Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində mühüm işlər görülüb

Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində mühüm işlər görülüb

09.02.2019 [10:33]

Regionlarda mal-qara cins tərkibinin yaxşılaşdırılması məhsul istehsalının artmasına səbəb olub
(əvvəli ötən sayımızda)

Bu il rayonda iribuynuzlu mal-qaranın baş sayı 23683, qoyun və keçilərin baş sayı isə 147450 başa çatıb. Rayonda mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu il ət istehsalı (diri çəkidə) 1,4 faiz artaraq 5590 ton, süd istehsalı 1,2 faiz artaraq 30785 ton olub.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.
Rayon statistika idarəsindən bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 1,6 faiz artaraq 41 min 634 başa, qoyun və keçilərin sayı 0,4 faiz artaraq 104 min 940 başa, quşların sayı 0,6 faiz artaraq 249 min 344 başa, arı ailələri 16,2 dəfə artaraq 6054 başa çatıb. İribuynuzlu mal-qaranın 99 faizi, qoyun və keçilərin 94,5 faizi, arı və quşlar isə tamamilə əhali təsərrüfatlarına məxsusdur. Ötən il təsərrüfatlarda 4470 ton ət, 35 min 866,6 ton süd, 13 milyon 206 min ədəd yumurta, 194,5 ton yun istehsal edilib. 2017-ci illə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı 3,6 faiz, yumurta istehsalı 52,2 faiz, yun istehsalı 23,8 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Keçən il 2863 baş inək və düyə süni yolla mayalandırılıb, 1586 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.
Füzuli rayonunda da heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər 2018-ci ildə davam etdirilib. Rayon Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat məbləğində yardımın müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. 2018-ci ildə rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 3911 baş inək və düyə süni yolla mayalandırılıb, 2307 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalama zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarole” cinsindən olan buğaların toxumları istifadə edilir.
Son illərdə cəbhə bölgəsində yerləşən Tərtər rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalandırılması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalamadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. 2018-ci ildə rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1840 baş inək və düyə süni yolla mayalandırılıb, 815 baş cins tərkibi yaxşılaşdırılmış buzov doğulub. Mayalama zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis”, “Şarole” cinsindən olan buğaların toxumları istifadə edilir. Bundan başqa, iribuynuzlu heyvanların cins tərkibini yaxşılaşdırmaq, bu sahənin inkişafına nail olmaq məqsədilə tərtərli təsərrüfat sahibləri tərəfindən lizinq yolu ilə 38 baş cins mal-qara alınıb.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda heyvandarlıq məhsulları istehsalının artmasında özünü göstərir. Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ildə bütün təsərrüfat kateqoriyaları üzrə 3071,2 ton ət (diri çəkidə), 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun istehsal edilib. 2017-ci ilə nisbətən diri çəkidə ət istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 85,4 faiz artıb.
Heyvandarlıq Ağsu rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindəndir. Fermerlər, eləcə də fiziki şəxslər mal-qaranın cins tərkibinin dəyişdirilməsinə və daha məhsuldar heyvanlarla əvəz edilməsinə xüsusi önəm verirlər. Doğulan hər baş cinsi yaxşılaşdırılan buzova görə dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi bu sahəyə marağı daha da artırıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, təkcə yola saldığımız 2018-ci ildə 1048 baş qaramal süni mayalandırılıb, 609 baş cinsi yaxşılaşdırılan buzov alınıb. Doğulan belə buzovların sayı inişilkindən 257 baş çoxdur. Təkcə bu ilin yanvar ayında 71 baş cinsi yaxşılaşdırılan buzov doğulub. Qeyd edək ki, ötən il doğulan cinsi yaxşılaşdırılmış buzov sahiblərindən 312 nəfərinə 435 baş buzova görə 43 min 500 manat subsidiya verilib.
Biləsuvara gəlincə, bu rayonun da heyvandarlıq təsərrüfatlarında mal-qaranın baş sayı və məhsul istehsalı ilbəil artır. Rayon statistika idarəsindən bildiriblər ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 40 min 113 baş iribuynuzlu mal-qara və 139 min 369 baş qoyun-keçi saxlanılır. Sürüdə davarların baş sayı 2017-ci ildəkinə nisbətən 442 baş çoxdur. Təsərrüfatlarda mal-qara və qoyun-keçinin artması məhsul istehsalında da özünü göstərir. Ötən il rayonda 8 min 14 ton ət, 27 min 500 ton süd, 109,9 ton yun istehsal olunub. Ət istehsalı 2017-ci ildə istehsal olunan məhsuldan 1094 ton çoxdur.
İmişli rayonunda da heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verilən subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, ət, süd istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə olunmasına marağı daha da artırıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 6 süni mayalama məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2 min 469 baş inək və düyədən 1494 baş buzov alınıb. Bu da 2017-ci ildəkindən 628 baş çoxdur. Doğulan buzovlara görə 1254 nəfərə, ümumilikdə, 149 min 400 manat subsidiya ödənilib. Qeyd edək ki, hazırda İmişlinin heyvandarlıq təsərrüfatlarında 89 min 226 baş iribuynuzlu mal-qara saxlanılır. Onların əksəriyyəti süni mayalama yol ilə cinsi yaxşılaşdırılmış heyvanlardır.
Respublikamızda qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına, Fərman və sərəncamlarına, həmçinin qəbul olunmuş Dövlət proqramlarına uyğun olaraq Ceyrançöl ərazisində maldarlıq kompleksinin inşası işləri davam etdirilir. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, 15 milyon manat layihə-smeta dəyəri olan kompleksdə tikinti işlərinə 2017-ci ilin oktyabr ayından başlanılıb. Kompleks fəaliyyətə başladıqdan sonra burada 1400 baş ətlik mal-qara saxlanılacaq. Hazırda tikinti-quraşdırma işlərinin davam etdiyi aqrokompleksdə 80 nəfər daimi, 40 nəfər isə mövsümi işlərdə çalışır. Gələcəkdə kompleksdə 110 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.
Ötən ilin yazında aqroparkın istifadəsində olan 550 hektar sahənin 450 hektarında qarğıdalı, 50 hektarında yonca əkilib. 2018-ci ilin payızında 170 hektar sahəyə buğda, 150 hektara isə arpa səpilib. Aqroparkda əkinlərin suvarılması pivot suvarma üsulu ilə həyata keçirilib. Hazırda aqroparkda Kür çayından saatda 1200 kubmetr su vuran 3 ədəd nasos qurğusu fəaliyyətdədir. Əlavə olaraq bir ədəd nasos qurğusunun da işə salınması nəzərdə tutulub.
Qeyd edək ki, bu istiqamətdə digər ölkələrin təcrübələrindən də istifadə olunur. Bu yaxınlarda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda türkiyəli mütəxəssislər tərəfindən İspaniya təcrübəsi olan süngərləmə üsulunun sınaqdan keçirilməsi də buna sübutdur. İnstitutun direktoru Mahir Hacıyev bildirib ki, “Süngərləmə üsulunun qoyunçuluqda tətbiqi” mövzusunda keçilən respublika elmi-praktik konfransında fermerlərə bu üsulun üstünlükləri haqqında ətraflı məlumat verilib və izah edilib. Süngərləmə üsulu haqqında danışan Mahir Hacıyev izah edib ki, hazırda respublikada hər 100 heyvandan 110 baş heyvan alınırsa, bu üsulun tətbiqi ilə 160-180 bala almaq mümkündür. Bu gün qoyunçuluq təsərrüfatlarında bala sayının artırılmasının aktual olduğunu deyə direktor vurğulayıb ki, süngərləmə üsulunun tətbiqi ilə belə problemləri tam aradan qaldırmaq mümkündür.
Türkiyəli mütəxəssis Murad Karadoğan isə bildirib ki, bu üsuldan Türkiyədə 1980-ci illərdən istifadə olunur. Azərbaycanda ilk dəfə sınaqdan keçirilmiş üsulun tətbiqində məqsəd qoyunlardan daha çox bala almaqdır.
Süngərləmənin heyvan başına 13 manata başa gəldiyini deyən mütəxəssis vurğulayıb ki, hər bir fermer öyrəndikdən sonra özü də bu üsulu təsərrüfatına tətbiq edib, il ərzində bir heyvandan 2, 3, bəzən də 4 bala ala bilər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 799 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30