Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda arıçılığın inkişafına diqqət ildən-ilə artmaqdadır

Regionlarda arıçılığın inkişafına diqqət ildən-ilə artmaqdadır

01.03.2019 [14:44]

Ötən il respublikamızda 501 min arı ailəsindən 5 min tonadək bal əldə olunub
Son 15 ildə Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edib ki, bunun da ən səciyyəvi cəhətlərindən biri bütün ölkə boyu tarazlı inkişafın təmin olunması ilə bağlıdır. Bəhs olunan dövrdə respublikamızın bölgələrinin inkişafı Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları əsasında təmin edilib. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Prezident İlham Əliyev cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib. “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”, - deyə dövlət başçısı bildirib.
Həyata keçirilən uğurlu siyasət nəticəsində son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı isə 1,6 milyon artıb. Dövlət başçısı bu göstəricini yüksək qiymətləndirib: “Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq”.
Görülən işlər nəticəsində regionlarda kənd təsərrüfatının inkişafı da dinamik xarakter alıb. Kənd təsərrüfatının digər sahələri kimi arıçılığın inkişafına da böyük maraq var. Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki, bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə töhfə verə bilər. Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib ki, arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var: “Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Qeyd edək ki, 2018-ci ildə 30 min 474 təsərrüfatda mövcud olan 501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum, 7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, balın 1 kiloqramının orta satış qiyməti 20,6 manat, mumun 14,2 manat, vərəmumun 118,4 manat, güləmin 71,1 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4,6 manat təşkil edib. Keçən il 71,5 min ABŞ dolları dəyərində 8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına düşür.
Ümumiyyətlə, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 10 ildə həm arı ailələrinin sayı, həm bal istehsalı 3,5 dəfə, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 16,4-dək artıb. Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərib. Təsadüfi deyil ki, əvvəlki illə müqayisədə 2018-ci ildə arı ailələrinin sayı 229,3 min, bal istehsalı isə 1950,8 ton artıb.
İsmayıllı rayonunda da arıçılıq inkişaf edən sahələrdən biridir. İsmayıllının zəngin bitki örtüyü, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyi son illər bölgədə arıçılığa marağı artırıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamı rayonda arıçılığın inkişafına yeni təkan verib. Təsadüfi deyil ki, son bir ildə arı ailələrinin sayı iki dəfədən çox artıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, arı ailələrinin sayı hazırda 14500-ə çatır. İnişil isə bu rəqəm 7123 olub. Məhsul istehsalı da 2017-ci ilə nisbətən 48,2 ton artaraq 108 tona çatıb. Ötən il Bakıda təşkil olunan bal yarmarkasına 9 arıçı tərəfindən 3,3 ton arı məhsulları çıxarılıb. Habelə, yeni il ərəfəsində təşkil edilən yarmarkalarda da İsmayıllı arıçıları fəal iştirak ediblər.
Qeyd edək ki, rayonda 543 arıçıya saxladıqları 10565 arı ailəsinə görə (hər pətəyə 10 manat) dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilib. Qalan 3913 arı ailəsinə görə subsidiya verilməsi üçün müvafiq sənədlər hazırlanaraq respublika komissiyasına göndərilib.
Bu proses Ağcabədi rayonunda da uğurla davam edir. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na əsasən, Ağcabədi rayonunda arı ailələrinin (pətəklərin) identikləşdirilməsi davam edir. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun əməkdaşı Qəzənfər Cəfərov bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan rayon komissiyası məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və pətəklərin identikləşdirilməsi həyata keçirilir. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon komissiyası tərəfindən icmal siyahı, akt və müvafiq sənədlər tərtib edilərək respublika komissiyasına göndərilir. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilir.
Bu günədək Ağcabədi rayonu üzrə 175 arıçının saxladığı 2913 pətək identikləşdirilib. 43 arıçı saxladığı 973 arı pətəyinin hər birinə görə 10 manat məbləğində subsidiya alıb.
Oğuz rayonunda da arıçılıqla məşğul olan 221 arıçıya saxladıqları 4846 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi nəzərdə tutulur. Birinci mərhələdə 86 arıçının təsərrüfatlarında olan 2500 arı ailəsinə identifikasiya kodu verilib və Respublika Komissiyasının qərarına əsasən, onlara 25 min manat subsidiya ödənilib. Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib. Qurum rəsmisi bildirib ki, arıçılara subsidiyanın verilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamın icrası olaraq, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat məbləğində subsidiya ödənilir. Mərkəzin direktor müavininin sözlərinə görə, qalan 135 arıçının təsərrüfatlarında olan 2346 arı ailəsi də identifikasiya kodu ilə təmin edilib və sənədlər hazırlanıb. Yaxın vaxtlarda həmin istehsalçılara da subsidiyanın verilməsi təmin olunacaq.
Qəbələ rayonunda isə arıçılıqla məşğul olan 657 arıçıya saxladıqları 9670 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi nəzərdə tutulur. İlkin mərhələdə 205 arıçının təsərrüfatlarında olan 4243 arı ailəsinə identifikasiya kodu verilib və Respublika Komissiyasının qərarına əsasən onlara 42 min 430 manat subsidiya ödənilib. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Şamil Osmanov məlumat verib. O bildirib ki, arıçılara subsidiyanın verilməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncamın icrası olaraq, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat məbləğində subsidiya ödənilir.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30