Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Qaraca qız”ın taleyi və talesizliyi...

“Qaraca qız”ın taleyi və talesizliyi...

04.06.2024 [10:53]

Müharibələrin, fəlakətlərin, siyasi oyunların tüğyan etdiyi dünyada bütün bunlardan xəbərsiz uşaq olmaq nə qədər gözəldirsə, bir o qədər də ağır, iztirablıdır. Biz böyüklər belə bəzən nəyin niyə baş verdiyini anlamazkən gecə şirin yuxusunda başına yağan bombaya oyanan, anasını, atasını bircə günün içərisində itirən, ev-ev, şəhər-şəhər, ölkə-ölkə sürgün olunan, sadəcə, sağ qala bilmək üçün künc-bucaqda gizlənməyə məcbur qalan, quru çörək, bir udum suyun həsrətini çəkən uşaq bütün bunları niyə yaşadığını necə anlasın?!

Dünən dünyanın müxtəlif yerlərində uşaqların günahı olmadan hansısa siyasətin qurbanları kimi müharibələrə, güllələrə, fəlakətlərə qurban getdiyini görüb bu gün Uşaqların Müdafiəsi Gününü qeyd etmək nə qədər qeyri-səmimiyyət, nadanlıq olsa da, ən azından bütün bunlara belə diqqət çəkə bilmək üçün bu Günlərin önəmi böyükdür.

Azərbaycan ədəbiyyatı uşaqların müdafiəsi kimi həssas mövzudan da xali deyil. Uşaq ədəbiyyatından danışarkən, ədəbiyyatımızın parlaq klassiklərindən Süleyman Sani Axundov və onun “Qorxulu nağılları”ı ilk yada düşənlərdəndir.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü yeni premyera ilə- Süleyman Sani Axundovun və Abdulla Şaiqin “Qaraca qız” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə qeyd etdi.

İyunun 2-də teatrın böyük səhnəsində baş tutan premyerada tamaşaçıların mütləq əksəriyyəti azyaşlılar idi. Valideynləri, müəllimləri ilə orta məktəbdə oxuduğu əsəri canlı-canlı izləməyə gələn balacaların həyəcanları, sevincləri üzlərindən bəlli idi.

Qeyd edək ki, ilk dəfə tamaşaçılara təqdim olunan sənhə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rejissor asissentləri Sona Mikayılova, Gülnar Əlövsətqızı, rəssam Nisə Hətəmova, musiqi tərtibatçısı isə İradə Muradovadır.

Tamaşada Əməkdar artistlər Qəmər Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov, Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova, İradə Rəşidova, Ədalət Əbdülsəməd, Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov iştirak edirlər.

Səhnə əsərində cəmiyyətdəki təbəqələşmənin, varlı, kasıb ayrıseçkiliyinin insanlara vurduğu zərbədən, onların həyatında yaratdığı faciələrdən bəhs edir. Valideynlərini itirən Tutu adlı qız qaraçılar tərəfindən qaçırılır. Burada ona sahib çıxan, onu qoruyan Yasəmən tərəfindən rəqs etməyi öyrənən Tutu bir müddət sonra hadisələrin cərəyanı nəticəsində qaraçı dəstəsindən ayrı düşür. Sonradan bir təsadüf balaca qızı varlı Hüseynqulu ağa ilə rastlaşdırır. Hüseynqulu ağa onu meşədən öz evinə gətirir. Hər kəs onu Qaraca qız deyə çağırmağa başlayır. Qaraca qız Hüseynqulu ağanın qızı Ağca ilə tanış olur. Qızların həyat şəraiti fərqli olsa da, onlar bir-birinə mehribanlıq göstərir, dostluq edirlər. Ancaq Ağcanın anası Pəricahan xanım Qaraca qızı sevmir, onları bir-birindən ayırmaq üçün hər cür əziyyətlər edir. Qaraca qız bağban Piri babanın yanında yaşayır. Lakin günlərin birində Qaraca qız dostu Ağcanı ölümdən xilas etmək üçün öz həyatını qurban verməkdən çəkinmir.

Təbii ki, tamaşa hər zaman əsərin yazılı versiyasından fərqlənir. Burada rejissorun hadisələrə öz baxışı, yanaşman tərzi, səhnənin verdiyi mümkün imkanlar və sair kimi nüanslar əsərə öz təsirini göstərir. Amma “Qara qız” tamaşasında bizim oxuduğumuz əsərdən elə bir fərq vardı ki, bunu araşdırmamaq, səbəbinə varmamaq mümkün deyildi.

Belə ki, Süleyman Sani Axundovun qələmindən çıxan “Qaraca qız” əsərində biz Pəricahan xanımın əzazil, xudbin, şöhrətpərəst və eqoist, Hüseynqulu ağanın isə şöhrətpərəst, içki düşgünü, üzdə xeyirxah görünsə də, müəyyən məqamda sərt və əzazil olduğunu oxuyuruq. Bunlar daha çox özünü əsərin sonluğunda göstərir. Belə ki, bu iki insanın sonda onların balası üçün canını təhlükəyə atan Qaraca qıza belə yazıqları gəlmir, öz qızlarını ondan üstün tutub, həyatına laqeyd yanaşırlar.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində isə biz tamamilə başqa sonluq gördük. Burada Pəricahan xanım və Hüseynqulu ağa Qaraca qızın ölümündən son dərəcə məyus olurlar. Hətta onlar qızı öz evlərində saxlayıb sağaltmağa çalışırlar, onun ölümünə peşmanlıq göz yaşları tökürlər. Yəni rejissor bu sayədə bizə mənfi görünən insanların belə əslində, ürək sahibi, vicdan sahibi olduqlarını xatırladır. Axı hansı daş ürək bir körpənin ölümünə etinasız yanaşa bilərdi ki?!

Bəs maraqlıdır, görəsən, yazıçı əsəri niyə belə yazmışdı?

Kiçik araşdırmadan sonra əslində, əsərin ilkin versiyasının məhz tamaşadakına çox yaxın olduğunu öyrəndik. “Qaraca qız” əsərinin araşdırmaçısı, filologiya üzrə fəlsəfə doktoru Könül Nehmətovanın bu mövzudakı məqaləsi xüsusi maraq doğurur. O yazır: “Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu cəhətlərini nəzərə alaraq “Qaraca qız” əsərinin günümüzdə də ədəbiyyat dərsliklərinə salınmasını zəruri hesab edirik. Lakin ortada bir gerçəklik də vardır ki, əsər sovet hakimiyyəti illərində keçmişə nifrət ruhunu aşılama istiqamətində təbliğat vasitəsinə çevrilmişdir və maraqlıdır ki, kor-koranə olaraq bu günə kimi də eyni məqsədi daşımaqdadır. Bunun səbəbi isə bədii əsərin gerçək ideya istiqaməti deyil, “30-cu illərdə vulqar sosializmin təsiri ilə” dəyişdirilməsidir. Müasir təlim və təhsil strategiyamız “Qaraca qız” hekayəsinin 1913-cü il “Məktəb” jurnalında dərc edilmiş ilk nəşri ilə 1936-cı ildə ədibin “Əsərləri” külliyyatına daxil edilən nüsxəsi arasındakı fərqin araşdırılması və üzə çıxarılmasını zəruri edir. Ədibin “Qorxulu nağıllar” başlığı altında yazdığı “Qaraca qız” əsərinin ilk variantında əsas motivi insanın mahiyyətinin rəngindən, dinindən, milliyyətindən, maddi və fizioloji imkanlarından asılı olmayaraq, şəxsi insani keyfiyyətlərinə görə müəyyənləşməsi idi. Lakin bu motiv 1936-cı ildə dəyişdirilərək millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilmişdir”.

Bəli, hər şey indi aydın olur. Deməli, böyük bir Azərbaycan ədəbiyyatı, incəsənəti külliyyatı kimi “Qaraca qız” da Sovet müdaxiləsindən yan keçə bilməyib. Tədqiqatçı qeyd edir ki, əsərdəki digər nüanslarla bərabər, sonluq tamamilə dəyişdirilib. İlkin versiyadakı sonluğu təqdim edirik:

“Pəricahan xanım ağlaya-ağlaya dedi: “Amandır, qoyma bu qız ölsün, əlindən gələn səyi bu barədə müzayiqə etmə!

- Xanım, bu qızın dirilməsi çətindir, ümid bir Allaha qalmışdır.

Pəricahan xanım dizi üstə çöküb Allaha dua etməyə başladı. Piri kişi həqir bir nəzərlə ona baxıb dedi:

- Böylə olan surətdə yazıq qızımı verin komama aparım. Qalsa, xanıma əziyyət edər!

Bu sözlər Pəricahan xanımın ürəyinə ox kimi sancıldı. “Yox, qoymaram, qoymaram” deyə hönkürtü ilə ağlamağa başladı.

Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun sağalmasından ümidini kəsmişdi, amma yenə də belə ittifaqlarda lazım gələn köməkliklərin hamısını əmələ gətirirdi. Komada həkimdən və Piri kişidən qeyri Hüseynqulu ağa da var idi.

Bu rəhmdil kişi öz qızının bu qayda ilə sağ qalmasına razı deyidi. Qaraca qızın yastığı başında çöküb səmimi qəlb ilə Allahdan bu qərib yetimin sağalmasını rica edirdi. Lakin öz canını özgə uğrunda fəda etmiş Qaraca qızın vaxtı tamam idi!..

Axır nəfəsində Qaraca qız qan ilə dolmuş gözlərini açdı. Günəşin şöləsinə bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu! Qaraca qız öldü!..

- Komamın bülbülü uçub getdi!.. - deyə Piri kişi göz yaşını tökdü.

- Xudaya, bu pak ruhun xatirəsinə biz müqəssir valideyni əfv et! - deyə Hüseynqulu ağa dua etdi.

Bu xəbər bir dəqiqədə ağalığa yayıldı və hamını qəmgin etdi. Pəricahan xanım tutduğu əməldən peşiman olub qızı ilə bərabər yanıqlı-yanıqlı ağlayırdı.  Qaraca qızın vəsiyyətini əmələ gətirdilər: Onu Güntəpədə dəfn etdilər.

Hüseynqulu ağa Qaraca qızın qəbrinin üstündə böyük bir nişangah tikdirdi və baş daşının üstündə canını öz dostu Ağca xanımın uğrunda fəda etdiyini yazdırdı ki, bu böyük fədakarlıq baqi qalsın”.

Göründüyü kimi, Ağca xanımın valideynləri heç də Qaraca qızın ölümünü adi, etinasız qəbul etmirlər.

Bu faktı tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyevlə bölüşərkən, çox təəccübləndi və belə bir sonluqdan xəbərləri olmadan öz ideyaları ilə quruluş verdiklərini dedi: “Biz Cənnət xanımla düşündük, ola bilməz ki, bir mühitdə hər kəs pisdir, hər kəs mənfi xarakterə malikdir. Bu, Sovet ideologiyasının bizim qanımıza yeritməyə çalışdığı zəhərlərdən biridir. Xüsusən, övladı ölümlə üz-üzə qalan bir ananın hər kəsdən mədət umub, özünün heç nə etməməsi inandırıcı deyildi. Həmçinin, bir körpə qızcığazın ölümünə hansı ana, ata laqeyd qala bilərdi ki? Ona görə də biz Pəricahan xanımın yerə diz çökərək Qaraca qızı öz evində müalicə etdirmək istədiyi epizodu əlavə etdik. Bu, onun peşmanlığı idi. Əsərin ilkin versiyasında hadisələrin məhz bu cür cərəyan etdiyindən xəbərimiz yox idi. Biz o versiyanı oxumamışıq. Amma görünür, hansısa qüvvə onu bizə agah edib”.

Fikrimcə, bu, incəsənətin və insanlığın qüvvəsidir. Ruhunda sənətin gücü və insanlıq olan hər kəs bu cür də düşünməli idi. Ümid edirik, Könül Nehmətovanın araşdırması diqqətə alınacaq və övladlarımız üçün ilkin tərbiyə “məkanı” olan dərsliklərimiz də Sovet zəhərindən təmizlənəcək. Əminəm ki, o zaman müəllifin də ruhu şad olacaq!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

İqtisadiyyat

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31