Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Diqqət yenidən Bakıya...

Diqqət yenidən Bakıya...

10.01.2024 [10:40]

Martın 1-də paytaxtımızda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu, Yaşıl Enerji Məşvərət Şurasının 2-ci iclası keçiriləcək

Son illərdə Avropanın enerji gündəliyi Azərbaycanda müzakirə olunur. Yeni çağırışlara uyğun olaraq aparılan müzakirələrin formatı isə Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının Bakıda müntəzəm keçirilən iclaslarıdır. Azərbaycanın energetika nazirinin müşaviri Zəminə Əliyevanın verdiyi məlumata əsasən, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti 10-cu iclasının vaxtı da məlum olub. SGC çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası cari il martın 1-də yenə də Bakıda baş tutacaq.  Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci ilin fevralın 4-də, doqquzuncu toplantı isə 2023-cü ilin fevralın 3-də keçirilib

Genişlənən format

Bəhs olunan platformanın əsası Prezident İlham Əliyevin təşəbbüsü ilə qoyulub. 2015-ci ildən etibarən ənənəvi olaraq Bakıda baş tutan tədbirin formatı 2023-ci il fevralın 3-də keçirilən son iclasda genişləndirilib. Belə ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasına Yaşıl Enerji Məşvərət Şurası da əlavə olunub. X  atırladaq ki, ötənilki toplantıya Avropa Komissiyasının, eləcə də Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri qatılıblar. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunublar.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla və digər tədbirlərlə davam etdirilib.

Azərbaycanın artan rolu

Artıq onuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının Bakıda baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi işində əhəmiyyətli addım atıb.

Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni enerji strategiyası mərhələlərlə reallaşdırılır. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınır ki, bu da uğurları şərtləndirir. Enerji siyasətimizin birinci mərhələsi Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının transmilli şirkətlərin iştirakı ilə işlənilməsinə başlanılması ilə əlamətdar oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında  “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı.

Ölkəmizin enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. “Şahdəniz” yatağnın ehtiyatlarının müəyyənləşdirilməsi ilə Azərbaycan dünyada həm də mavi yanacaq ölkəsi kimi tanınmağa başladı.. Azərbaycan uğurlu siyasət sayəsində ölkənin mavi yanacaq ehtiyatlarının işlənməsinə də investisiyalar cəlb etməyə nail oldu. İndiki mərhələdə qlobal miqyasda, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında enerji resurslarına, xüsusən də mavi yanacağa tələbatın artması ölkəmizin enerji siyasətinin necə məharətlə və uzaq perspektivə hesablanaraq hazırlandığını bir daha təsdiqləyir. Hazırda Avropada kəskin enerji böhranı yaşanır. “Qoca qitə” yeni mənbələrdən mavi yanacaq tədarükünü artırmağa çalışır. Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Aİ-nin artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur.

Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Eyni zamanda, böyük potensiala malik “Abşeron” yatağının istismarına başlanıb.

Xatırladaq ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədi Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen imzalayıblar. Artıq Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının yol xəritəsi sayılan Memorandumun icrasına start veriib.

Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə isə təxminən 12 milyard kubmetr təşkil edib. Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır. 2024-cü ildə isə Serbiyaya qaz ixracına başlanılacaq.

SGC layihəsinə “Şahdəniz-2” layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.

Ölkəmizin uğurlu enerji transformasiyası

Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən “yaşıl enerji” istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsinə aiddir. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpaolunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpaolunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, Günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. BP-nin azad olunmuş Cəbrayılda Günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq Günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq.

Azərbaycanda bərpaolunan mənbələrdən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya çatdıracaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30