Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Araz üzərindən yeni körpü...

Araz üzərindən yeni körpü...

01.11.2023 [10:50]

Naxçıvanla Azərbaycanı birləşdirəcək yol...

Qalib Azərbaycan postmüharibə dövründə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə güclü siyasi iradə ortaya qoyur. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Prezident İlham Əliyev 30 oktyabr 2023-cü il tarixində “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14 (on dörd) milyon manat ayrılması nəzərdə tutulub.

Ermənistanın qeyri - konstruktiv mövqeyi...

44 günlük müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə 30 il blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılmasını özündə ehtiva edən müvafiq bənd var. Xatırlatmaq yerinə düşər ki, regionda nəqliyyat kommunikasiyalarının bərpasını, eləcə də, Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən dəmir yolu xəttinin və avtomobil yolunun inşasını qalib Azərbaycan təkid edirdi. Zəngəzur dəhlizinin yaradılmasında ölkəmizin mövqeyi birmənalıdır. Bəyanata əsasən açılması gərəkən dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək, bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaqdı. Amma Ermənistanın qeyri konstruktiv mövqeyi buna mane olur.

Dəhliz Azərbaycanın və bütövlükdə, regionun tranzit imkanlarını daha da genişləndirəcək, Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcəkdi ki, Ermənistan da bu məsələdən kifayət qədər dividend qazana biləcəkdi. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcəkdi. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə oluna bilər: Zəngəzur Dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevrilmə potensialına malik idi.

Məsuliyyətsiz dövlət olan Ermənistan isə hələ ki, üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir - məğlub ölkə müxtəlif bəhanələrlə və manipulyativ davranışlarla Zəngəzur Dəhlizinin yaradılmasına əngəllər yaratmağa çalışır.

Təhlükəsiz nəqliyyat və logistika...

Azərbaycan isə hər zaman əməkdaşlığa və regional layihələrdə təmsil olunmağa hazırdır. Məlum geosiyasi gərginliklər fonunda Avrasiyada daha təhlükəsiz nəqliyyat və logistika marşrutlarına da böyük ehtiyac var. Bunu nəzərə alan Azərbaycan İran ərazisindən Naxçıvana yol çəkilməsi təşəbbüsünü irəli sürüb və bununla bağlı qonşu ölkə ilə razılıq əldə olunub. Nəzərdə tutulan yolun ölkəmiz üçün dvidentləri çox böyükdür. Əvvəla, İran ərazisindən keçən yol Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək, bununla da muxtar respublikanın blokadasına son qoyulacaq. Digər tərəfdən, respublikamızın tranzit imkanları genişlənəcək.

İdeyadan reallığa doğru

Artıq ideyanın həyata keçirilməsi istiqamətində müəyyən yol keçilib. Belə ki, 2022-ci ilin mart ayında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində cari il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər. Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.

Yeni yollar...

Bəhs olunan marşrut üzrə, həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək. Bununla bağlı cari il oktyabrın 6-da Bakıda Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Tərəflər Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər. İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edilib. Müzakirələrin yekununda iki ölkə arasında aşağıdakı sənədlər imzalanıb:

- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;

- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.

Layihəyə uyğun olaraq Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Magistral yolun tikintisini Xatəmul-Ənbiya Qərargahı həyata keçirəcək. İran tərəfindən verilən məlumata əsasən, yolun tikintisinə sərmayənin 50 faizini qonşu ölkənin Nəqliyyat və Şəhərsalma Nazirliyi, 50 faizini isə özəl sektor yatıracaq.

Azərbaycan ərazisində isə bəhs olunan marşrutla müvafiq bağlantılar təmin ediləcək. Məlum olduğu kimi, ölkəmizin ərazisindən üç mühüm beynəlxalq dəhliz keçir. Bunlar Şərq-Qərb, Şimal-Cənub və Orta dəhlizlərdir. Azərbaycan hər üç dəhlizin çox mühüm həlqəsini təşkil edir. Ölkəmizdə hər üç dəhliz boyunda böyük həcmlərdə investisiya qoyuluşu hesabına son dərəcə müasir infrastruktur qurulub. Bunun nəticəsidir ki, ölkəmizin üzərindən beynəlxalq yükdaşımaların həcmi ilbəil artır. Bəhs olunan marşrutun işə düşməsindən sonra respublikamızın tranzit imkanları daha da genişlənəcək. Belə ki, hər üç dəhliz üzrə ölkəmizə gələn yükləri həm də yeni yaradılacaq marşrutla Naxçıvan üzərindən Türkiyəyə və Avropaya yönəltmək mümkün olacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30