Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Ölkəmizdə tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır

Ölkəmizdə tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır

13.12.2019 [09:44]

İxrac potensialı yüksək olan bu sahələrə dövlət tərəfindən göstərilən dəstək regionlarda sahibkarların tütünçülük və baramaçılığa marağını əhəmiyyətli dərəcədə artırıb
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında uğurlar əldə olunub. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində əldə edilən nəticələrdən bütün regionlara pay düşüb. Regionlarda kənd təsərrüfatının inkişafından bəhs edərkən baramaçılığın inkişafını xüsusi qeyd etmək gərəkdir. Xatırladaq ki, hələ 2017-ci ildə keçirilən “Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə çıxış edən Prezident İlham Əliyev baramaçılıqla bağlı qarşıya konkret məqsədlər qoymuşdu. Dövlət başçısı bildirmişdi ki, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur. Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik”.
Sözügedən müşavirədə dövlət başçısı onu da bildirmişdi ki, bu sahənin inkişafı üçün dövlət öz dəstəyini əsirgəmir. Belə ki, bütün tinglər dövlət tərəfindən alınır, baramaqurdu toxumları da xaricdən gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alır: “Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır”.
Beləliklə, dövlət başçısının sözügedən müşavirədə qarşıya qoyduğu məqsədlərə çatmaq üçün qısa zaman ərzində mühüm addımlar atılıb. Belə ki, baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilmişdisə, artıq bir neçə gün öncə bir milyon tut tingi də ölkəmizə gətirilib. Qeyd edək ki, Çindən gətirilən 1 milyon ədəd tut tingi rayonlar üzrə paylanıb və əkini aparılır.
Vurğulandığı kimi, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 50 mini Balakən rayonu ərazisində əkilib. Qeyd edək ki, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2016-2018-ci illərdə rayon ərazisində 439 mindən çox tut tingi əkilib. Bunun 226 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 213,5 min ədədi isə yerli tut tingləridir. Vurğulayaq ki, builki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb.
Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərindən 15 min ədədi isə Saatlıda əkilib. Tinglərdən 6500 ədədi Azadkənd, 3500 ədədi Nabatkənd, 3500 ədədi Sumadakənd, 1500 ədədi isə Günəşli kəndlərinin ərazilərində əkilib. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, malalama aparılır, gübrə verilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər. Yüksək məhsuldarlığa malik bu ağac növünün gələcəkdə artırılması üçün özünün tinglərindən istifadə edilməsi də mümkün olacaq. Qeyd edək ki, rayonda 2016-cı ildə 60 min, 2017-ci ildə 4 min, 2018-ci ildə isə 15 min tut tingi əkilib.
Qax rayonunda da baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İntensiv tipli yeni tut bağlarının salınması məqsədilə bir müddət əvvəl Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 25 mini bölgü əsasında Qax rayonuna göndərilib. Tinglər müraciət edən torpaq mülkiyyətçilərinə əvəzsiz olaraq paylanılır. Hazırda təsərrüfatlarda tut tinglərinin əkini davam edir. Ümumiyyətlə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 286,5 min ədəd tut tingi əkilib. Bunun 160 minini Çindən gətirilən tinglər təşkil edib. Builki mövsümdə rayonda 29 ton 824 kiloqram yaş barama istehsal olunub. Məhsul istehsalı ötən illə müqayisədə 4 ton 513 kiloqram artıb.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 40 mininin Şəki rayonu ərazisində əkilməsi nəzərdə tutulub. Tinglər artıq rayona gətirilib və könüllülük prinsipi əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılıb. Tinglərin əkini artıq başa çatmaq üzrədir.
Qeyd edək ki, baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 376 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 162 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.
İsmayıllı rayonunda da Çin Xalq Respublikasından gətirilən 10 min ədəd tut tinginin əkini aparılır. Tinglərin əkini 23 inzibati ərazi dairəsi üzrə bölgüyə müvafiq olaraq həyata keçirilir. Qeyd edək ki, aqrar sektorda aparılan islahatlar İsmayıllıda vaxtilə ənənəvi sahə olan baramaçılığın inkişafına güclü təkan verib. Bu sahənin bərpasına 2016-cı ildən başlanıb və həmin il 40 qutu ipəkqurdu toxumundan 895,4 kiloqram barama götürülüb. 2019-cu ildə isə məhsul istehsalı 4,7 dəfə artıb. Belə ki, 150 qutu ipəkqurdu toxumundan alıcı təşkilata 4205,4 kiloqram barama satılıb.
Təbii ki, baramaçılığın inkişafı güclü yem bazasının yaradılmasından asılıdır. Təkcə 2016-2018-ci illərdə rayon ərazisində 27 min ədəd tut tingi əkilib. Bu istiqamətdə işlər davam etdirilir.
Bu arada baramaçılıqla yanaşı, tütünçülüyün inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Belə ki, strateji sahə olaraq tütünçülüyün inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir. Göründüyü kimi, ixrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən inkişaf etməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. Yeri gəlmişkən, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərtütün ASK” MMC Avropa İttifaqına üzv ölkələrdən olan Polşaya ilk dəfə quru tütün ixracına başlayıb. Dekabrın 5-də Cəmiyyətin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsindən Polşaya iritonnajlı yük avtomobili ilə ilkin olaraq 17 ton “Virciniya botaniki” növlü quru tütün yarpağı yola salınıb. Məhsulun yola salınması prosesində iştirak edən “Azərtütün ASK” MMC-nin direktor müavini Mustafa Məmmədov bildirib ki, MMC 2019-cu il mövsümündə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 1800 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Tütün istehsalı və tədarükü üzrə 229 fermerlə (istehsalçı) müqavilələr bağlanılıb. Builki mövsümdə respublika üzrə 2200 tonadək “Virciniya botaniki” növlü quru tütün istehsal olunub. Hazırda məhsulun satışı istiqamətində iş aparılır.
MMC-nin rəsmisi qeyd edib ki, əvvəllər quru tütün əsasən Rusiya bazarlarına ixrac olunurdu. “Azərbaycan Sənaye Korporasiyası” ASC yarandıqdan sonra quru tütünün ixrac coğrafiyası da genişlənib. Ukrayna, Belarus, Gürcüstana da quru tütünün ixracına başlanılıb.
Direktor müavini deyib: “Sevindirici haldır ki, bu gün Azərbaycan tütünü ilk dəfə olaraq Avropa İttifaqına üzv olan ölkəyə yola salınır. Hələlik nümunə üçün Polşa şirkətinə 17 ton quru tütün yarpağı göndərilir. Yola salınan tütün 2019-cu ilin məhsuludur. Ümumiyyətlə, bu ölkə ilə 400 tonadək quru tütünün alınması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, Belçika şirkəti ilə də “strips tütün” məhsulunun (orta damarı, zoğu ayrılan tütün yarpağı) alınması ilə bağlı müqavilə bağlanılıb. Şirkətin sifariş etdiyi 100 ton quru tütün hazırda anbarlarda saxlanılır və sifarişçi istədiyi vaxt göndəriləcək”.
Builki mövsümdə Oğuz rayonunun təsərrüfatlarında 110 hektar sahədə tütün əkilib. Fermerlər 90 hektarda “Virciniya botaniki” növlü, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı başa çatmaq üzrədir. Oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək 188,2 ton quru tütün istehsal ediblər. Hazırda rayonun Bucaq və Bayan kəndlərində fəaliyyət göstərən emal məntəqələrində, həmçinin fərdi təsərrüfatlarda tütünün qurudulması prosesi davam edir.
Builki mövsümdə Şəki rayonunun fermerləri 3 min 240 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 264 ton artıb. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü, 321 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Plantasiyalardan yığılan “Virciniya” və “Berley” növlü yaşıl tütün kütləsi “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsində xüsusi kameralarda qurudulub. Yerli tütün sortlarını isə fermerlər özləri ipə düzərək qurudublar. İstehsalçılar bu günədək emal və tədarük müəssisələrinə 2 min 840 ton quru tütün təhvil veriblər və proses davam edir.
Bir sözlə yuxarıda sadalananlar da onu deməyə əsas verir ki, ixrac potensialı yüksək olan bu sahələrə dövlət tərəfindən göstərilən dəstək regionlarda sahibkarların tütünçülük və baramaçılığa marağını əhəmiyyətli dərəcədə artırıb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30