Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür

Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür

23.11.2019 [10:42]

Bölgələrdə “Azərxalça”nın filiallarının sayını 30-a çatdırmaq nəzərdə tutulub
(əvvəli ötən sayımızda)

Kollektiv bu xalçaların şöhrətini özünə qaytarmaq, nənələrimizin toxuduğu xalılara layiq xalçalar toxumaq üçün səylə çalışır. Məqsəd gözəl Qazax-Borçalı xalçalarının yeni nümunələrini yaratmaqdır.
Qeyd olunub ki, belə qiymətli xalçaları toxumaq üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Ağstafalı toxucuların heç vaxt belə müasir xalça istehsalı emalatxanası olmayıb. Sonra filialda toxunan 250-ci xalça kəsilib.
Analoji tədbir Tovuz filialında da keçirilib. Burada isə 300-cü xalça kəsilib.
“Azərxalça”nın Lənkəran filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub
Bir qədər bundan əvvəl “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialında bu xalça istehsalı emalatxanasının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə tədbir keçirilib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov filialın fəaliyyətə başlamasının bir illiyi münasibətilə kollektivi təbrik edərək deyib ki, 2018-ci il 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı istifadəyə verilib. Bu, ölkə rəhbərinin xalçaçılığın inkişafına göstərdiyi növbəti qayğının təzahürüdür.
Qeyd olunub ki, “Azərxalça”nın Lənkəran filialı ölkəmiz və xalqımız üçün çox əlamətdar bir gündə istifadəyə verilib. Belə ki, 2003-cü il oktyabrın 15-də İlham Əliyev ilk dəfə Azərbaycanın Prezidenti seçilib. Həmin gündən Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulub, iqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edilib. Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf edən, dünyanın ən sabit ölkələrindən birinə çevirib.
Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında xalçaçılıq sənəti də mühüm yer tutur. Perspektivdə bu sahənin inkişafı daha sürətlə gedəcək. Bu da onunla bağlıdır ki, respublikamızda xammal təchizatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2017-ci ilin dekabr ayının 15-də təməli qoyulan Yunəyrici-Boyaq Fabrikinin tikintisi artıq başa çatdırılıb. Yunəyirici-Boyaq Fabrikinin 2020-ci ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub. Bu fabrikdə təmiz yun, təbii və kimyəvi boyalarla boyanmış yun iplik istehsal ediləcək. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq. 2020-ci ilin ikinci rübündən ölkədəki xalça istehsalı emalatxanaları yerli xammaldan istifadə etməklə xalça toxuyacaqlar.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 mart tarixli Sərəncamı ilə Lənkəranda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün vəsait ayrılmışdı. Bu filial binasının tikintisi qısa zaman ərzində yüksək keyfiyyətlə başa çatdırılıb. Ötən dövr ərzində Lənkəran xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 121 toxucu çalışır. İnzibati-texniki işçilərlə birlikdə əməkdaşların sayı 133 nəfərdir. Ötən bir il ərzində filialda 875 kvadratmetr xalça toxunub.
Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı son vaxtlar Ermənistan rəhbərliyinin səsləndirdiyi sərsəm və cəfəng fikirlərə ciddi cavab idi. Bununla Ermənistan cəmiyyətinə mesaj verildi ki, işğalçı ölkə öz xülyasından əl çəkməlidir. Erməni vandallarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir.
Bu fikirlər “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialında keçirilən tədbirdə səsləndirilib. Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək Qarabağ xalçaçılığının tarixindən, Qarabağ xalçalarının yaşadılması və təbliği üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd olunub ki, Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlər boyu formalaşmış ənənələr öz əksini tapıb. Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim tariximizin izləri vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda tariximizin, mədəniyyətimizin möhürü olmasın.
Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı torpaqlarımızın 20 faizi işğal edilib, qədim abidələrimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər qarət edilib. Talan edilmiş milli sərvətlərimiz sırasında olan xalçalarımız saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.
Vidadi Muradov deyib ki, “Azərxalça”nın ilk filialının məhz Qarabağda - Füzuli rayonunun Horadiz şəhərində yaradılması heç də təsadüfi hal deyil. Bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Füzuli filialından sonra Səhmdar Cəmiyyətin Qarabağda daha 3 xalça emalatxanası - Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyətə başlayıb. “Azərxalça”nın Füzuli və Ağdam filiallarının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Ağdamdakı emalatxananın açılışında Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edib. Bu filiallarda çalışan 250-yə yaxın toxucu qədim Qarabağ xalçalarına yeni həyat verir.
Vurğulanıb ki, Prezident İlham Əliyev beynəlxalq tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Bu, Azərbaycanın qüdrətli dövlət olmasının, ölkə başçısının qətiyyətinin beynəlxalq platformada növbəti təsdiqi idi.
Vidadi Muradov bildirib ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Qarabağın tarixini, maddi-mənəvi mədəniyyətini, etnoqrafiyasını, həmçinin Qarabağ xalçaçılığını da əhatə edir.
Tədbirdə təcrübəli toxucu, vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan Gülrabə Hüseynova onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin son vaxtlar beynəlxalq tədbirlərdə səsləndirdiyi bəyanatlar torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamımızı daha da artırıb. Doğrudur, dövlətimiz məcburi köçkünlərin yaxşı yaşaması üçün hər şey edib. Bizim üçün Quzanlı qəsəbəsində belə müasir xalça fabriki yaradılıb. Ancaq bizim ən böyük arzumuz öz doğma torpaqlarımıza qayıtmaqdır. Əminik ki, Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Biz yenidən Şuşada, Ağdamda, Xocalıda xalça sexləri açacağıq.
“Azərxalça” istehsalda və yun tədarükündə yeni standartlar tətbiq edir
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən xalçaların “Azərxalça” ASC tərəfindən istehsal olunduğunu təsdiq edən uyğunluq sertifikatı verilib və “Əl ilə toxunmuş Azərbaycan xalçalarının texniki şərtləri” qəbul edilib.
İlk dəfə tətbiq olunan texniki şərtlər 5 il müddətində qüvvədə olacaq. Bu texniki şərtlər xalq təsərrüfatı ehtiyacları və ixracat üçün hazırlanmış əl ilə toxunmuş xovlu və xovsuz Azərbaycan xalçalarına şamil edilir. Texniki şərtlər sertifikatlaşdırma məqsədi üçün istifadə oluna bilər və tələbləri məcburidir.
Yeni qəbul edilən normativ sənəddə xalça istehsalı zamanı texniki tələblər, xalçaların qəbul qaydaları, saxlanması, markalanması, qablaşdırılması, nəqliyyatla daşınması, ayrı-ayrı xalça qrupları üzrə xalçanın toxunmasında istifadə olunan materiallar, xalçanın texniki göstəriciləri və ölçüləri haqqında məlumatlar öz əksini tapıb. Xalçanın sıxlığı, qıraqbükməsi, dəhnəsi, xovunun qalınlığı üzrə konkret tələblər müəyyənləşdirilib. Toxunan xalçaların minimum eni 50 sm-dən maksimum 405 sm-ə kimi, minimum uzunluğu 50 sm-dən maksimum 620 sm-ə qədər olmalıdır.
Normativ sənəddə göstərilir ki, xalçaların texniki rəsmlərsiz yerli motivlər əsasında toxunmasına yol verilir, onlar toxunma nəticəsindən asılı olaraq birinci və ikinci növə bölünür. Əl ilə toxunmuş Azərbaycan xalçaları qüvvədə olan normativ sənəd üzrə pambıq, yun, parça ipliyindən, sərtdişli təmiz yunlu xalça ipliyindən, qarışıq və təmiz yunlu aparat ipliyindən hazırlanmalıdır.
Xalçaların yuyulmasından satışa çıxarılmasınadək olan mərhələdə görülən işlər, istehlakçının zəmanəti də normativ sənəddə qeyd olunub.
Çeşidlənmiş çirkli yunun nəmlik itkisi barədə standart da müəyyən edilib. Tədarük edilmiş çirkli yunun çeşidləndikdən sonra ümumi çəkisində baş verən nəmlik itkisi 20 faizə bərabərdir. “Azərxalça”nın regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə qəbul edilmiş çirkli yunun çeşidləndikdən sonra Yunəyirici-Boyaq Fabrikinin xammal anbarına təhvil verilənədək saxlanılması zamanı baş verən nəmlik itkisi 3 faiz, çeşidlənmiş yunun fabrikin xammal anbarına qəbul edilib emal olunanadək saxlanılması zamanı baş verən nəmlik itkisi isə 17 faizdir.
“Azərxalça” artıq filiallarda xalça istehsalını, regional məntəqələrə və fabrikə yun qəbulunu bu texniki şərtlərə uyğun həyata keçirir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30