Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın bölgələrində taxıl biçininə başlanılıb

Azərbaycanın bölgələrində taxıl biçininə başlanılıb

08.06.2019 [07:20]

Cari təsərrüfat ilində respublika üzrə 1 milyon 85 min hektar sahədə taxıl əkilib və orta məhsuldarlığın əvvəlki illərlə müqayisədə daha yüksək olacağı gözlənilir
Son illərdə respublikamızın bölgələrində aqrar sektorun digər istiqamətləri kimi, ərzaq təminatının möhkəmləndirilməsində çox mühüm pozisiyalardan biri olan taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Xüsusilə bu sahədə intensiv metodların tətbiqinə geniş meydan verilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Regionlarda taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. İri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır. 2004-cü ildə respublikamızda cəmi 2 milyon ton taxıl yığıldığı halda, 2018-ci ildə bu rəqəm 3 milyon 200 min tona yüksəlib. İri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq daha yüksəkdir - hər hektar üzrə 50 sentnerə bərabərdir, bəzi yerlərdə isə daha yüksəkdir. Müqayisə üçün bildirək ki, dünya üzrə hər hektardan orta məhsuldarlıq 34 sentner, Avropa İttifaqı ölkələrində isə 53 sentner təşkil edir. Azərbaycan yeni yanaşmaları tətbiq etməklə iri fermer təsərrüfatlarında məhsuldarlığı 50 sentnerə çatdırmağa nail olub ki, bu da böyük uğurdur. Cari təsərrüfat ilində respublikamızda 1 milyon 85 min hektar sahədə taxıl əkilib və orta məhsuldarlığın əvvəlki illərlə müqayisədə daha yüksək olacağı gözlənilir.
Kürdəmir rayonunda zəmilərə hər gün 140 kombayn çıxardılır
Kürdəmir rayonunda bir neçə gün bundan əvvəl taxıl biçininə start verilib. Rayon icra hakimiyyətindən KİV-ə bildirilib ki, zəmilərə hər gün 140-dan çox kombayn çıxarılır. Hələlik arpa biçilir. Hər hektardan orta məhsuldarlıq 33,7 sentnerdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 6 sentner çoxdur.
Rayonun daha çox taxıl əkilən Şilyan, Qocalı, Qarasaqqal, Karrar, Atakişili, Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılır və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri yüksək məhsuldarlığa nail olurlar.
Qeyd edək ki, Kürdəmir fermerləri cari ilin məhsulu üçün 48046 hektar sahədə taxıl yetişdiriblər. Zəmilərin 18120 hektarına buğda, 29926 hektarına isə arpa əkilib. Vaxtında aparılan lazımi aqrotexniki qulluq, gübrələrdən istifadə, alaq otlarına və ziyanvericilərə qarşı mübarizə cari mövsümdə də fermerlərə və fiziki şəxslərə bol məhsul yetişdirməyə imkan verib.
Qaxda arpa zəmilərində hər hektardan orta məhsuldarlıq 24,2 sentner təşkil edir
Cari mövsümdə Qax rayonunda 13 min 815 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 10 min 934 hektarını buğda, 2 min 881 hektarını arpa sahələri təşkil edir. Təsərrüfatlarda artıq arpa biçininə start verilib. Rayonun Ağyazı, Almalı, Zəyəm, Qıpçaq kəndlərinin ərazilərində ilk günlər 157 hektar sahənin arpası biçilib, 380,5 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 24,2 sentner təşkil edir. Ağyazı ərazisindəki təsərrüfatlarda isə hər hektardan 28 sentnerədək məhsul götürülür.
Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Qurum rəsmisi bildirib ki, rayon üzrə taxıl biçini kampaniyasına 34 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41 min tondan çox məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30,2 sentner olub.
Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər arpa biçininə başlayıblar
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər arpa biçininə başlayıblar. Qısa müddətdə 498 hektarda biçin aparan məcburi köçkünlər 1255 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 25,2 sentnerdir.
Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 1198 hektar sahədə taxıl becərilib. Bunun 94 hektarı buğda, 1104 hektarı arpadır. Hazırda bütün qüvvələr strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilib.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1111,1 hektar taxıl sahəsindən 2450,2 ton məhsul götürüblər.
Saatlı rayonunun fermerləri taxıl sahələrində bol məhsul yetişdiriblər
Saatlı rayonunun fermerləri qısa müddətdə 470 hektar sahədə biçin aparıblar. Hər hektarın məhsuldarlığı orta hesabla 22,7 sentner olur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2018-ci ilin payızında 24 min 866 hektar sahədə taxıl əkilib. Bunun 5 min 822 hektarı arpa, 19044 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 40,6 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Dörd-beş gündür ki, zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, məhsulun itkisiz yığılmasına çalışılır. Bu məqsədlə sahələrə 60-a yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm cəlb olunub. İşin yaxşı təşkili nəticəsində hər gün 100-110 hektar sahənin məhsulu yığılır. Mütəxəssislərin fikrincə, bu il rayonda təxminən 95 min ton məhsul götürmək mümkün olacaq.
Qeyd edək ki, ötən il rayonda 22 min 350 hektar taxıl sahəsindən 89 min 638 min ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 40 sentner olub.
Neftçalada taxıl biçininə ilk olaraq rayonun Xol zonasında fəaliyyət göstərən fermerlər başlayıblar
Neftçalada bir neçə gündür ki, arpa biçini davam etdirilir. Biçin kampaniyasını mütəşəkkil başa çatdırmaq, habelə məhsul istehsalçılarına kömək göstərmək məqsədilə rayonda bütün zəruri işlər həyata keçirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 39 min 386 hektar sahədə taxıl əkilib. Bunun da 31 min 404 hektarı arpa, 7 min 982 hektarı buğda sahəsidir. Ötən il taxıl sahələrindən 21 min 217 ton məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə sahələrdə bol məhsul yetişib, necə deyələr, əkinçilərin zəhməti hədər getməyib.
Rayonda taxıl yığımına ilk olaraq Xol zonasında fəaliyyət göstərən fermerlər başlayıblar. Hazırda taxıl sahələrində 140-a yaxın taxılbiçən kombayn işləyir və bu maşınlarla hər gün 1500-1600 hektar sahənin məhsulu yığılır. Məhsulun daşınması üçün 180-ə qədər maşın mexanizm və 75 ədəd küləş presləyən sahibkarların ixtiyarına verilib. İşin düzgün təşkili nəticəsində qısa müddətdə 11 min 550 hektar sahədə biçin aparılıb və 25 min 537 tondan çox məhsul yığılıb. Biçilmiş sahələrin məhsuldarlığı orta hesabla 22,7 sentnerdir.
Təcrübəli taxılçı Eyvaz Rzayev uzun illərdir taxıl əkib-becərir və hər il də yüksək məhsuldarlığa nail olur. “Ötən il əkdiyim 200 hektar taxıl sahəsinin hər hektarından 21 sentner məhsul götürmüşəm. Bu il isə 250 hektar sahədə taxıl becərmişəm. Bitkiyə yaxşı qulluq etdiyimdən bol məhsul yetişib. Hər il olduğu kimi, bu il də biçinə birinci başlayanlar arasındayam. Az vaxtda 25 hektarda biçin aparmışıq. Hər hektardan orta hesabla 25 sentner məhsul əldə olunub ki, bu da ötən ildəkindən 4 sentner çoxdur”, - deyə fermer bildirib.
Mütəxəssislərin dediyinə görə, bu il rayonda təxminən 125 min tondan çox taxıl istehsalı gözlənilir. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün də təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Xidmət təşkilatları, əlaqədar müəssisə rəhbərlərinin də daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara operativ qaydada aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur.
Yevlaxda biçinin qızğın çağıdır
Yevlaxlı torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 11 min 713,1 hektarda taxıl, o cümlədən 6630,6 hektarda buğda, 5082,5 hektarda arpa becəriblər. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
Rayonda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Hazırda rayonun təsərrüfatlarında biçinin qızğın çağıdır. Artıq qısa vaxtda 150 hektarda biçin aparılıb, 375 ton məhsul əldə edilib. Hektarın məhsuldarlığı orta hesabla 25 sentnerdir. Ümumilikdə isə mütəxəssislər bu il rayonda 37 min tondan artıq taxıl istehsal olunacağını proqnozlaşdırırlar.

(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30