Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Respublikamızda tütünçülüyün inkişafına xüsusi diqqət yetirilir

Respublikamızda tütünçülüyün inkişafına xüsusi diqqət yetirilir

17.06.2020 [08:54]

Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, həmçinin tütünün satış qiymətinin artırılması regionlarda fermerlərin tütünçülüyə marağının daha da artmasına səbəb olub
(əvvəli ötən sayımızda)

Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.
Builki mövsümdə Oğuz rayonunda isə 300 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 235 hektar sahəyə tütün şitilləri köçürüblər. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov KİV-ə aşıqlamasında bildirib ki, tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilir. Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.
Şəki rayonunun təsərrüfatlarında da tütün əkini başa çatıb. Builki mövsümdə şəkili fermerlər 1030 hektar sahədə tütün yetişdirirlər. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib. Sahib Abdulhəmidov bildirib ki, cari ildə rayonda 527 hektarda “Virciniya botaniki” növlü, 503 hektarda isə yerli tütün sortları əkilib. Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.
Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər. Tütünün əkini, becərilməsi və yığılması işlərinə 2200-dən çox kənd sakini cəlb olunub. Ötən il tütünçülüklə məşğul olan 189 fermerə istehsal etdikləri 2247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 112 min 347 manat məbləğində subsidiya ödənilib. Beləliklə, ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması şəkili fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub.
Rayonun Baş Göynük kənd sakini Mehman Mustafayev uzun illər tütünçülüklə məşğul olub. Tütünçülük tənəzzülə uğradıqdan sonra bir müddət təsərrüfatın digər sahələrinə üz tutan fermer dövlətin tütünçülüyə dəstəyindən ruhlanaraq yenidən tütün əkib-becərməyə maraq göstərib, ailə təsərrüfatı yaradıb. Fermer uzun illər fasilədən sonra 2016-cı ildə 7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib, 84 ton yaşıl tütün kütləsi tədarük edib. 2018-ci ildə ailəliklə bu işlə məşğul olaraq 12 hektar sahədə tütün yetişdirib, 180 ton yaşıl kütlə və 9 ton quru tütün istehsal edib. 2019-cu ildə tütün əkini sahələrini artıraraq 17 hektara çatdırıb. Sahələrdən 250 ton yaşıl tütün kütləsi tədarük tədarük olunub, eyni zamanda, 17 ton quru tütün istehsal edilib.
Builki mövsüm üçün hədəflərinin daha da yüksək olduğunu vurğulayan Mehman Mustafayev KİV-ə açıqlamasında deyib: “Cari təsərrüfat ilində tütün əkini sahələrini bir az da genişləndirərək 23 hektara çatdırdım. Tütün şitillərinin sahələrə köçürülməsi işi artıq başa çatıb. Əkin sahələrinin 22 hektarına “Virciniya botaniki”, 1 hektarına isə yerli “İmmuniy” növlü tütün əkilib. Hazırda sahələrdə aqrotexniki becərmə işləri aparılır, gübrə verilir, suvarılır. Tütün əkininə və becərmə işlərinə 20-dək işçi qüvvəsi cəlb olunub. Hava şəraiti əlverişli olarsa, builki mövsümdə 350-400 ton yaşıl tütün kütləsi tədarük etməyi qarşıma məqsəd qoymuşam”.
Torpaq mülkiyyətçisinin sözlərinə görə, tütün yığımına iyunun ortalarında başlamağı planlaşdırır.
Bu il Qax rayonunun təsərrüfatlarında isə 500 hektaradək sahədə tütün əkini həyata keçirilməsi nəzərdə tutulur. Fermerlər bu günədək 305 hektarı “Viciniya botaniki”, 95 hektarı yerli “İmmuniy” növlü olmaqla, 400 hektar sahəyə tütün şitilləri köçürüblər. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır. Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda dən üçün qarğıdalı səpini isə artıq yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1720 hektar sahəyə qarğıdalı səpiblər. Cari mövsümdə rayonda 1750 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulur.
Qəbələ rayonunun təsərrüfatlarında da tütün əkini başa çatıb. Cari ildə rayonda “Oğuz Aqro İndustry” MMC tərəfindən 15 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 20 hektarda yerli tütün sortları əkilib. Hazırda tütün sahələrində becərmə işləri aparılır. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib. Sektor müdirinin sözlərinə görə, qəbələli fermerlər taxıl biçini kampaniyasına da ciddi hazırlaşırlar. Builki mövsümdə rayonda 19 min 450 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda biçinə son hazırlıq işləri görülür. Rayon üzrə biçin kampaniyasına 27 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Ehtiyac yaranarsa, ətraf rayonlardan əlavə kombaynlar da gətiriləcək.
Cənub bölgəsində yerləşən Masallı rayonunda isə mayın 4-dən başlayaraq tütün əkininə başlanılıb. Tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları istixana şəraitində yetişdirdikləri şitilləri açıq sahələrə köçürüblər. Məhsul istehsalçıları əkin zamanı daha çox “İmunium” növlü ətirli və qiymətli tütünə üstünlük veriblər.
Bu il Masallı rayonunun hər kəndində iki hektar olmaqla ümumilikdə 50 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Rayonda tütünçülüklə məşğul olan fermerləri narahat edən əsas problemlərdən biri məhsulun tədarükü və emalı ilə bağlıdır. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanması və emalının, həmçinin Masallı rayonunda tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulub. Rayonda tütünqurutma və tədarük məntəqələrinin yaradılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlar barədə məsələ qaldırılıb. Problemin həlli rayonda tütünçülüyün inkişafı üçün geniş imkanlar yaradacaq.
Xatırladaq ki, ötən il Masallı rayonunda 35 hektarda tütün əkilib. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə - “İlham” MMC-yə 57,2 ton qurudulmuş tütün təhvil veriblər.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Yardımlı rayonunda da tütünçülüyün inkişaf etdirilməsinə diqqət artırılıb. Məlumat üçün bildirək ki, sovet dövründə Yardımlıda 320 hektar sahədə tütün əkilib. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə 2016-cı ildə yenidən dirçəlməyə başlayıb. İlkin mərhələdə 10 hektarda tütün əkilib. Ötən il rayonda 55 hektar sahədən 43,2 ton qurudulmuş tütün tədarük olunub. Bu il isə 30 hektar sahədə əkin aparılması nəzərdə tutulub.
May ayının əvvəlindən əkinə başlanılıb. Tütünçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları əkin zamanı yerli şəraitə uyğunlaşdırılmış “Virciniya” tütün növünə üstünlük verirlər. Rayonun Orakəran kəndində 8 kameralı tütünqurutma sexi fəaliyyət göstərir. Sahələrdən yığılan yaş tütün burada qurudulduqdan sonra tədarük məntəqələrinə təhvil verilir.
Qeyd edək ki, ölkəmizdə dövlət tərəfindən fermerlərə və məhsul istehsalçılarına 1 hektar sahədə tütün əkininə görə 280, yaş tütünün 1 tonunun qəbuluna görə 5, 1 ton quru tütünün qəbuluna görə isə 50 manat subsidiya verilir.
İsmayıllı rayonunda isə istixanada yetişdirilən tütün şitillərinin açıq sahələrə köçürülməsi davam edir. Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan bildirilib ki, cari mövsümdə tütün şitillərinin əkini 10 kənddə aparılır. Diyallı, Qurbanəfəndi, Talıstan, Qalacıq, Təzəkənd, Sumağallı və digər yaşayış məntəqələrində bu kampaniyanın mütəşəkkil, yüksək aqrotexniki tələblər səviyyəsində keçirilməsi üçün ciddi səy göstərilir. Şitillər rayona paylanan 500 qrama yaxın yerli növ toxumdan əldə edilib. Hər hektara 15 qram toxumdan əldə olunan 50 minə yaxın şitil əkilərsə, 2 tondan çox məhsul götürmək mümkündür.
Məlumatda o da bildirilir ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” İsmayıllı rayonunda da təsərrüfatın bu gəlirli sahəsinin inkişafına təkan verib. Təkcə ötən il 30 hektar sahədən 60 ton tütün istehsal olunub. Tütünçülər cari ildə istehsalı 65 tona çatdırmaq əzmindədirlər.
Sonda onu da bildirək ki, Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda Tovuz rayonunda tütünqurutma məntəqəsinin inşası nəzərdə tutulub. Qeyd edək ki, bu il rayonda 50 hektar sahədə tütün əkilib və hazırda tütün plantasiyalarında becərmə işləri davam etdirilir. Yetişdirilmiş tütün məhsulu rayonda qurudularaq tütün fermentasiya fabriklərinə göndəriləcək.
Tarixən tütünçülük sahəsində zəngin ənənələri və təcrübəsi olan Tovuzda yığılan yaş tütün yarpağı əvvəllər digər bölgələrə aparılıb təhvil verilərkən, nəqliyyat xərcləri çox olduğundan iqtisadi səmərəsi az olurdu. İndi yaş tütün yarpağı bilavasitə yerlərdə təhvil götürüləcək və rayonda “Tovuz Aqro Sənaye” MMC-nin nəzdində yaradılacaq tütünqurutma məntəqəsində yarımfabrikat şəklinə salınacaq.
Hazırda tütünqurutma məntəqəsinin tikintisi sürətlə davam edir. Tam avtomatlaşdırılacaq məntəqə üçün 10 ədəd termopilin avadanlığı Serbiyadan alınaraq gətirilib. Müəssisə işə düşdükdən sonra 30 nəfər daimi işlə təmin olunacaq. Gələn mövsümdən Tovuz rayonu ilə yanaşı, ətraf bölgələrin fermerlərinin ehtiyaclarını da qarşılamaq üçün avadanlıqların sayını 50-yə çatdırmaq nəzərdə tutulur.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30