Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regional inkişaf proqramlarının uğurla icra edilməsi sayəsində Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaranıb

Regional inkişaf proqramlarının uğurla icra edilməsi sayəsində Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaranıb

29.07.2020 [08:58]

“Yeni Azərbaycan” qəzetinin onlayn formatda keçirdiyi “dəyirmi masa”da bildirildiyi kimi, müvafiq Dövlət proqramlarının icrası Naftalan şəhərində, Bərdə və Zərdab rayonlarında da yüksək səviyyədə təmin edilir
Məlum olduğu kimi, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət istər ümumilikdə ölkəmizin, istərsə də respublikamızın ayrı-ayrı regionlarının hərtərəfli inkişafına təkan verib. Heç şübhəsiz, bu uğurların əldə edilməsində ölkəmizdə həyata keçirilən müvafiq dövlət proqramlarının da payı var. Elə “Yeni Azərbaycan” qəzetinin KİVDF-nin elan etdiyi müsabiqə üzrə keçirdiyi onlayn “dəyirmi masa”da da bu məqam xüsusi olaraq vurğulanıb. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə “Regional inkişafın Azərbaycan modeli” mövzusunda təşkil olunan və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun, millət vəkili Cavid Osmanovun, Naftalan şəhər, Zərdab və Bərdə rayon İcra Hakimiyyəti rəsmilərinin iştirak etdikləri onlayn “dəyirmi masa”da ötən müddət ərzində əldə edilən uğurlara geniş nəzər salınıb.
Qeyd olunub ki, 2004-cü ildən etibarən respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda bəhs olunan bu proqramın da icrası yüksək səviyyədə təmin edilir. Bildirilib ki, müvafiq Dövlət proqramlarının icrası Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb. O cümlədən Dövlət proqramlarının icrasının Naftalan şəhərində, Bərdə və Zərdab rayonlarında yüksək səviyyədə təmin edildiyi diqqətə çatdırılıb.
Məsələn, “dəyirimi masa”da söz alan Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov son 17 ildə Naftalan şəhərinin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini bildirib. O, şəhərin sosial-iqtisadi inkişaf göstəricilərinin yaxşılaşmasında regional inkişaf proqramlarının müstəsna rol oynadığını vurğulayıb. Arzu Məmmədov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Naftalan şəhəri üzrə 2020-ci ilin birinci yarısındakı icra vəziyyəti haqqında da məlumat verərək deyib: “2020-ci ilin əvvəlindən bəri Naftalan şəhərinin ərazisində yolların bərpası və tikintisi istiqamətində işlər davam etdirilib, o cümlədən 11146.6 km əraziyə asfalt örtüyü vurulub. 2020-ci ilin sonunadək 27 küçədə ümumilikdə 118053 km yolun asfaltlanması nəzərdə tutulub. Dövlət Proqramının icrasının sonunadək isə şəhər ərazisində 153463 km yolun asfaltlanması planlaşdırılır.
Bəhs olunan Dövlət Proqramı çərçivəsində Naftalan şəhərinin və onun tabeliyində olan Qaşaltı Qaraqoyunlu, Qasımbəyli kəndlərinin əhalisinin elektirik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Qaşaltı Qaraqoyunlu kəndinə xidmət edən 10 kV-luq Şəfibəyli hava xəttinin 0,5 km-lik hissəsi təmir edilib. Həmçinin İ.Həsənzadə küçəsində 225 abonentə xidmət edən 1 ədəd 10-6 kV-luq kompleks transformator məntəqəsi tikilib. 2020-ci ilin sonunadək şəhərin elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması istiqamətində işlərin yekunlaşdırılması nəzərdə tutulur”.
Bildirilib ki, Naftalan şəhərində işsiz, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində mühüm addımlar atılır: “2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Naftalan şəhər Məşğulluq Mərkəzinə işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb olunmalarını təmin etmək məqsədilə 70 kvota yerinin ayrılması nəzərdə tutulub”.
Arzu Məmmədovun sözlərinə görə, müvafiq Dövlət proqramlarının icrası çərçivəsində Naftalan şəhərində turizm sektorunun inkişafı istiqamətində də genişmiqyaslı tədbirlər görülür: “Hazırda Naftalan şəhərində sahibkarlar tərəfindən inşa edilmiş 11 turizm obyekti fəaliyyət göstərir. 174 yerlik, 10 mərtəbəli “Naftalan Hotel & SPA” mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşdırılıb. Eyni zamanda, 4 mərtəbəli 288 yerlik “Gold Naftalan” sağlamlıq və istirahət mərkəzində tikinti işləri davam etdirilir. 2 binadan - 1 ədəd 5 mərtəbəli müalicə və poliklinika, 1 ədəd 6 mərtəbəli yataq korpusundan ibarət Naftalan sanatoriya kompleksində tikinti işləri davam etdirilir. Sanatoriya kompleksi 176 yerlikdir. Tikintisi davam etdirilən sanatoriyaların 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub”.
“Dəyirmi masa”da çıxış eən Bərdə Rayon İcra Hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Damət Ələkbərov bildirib ki, təmsil etdiyi rayonda ÜDM istehsalı 2003-cü ilə nisbətdə 2019-cu ildə 7,1 dəfə artıb. Regional inkişaf proqramları çərçivəsində Bərdə rayonunda çoxlu sayda infrastruktur layihələrinin reallaşdırıldığını bildirən Damət Ələkbərov vurğulayıb ki, indiyədək rayondakı yaşayış məntəqələrinin 99,1 faizi və ev təsərrüfatlarının 99,8 faizi qazlaşdırılıb. Rayon mərkəzinin və 18 kəndin elektrik şəbəkəsi tam kabelləşdirilib. Ötən dövrdə 5 kəndin sakinləri ekoloji cəhətdən təmiz su ilə təmin edilib, Məmmədli kəndi ərazisində suvarma üçün nasos stansiyası tikilib. Dövlət proqramlarının icrası çərçivəsində rayon əhalisinin 62,4 faizinin yaşadığı 51 kəndi birləşdirən 4 yol yenidən qurulub.
Rayonda aparılan tikinti, abadlıq-quruculuq işləri barədə də məlumat verən D.Ələkbərov deyib: “Rayonumuzda Heydər Əliyev Mərkəzi yaradılıb, Ulu Öndərin adını daşıyan park-bulvar kompleksi tikilib və Onun xatirəsinə əzəmətli abidə ucaldılıb. İndiyədək Bərdə rayonunda Qəhrəmanlar parkı, Bayraq Meydanı, Nüşabə parkı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Avtovağzal kompleksi, 110 mənzilli 3 yaşayış binası, məcburi köçkünlər üçün 1649 ailəlik 3 yaşayış məhəlləsi, Bərdə “ASAN” Xidmət Mərkəzi, 6 inzibati bina, Uşaq Musiqi və İncəsənət məktəbi, Tərtər çayı üzərində 2 körpü tikilib, Daxili Qoşunların “N” saylı hərbi hissəsi üçün şəhərçik salınıb. Rayonumuzda Mədəniyyət Mərkəzi yenidən qurulub, XIV əsrə aid Bərdə türbəsi və Torpaqqala tarixi abidələri bərpa olunub”.
Bütövlükdə rayonda sosial infrastruktur quruculuğunun geniş vüsət aldığını bildirən D.Ələkbərov deyib ki, bu istiqamətdə işlər davam etdirilir: “Hazırda 1150 şagird yerlik şəhər 2 saylı, Heydər Əliyev Fondu tərəfindən 624 şagird yerlik şəhər 4 saylı, 1200 şagird yerlik şəhər 3 saylı, 624 şagird yerlik Qaradəmirçi, 96 şagird yerlik modul tipli Mollaisalar kənd tam orta məktəbləri, 1000 yerlik peşə liseyi tikilir”.
D.Ələkbərov Dövlət proqramlarının icrası çərçivəsində rayonda bir sıra yeni istehsal sahələrinin yaradıldığını da bildirib. O əlavə edib ki, hazırda rayonda yeni aqroparkın yaradılması istiqamətində işlər də uğurla davam etdirilir.
“Dəyirmi masa”da çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova da regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində təmsil etdiyi rayonda abadlıq işlərinin, infrastruktur quruculuğunun geniş vüsət aldığını bildirib. Zərdab rayonü üzrə çoxlu sayda yeni layihələrin reallaşdırıldığını bildirən P.Mahmudova “Dövlət büdcəsi hesabına həyata keçirilən “Zərdab şəhərinin içməli su sisteminin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasına 2011-ci ildə başlanıb və 07.10.2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərə ilk suyun verilməsi mərasimində iştirak edib. Ötən dövrdə icra olunan layihələr sayəsində rayon üzrə yaşayış məntəqələrinin 90,4 faizi və ev təsərrüfatlarının 95,4 faizi qazlaşdırılıb. Bəhs olunan dövrdə əhalinin və iqtisadiyyatın fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün mühüm tədbirlər görülüb. 2015-ci ildən etibarən rayonumuzun elektrik təsərrüfatının yenidən qurulması layihəsinin icrasına başlanıb. İndiyədək Ucar-Zərdab hava xəttinin yenidən qurulması başa çatdırılıb. Elektrik şəbəkəsinin xeyli hissəsində, o cümlədən şəhər və Məlikumudlu, Çallı, Dəli Quşçu, Dəkkəoba, İsaqbağı, Gəlmə, Hüseynxanlı, Məlikli, Məmmədqasımlı, Gödəkqobu, Bıçaqçı, Körpükənd və s. kəndlərdə köhnə analoq naqillər SİP kabellərlə əvəz olunub. Zərdab Elektrik Şəbəkəsinin ərazisində yeni 35-10 kV-luq yarımstansiya binası tikilərək istifadəyə verilib” deyə əlavə edib.
Pərvin Mahmudovanın sözlərinə görə, Zərdab rayonunda yol infsatrurktunun yenilənməsi istiqamətində də diqqətəlayiq uğurlar əldə olunub: “Belə ki, Zərdab-Yuxarı Seyidlər-Siləyli (47,0 km) və Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolunun (11 km) yenidən qurulması başa çatdırılıb. Bundan başqa, Zərdab-Qaravəlli avtomobil (11,4 km) yolunun tikintisi tamamlanıb. Hazırda 70,5 km uzunluğunda Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun, 42 km uzunluğunda Ağsu-Kürdəmir-Bəhrəmtəpə-Zərdab avtomobil yolunun və 7 km uzunluğunda Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi davam etdirilir”.
Pərvin Mahmudova deyib ki, 2003-2020-ci illərdə rayonda tikinti, quruculuq, abadlıq sahəsində də uğurlu nəticələr əldə olunub. Bu illər ərzində rayonda Heydər Əliyev Mərkəzi yaradılıb, Ümummilli Liderin adını daşıyan park salınıb və abidəsi ucaldılıb. Ötən dövrdə həmçinin Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı üçün inzibati bina, Gənclər Mərkəzi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, Veteranlar evi, Yaradıcılıq mərkəzi, 12 inzibati bina, şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli bina, 44 fərdi mənzil tikilib, Bayraq meydanı yaradılıb. Ümumiyyətlə, regional inkişaf proqramları çərçivəsində Zərdab rayonunda görülən işlərin miqyası kifayət qədər genişdir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30