Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda turizmin inkişafı üçün davamlı addımlar atılır

Regionlarda turizmin inkişafı üçün davamlı addımlar atılır

10.02.2020 [11:14]

Azərbaycanın tarixi məkanlarını turizm zonasına çevirmək üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas hədəfi xarici turistləri regionlara cəlb etməkdir
(əvvəli ötən sayımızda)

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə “Quşlarımızı qoruyaq” devizi altında təşkil olunan tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, quşların müşahidəsi turizminə diqqətin çəkilməsi və bu canlıların qorunmasının vacibliyini aşılamaqdır.
Qeyd edək ki, su-bataqlıq quşlarının kütləvi surətdə çoxaldığı və ayrı-ayrı mövsümlərdə toplaşdıqları yer kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il mayın 25-dən Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.
Azərbaycanda ümumi sahəsi 200 min hektardan çox olan su-bataqlıq ərazisi mövcuddur. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş toplanır.
Turistləri regionlara cəlb etmək üçün müvafiq addımlar atılır
Qeyd edək ki, Azərbaycana turist axının artmasında ölkəmizdə bu sahədə görülən işlərlə yanaşı, beynəlxalq tədbirlərdə ölkəmizin təmsil olunması da böyük rol oynayır. Ölkəmizin Türkiyənin ən böyük ticarət sərgisi olan EMİTT 2020-Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunması bu baxımdan əhəmiyyətli olub. EMİTT-də yalnız Türkiyəyə deyil, eyni zamanda, bütün dünyaya Azərbaycanın turizm potensialını göstərməyə çalışdıqlarını deyən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ötən il Türkiyədən Azərbaycana gələn vətəndaşların sayında kifayət qədər artım olub: “Daha dəqiq desək, 2019-cu ildə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 2018-ci illə müqayisədə 8,6 faiz artıb. Hədəfimiz bu artımın davamlı olması üçün çalışmaqdır”.
Azərbaycana gələn turistlər arasında Rusiya, Gürcüstan, Türkiyə, İran vətəndaşlarının çoxluq təşkil etdiyini deyən F.Zenqstşmid vurğulayıb: “Ötən ilin statistik rəqəmlərinə baxsaq, Avropadan və Hindistandan Azərbaycana gələn turistlərin sayında da əhəmiyyətli dərəcədə artımı görmək olar. Bakı özü-özlüyündə çox gözəl və inkişaf etmiş şəhərdir. Lakin bu inkişafı Azərbaycanın hər bölgəsində müşahidə etmək mümkündür. Bu səbəbdən biz ölkəmizə gələn qonaqlara Azərbaycanın hər bölgəsini tanıtmaq istəyirik. Hazırda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu olaraq əsas hədəfimiz turistləri regionlara cəlb etməkdir”.
Turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından Turizm Reyestri əhəmiyyətlidir
Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Respublikasının Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, qərara əsasən, turizm sahəsinin resursları və subyektləri haqqında müfəssəl məlumatların əldə edilməsi, həmin məlumatlara çıxış imkanlarının müəyyənləşdirilməsi, həmçinin yeni turizm məhsullarının hazırlanması, habelə əsaslı turizm siyasətinin formalaşdırılması üçün “Turizm Reyestrinin aparılma Qaydası” zəruridir. Turizm Reyestri turizm şirkətləri üçün onların bazar strategiyalarının müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Turizm Reyestri bazar subyektləri, turizm resursları, turizm məhsulları barədə açıq məlumatları özündə ehtiva edəcək, turizm ehtiyatları modulu, turizm məhsulları modulu, turizm sənayesi subyektləri modulu, turizm statistika modulunda ölkədə mövcud olan mədəni, təbiət və digər turizm resursları təqdim ediləcək.
Turizm reyestrinin statistikası modulu çərçivəsində Turizm Reyestri istifadəçilərinə turizmlə bağlı gəlmə, getmə, daxili turizm haqqında statistik məlumatlardan istifadə etmək imkanı təmin ediləcək, həmçinin turizm şirkətləri ilə bağlı reyestr məlumatları digər dövlət qurumları ilə real rejimdə mübadilə nəticəsində yenilənəcək.
İnteraktiv portalda turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək və modul əsasında turizm subyektlərinin təqdim etdiyi məlumatlar əlaqədar qurumların informasiya sistemləri ilə yoxlanılıb qiymətləndiriləcək, reytinq cədvəli hazırlanacaq, beləliklə, onların daha yaxşı xidmət göstərməsi təşviq ediləcək.
Ümumdünya Turizm Təşkilatının hesabatında Azərbaycan yeni və daha cəlbedici istiqamətlərdən biri elan olunub
Qeyd edək ki, turizm sahəsində görülən işlər nəticəsində Azərbaycanın turizm mərkəzləri xarici ölkələrdə tanınmaqdadır. Belə ki, Rusiyanın “TurStat” turizm portalının təqdim etdiyi rusiyalı turistlər üçün MDB-də müəllif turlarının ən populyar istiqamətlərinin siyahısında Bakı, Qobustan, Şəki və Qəbələ də var. Bu siyahıya Azərbaycandan Bakı, Qobustan, Şəki və Qəbələ ilə yanaşı, həmçinin Qazaxıstandan Almatı şəhəri və Almatı vilayəti, Burabay və Aktau, Belarusdan Minsk şəhəri, Minsk vilayəti və Vitebsk, Özbəkistandan Buxara və Səmərqənd və s. daxil edilib.
“TurStat”ın məlumatına görə, müəllif turları turizmin ən populyar növlərindən birinə çevrilir. Travel-bloggerlər tərəfindən təqdim edilən müəllif turları və ekskursiyalar daha çox populyarlaşır. Müəllif turları dedikdə, travel-ekspertlə 5-15 nəfərlik kiçik qruplarda səyahət və turlar nəzərdə tutulur. Müəllif qastronomik turlarına, ekskursiya turlarına, trekinq-turlara və ekspedisiyalara, cip-turlara, həmçinin fototurlara daha çox tələbat var. Bir həftəlik müəllif turuna turistlər iki adama 1000-1500 dollar xərcləməyə hazırdırlar. Reytinq müəllif turları və istirahət təklifləri bazarının analizinin nəticələri əsasında tərtib edilib.
“TurStat” turizm portalı Dünya Qar Günü (World Snow Day) münasibətilə bu qış MDB ölkələrində rusiyalı turistlərin istirahəti və səyahəti üçün ən populyar dağ-xizək kurortlarının reytinqini təqdim edib. Reytinqə əsasən, ən yaxşı kurortlar Qazaxıstan, Belarus, Azərbaycan və Qırğızıstanda yerləşir. Buna görə də MDB məkanında turistlərin daha çox üz tutduğu 10 ən yaxşı dağ-xizək kurortu sırasına Qazaxıstanın “Şımbulaq”, “Altay Alpları”, “Nurtau”, Belarusun “Loqoysk” və “Slilçi”, Azərbaycanın “Şahdağ” və “Tufandağ”, Qırğızıstanın “Karakol” və Özbəkistanın “Çimqan” kurortları daxildir.
Ümumdünya Turizm Təşkilatının son hesabatında isə bildirilir ki, dünyanın əsas turizm istiqamətləri sürətlə dəyişir. Hesabata əsasən, ötən ilin ən çox turist qəbul edən ölkəsi Fransa olsa da, digər populyar istiqamətlərdə ciddi azalma müşahidə olunub. Əksinə isə yeni və daha cəlbedici istiqamətlər yaranıb və bunlardan biri də Azərbaycandır. Azərbaycan yeni populyarlaşan 20 ölkədən biridir. Ölkənin turist sayı 11,4 faiz artıb. Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanın hava nəqliyyatı sistemində bu ildən etibarən həyata keçiriləcək açıq səma siyasəti ölkəyə turizm axınını daha da artıracaq. Polşadan Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunur.
“Travel Business Azerbaijan 2020” tədbiri ölkəmizin turizm potensialının tanıdılması üçün mühüm hesab olunur
Ölkəmizə turistlərin cəlb olunmasına Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi də öz təsirini göstərir. Bu səbəbdən Azərbaycan Turizm Bürosu və “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupu tərəfindən yerli turizm şirkətləri üçün Bakı Olimpiya Stadionunda seminar təşkil olunub.
Seminarda 40-a yaxın turizm şirkətinin nümayəndələri iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd yerli turizm agentliklərinə “Avro-2020”nin Bakıda keçiriləcək üç oyunu (Uels-İsveçrə, Türkiyə-Uels, İsveçrə-Türkiyə) və dörddəbir final qarşılaşmasına hazırlıq prosesi barədə məlumat vermək, turistlərin Azərbaycana cəlb olunması baxımdan mümkün əməkdaşlıq və dəstək məsələlərini müzakirə etmək olub.
Tədbirdə yerli Əməliyyat Qrupunun nümayəndələrinin fan-zona, bilet satışı, nəqliyyat, oyunlara ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu və ümumi hazırlıqlarla bağlı təqdimatları dinlənilib.
Azərbaycan Turizm Bürosunun nümayəndələri turizm infrastrukturunun oyunlara hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, “Avro-2020” oyunlarının rəsmi maskotu “Skillzy”nin təqdimatı olub. Sonda qonaqlar üçün Bakı Olimpiya Stadionuna xüsusi tur təşkil edilib.
Azərbaycanın turizm potensialının təbliği sahəsində daha mühüm hadisə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə aprelin 29-da Bakıda keçirilməsi nəzərdə tutulan “Travel Business Azerbaijan 2020” tədbiridir. Bakı Konqres Mərkəzində reallaşacaq tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Dövlət Turizm Agentliyindən qəzetimizə bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq.
Tədbirə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin mövcud olduğu ölkələr də daxil olmaqla, dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub. Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.
Həmçinin “Travel Business Azerbaijan 2020” tədbiri ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək. Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaq. Tədbir çərçivəsində Azərbaycana gələn xarici nümayəndələr üçün paytaxtın və regionların turizm məkanlarına səfərlər təşkil olunacaq.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30