Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Görülən tədbirlər regionlarda barama istehsalının artmasına səbəb olur

Görülən tədbirlər regionlarda barama istehsalının artmasına səbəb olur

17.03.2021 [09:14]

Aprel ayından etibarən barama istehsal etmək istəyən fermerlərə və məhsul istehsalçılarına ipəkqurdu toxumunun paylanılmasına başlanacaq
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən müvafiq dövlət proqramları çərçivəsində son illərdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Bu da səbəbsiz deyil. Çünki Azərbaycanda qədim ənənələrə malik, tarixi uzaq keçmişə - V əsrə gedib çıxan baramaçılığın dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Məhz buna görə də regionlarda bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Konkret olaraq bu sahə üzrə ayrı-ayrı rayonlarda ötən il qazanılan uğurlar və bu il gözlənilən nəticələr barədə bir qədər sonra. Hələlik isə qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baramaçılığın səmərəli təşkili ilə bağlı ötən ay onlayn təlim proqramına start verilib.
Nazirlikdən verilən məlumata görə, bu onlayn təlim proqramının həyata keçirilməsində məqsəd Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi və barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsidir.
Məlumatda qeyd olunur ki, onlayn təlim proqramına ilkin olaraq fevralın ilk həftəsində 28 rayondan ümumilikdə 300-ə yaxın şəxs cəlb olunub. Fevral ayı üzrə növbəti təlimlərdə Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, Göyçay, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Laçın, Lənkəran, Masallı, Oğuz, Qax, Qəbələ, Qubadlı, Saatlı, Sabirabad, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Beyləqan, Yevlax, Zaqatala, Zəngilan, Zərdab rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları və kümçülər iştirak ediblər. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı qarşıda duran vəzifələrə toxunub.
Təlimdə Qax damazlıq və İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, “Azəripək” MMC-nin mütəxəsisləri Fəraim Yusifov və Beydulla Zahirov “Tut ipəkqurdunun aqrozootexniki qaydalara uyğun bəslənməsi, kümxanaların təlimata uyğun hazırlanması, tut ipəkqurdu xəstəliklərinə qarşı səmərəli mübarizə tədbirləri, yem bazasının, çəkil bağlarına qulluq işlərinin yaxşılaşdırılması” mövzularında çıxış ediblər. Baramaçılıqla bağlı tədbirlər planına əsasən, işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Beləliklə, qeyd olunduğu kimi ənənəvi təsərrüfat sahələrindən biri olan baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində regionlarda mühüm tədbirlər həyata keçirilir. Öz növbəsində, ölkəmizin cənub regionunda, o cümlədən Masallı rayonunda da bu istiqamətdə davamlı addımlar atılır. Məhz bunun nəticəsidir ki, ötən il rayonda 2 ton 287,5 kiloqram barama istehsal edilib. Eyni zamanda, rayonun kümçüləri bu il məhsul istehsalını daha da artırmaq üçün ötən aydan etibarən hazırlıq işlərinə başlayıblar.
Cari ildə məhsul istehsalını daha da artırmaq məqsədilə barama bəsləmək istəyən kümçülərin qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi edilir. Bu isə ipəkqurdu bəsləmək istəyən sakinlərin sayının artmasına öz təsirini göstərir. Qeyd edək ki, aprel ayından etibarən barama istehsal etmək istəyən fermerlərə və məhsul istehsalçılarına ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.
Mərkəzi Aran regionunda yerləşən Saatlıda da baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 3 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, son 5 ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 101 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilib və digər işlər görülüb. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olur.
Məlumatda o da qeyd olunur ki, ötən il rayonda 91 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 3 ton 180 kiloqram məhsul istehsal olunub. İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, ipəkqurdu bəsləniləcək tikililərə baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır. Bu isə barama qurdu bəsləmək istəyən sakinlərin sayının getdikcə artmasına səbəb olur.
Regionun digər rayonu İmişlidə də baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, ötən il 7 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Ümumiyyətlə, son 5 ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində Çin Xalq Respublikasından gətirilmiş 65 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilib və digər işlər görülüb. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 131 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 7 ton 728 kiloqram məhsul istehsal olunub.
Eyni zamanda, istehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür.
Sabirabad rayonunda isə ötən il 10 tondan çox barama istehsal edilib. Bununla bağlı verilən məlumatda deyilir ki, rayon kümçüləri 2021-ci ildə məhsul istehsalını daha da artırmaq üçün müvafiq hazırlıq işlərinə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Məhəmməd Məmmədov bildirib ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə ayrı-ayrı yaşayış məntəqələrində 142 min 900 ədəd tut tingi əkilib. Həyata keçirilən tədbirlər rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 184 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 10 ton 276 kiloqram məhsul istehsal olunub.
Beləliklə, baramadan yaxşı qazanc götürən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi edilir. Bu isə ipəkqurdu bəsləmək istəyən sakinlərin sayının günbəgün artmasına öz təsirini göstərir.
Zərdab rayonunda isə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə yeni salınan tut bağlarının ikinci suvarılmasına başlanılıb. Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, ötən ilin payızında 28 icra nümayəndəliyi üzrə 51,9 hektarda yeni tut bağları salınıb. Hər yerdə təzə əkilən tinglərin dibi yenidən doldurularaq suvarılır.
Məlumat üçün bildirək ki, baramaçılıq bölgədə ənənəvi təsərrüfat sahələrindəndir. Hazırda bu sahə ilə 3000 nəfərdən çox rayon sakini məşğul olur. Təkcə keçən il rayonda 61 ton 635 kiloqram barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunub.
Barama istehsalı ölkənin şimal rayonlarında da diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, bu il Balakən rayonunda yaş barama istehsalının artırılaraq 44 tona çatdırılması proqnozlaşdırılır. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimlinin bildirdiyinə görə, ötənilki mövsümdə rayonda 31,2 ton yaş barama istehsal edilib. Rayon üzrə 301 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 263 min 966 manat vəsait ödənilib.
Qeyd olunub ki, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2020-ci illərdə rayon ərazisində 518 mindən çox tut tingi əkilib. Bunun 276 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 242,2 min ədədi isə yerli tut tingləridir.
Şimal regionunun digər rayonu Şəkidə isə ötən il barama yetişdirmək üçün 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal ediblər. Eyni zamanda, builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının artırılaraq 56 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar bu günədək 293 kümçü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirilib və hazırda proses davam etdirilir.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov bildirib ki, rayonun kümçüləri mövsümə ciddi hazırlaşırlar. Hazırda kümxanalarda dezinfeksiya işləri aparılır. Şəki rayonu üzrə 67 kümçü Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən video-təlimlərdə iştirak edib.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, 2016-cı ildən etibarən Prezident İlham Əliyev müvafiq sərəncamlarına əsasən atılan addımlar ötən müddət ərzində ölkə üzrə baramaçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30