Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda reallaşdırılan infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialının artmasına etibarlı zəmin yaradır

Regionlarda reallaşdırılan infrastruktur layihələri Azərbaycanın iqtisadi potensialının artmasına etibarlı zəmin yaradır

15.08.2015 [11:01]

Dövlət proqramlarının uğurlu icrası, həmçinin, vətəndaşların sosial müdafiəsinin möhkəmlənməsində mühüm rol oynayır
Dünyanın sürətli inkişaf tempinə malik ölkələrindən biri olan Azərbaycanın ümumi iqtisadi göstəriciləri arasında qeyri-neft sektorunun payı artmaqda davam edir. Məhz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illərdə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Təbii ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də ölkənin qloballaşma prosesindən irəli gələn meyarların milli maraqlarla uzlaşdırılmasına nail olmasıdır. Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bir sözlə, regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Bütövlükdə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 12 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanır. Həyata keçirilən və iqtisadi inkişafı ehtiva edən Dövlət proqramları regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirləri özündə birləşdirir.
Vurğulamaq lazımdır ki, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır - elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır.
İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, yeni iş yerlərinin açılması, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir.
İcra olunan Dövlət proqramları Hacıqabul rayonunda da infrastrukturun yenilənməsində əhəmiyyətli rol oynayıb. Bu ilin birinci yarısında Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və 6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral kanalında işlər davam etdirilib. Bundan əlavə magistral kanaldan Padar kəndinə ayrılan 12,5 km-lik qol kanalın tikintisi tam başa çatıb.
2015-ci ilin birinci yarısında M.F.Axundov küçəsinə 100 kubmetr, H.Həmidov küçəsinə 1478 kubmetr, Ə.Vahid küçəsinə 115 kubmetr, H.Aslanov küçəsinə 489 kubmetr, İ.Qayıbov küçəsinə 41 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, 2 saylı məktəbin yanındakı stadiona giriş yoluna 126 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilərək 1364 kv.metr asfalt örtüyün düzəldilməsi, Padar qəsəbəsinə 670 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilərək 1877 kv.metr asfalt örtüyün qoyulması, Navahı kəndinə giriş yoluna 630 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qatın verilməsi, hərbi şəhərciklə yanaşı 2 mərtəbəli yaşayış binalarının ərazisindən yola 960 kubmetr qum-çınqıl qatından hamarlayıcı qatın verilməsi işləri görülüb. Rayonun H.Həmidov küçəsinə 14 ədəd metal işıq dirəkləri qoyulub, M.Əsədov küçəsində əsaslı təmir aparılıb. Ümumilikdə 153,1 kv.metr 20 sm qalınlığında divar mişar daşı ilə hörülüb, 141 kv.metr divar isə mozaika daşı ilə üzlənib. Bundan başqa, rayon mərkəzində 52,8 kv.metr divar “ağlay” daşı ilə üzlənib.
Ötən dövr ərzində rayonda Kənd Təsərrüfatı Nazirliyinin Hacıqabul rayon İdarəsinin inzibati laboratoriya binasının tikintisi aparılıb. Heydər Əliyev Fondunun hesabına tikilən 100 yerlik uşaq bağçasında tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 4 ədəd fərdi yaşayış evinin tikintisinə başlanılıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Hacıqabul rayon Mühafizə İdarəsinin inzibati binasında tikinti işləri davam etdirilib.
Dövlət proqramlarının uğurlu icrası Salyan rayonunda da infrastrukturun yenilənməsinə şərait yaradıb. Bu ilin 6 ayı ərzində Salyan şəhərinin Yunis Zərgərli, Mirbağır Ağazadə, Nəriman Nərimanov və Ənvər Qasımzadə küçələrində asfalt basılması üçün hazırlıq qatının tikintisi başa çatdırılıb. Nəzərdə tutulmuş küçələrə 163 kubmetr çınqıl döşənib, H.Lalayev küçəsinə 1150 kv.m. asfalt tökülüb. Eyni zamanda, Yunis Zərgərli, Mirbağır Ağazadə, Ənvər Qasımzadə, Nəriman Nərimanov küçələrində abadlıq işləri də davam etdirilib.
Ötən yarımildə həmin küçələrdə 2321 metr uzunluğunda küvet tikilib, 1857.5 kv.m. hörgü işləri aparılıb, 1200 kv.m. ölçüdə suvaq işləri görülüb, su ötürücülərinə 330 metr poluetilen boru quraşdırılıb. Şəhər ərazisində yerləşən kommunal binaların - M.Quluzadə 34, A.Həsənov 59, 61 və T.Davudzadə küçəsi 5, 7 saylı binanın 2836 kv.m. dam örtüyü əsaslı təmir edilib. Rayonun 7 məktəbində - Sarvan, Qızılağac, Seyidsadıqlı, Arbatan, Aşağı Noxudlu, Xalac, Seyidan kənd məktəblərinin dam örtüyü əsaslı təmir olunub.
Şəhər ərazisində X.R.Ulutürk küçəsində yeni 5 mərtəbəli biznes mərkəzinin binası, rayonun Peyk kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilib. Hazırda rayonun Qarabağlı və Kürqaraqaşlı kəndlərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər biri 100 çarpayılıq uşaq bağçalarının, Ərazi kənd təsərrüfatı idarəsinin və rayon Prokurorluğunun inzibati binasının tikintisi işləri davam etdirilir.
Rayonda qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayonda Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 24 başlıq süd sağım sexinin tikintisi başa çatdırılıb.
Beləliklə, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən infrastrukturun yenilənməsi siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Yeni sənaye müəssisələri, eləcə də, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. Eyni zamanda, bir sıra rayonlarda sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur ki, bu da qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərəcək amillər sırasındadır.
Ölkəmizdə infrastrukturun kompleks inkişafı, regionlarda investisiya qoyuluşunun artırılması həm ticarət potensialının artmasına, həm beynəlxalq nüfuzun yüksəlməsinə, həm də yeni iş yerlərinin açılmasına rəvac verir. Bundan başqa, regionlarda yeni sosial xarakterli obyektlərin açılışı, eləcə də, turizmin inkişafına şərait yaradacaq.
Vurğulamaq lazımdır ki, iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.
Pərviz SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30