Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Pambıqçılığın inkişafı regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

Pambıqçılığın inkişafı regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

21.04.2017 [09:10]

Məlum olduğu kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Qeyri-neft sektorunun əsas komponentlərindən biri də kənd təsərrüfatıdır. Hazırda strateji kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq qarşıda dayanan əsas hədəflərdən biridir. Bu mənada pambıqçılığın inkişafı da xüsusi diqqət mərkəzindədir. Xatırladaq ki, Prezident İlham Əliyevin Sədrliyi ilə martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Pambıqçılıq rayonlarında hazırda həmin müşavirədə dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə edilir və görüləcək işlərə dair qərarlar qəbul olunur.
Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafına əlverişli şərait yaratdığını bildirib. Pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs olunarkən diqqətə çatdırılıb ki, əgər ötən il rayon ərazisində 351 hektarda pambıq əkilmişdisə, bu il 3 min hektardan artıq sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Artıq 3025 hektar sahə şumlanıb, malalanıb və çiyid səpininə başlanılıb. Əsasən “CTS Aqro” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “Ağdam Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlayan fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Kənd təsərrüfatı idarəsinin rəisi Allahverən Əliyev, mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə, fermer Həsrət Səfərov və başqaları çıxış edərək, pambıqçılığın inkişafı, pambığın aqrotexniki qaydalarla becərilməsi, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar. Yığıncaqda pambıqçılıq təsərrüfatlarının rəhbərləri və fermerlərin təklifləri dinlənilib, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların rəhbərlərinə göstərişlər verilib.
Tərtər rayonunda da analoji tədbir keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, mütəxəssislərin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdikləri toplantıda çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, hazırda regionlarda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Tərtər rayonunda da öz nəticəsini verməkdədir. M.Məmmədov qeyd edib ki, rayonun məhsuldar torpaqları və iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Sovet dövründə rayonda bir ildə 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdü. Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə Tərtər rayonunda 1035 hektar sahədə pambıq becərilib və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul toplanıb. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. Ötən il rayonda pambığın becərilməsinə və yığılmasına 200 nəfər daimi, 2 min nəfər isə mövsümi işə cəlb olunub.
Cari ildə rayonda 3000 hektarda çiyid səpilməsinə hazırlıq görülüb. Yaxın günlərdə səpinə başlanılacaq. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC 790 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. Rayon pambıqçıları bu il 3000 hektar ərazidən 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Bu da 6 min nəfər üçün iş yeri və 4,2 milyon manat gəlir deməkdir.
Müşavirədə çiyid səpininin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, becərmənin aqrotexniki qaydada aparılması, pambıq əkinlərinin suvarma suyu ilə təminatı, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb, pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib.
Ağcabədidə keçirilən toplantıda isə rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görülən işlərdən danışıb. Məlumat verilib ki, rayonda ötən il 3661 hektar sahədə pambıq becərilib, 8852 ton məhsul tədarük edilib. Cari ilin məhsulu üçün isə artıq 9012 hektar sahədə çiyid səpilməsi üçün müqavilələr bağlanılıb. Fermerlər pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC və “Ağcabədi Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərəcəklər.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Digər pambıqçılıq rayonu olan Beyləqanda isə bu il 8500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Artıq sahələr pambıq əkinləri üçün hazır vəziyyətə gətirilib, çiyid səpininə artıq başlanılıb. Bu barədə Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən pambıqçılığın inkişafına həsr olunan müşavirədə məlumat verilib. Ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, pambıq istehsalçılarının və emal müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev diqqəti martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlətimizin başçısının nitqində qarşıya qoyulan vəzifələrə yönəldib.
Çıxışlarda ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan razılıqla danışılıb. Bildirilib ki, pambıqçılıq sahəsində yüksək təcrübəsi, vərdişləri olan Beyləqanda 1980-ci ildə 80,3 min ton pambıq istehsal olunmuşdu, bu da respublika göstəricisinin təxminən 10 faizini təşkil edirdi. 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalıb və əhali heyvandarlıq sahəsinə meyil edib. Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ötən ildən rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Belə ki, 2016-cı ildə rayon üzrə əvvəlki illə müqayisədə 1,9 dəfə artıq, yəni 3958 hektar sahədə pambıq əkilib. Pambıq sahələrinin əkilib-becərilməsində və məhsulun toplanmasında rayonun 7900-dən çox sakini işlə təmin edilib və onlar 4,8 milyon manatdan çox qazanc əldə ediblər. Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Ümumiyyətlə, bu tədbirlərdə birmənalı olaraq vurğulanıb ki, pambıqçılığın inkişafı bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, pambıqçılığın inkişafı ilə bağlı ölkəyə yeni, müasir texnikalar da gətirilir. Bu yaxınlarda Şirvan şəhərində respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının sərgi-təqdimatı da olub. Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirak etdiyi sərgi-təqdimat “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında keçirilib.
Nazir və iştirakçılar əvvəlcə müxtəlif növ kənd təsərrüfatı texnikaları ilə, o cümlədən pambıqçılıq üzrə Türkiyənin “Cansa Tarim” şirkətindən alınan, “Azərbaycan Malı” brendi ilə “Aqrolizinq” ASC-nin müqaviləsi əsasında “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin istehsalı olan yeni texnika, Azərbaycanın aqrar mühəndislik elminin nailiyyətlərinin istehsalata tətbiqi istiqamətində “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə MM-in Aqromexanika Elmi-Tədqiqat İnstitutunun layihəsi və “Aqrolizinq” ASC-nin sifarişi əsasında istehsal edilən mini texnika ilə tanış olublar. Habelə pambıq istehsalçılarına, müəssisə və təşkilatlara lizinqə verilən “Gəncə Avtomobil zavodu” İB-nin istehsal etdiyi pambığın cərgə arasını becərən “Belarus 80X” traktorunun da təqdimatı olub.
Kənd təsərrüfatı idarələri rəislərinin, “Aqrotexservis” filialları rəhbərlərinin və əkinçilik üzrə fermerlərin qarşısında çıxış edən nazir Heydər Əsədov aqrar sektora göstərilən dövlət dəstəyindən, pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb. Vurğulayıb ki, təkcə bu il ölkəyə 6 min ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətiriləcək. Artıq bu texnikanın 5 faizi respublikadadır. Qalan texnikanın da ardıcıl olaraq gətirilməsi davam edir. Bu məqsədlə dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb.
Qeyd edilib ki, ümumiyyətlə, son dövrlərdə əhəmiyyətli dövlət dəstəyi və həyata keçirilən sistemli tədbirlər hesabına kənd təsərrüfatı istehsalçılarının müvafiq texnika və avadanlıqlarla təminatının yaxşılaşdırılması istiqamətində köklü irəliləyişə nail olunub. 2005-ci ildən 2017-ci ilin ötən müddəti ərzində “Aqrolizinq” ASC tərəfindən 29 min 123 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən 1869 ədəd taxılyığan kombayn, 94 pambıqyığan maşın, 8 min 751 ədəd traktor və 18 min 409 ədəd digər kənd təsərrüfatı texnikası alınıb.
Bu il 1088 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən pambıqçılıqda istifadə edilən 115 ədəd cərgəarası becərmə traktoru, pambığın və şəkər çuğundurunun becərilməsində istifadə olunan 8 adda 973 ədəd müxtəlif təyinatlı texnika gətirilib və kənd təsərrüfatı məhsulu istehsalçılarına lizinqə verilib.
Son üç ildə respublikada kənd təsərrüfatı texnikasına artan tələbata uyğun olaraq texnikanın gətirilməsi strateji məqsəd olaraq qarşıya qoyulub. Belə ki, 2014-2017-ci illərdə alınan texnika əvvəlki 9 ildə gətirilən texnikanın 66,4 faizi qədərdir. Bu da texnikanın tərkibinin 66,4 faiz yenilənməsi deməkdir. Yenilənmə faizi kombaynlar üzrə 53, traktorlar üzrə 69, digər kənd təsərrüfatı texnikası üzrə 66,7 faiz təşkil edir. Qeyd olunmalıdır ki, son illərdə gətirilən bütün növ texnikalar ABŞ, Türkiyə, Almaniya, Hollandiya, İtaliya və digər ölkələrin istehsalıdır.
“Aqrolizinq” ASC pambıq istehsalı ilə məşğul olan şirkətlərin bu il üçün sifarişləri əsasında texnikaya tələbatı müəyyən edib. Bu tələbata əsasən 5 min 602 ədəd kənd təsərrüfatı texnikasının, o cümlədən 150 ədəd pambıqyığan maşının, 1270 ədəd müxtəlif markalı şum və becərmə traktorunun, 4 min 182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulub.
İndiyədək respublikaya 704 ədəd texnika, o cümlədən 115 ədəd “Belarus 80X” markalı cərgəarası becərmə traktoru, 156 ədəd pnevmatik tipli çiyidsəpən və 168 ədəd mexaniki tipli çiyidsəpən, 145 ədəd kotan, 24 ədəd pambıq daşınması üçün traktor qoşqusu və 96 ədəd kanal açan gətirilib. Texnikanın respublikaya gətirilməsi ciddi nəzarətdə saxlanılır.
Tədbir çərçivəsində nazir lizinq yolu ilə verilən texnikaların sənədlərini fermerlərə və torpaq istifadəçilərinə təqdim edib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30