Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xocalı qayıdışa hazırlaşır

Xocalı qayıdışa hazırlaşır

28.02.2024 [10:40]

Xalqımız qan yaddaşına yazılan Xocalı faciəsini heç vaxt unutmur. Ötən 32 ildə ilk dəfə soyqırımı qurbanlarının xatirəsi azad Xocalıda qeyd olundu. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşdəki çıxışında verdiyi mesajlardan bir daha aydın olur ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Xocalının da tarixində yeni dönəm başlayır. Bu yerlərin əsl sahibləri qayıdıblar. Prezident İlham Əliyevin Xocalıda ötən il oktyabrın 15-də ucaltdığı Azərbaycan Bayrağı  burada əbədi dalğalanacaq.

Xocalı yenidən qurulur

Xocalı faciəsi sərhəd tanımayan erməni vandalizminin ən qəddar səhifələrindən biridir. Prezident İlham Əliyev çıxışında faciənin miqyasına diqqət çəkərək vurğulayıb: “Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, - təbii ki, onların da taleyi bəllidir, - 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir”.

Ermənilərin Xocalıda törətdikləri dağıntıların da miqyası çox böyükdür. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Güclü dövlət olan Azərbaycan Xocalının bərpasına uğurlu antiterror tədbirləri başa çatdıqdan dərhal sonra başladı. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırda Xocalı şəhərində və ayrı-ayrı kəndlərdə irimiqyaslı layihələr həyata keçirilir. Üç onillik ərzində məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalan xocalıların layiqli qayıdışını təmin etmək üçün burada ilk növbədə zəruri infrastruktur qurulur. Layihələrin icrasına müxtəlif şirkətlər cəlb olunub. “Bakı Abadlıq Xidməti” MMC Xocalı şəhərinin bərpa və yenidən qurulmasında yaxından iştirak edir. Bundan başqa, qurum Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərinin bərpasına da cavabdehdir. Adı çəkilən yaşayış məntəqələrinin bərpası və yenidən qurulması tədbirlərinə başlamaq məqsədilə şirkətlə 152 milyon 247 min 600 manat məbləğində müqavilə imzalanıb.

İşğal illərində Xocalı şəhəri dağıntılarla bərabər, ekoloji terrora da məruz qalıb. Bərpa və yenidənqurma tədbirləri çərçivəsində burada yabanı bitkilərdən, məişət tullantılarından təmizləmə işləri də davam edirilir. Tullantıların yığılması üçün 10 hektar sahədə poliqon yaradılması nəzərdə tutulub.

Bərpa və yenidənqurma işlərinin sürətinə mane olan yeganə amil minalar təhlükəsidir. Buna görə də  ətrafındakı meşəlik ərazilər də minalardan təmizlənir. Bu da onu göstərir ki, təmir-bərpa işləri daha geniş əraziləri əhatə edəcək. Xocalı sakinlərinin kommunal təchizatla, o cümlədən də rabitə və internetlə bağlı heç bir problemləri olmayacaq. Artıq “Azercell Telekom” MMC Xocalıda baza stansiyalarını işə salıb. İndiyədək şəhərdə internet magistral xətti və genişzolaqlı internet şəbəkəsinin yaradılması təmin edilib. Eyni zamanda, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır.

Ulu Öndərin əsasını qoyduğu siyasət

Ölkəmizin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasının ən ağır nəticələrindən biri də 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmələri olmuşdu. Ev-eşiklərini itirən soydaşlarımız müstəqilliyimizin ilk illərində çadırlarda, yük vaqonlarında, yarımçıq tikililərdə, başqalarına məxsus mənzillərdə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışdılar. Respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yüngülləşdirilməsi, o cümlədən də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasətinin əsasını uu öndər Heydər Əliyev qoyub. 1998-ci ildə Prezident

Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Növbəti ildə isə Heydər Əliyevin Fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Beləliklə, görülən tədbirlər bu kateqoriyadan olan insanların həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitlərinin yüksəlməsində əhəmiyyətli rol oynadı.

Xatırlatmaq yerinə düşər ki, respublikamızda ilk çadır şəhərciyi zamanında Prezident Heydər Əliyevin təşəbbüsü əsasında məhz xocalılar üçün salınıb. Müstəqilliyimizin ilk illərində Azərbaycanın maliyyə vəziyyəti ağır idi. Buna baxmayaraq, Heydər Əliyev Xocalıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına maliyyə vəsaiti tapmağa nail oldu. Bunu xatırladan Prezident İlham Əliyev vurğulayıb:  “O vaxt - işğal dövründə mənim köçkünlərlə, - bu gün keçmiş köçkünlər adlandırılır, köçkün anlayışı artıq tamamilə silinib bütün bizim vətəndaşlarımızdan, - çoxsaylı görüşlər əsnasında hər dəfə onlara deyirdim ki, gün gələcək və biz bütün torpaqlarda Azərbaycan Bayrağını qaldıracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Yüzdən çox köçkün qəsəbəsi salınmışdır və köçkün qəsəbələrinin hamısının açılışlarında mən iştirak etmişəm. Birinci köçkün qəsəbəsi o vaxt Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır və o vaxt bizim o qədər də böyük maliyyə imkanlarımız yox idi. Ancaq olan-qalan vəsait də bax o məqsədlər üçün istifadə olundu və bu, bir yol göstəricisi idi. Yəni, Ulu Öndər hamımıza göstərmişdi ki, biz ağır vəziyyətdə yaşayanlar üçün gərək şərait yaradaq”.

Ulu Öndərin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirildi. Dövlətimizin başçısı ağır şəraitdə yaşayan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ən vacib məsələ olduğunu bildirirdi. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramı və ona edilən Əlavələr qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Məlumat üçün bildirək ki, ümumilikdə, Dövlət Proqramında 22921 ailənin-110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin açılması nəzərdə tutulurdu.

Çadır şəhərciklərinin ləğv edilməsi müvafiq kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addım oldu. 2003-cü ildə keçirilən prezident seçkilərinə qatılan İlham Əliyev dövlət başçısı seçiləcəyi təqdirdə ölkə ərazisindəki bütün çadır şəhərciklərinin yaxın 5 ildə ləğvinə nail olacağını bəyan etdi. İlham Əliyev praqmatik siyasətçidir, O, verdiyi vədləri həmişə yüksək səviyyədə həyata keçirir. Xalqımız seçkilərdə Ulu Öndərin ən layiqli siyasi varisi İlham Əliyevə səs verərək Onu dövlət başçısı seçdi. Prezident İlham Əliyev isə verdiyi vədə əməl edərək cəmi 4 il ərzində bütün çadır şəhərciklərinin ləğvinə nail oldu.  Belə ki, Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən Biləsuvar rayonu ərazisindəki 5-i 2003-cü ildə, Bərdə və Ağcabədi rayonlarındakı 4-ü 2006-cı ildə və Saatlı, Sabirabad rayonları ərazisindəki 3-ü isə 2007-ci ildə ləğv edildi . Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi sonrakı illərdə daha geniş vüsət alıb. Bütövlükdə, 44 günlük müharibədən əvvəlki dövrdə Bakının ayrı-ayrı qəsəbələrində, Sumqayıtda, ölkənin digər bölgələrində inşa olunan müasir evlər, salınan qəsəbələr hesabına  58 min 203 ailənin və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. “Eyni zamanda, bizim əsas məqsədimiz torpaqların azad edilməsi idi və o vaxt köçkünlərlə çoxsaylı görüşlər əsnasında deyirdim ki, bu şərait yaradılır, bu şərait yaxşıdır, - çadır şəhərcikləri, bilirsiniz ki, sonuncusu 2007-ci ildə ləğv edildi, - ancaq bu, müvəqqəti yaşayış yeridir. Torpaqlar azad olunandan sonra ondan daha yaxşı şərait yaradılacaq sizin doğma torpaqlarınızda və bu gün biz bunu görürük”, - deyə dövlətimizin başçısı bildirib.

Bu il Xocalıda, Xankəndidə həyat bərpa ediləcək

Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. İlk köç karvanı müasir yanaşmalar əsasında - “Ağıllı kənd” konsepti ilə bərpa olunan Zəngilan rayonunun Ağalı kəndinə yola salındı. Bunun ardınca daha bir neçə kəndin məskunlaşdırılması təmin edildi. Artıq bərpa olunan şəhərlərin də məskunlaşdırılmasına start verilib. “Heydər Əliyev İli”ndə baş verən mühüm hadisələr sırasında Laçına ilk qayıdışı xüsusi qeyd edə bilərik. Ötən il mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz qürur duyduğumuz müstəqillik günündə doğma torpaqlarına qayıtdılar. Bu, Laçına böyük köçün başlanğıcı idi. Məskunlaşdırılmasına start verilən şəhərlərimizdən biri də Füzulidir. Füzuli şəhərinin məskunlaşdırılmasına ötən ilin avqust ayında başlanıldı. Bütövlükdə indiyədək təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə köçürülüb. Böyük Qayıdış proqramının birinci mərhələsinin 2026-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulub. O vaxtadək  140 min məcburi köçkünün öz dədə-baba torpaqlarına qaytarılması təmin olunacaq.

Xocalıya da böyük köçün başlayacağı gün uzaqda deyil. Hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Bakı Abadlı Xidməti”nin yaydığı məlumatda bildirilir ki,  Xocalıya köç prosesi sürətləndikcə ərazidə tikilən 200-ə yaxın həyət evi mərhələli şəkildə məskunlaşma üçün təhvil veriləcək. Eyni zamanda, biri beşmərtəbəli,  digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da Xocalı sakinləri üçün yenidən qurulur. Bundan başqa, hazırda 18 hektar ərazidə “fin evləri” adlanan sahədə 92 kottec tipli evlər yenidən qurulur ki, burada da təmir işləri başa çatmaq üzrədir. Həmçinin Xocalı şəhərində 167 hektar ərazidə 113 evin bərpasına başlanıb. Böyük Qayıdış Proqramının uğurla icra edilməsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”, - deyə vurğulayıb.

Mübariz ABDULLAYEV 

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30