənd yolunun 38, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun isə 74 faizi tikilib və bu yolların 2025-ci ildə istismara verilməsi gözlənilir.

Xarakterik haldır ki, respublikamızın ərazisindən keçən bütün beynəlxalq marşrutlar bir-biri ilə optimal şəkildə əlaqələndirilib. Bu baxımdan Zəngəzur dəhizi də istisna təşkil etməyəcək. Bu dəhlizin də digər beynəlxalq marşrutlara inteqrasiya edilməsi nəzərdə tutulub.

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli və strateji maraqlarına tam cavab verir. Eyni zamanda, yeni nəqliyyat bağlantısının yaradılması tarixi Türk coğrafiyasının bərpasına imkan yaradacaq. Həmçinin regionun digər dövlətləri də bundan faydalanacaqlar. Qonşu Rusiyanın, Türkiyənin, eləcə də Avropa İttifaqının birmənalı mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır.

Orta Dəhliz üçün yeni fürsətlər

Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan üzərindən keçən daha bir marşruta - Orta Dəhlizə də maraq artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir.

Deyə bilərik ki,  əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur. Oxşar müzakirələr son vaxtlarda Azərbaycan-Türkiyə-Özbəkistan formatında da intensivləşib.

Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Bildirilir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr  deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq. 

Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.

Artan yük həcmləri

Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Ölkəmiz üzərindən aşırılan yüklərin həcmində artım tendensiyası cari ildə də yüksək səviyyədədir.  Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3575,8 min ton təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3 faiz çoxdur. Yüklərin 56,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Aşırılan yüklərin 4159,4 min tonu və ya 82,2 faizi tranzit yüklərdir.

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 milyon ton yük, 2704,0 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8 faiz, sərnişin daşınmasında isə 57,2 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 430 vaqon yüklənib, 416 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30