Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Aparılan tikinti-quruculuq və abadlıq işləri regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

Aparılan tikinti-quruculuq və abadlıq işləri regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayır

29.08.2020 [00:18]

Başa çatmaqda olan avqust ayı ərzində də ayrı-ayrı şəhər və rayonlarda bu istiqamətdə işlər davam etdirilib

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 17 ildə bütövlükdə ölkəmiz, o cümlədən respublikamızın regionları uğurla inkişaf edib. Əldə edilən bu nailiyyətlərdə 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi payı var desək, yanılmarıq. Çünki məhz indiyə qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün icrasının isə davam etdiyi sözügedən Dövlət proqramları çərçivəsində görülən işlər ölkəmizin regionlarının dinamik inkişafını təmin edib. Bəhs edilən Dövlət proqramları çərçivəsində regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra edilməsi, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasıdır.

Yeri gəlmişkən vurğulayaq ki, bu məsələyə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də geniş toxunulub. Dövlət başçısı müşavirədəki çıxışında “İnfrastruktur layihələrinə gəldikdə, demək olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra edilib. Düzdür, növbəti illərdə bu layihələrin icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm, əhalinin artımı bunu diktə edir. O ölkələrdəki əhali artmır, orada yeni infrastruktur layihələrinə də ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur. İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməli və mənə məlumat təqdim edilməlidir”, - deyə bildirib.

Beləliklə, qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər, reallaşdırılan müvafiq layihələr respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin edib və hər bir rayonda əldə edilən yeni uğurlarla müşayiət olunub.

Ümumiyyətlə, regionlarda tikinti-quruculuq və abadlıq işlərinin uğurla davam etdirilməsi bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır və davamlı xarakter daşıyır. Elə avqust ayı ərzində ayrı-ayrı rayonların timsalında müşahidə edilən reallıqlar bunu deməyə əsas verir. Yeri gəlmişkən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu vaxtadək Mingəçevirdə bir sıra sosial infrastruktur layihələri icra edilib. Respublikamızda tətbiq edilən xüsusi karantin rejiminin tələbləri yumşaldıqdan sonra Mingəçevir şəhərində bu işlər yenidən vüsət almağa başlayıb. Şəhərin Səməd Vurğun 19 və 20 ünvanlarında yerləşən 9 mərtəbəli binaların fasadları, yan və arxa divarları, pəncərə yamacları, giriş blokları, binaların giriş qapıları, pilləkən məhəccərləri, divar və tavan səthləri təmir edilib. Bununla yanaşı, şəhər əhalisinin istirahətinin təşkili üçün “Qurucular” adlanan parkda yenidənqurma işlərinə başlanıb. Hazırda 1100 kvadratmetrə yaxın sahəsi olan parkda daş plitə döşəmələr yenilənir. Parkda yeni gül-çiçək kolları, dekorativ ağaclar əkiləcək, yaşıllıq salınacaq, söhbətgahlar yenilənəcək, oturacaqlar qoyulacaq. Mingəçevirdə görülmüş abadlıq və yenidənqurma işləri çərçivəsində şəhərin Həzi Aslanov küçəsi başdan-başa yenilənib, asfalt örtüyü çəkilib, səkilərə daş plitələr döşənib. Görülən bu işlər şəhərin “Sağ sahil”, “Azərbaycan İES” yaşayış massivləri ərazisində da davam etdiriləcək. Eyni zamanda, “Azərbaycan İES”, “Tərəvəzçilik” yaşayış massivlərində, sol sahildə yeni park və istirahət guşələrinin salınması nəzərdə tutulub. Həmçinin şəhərin Heydər Əliyev prospekti boyunca bütün xiyabanlar, Nizami küçəsi boyunca uzanan park abadlaşdırılaraq yenidən qurulacaq.

Qəbələ şəhərində isə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi işləri davam etdirilir. Son vaxtlar şəhərin Muxtar Abdıyev küçəsində yerləşən və hər biri dörd mənzildən ibarət ikimərtəbəli daha 8 binanın dam konstruksiyası və örtüyü dəyişdirilib. Eyni zamanda, rayonda abadlıq-quruculuq işləri də davam etdirilir. Belə ki, Qəbələ şəhərinin Həzi Aslanov küçəsində yerləşən 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksin, həmçinin Heydər Əliyev prospektində yerləşən İsmayıl bəy Qutqaşınlının abidəsinin ətrafında əsaslı təmir və abadlıq işləri aparılıb.

Şəmkir rayonunda da quruculuq işləri davam edir. Rayonda müxtəlif quruculuq işləri ilə yanaşı, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdıırlması da diqqət mərkəzindədir. Bu baxımdan, Şəmkir şəhərində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən çoxmənzilli yaşayış binaları tikiləcək. Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətində məcburi köçkünlər üçün tikiləcək binaların layihəsi ilə tanışlıq olub. Bildirilib ki, tikiləcək binalar 672 məcburi köçkün ailəsi üçün 16 çoxmənzilli yaşayış binasından ibarətdir. Binaların hər birində 42 mənzil olacaq. Yaxın günlərdə tikintisinə başlanılacaq şəhərcik müasir görünüşü ilə Şəmkir şəhərinin gözəlliyinə yeni bir görkəm qatacaq. Şəhərcikdə 528 şagird yerlik tam orta məktəb və 280 yerlik uşaq bağçası olacaq. Şəhərcikdə inzibati bina, sakinlər üçün idman meydançası, avtobus dayanacağı və ticarət mərkəzi inşa olunacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ölkəmizdə paytaxtla yanaşı, regionlarda da yeni uşaq bağçalarının tikintisi və əsaslı təmiri işləri davam etdirilir. Hazırda Masallıda müasir tələblər səviyyəsində tikilən 100 yerlik uşaq bağçası bunun bariz nümunəsidir. Masallı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinə bu ilin iyul ayından başlanılıb. Hazırda binanın fasadında suvaq işi aparılır, paralel olaraq üzlük daşı vurulur. Birinci mərtəbədə artıq pəncərələr qoyulub. Binanın həyətində inşa olunan yardımçı binaların - nasosxana, qazanxana, yanğın mühafizə-su hovuzunun tikintisi başa çatmaq üzrədir. Binanın daxilində isə elektrik və rabitə xətləri çəkilir. Bağçada yanğın zamanı xəbərdarlıq üçün sistem də quraşdırılır. Kameralarla təchiz ediləcək binada balacalara nəzarət etmək daha da asanlaşacaq. Artıq dam örtüyündə beton işləri yekunlaşıb. Otaqlarda və mətbəxdə təmir işlərinə başlanılıb. Bu günlərdə məşğələ və yataq otaqlarına döşəmə vurulacaq. Binada azyaşlılar üçün idman və musiqi zalları, yeməkxana, həkim otağı da olacaq. Bundan başqa, bağçanın həyətində xüsusi istirahət guşələri yaradılacaq, müasir uşaq əyləncə qurğuları quraşdırılacaq. Bir sözlə, uşaqların həm normal təlim-tərbiyəsi, həm də istirahəti və əylənməsi üçün hər cür şərait yaradılacaq. Masallı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının direktoru Aynur Qardaşova bildirib ki, yeni inşa olunan bağça 100 yerlikdir. “Həqiqətən bizə müraciət edənlər çox idi. Əvvəlki körpələr evində çarpayı çatmırdı, 40 yerlik idi. İşimizi günün tələbinə uyğun qura bilmirdik. Amma indi sevinirik ki, bizim üçün yeni bağça tikilir”, - deyə o əlavə edib. Bağçanın köhnə binası həm darısqal, həm də şəraitsiz idi. Şəhərin Səməd Vurğun küçəsində inşa olunan ikimərtəbəli, müasir tələblərə cavab verən yeni bina artıq bu çətinlikləri arxada qoyacaq. Valideyn Günəş Hüseynova yeni bağça binasının tikintisindən razılıqla danışaraq “Köhnə bağçamızda istiliklə bağlı çətinliklər var idi. Artıq bu problemlər arxada qalacaq. Çox sağ olsun dövlətimiz. İndi bizim uşaqlarımız işıqlı və hər şəraiti olan bağçaya gedib-gələcəklər”, - deyə söyləyib. Uşaq bağçasının tikintisinin dekabr ayınadək başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, bu il Masallı rayonunda, ümumilikdə, 7 məktəbəqədər təhsil müəssisəsinin inşası və əsaslı təmiri nəzərdə tutulub.

Füzuli rayonunda isə Horadiz şəhərindəki Bayraq Meydanının ərazisində Dövlət Rəmzləri Muzeyinin inşası yekunlaşıb. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Dövlət Rəmzləri Muzeyinin binası aypara və səkkizguşəli ulduz formasındadır. Hazırda muzeyin daxilində tərtibat işləri görülür. Muzeydə tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, həmçinin Silahlı Qüvvələrin qoşun növlərinin bayraqları, gerblər, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunub saxlanılacaq. Dövlət Rəmzləri Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, rayon sakinlərində və rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verəcəkdir.

Quruculuq işləri Naxçıvan Muxtar Respublikasında da uğurla davam edir. Belə ki, Şahbuz şəhərinin Heydər Əliyev prospektində Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisinə başlanılıb. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz rayon idarəsi tərəfindən aparılır. İki mərtəbədən ibarət olacaq binada geniş sərgi salonu ilə yanaşı, fond, bələdçilər, direktor, texniki işçilər, bərpaçı rəssam və əlavə iş otaqları, qazanxana və elektrik otağı və foye nəzərdə tutulub. Binanın həyəti abadlaşdırılacaq, müasir işıqlandırma sistemi qurulacaq. Hazırda binanın təməlində beton işləri görülür. Ümumilikdə, 591 kvadratmetr sahəni əhatə edəcək yeni muzey binasında ziyarətçilərə tariximizin təbliği üçün geniş şərait yaradılacaq. Ordubad şəhərinin Heydər Əliyev prospektində inşa olunan 28 mənzilli yaşayış binasında isə tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları hazırda binanın ətrafında abadlıq işləri aparır, səkiləri yeniləyir, gülkarlıqlar salırlar. Binaya rabitə, elektrik, kanalizasiya və su xətlərinin çəkilişi də həyata keçirilib. Qeyd edək ki, Ordubad şəhərinə xüsusi yaraşıq verən bu bina gənc ailələr üçün inşa olunub.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30