/ / Azərbaycanda 2020-ci ildə də regionların sosial-iqtisadi inkişafı istiqamətində davamlı addımlar atıldı
Azərbaycanda 2020-ci ildə də regionların sosial-iqtisadi inkişafı istiqamətində davamlı addımlar atıldı
06.01.2021 [09:13]
İşğaldan azad edilən ərazilərdə bərpa işlərinə başlanılması ötən ilin ən əlamətdar hadisələrindəndir
Məlum olduğu kimi, 2020-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Ən əsası isə sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə nəricəsində torpaqlarımız işğaldan azad edildi. Ordumuz 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın hərbi birləşmələrini darmadağın etdi, diz üstə çökən düşmən kapitulyasiyaya uğradı. Beləliklə, üç onillik ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. 2020-ci il respublikamızın tarixində Zəfər ili kimi qalacaq.
2020-ci ildə yaşanan hadisələr sırasında, həmçinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini xüsusi qeyd edə bilərik. Məsuliyyətli dövlət olan Azərbaycan pandemiya ilə mübarizəyə böyük həcmdə büdcə ayırdı, ölkəmizdə əhalinin sağlamlığının qorunması, insanların sosial müdafiəsinin təmin edilməsi üçün genişmiqyaslı dəstək proqramları reallaşdırıldı. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı səmərəli mübarizə aparan nümunəvi ölkə kimi dəyərləndirib.
Onu da qeyd edək ki, artıq tarixə dönən 2020-ci ildə Vətən müharibəsində şanlı qələbə qazanan, qlobal pandemiyaya qarşı nümunəvi mübarizə aparan Azərbaycan, eyni zamanda, özünün sosial-iqtisadi inkişafını davam etdirib. Ötən ildə də regionların sosial-iqtisadi inkişafı istiqamətində davamlı addımlar atılıb, respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri aparılıb, çoxlu sayda yeni infrastruktur layihələri reallaşdırılıb.
Ötən il regionlarda yol infrastrukturunun yenilənməsi geniş vüsət alıb
Son 17 ildə respublikamızda uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bölgələrdə yol infrastrukturunun yenilənməsi geniş vüsət alıb. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri ondan ibarətdir ki, Azərbaycanın hər bir yaşayış məntəqəsi müasir yollarla təmin olunmalıdır. Respublikamızda hər il təxminən 1000 kilometr yol yenidən qurulur. Son 17 ildə ölkə üzrə uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilində ölkə üzrə 1376,6 km uzunluğunda avtomobil yolları, o cümlədən 139,8 km respublika əhəmiyyətli, 908,8 km yerli əhəmiyyətli yollar yenidən qurulub.
Öz növbəsində, ötən il yol infrastrukturunun yenilənməsi ilə bağlı layihələr respublikanın bütün bölgələrində reallaşdırılıb. Əlamətdar haldır ki, Prezident İlham Əliyev 2020-ci ilin əvvəlindən regionlara səfərləri çərçivəsində yenidən qurulan yolların istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. O cümlədən dövlətimizin başçısı ötən il Pirili-Muradxan-Sor-Sor, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Şəmkir-Abbaslı-Nərimanlı, Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu, Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına və digər çoxsaylı avtomobil yollarının yenidənqurma və bərpadan sonra açılış mərasimlərinə qatılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2020-ci il tarixində isə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub. Dövlətimizin başçısı, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.
Uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissəsinin 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.
Onu da vurğulayaq ki, Azərbaycanda yol infrastrukturu yenilənərkən keyfiyyət göstəricilərinə xüsusi diqqət göstərilir. Təsadüfi deyildir ki, beynəlxalq reytinq agentlikləri ölkəmizdə yol infrastrukturunun keyfiyyətini yüksək dəyərləndirirlər. Məsələn,”World Economic Forum” avtomobil yollarının vəziyyətinə dair “Quality of roads” hesabatını yeniləyib. Hesabatda Azərbaycan MDB məkanında ən yüksək nəticəyə - 1-ci yerə layiq görülüb.
“Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi Azərbaycanın enerji müstəqilliyinin təmin edilməsinə mühüm töhfədir
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə enerji sisteminin inkişafı da daim diqqət mərkəzindədir. Son 17 ildə dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq enerji sisteminin dayanıqlılığının artırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib. Bəhs olunan dövdə respublikamızda yeni generasiya güclərinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda ümumi gücü 5236,1 MVt olan 10 elektrik stansiyası fəaliyyət göstərirdi. Hazırda ölkəmizdə ümumi gücü 6774 MVt olan 40 elektrik stansiyası mövcuddur. Bütövlükdə, son 17 ildə ölkə üzrə güc artımının saldosu 1518,6 MVt təşkil edib.
Yeri gəlmişkən, 2020-ci ildə Azərbaycanda ölkənin enerji müstəqilliyinin daha da möhkəmləndirilməsinə, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə getdikcə artan tələbatının etibarlı şəkildə ödənilməsinə hesablanan daha bir mühüm layihənin icrası uğurla yekunlaşıb. Söhbət “Azərbaycan” İstilik Elektrik Stansiyasında əsaslı yenidənqurma işlərinin başa çatmasından gedir. Xəbər verildiyi kimi, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə 2020-ci il 25 iyun tarixində istifadəyə verilib. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında “Azərbaycan” İstilik Elektrik Stansiyasının tarixindən bəhs edib, onun bu gün də respublikamızın enerji müstəqilliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Bəhs olunan çıxışında Prezident İlham Əliyev 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş verən qəzaya da münasibət bildirib. Dövlət başçımız stansiyada qəzanın məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş verdiyini vurğulayıb. Qeyd edək ki, qəzanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlət başçısı Özünün zəruri göstərişlərini verib, kadr dəyişikliyi aparılıb. Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq belə idi ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. Xatırladaq ki, o vaxt 800 MVt generasiya gücü itirilmişdi - stansiya cəmi 1600 MVt-la işləyirdi. Hətta belə bir fikir də formalaşmışdı ki, stansiyanın təmiri mümkün deyil, o sökülüb yenidən tikilməlidir. Ancaq artıq bütün bu kimi tərəddüdlü yanaşmalar arxada qalıb. Zaman dövlət başçımızın siyasi iradəsi əsasında verilən qərarın ən doğru qərar olduğunu təsdiqlədi. Stansiyanın yenidən qurulması istiqamətində görülən işləri yüksək dəyərləndirdiyini nəzərə çatdıran Prezident İlham Əliyev “Mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də, 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq”, - deyə vurğulayıb.
Paralel şəkildə ötən il ölkə üzrə paylayıcı şəbəkədə böyük işlər görülüb - elektrik xətləri yenilənib, yarımstansiyalar tikilib, idarəetmənin və xidmətin səviyyəsi yüksəldilib. Hazırda respublikamızı bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər birləşdirir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, respublikamızdakı bütün elektrik stansiyaları sırf daxili resurslar hesabına fəaliyyət göstərir. Bu, Azərbaycanın böyük üstünlüyüdür. Yanacaq-enerji balansının respublikamız qədər mükəmməl təmin olunduğu ölkələrin sayı çox azdır. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissəsi mövcuddur, digər hissəsi isə idxal edilir. Azərbaycan isə özünün iqtisadi-enerji müstəqilliyini tam təmin edib.
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planının təsdiqlənməsi strateji əhəmiyyətə malikdir
Bəhs olunan Dövlət proqramları çərçivəsində regionlarda əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu sahədə hədəf ondan ibarətdir ki, həm ölkə üzrə fasiləsiz rejimdə su alan abonentlərin əhatə dairəsi genişlənsin, həm də əhaliyə verilən suyun keyfiyyət göstəriciləri daha da yaxşılaşdırılsın. Yaradılan müasir infrastruktur sayəsində hər iki istiqamətdə əldə olunan uğurlar sevindiricidir.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

