Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda yaz-tarla işləri uğurla yekunlaşdırılır

Regionlarda yaz-tarla işləri uğurla yekunlaşdırılır

06.07.2019 [09:52]

Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verir
Azərbaycanda digər sahələr kimi kənd təsərrüfatının inkişafı istiqamətində də həyata keçirilən kompleks tədbirlər nəinki bu sahənin, ümumilikdə, ölkəmizin sosial-iqtisadi tərəqqisinə öz töhfəsini verir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Məlum olduğu kimi, ölkəmizin regionlarında müasir infrastruktur yaradılır, bu istiqamətdə innovativ metodlar və qabaqcıl təcrübənin səmərəli tətbiqi müsbət nəticələr verir, azad sahibkarlığın dəstəklənməsi çərçivəsində fermerlərə subsidiyalar, güzəştli kreditlər verilir. Digər tərəfdən, ölkəmizdə aqrar sektorda böyük ixrac potensialı mövcuddur və bu potensialdan istifadə etməklə kənd təsərrüfatı sahəsində istehsal həcmlərinin artırılması, həmçinin bu kontekstdə ixrac imkanlarının genişləndirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir. Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində görülən tədbirlər eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin qarşısında duran strateji xarakterli vəzifələrdən biridir. Bu sahədə irəliləyişə nail olmaq ölkələrin ümumi sosial-iqtisadi inkişafının davamlılığının təmin olunması üçün xüsusi önəm kəsb edir. Azərbaycanda da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması strateji məqsəd kimi müəyyənləşdirilib, ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi üçün möhkəm əsaslar yaradılıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, respublikamızda yaz tarla işləri yekunlaşmaq üzrədir. İyunun 1-nə kimi ölkə üzrə 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. 72,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 31,8 min hektarı dən üçün qarğıdalı), 56,8 min hektarda kartof, 67,7 min hektar sahədə tərəvəz, 21,2 min hektar sahədə bostan bitkiləri, 100,1 min hektarda pambıq, 16,3 min hektar sahədə dən üçün günəbaxan, 7,3 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektarda tütün, 64,9 min hektar sahədə çoxillik otlar, 1,7 min hektarda birillik otlar və 1,4 min hektar sahədə digər yazlıq bitkilər əkilib.
Regionlara gəlincə Ağcabədi rayonunda 2019-cu ilin məhsulu üçün 67 min 948,95 hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini həyata keçirilib. Əkinlərin 22 min 503 hektarı buğda, 6672 hektarı arpa, 1576,3 hektarı qarğıdalı, 2232,3 hektarı soya, 10 min 452,25 hektarı pambıq, 848,3 hektarı şəkər çuğunduru, 34 hektarı günəbaxan, 11 hektarı yem üçün çuğundur, 245 hektarı kartof, 868,7 hektarı tərəvəz, 441,5 hektarı bostan, 6591,8 hektarı təzə yonca, 15 min 467,8 hektarı köhnə yonca, 5 hektarı sorqodur.
Hazırda ağcabədili fermerlər və torpaq mülkiyyətçiləri əkin sahələrində becərmə işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. Rayonda həmçinin taxıl biçininin qızğın vaxtıdır. Bütün qüvvələr strateji məhsulun itkisiz yığılmasına səfərbər edilib.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da kəndli fermerlər və torpaq mülkiyyətçiləri 9522,9 hektar sahədə yazlıq səpin aparıblar. Yazlıq əkinlərin 2600 hektarı pambıq, 4497 hektarı tərəvəz, 309,4 hektarı şəkər çuğunduru, 373 hektarı kartof, 146 hektarı bostan bitkiləri, 39,5 hektarı qarğıdalı, 5 hektarı dən üçün günəbaxan, 1553 hektarı çoxillik otlardır.
Verilən məlumata görə, hazırda ağdamlı fermerlər yazlıq əkinlərdə becərmə işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.
Rayonda həmçinin arpa biçininə də start verilib. Bütün qüvvələr strateji məhsulun itkisiz yığılmasına səfərbər olunub.
İmişlidə yazlıq bitkilərin əkini başa çatıb. Əkinə vaxtında başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 10 min 616,7 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkin aparılmış sahələrin 164 hektarını qarğıdalı, 1411 hektarını təzə yonca, 7 min 492 hektarını pambıq, 176,8 hektarını kartof, 178 hektarını tərəvəz, 255,5 hektarını bostan bitkiləri, 917,6 hektarını isə çuğundur təşkil edir.
Yazlıq bitkilər əkinini başa çatdıran torpaq mülkiyyətçiləri sahələrdən bol məhsul götürmək üçün hazırda becərmə işləri aparır, bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunur, ərazi alaq otlarından təmizlənir.
Daşkəsən rayonunda da yazlıq bitkilərin əkini yekunlaşıb. 2019-cu ilin məhsulu üçün rayonda 146 hektar yazlıq buğda, 85 hektar yazlıq arpa, 62 hektar lobya, 1222 hektar kartof, 100 hektar tərəvəz, 160 hektar isə birillik ot əkilib. Əkilən 100 hektar tərəvəzin 60 hektarı kələm, 40 hektarını isə göyərti təşkil edib.
Bundan əlavə, ötən ilin payızında da 2019-cu ilin məhsulu üçün 174 hektarda buğda, 25 hektarda isə arpa səpini aparılıb.
Neftçala rayonunda da yazlıq bitkilər əkini başa çatıb. Əkinə vaxtında başlayan fermerlər dövlətin məhsul istehsalçılarına göstərdiyi dəstəkdən yararlanaraq cari ilin məhsulu üçün 7 min 536 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkin aparılmış sahələrin 99 hektarını dənli bitkilər (vələmi, soya, qarğıdalı), 1888 hektarını təzə yonca, 5 min 87 hektarını pambıq, 114 hektarını kartof, 136,3 hektarını tərəvəz, 211,8 hektarını bostan bitkisi təşkil edib.
Əkini vaxtında başa çatdıran torpaq mülkiyyətçiləri sahələrdən bol məhsul götürmək üçün hazırda əkin sahələrində becərmə işləri aparır, bitkilərə aqrotexniki qaydada qulluq göstərirlər.
Vurğulanmalıdır ki, qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərin həmin sahəyə marağı xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada liderliyini qoruyub saxlayır.
Cari ildə rayonda qarğıdalının əkin sahəsi 173 hektar genişləndirilərək 7 min 213 hektara çatdırılıb. Əlverişli keçən iqlim şəraiti bu il rayonda qarğıdalı istehsalının bol olacağından xəbər verir. Cari mövsümdə balakənli fermerlər 44 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.
Ötən il isə rayonun fermerləri 7 min 40 hektar qarğıdalı sahəsindən 43 min tonadək məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 61 sentner təşkil edib.
Zərdab rayonunda isə cari mövsümdə 210,5 hektarda çəltik əkilib və hazırda əkin sahələrində becərmə işləri aparılır. Bu mövsümdə çəltik rayonun Yuxarı Şilyan, Körpükənd, Qoruqbağı, Alıcanlı və Məlikumudlu ərazi dairələrində əkilib. Əkin sahələri ötən ildəkindən 6,5 hektar çoxdur. Torpaq mülkiyyətçiləri gələcək yüksək məhsul üçün aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılmasına xüsusi diqqət göstərirlər. Belə ki, əkinqabağı sahələrdə hamarlama, malalama, tirləmə işləri aparılıb və çəltik sahələri normaya uyğun şəkildə su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə işləri aparılır.
Ağdaş rayonunda da çəltik əkini başa çatıb. Cari mövsümdə 577 hektarda əkin aparılıb ki, bu da ötən ildəkindən 159 hektar çoxdur. Qeyd edək ki, çəltikçilik Ağdaşda ənənəvi sahə hesab edilir və təsadüfi deyil ki, əkin sahələri ildən-ilə artır. Bu il rayonun 23 ərazi dairəsində çəltik əkilib. Habelə “Biyan” MMC tərəfindən də 10 hektarda əkin aparılıb. Ən çox Yuxarı Ləkidə (120 hektarda) çəltik əkilib. Torpaq mülkiyyətçiləri Aşağı Ləkidə 110 hektarda, Şıxlıda 83 hektarda, Yuxarı Nemətabadda 78 hektarda, Gürcüvada 50 hektarda əkin aparıblar.
Artıq əksər ərazilərdə çıxış alınıb. Hər yerdə sakinlər becərmə işlərinə başlayıblar. Belə ki, su dövriyyəsi həyata keçirilir, bitkilərə gübrə verilir.
Göyçay rayonunda da çəltik əkini başa çatıb və cari mövsümdə 101 hektarda əkin aparılıb ki, bu, ötən ilə nisbətən 16 hektar çoxdur. Vurğulamaq lazımdır ki, bu mövsümdə çəltik rayonun 6 inzibati ərazi dairəsində - Şəhadət, Qızılağac, Mallı-Şıxlı, Yeni-arx, Çərəkə və Kürdşabanda əkilib. Ən çox əkin aparılan ərazi Şəhadət dairəsi olub. Belə ki, torpaq mülkiyyətçiləri burada 28 hektarda çəltik əkiblər. Hazırda sahələrdə su dövriyyəsi aparılır, erkən əkilən və artıq çıxış alınan ərazilərə azot gübrəsinin verilməsinə hazırlıq işləri görülür.
Ağsu rayonunda cari ildə 3349 hektar sahədə yazlıq bitkilər əkilib və artıq ikinci ildir ki, Ərəbmehdibəy ərazi dairəsində çəltik becərilir. Ümumiyyətlə, cənub ərazilərdə torpaq mülkiyyətçilərinin çəltikçiliyə marağı getdikcə artır. Rayonda cari mövsümdə 166 hektarda kartof, 591 hektarda tərəvəz, 971 hektarda qarğıdalı, 65 hektarda günəbaxan və sair bitkilərin əkini aparılıb. Yazlıq bitkilər daha çox Xanbulaq, Qaraqoyunlu, Növcü, Kəndoba və bir sıra digər ərazi dairələrində əkilib.
Zaqatala rayonunun fermerləri isə artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. Ötən il fermerlər 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Builki mövsümdə isə rayonda soya bitkisinin əkin sahəsi 2 dəfədən çox artırılaraq 231 hektara çatdırılıb.
Hazırda rayonda soya bitkisinin əkib becərilməsi ilə 12 fermer məşğul olur. Üç il əvvəl isə onların sayı bir neçə nəfər idi. Havalar əlverişli keçərsə, bu il soya sahələrindən 400 tondan çox məhsul gözlənilir.
Yüksək rentabelli və qiymətli bitki olan soya xüsusilə heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar da alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün də xammaldır. Ondan lak-boyaq sənayesində də istifadə olunur.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 813 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30