Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanda regionların inkişafı intensiv hal alır

Azərbaycanda regionların inkişafı intensiv hal alır

20.08.2016 [11:37]

2016-cı ilin birinci yarısında əldə edilən uğurlar da deyilənləri təsdiqləyir
Müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Qeyd edək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır və bu cəhətdən 2016-cı ilin yarısı da istisna olmayıb. Hər halda Dağlıq Şirvan bölgəsinə daxil olan rayonlarda bəhs edilən müddətdə bütün sahələrdə əldə edilən uğurlar da belə deməyə əsas verir.
Bu barədə konkret rəqəmlərə keçməzdən öncə qeyd edək ki, Dağlıq Şirvan bölgəsi Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. İqtisadi rayonun dağlıq zonası müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədi ilə istifadə edilir. Şirvan torpağı tarixən sənətkarlıq və toxuculuq mərkəzi olmuşdur. Lahıc qəsəbəsi özünün misgərlik məmulatları, Basqal kəndi isə xalq içində öz kələğayısı ilə məşhurdur. Şamaxı şəhərində də ipək kələğayı emalatxanaları fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi sənətkarlıq növüdür.
Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tiflis dəmiryol maqistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir.
Beləliklə, sözügedən iqtisadi rayona daxil olan Qobustanda cari ilin altı ayında iqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusilə bitkiçilik və heyvandarlığın inkişafı istiqamətində mühüm işlər görülüb, bu müddətdə geniş tikinti-quruculuq işləri aparılıb, sosial məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Bildirmək yerinə düşər ki, kənd təsərrüfatı rayonu olan Qobustanda taxılçılıq aqrar sektorda aparıcı sahələrdəndir. Bu mühüm strateji məhsulun inkişafı daim diqqət mərkəzində saxlanılır. Cari ilin məhsulu üçün 26645 hektar sahədə taxıl yetişdirilib. Hazırda biçin kampaniyası müvəffəqiyyətlə davam edir. Zəmilərdə 110 kombayn işləyir. Hələlik 18000 hektardan çox sahədə biçin aparılıb. Hər hektarın məhsuldarlığı 22,3 sentner təşkil edir. Bu il 55000 tona yaxın taxıl istehsalı gözlənilir. Rayonda kənd təsərrüfatının dinamik inkişaf edən sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur. Belə ki, 6 ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı 2,4 faiz, yumurta istehsalı 4,6 faiz artıb.
Tikinti-quruculuq, abadlıq işləri uğurla davam etdirilir. Qobustanda mərkəzi rayon xəstəxanasının tikintisi davam etdirilir, 100 yerlik uşaq bağçası-körpələr evinin inşasında son tamamlama işləri aparılır.
Bölgəyə daxil olan Şamaxıda da 2016-cı ilin birinci yarısında sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanılıb. Belə ki, yarım ildə 58,5 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Rayon iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatında bu müddətdə 22,6 milyon manatlıq məhsul istehsal edilib. Taxılçılıq, heyvandarlıq sahələrində nəticələr diqqətəlayiqdir.
Eyni zamanda, bəhs edilən müddətdə əhalinin elektrik enerjisi, təbii qazla təminatının daha da yaxşılaşdırılması, səhiyyə, təhsil, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb, yol təsərrüfatında təmir-tikinti işləri davam edib.
Ötən altı ayda İsmayıllıda 68 milyon 931 min manat məbləğində ümumi məhsul istehsal olunub, bu müddətdə əsas kapitala 8 milyon 914 min 200 manat investisiya qoyulub, 3 milyon 212 min 700 manat dəyərində əsas fondlar istifadəyə verilib.
İlin birinci yarısında tikinti-quruculuq işləri sahəsində bir çox layihələr həyata keçirilib. Bu müddətdə yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. M.F.Axundzadə küçəsində 2 doqquzmərtəbəli yaşayış binasının, velosiped istehsalı zavodunun, Keyvəndi kəndində “AZZA Aqro” MMC-nin 1500 başlıq iri heyvandarlıq kompleksinin, Qalınçaq kəndində “Şən fermer” MMC-nin hind toyuğu istehsal edəcək fabrikinin tikintisi davam etdirilib. Göyçay çayı üzərində inşa olunan “İsmayıllı SES-2”də tikinti-quraşdırma işləri başa çatdırılıb. Bu stansiya rayonun elektrik enerjisi ilə davamlı təchiz olunmasını təmin edəcək.
İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin, Xanəgah kəndi yaxınlığında dam örtükləri istehsal edəcək zavodun, Mollaisaqlı kəndində 30 başlıq südlük, 25 başlıq kökəltmə istiqamətli iribuynuzlu mal-qara üçün tövlənin tikintisi başa çatdırılıb. Habelə İsmayıllı şəhəri ərazisində meyvə-tərəvəz emalı və qablaşdırılması müəssisəsinin, yeni quşçuluq fabrikinin tikintisi, Talış kəndində gündəlik istehsal gücü 1 ton olan pendir istehsalı sexində avadanlıqların quraşdırılması işləri aparılıb.
27 min nəfər əhalinin yaşadığı 37 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu istismara verilib. Yol tikintisi zamanı Mehmanxanlı çayı üzərində uzunluğu 25 metr olan yeni aşırma körpü də tikilib.
Eyni zamanda, hazırda cari ilin məhsulu üçün yetişdirilən 29342 hektar taxıl zəmisində biçin kampaniyası davam etdirilir. Hələlik 99075 ton taxıl istehsal olunub, dəmyə şəraitində hər hektardan 35,03 sentner məhsul götürülür. Hazırda biçilməmiş 1026 hektar zəmidə kampaniya davam edir.
Bu ilin birinci yarısı ölkəmizin hər bir bölgəsi kimi Ağsu rayonu üçün də sosial-iqtisadi inkişaf baxımından uğurlu olub.
Belə ki, 2015-ci ildə 2016-cı ilin məhsulu üçün 34876 ha sahədə payızlıq taxıl (ondan 15359 ha buğda, 19517 ha isə arpa) əkilib. 01.07.2016-cı il vəziyyətinə zəmilərdən 96,2 min ton taxıl məhsulu əldə olunub, buğda məhsulunun hər hektardan orta məhsuldarlığı 31,1 sentner, arpa məhsulunun isə hər hektardan orta məhsuldarlığı 27,2 sentner təşkil edib. Hesabat dövründə 519 ton kartof, 2508 ton tərəvəz, 1448 ton meyvə istehsal olunub.
Bundan başqa, bu ildən başlayaraq rayonda baramaçılıq və pambıqçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, hazırda rayonda 1104 hektar ərazidə pambıq yetişdirilir, 50 qutu ipəkqurdu toxumu bəslənilir. Bu sahələr üzrə ilkin nəticələr çox ümidvericidir”.
Mal-qaraların cins tərkibinin yaxşılaşdırılması, ətlik maldarlığın inkişaf etdirilməsi üçün müvafiq addımlar atılıb. 2016-cı ilin I yarısında ət istehsalı 2450 ton, süd istehsalı 14057 ton, yumurta istehsalı 5028 min ədəd, yun istehsalı isə 303 ton olub.
2016-cı ilin I yarısında rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Belə ki, şəhərin M.Ə.Rəsulzadə küçəsində Ağsu rayon Kənd Təsərrüfatı idarəsi üçün inzibati bina, “Azqranata” MMC üçün yeni süzmə sektoru və soyuducu anbarın tikintisi tamamlanıb, şəhərin kanalizasiya sisteminin təmizləmə qurğusunun tikintisi davam etdirilib. Bununla yanaşı, 140 yerlik Qərənfil uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilib, 1 saylı uşaq bağçasında isə əsaslı təmir işləri davam etdirilib.
Hazırda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun yenidən qurulması istiqamətində təmir işləri aparılır. Bununla yanaşı, Ağsu-Ağarx-Qaradağ avtomobil yolunun Bozavand kəndinə qədər olan hissəsinin təmiri başa çatdırılıb. Qaradağ və Qaravəlli kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hər biri 3 otaqdan ibarət olan 10 ədəd fərdi yaşayış evlərində tikinti-quraşdırma işləri davam etdirilir.
Şəhərin müxtəlif məhəllələrində tikintisi yarımçıq qalmış obyektlərin başa çatdırılması, binaların fasad hissələrinin müasir tələblərə uyğun qurulması və çoxmənzilli yaşayış binalarının təmir-bərpası istiqamətində işlər davam etdirilib.
Hesabat dövründə şəhərin M.Ə.Rəsulzadə küçəsində 145 çarpayılıq Mərkəzi rayon Xəstəxanasının tikintisi başa çatdırılıb. Prezident İlham Əliyev xəstəxananın açılışında iştirak edib. 2016-cı ilin I yarısında rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 603 nəfər işlə təmin olunub ki, onlardan 439-u daimi işlə təmin olunanlardır.
Hesabat dövründə rayonun elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, həmçinin qaz təchizatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirilib. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlər ilin I yarısında da diqqət mərkəzində saxlanılıb.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 965 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30