Azərbaycanın regionlarından xarici bazarlara məhsul ixracı artır
20.06.2020 [08:40]
Ölkəmizin regionlarında yetişdirilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarına xarici ölkələrin istehlak bazarlarında böyük tələbat var
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar çərçivəsində qeyri-neft məhsullarının ixracının səmərəli təşviq mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin formalaşdırılması, xarici ölkələrdə ticarət evlərinin yaradılması və bu kimi digər məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq respublikamızdan xarici bazarlara ixrac həcmləri əhəmiyyətli dərəcədə artıb. O cümlədən ölkəmizin bölgələrində ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, Azərbaycanın regionlarında yetişdirilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları yaxın xarici ölkələrin istehlak bazarlarında yaxşı tanınır və onlara böyük tələbat var. Ölkəmizdə qarşıya qoyulan hədəf isə məhsullarımızın uzaq xarici bazarlarda da tanınmasına nail olmaqdır.
Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib. Burada verilən məlumata əsasən, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Bəhs olunan dövrdə respublikamızdan Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. O cümlədən 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.
Xüsusi olaraq vurğulayaq ki, cari ilin yanvar-aprel ayları ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan qeyri-neft sektoruna aid malların strukturunda regionlarda yetişdirilən kənd təsərrüfatı məhsullarının həcmi üstünlük təşkil edib. Belə ki, 2020-ci ilin ilk dörd ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (73,3 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (44,3 milyon ABŞ dolları) ikinci yeri tutub. Ümumiyyətlə, 2020-ci ilin yanvar-aprel ayları ərzində respublikamızdan meyvə-tərəvəz ixracı 153,9 milyon, pambıq lifi ixracı 45 milyon, pambıq ipliyi ixracı 8,7 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 milyon, şəkər ixracı 4,5 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nda o da göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Bu məqamda qeyd edək ki, hazırda Cəlilabadda kartofun kütləvi yığımı davam edir. Verilən məlumata əsasən, builki məhsuldarlıq fermerlərin ürəyincədir. Tədarük edilən kartofun hər gün təxminən 400-500 tonu Rusiya bazarlarına göndərilir. Qeyd edək ki, Cəlilabad rayonunda yazlıq məhsul üçün əkilən 5300 hektara yaxın kartof sahəsinin iyunun 4-dək 70 faizində yığım başa çatıb. Vegetasiya müddəti başa çatmayan sahələrdə isə son suvarma işləri görülür. Hazırda hər hektardan 27-28 ton kartof götürən cəlilabadlı fermerlər məhsuldarlıqdan razıdırlar.
Məsələn, uzun illərdir, kartofçuluq sahəsində çalışan rayonun Ocaqlı kənd sakini, fermer Nizami Məmmədovun sözlərinə görə, bu il daxili bazarla yanaşı, xaricə də göndərmək üçün bol məhsul var: “15 gündən çoxdur ki, Rusiya bazarlarına, Ukrayna, Gürcüstan və Bakıya kartof göndəririk. Sahələrdə bol məhsul var. Pandemiya dövrü olduğundan karantin rejiminin tələbləri gözlənilir, işçilər ara məsafələri saxlayır, tibbi maskalardan istifadə edirlər. Heç bir problemimiz yoxdur”.
Cəlilabadlı fermerlər bildirirlər ki, istehsal olunan məhsulun 80 faizə yaxını Rusiya bazarlarına göndərilir. Mövsüm başlanandan bəri xaricə 35 min tondan çox Cəlilabad kartofu çıxarılıb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Mübariz Nadirov KİV- açıqlamasında qeyd edib ki, hələ vegetasiya dövrünü başa vurmamış kartof sahələri var: “Kartofun qiyməti 70-80 qəpik arasında dəyişir. Məhsul bolluğu bu gün fermerləri qane edir. Hər hektardan 30 tonadək məhsul götürülür ki, bu da, ona çəkilən xərci ödəməklə yanaşı, əlavə qazanc əldə etməyə imkan verir”.
Ağsuda isə son illər badam bağlarının sahəsi xeyli genişləndirilib. Son bir ildə 60,5 hektar sahədə yeni bağ salınıb. Badam bağları rayonun bağçılıq təsərrüfatında yeni sahə olsa da, nəticələr ürəkaçandır. Sahibkar İlham Həsənov deyir ki, son üç ildə Ağsu rayonunda 90 hektar badam bağı salıb. Bunun da 44 hektarı iki, 46 hektarı isə bir yaşını tamamlamış bağlardır. İki yaşını tamamlamış bağlardan bu il bol məhsul gözlədiklərini deyən İ.Həsənov, məhsuldarlıq çoxaldıqdan sonra bağın ərazisinin daha da genişləndirəcəyini bildirir.
Əldə edilən məhsulları yerli bazarla bərabər, Körfəz ölkələrinə və Avropa bazarlarına çıxarılması qarşıya qoyulan əsas hədəflərdəndir. “Xarici ölkələrdə qatıldığımız sərgilərdə bu məhsula çox böyük tələbat olduğunu müşahidə etmişik və ona görə biz də məhsulumuzu Avropa və Körfəz ölkələri bazarlarında satmağı planlaşdırırıq”, - deyə sahibkar qeyd edir.
Fermer deyir ki, fransız sortundan olan süfrə badamları çox məhsuldar ağaclardır: “Bu ağaclar adətən üç yaşından sonra ilkin məhsul verməyə başlayır, amma bizim əkdiyimiz sahədə aqrotexniki qaydalara tam riayət olunması, eləcə də əlverişli iqlim nəticəsində artıq ikinci yaşını tamamlayan badam ağaclarından məhsul əldə etməyə başlamışıq. Bu məhsula ləpəsinin böyüklüyünə, rənginə və dadına görə bazarda çox böyük tələbat var. Ona görə də ilkin mərhələdə badamı bazara yalnız ləpə şəklində çıxarmağı, növbəti illərdə isə badam emalı ilə bağlı digər sahələrdə də özümüzü sınamağı planlaşdırırıq”.
Xatırladaq ki, son üç ildə Azərbaycanda badam bağlarının sahəsi təxminən üç dəfə artıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, 2017-ci ildə ölkəmizdə 652 hektar badam sahəsi vardı, 2019-cu ilin sonunda isə bu rəqəm 1967 hektara çatıb. Hazırda bu bağlardan 574,1 hektarı bar verəndir. Təkcə 2019-cu ildə Azərbaycanda 806 hektar sahədə yeni badam bağları salınıb. Ötən il Azərbaycanda bağlardan 915,6 ton badam yığılıb. Hazırda orta məhsuldarlıq hər hektardan 15,9 ton təşkil edir.
Badam bağlarının salınması dövlət tərəfindən də dəstəklənir. Nazirliyin rəsmisi, həmçinin bildirib ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, intensiv üsulla salınmış badam bağlarının hər hektarına görə təsərrüfat sahibinə 400 manat subsidiya verilməsi nəzərdə tutulur. 2019-cu ildən əvvəl salınmış bağlara görə isə hektara 240 manat subsidiya verilir. Dövlət dəstəyinin artırılması fermerlərin çoxillik əkmələrə, o cümlədən badam bağları salınmasına marağını artırır.
Son illərdə Qusar rayonunda müasirtipli intensiv meyvə bağlarının salınmasına maraq artıb. Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qusardakı mövcud alma bağlarının böyük hissəsi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdırlar.
Qusar rayonunun Qullar kəndində salınmış müasir meyvə bağlarında alma, gilas, nektarin və armud becərilir. Burada əkilən ağacların tingləri əsasən Türkiyə və İspaniyadan gətirilib.
Fermer Elçin Həsrətov bildirir ki, ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.
“Dövlətimizin fermerlərə dəstəyindən yararlanmaqla, 2016-cı ildə bağ salmaq qərarına gəldik. Qusar rayonunun Qullar kəndində torpaq sahəsi götürdük. Burada hissə-hissə bağ salmağa başladıq. Əvvəlcə təsərrüfatımıza ailə üzvlərimizlə birlikdə qulluq edirdik. Sonra fermerlərə yanacaq və gübrə üçün verilən subsidiyalardan yaralanmağa başladıq. Bu, bizim ailə təsərrüfatımıza böyük dəstək oldu. Təsərrüfatımızda intensiv bağlar salmışıq. Əkdiyimiz ağaclar xarici sortlardır. Yerli sortlarla müqayisədə bu ağaclar daha məhsuldardır. İldən-ilə məhsuldarlıq daha da artır”, - deyə E.Həsrətov söyləyib.
Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam avtomatlaşdırılıb. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.
“Həm tezyetişən, həm də mövsümün sonunadək yetişən sortlar becəririk. Bu, bazara daimi məhsul çıxarmağımızı təmin edir. İyunun əvvəlindən oktyabradək meyvəmiz olur. Məhsulumuz çoxaldıqca Rusiyanın böyük market şəbəkələri də bizimlə ticarət əlaqələri qurmağa maraq göstərir”, - deyə fermer bildirib.
Superintensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin elə əkildiyi il məhsula düşməsidir. Lakin mütəxəssislər həmin meyvəni ağacda saxlamamağı tövsiyə edirlər. Ənənəvi bağlardan fərqli olaraq burada xüsusi aqrotexniki qulluq aparılmalıdır. Həmin bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

