Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır

Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır

11.12.2019 [09:35]

Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi daim diqqət mərkəzindədir
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan dinamik tərəqqi yolunda əmin addımlarla irəliləyir. Bu yüksəliş ölkənin bölgələrini də əhatə edir, həyata keçirilən uğurlu siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir.
Respublikamızda bölgələrin inkişafına təkan verən mühüm strateji amillərdən biri infrastruktur quruculuğunun ardıcıl şəkildə davam etdirilməsidir. Bu baxımdan, ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər müvəffəqiyyətlə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev noyabrın 28-də “Şamaxı rayonunun Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (115 km)-Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bununla yanaşı, dekabrın 5-də Şamaxı rayonuna səfəri zamanı dövlətimizin başçısı əvvəlcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən 101-117-ci kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, ümumi uzunluğu 16 kilometr olan yol yenidən qurularaq 4 zolağa genişləndirilib. Dövlətimizin başçısına 4 min nəfər əhalinin yaşadığı, 5 məntəqəni birləşdirən Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib. Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Bunlarla yanaşı, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Magistralın yenidən qurulan hissəsinin uzunluğu 46 kilometrdir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metrdir, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunur. Buna paralel olaraq yol əsası hazır olan hissələrə ələqələndirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Yolboyu 3 avtomobil körpüsünün inşası aparılır. Körpülər yolun 1,8-ci kilometrində Alıcançay, 9,5-ci kilometrdə Şirvan kanalı və 35,6-cı kilometrdə Dəhnəçay üzərində inşa olunacaq. Körpülərin uzunluqları müvafiq olaraq 67, 76 və 61 metr təşkil edəcək. Bundan başqa, yolboyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Buna görə də müxtəlif diametrlərə malik 87 borunun inşası aparılır ki, bunlardan 8-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yolboyu 7 nöqtədə yeraltı keçid də tikilir. Bundan başqa, yolun zəruri nöqtələrində 32 avtobus dayanacağının quraşdırılması nəzərdə tutulur. Layihə üzrə magistralın 46-cı kilometrindən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 kilometrlik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. İki hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Analoji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa edilir. Körpülər yolun 0,4-cü kilometrində dəmir yolu, 0,7-ci kilometrində Əyriçay, 1,4-cü kilometrində Küncüt çayı, 4,6-cı kilometrində Sarı Qobu çayı kanalı və 5,2-ci kilometrində Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edəcək. Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 kilometr uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan yolun tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir neçə yaşayış məntəqəsini birləşdirir. Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək. Xatırladaq ki, ötən il sözügedən magistralın 40 kilometr uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.
Xaçmazda isə 2 min nəfərdən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb. 5,5 kilometr uzunluğundakı yolun yenidən qurulması Çiləgir, Mançaroba və Sabiroba kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini rahatlaşdıracaq. Uzun illərdir təmir işləri aparılmadığından torpaq və çınqıl örtüklü yolda avtomobillərin hərəkəti üçün bir sıra çətinliklər yaranırdı. Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumu tərəfindən həyata keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni yol əsası inşa edilir. Aparılan yenidənqurma işləri çərçivəsində yeni yol yatağı salınaraq, yüksəkkeyfiyyətli asfalt örtüyü döşənəcək. Başlanğıcını respublika əhəmiyyətli Gəndob-Yalama yolundan götürən Çiləgir-Mançaroba yolunun təmiri bu ilin sonuna kimi başa çatdırılacaq. Yolun yenidən qurulması bağçılıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin məhsullarının daşınması üçün də böyük əhəmiyyət daşıyır.
Qubada turizm imkanlarını genişləndirən, 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması davam edir. 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu ərazinin relyefinə görə III və IV texniki dərəcəyə uyğun yenidən qurulur. Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri davam etdirilir. Yolun böyük hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılıb və asfaltlanma işləri aparılır. Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib. Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilib. Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq.
Qubada avtomobil yollarının qışa hazırlığı da yekunlaşıb. Rayonda yolların qışa hazırlığına oktyabrdan başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı Yol İstismarı İdarəsinin balansında 2 min kubmetr qum-duz qarışığı, 80 ton duz tədarük olunub. Artıq bu materialların yarıdan çoxu idarənin balansındakı yolların eniş-yoxuş hissələrinə, körpülərin ətrafına daşınıb. Bununla yanaşı, qarlı hava şəraitində istifadə olunan texnikalar hazır vəziyyətə gətirilərək işçi briqadalar yaradılıb. Məlumata əsasən, bölgənin ən təhlükəli avtomobil yollarından sayılan 57 kilometrlik Quba-İspik-Xınalıq yolunda da qışa hazırlıq işləri tam yekunlaşıb. Yolda nəqliyyatın hərəkətində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün 18 nəfərlik növbətçi briqada yaradılıb. Yolun eniş-yoxuş hissələrinə 760 kubmetr qum-duz qarışığı tökülüb. Bununla belə, sürücülərə qarlı havada bu yoldan istifadə etməmək tövsiyə olunur. 5 saylı Yol İstismarı İdarəsi 245 kilometr yerli, 17 kilometr respublika əhəmiyyətli avtomobil yoluna xidmət göstərir. Yolların buz və qardan təmizlənməsi üçün 10-dan çox texnikanın və işçi qrupların əməyindən istifadə edilir.
Beləliklə, regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər uğurla davam etdirilir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30